23 Dekabr 2024

Bazar ertəsi, 11:54

FƏRİD QAYIBOV: “VƏZİYYƏTİN TEZLİKLƏ DÜZƏLƏCƏYİNƏ İNANIRAM

Avropa Gimnastikasının rəhbəri pandemiyanın bu idman növünə təsiri və gələcək planlar barədə

Müəllif:

01.05.2020

Bu gün dünyada elə bir sahə yoxdur ki, koronavirus pandemiyasından zərərçəkmiş olmasın. COVID-19 dünyanın idman təqviminə də ciddi ziyan vurub. Bu ilin yaz-yay mövsümü üçün nəzərdə tutulan bütün yarışlar ya təxirə salınıb, ya da ləğv edilib. Hətta iyul-avqust aylarında baş tutmalı olan Tokio Olimpiadası belə 2021-ci ilə keçirilib. Bu səbəbdən, ekspertlər hesab edirlər ki, təsir miqyasına görə koronavirus pandemiyası İkinci Dünya müharibəsindən sonra ən dağıdıcı hadisədir.

Mövcud vəziyyət gimnastika ailəsinə də təsirsiz ötüşməyib. Azərbaycanda və bütövlükdə Avropada gimnastika üzrə bəzi yarışlar təxirə salınıb, bəziləri ləğv edilib. Avropada pandemiyanın gimnastikaya təsirini araşdırmaq üçün suallarımızı beynəlxalq idman təşkilatında ilk azərbaycanlı rəhbər, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbova ünvanladıq.

- Mövcud vəziyyətdə rəhbərlik etdiyiniz təşkilatın işi maraqlıdır. Karantin Avropa Gimnastikasına necə təsir edib? Bu müddətdə hansı yarışlar ləğv olunub?

- Karantin Avropa Gimnastikasına da təsirsiz ötüşməyib. Bu il gimnastikanın ayrı-ayrı növləri üzrə səkkiz Avropa çempionatı eləcə də müxtəlif festivallar keçirilməliydi. Biz tədbirləri ya növbəti ilə təxirə salmaq, ya da ilin sonuna keçirtməyə məcbur olduq. Hazırda olimpiya proqramına aid üç növ üzrə Avropa çempionatıyla bağlı son qərarı verməmişik (Artıq bu yarışların 2020-ci ilin dekabrında keçirilməsi barədə qərar qəul edilib – R+). Çempionatlar ilin sonunda baş tutmalıdır. Əks halda ləğv olunacaq. Çünki növbəti il bu növlər üzrə Avropa çempionatı var. Ona görə builki yarışın növbəti ilə təxirə salınması mümkün deyil. Söhbət kişi və qadın idman gimnastikası eləcə də bədii gimnastika üzrə Avropa çempionatlarından gedir. Batut gimnastikası üzrə Avropa çempionatı İsveçdə təşkil olunmalı idi. Təəssüflə qeyd edirəm ki, Yerli Təşkilat Komitəsi yarışı başqa tarixə sala bilmədi. İsveçdə batut gimnastikası üzrə Avropa çempionatı keçirilməyəcək. Rusiya Batut Gimnastikası Federasiyasıyla razılıq əldə etmişik. Qitə birinciliyinin 2021-ci ildə Soçidə təşkili barədə qərar qəbul olundu. Bundan əlavə təqvimlə “Gimnastika hamı üçün” növüylə yarışlarımız olmalıdır. İslandiya paytaxtı Reykyavikdə təşkil olunmalı yarışlar gələn ilə təxirə salındı. “Qızıl yaş” yəni yaşı 50-dən yuxarı olan gimnastlar arasında turnir də gələn il Krit adasında baş tutacaq.

- Avropa Gimnastikası və Beynəlxalq Gimnastika Federasiyasında (FİG) keçirilən onlayn iclaslarda hansı məsələlər müzakirə edilib?

- Avropa Gimnastikasının Prezident Komissiyası və İcra Komitəsinin iclası, həmçinin üzvü olduğum Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin toplantıları son iki ayda onlayn formatında keçirilir. İclasların əsas mövzusu təqvim üzrə olan yarışların təxirə salınması və ya ləğv edilməsi olub. Beynəlxalq Gimnastika Federasiyasının təşkil etdiyi Dünya Kuboku yarışları eləcə də olimpiya lisenziyalı turnirləri 2021-ci ilə keçirilib. 2020-ci il olimpiya ili olduğuna görə Beynəlxalq Gimnastika Federasiyası qeyri-olimpiya növləri üzrə dünya çempionatları təşkil edir. Akrobatika üzrə yarışlar 2021-ci ilə təxirə salındı. Hazırda aerobika üzrə çempionatla bağlı danışıqlar gedir. Bu yarışlar, güman ki, 2021-ci ildə baş tutacaq.

2020-ci il olimpiya ili olduğu üçün ilin sonunda cari olimpiya mövsümü başa çatmalıydı. Tokio Olimpiadası gələn ilə keçirildiyindən bu gimnastika üzrə yeni qaydalar 2021 deyil, 2022-ci ilin yanvar ayından qüvvəyə minəcək.

- Bakıda keçirilməsi planlaşdırılan yarışların taleyi necə olacaq?

- Bakıdakı yarışlara gəlincə batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralda baş tutdu. Uğurlar təşkil olundu. İdman gimnastikası üzrə Dünya Kuboku yarışları start götürsə də (ölkədə hava uçuşlarınnı dayandırılacağı elan edildi – S.Ş.) sona çatdırmaq mümkün olmadı. Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin qərarına əsasən təsnifat mərhələsinin nəticələri yekun nəticələr kimi hesab olundu. Və idmançılar Olimpiya Oyunlarına lisenziya xalları qazandılar. Bakıda təşkil olunmalı bədii gimnastika üzrə Dünya Kuboku növbəti ilə keçirildi. İdman gimnastikası üzrə Avropa Çempionatıyla bağlı danışıqlar davam edir. Avropa Gimnastikası və Azərbaycan Gimnastika Federasiyası (AGF) arasında bu yarışla bağlı müzakirələr aparılır. Artıq qeyd etdiyim ki, ya ilin sonunda keçiriləcək, ya ləğv olunacaq. Aerobika gimnastikası üzrə dünya çempionatıyla bağlı AGF ilə Beynəlxalq Gimnastika Federasiyası arasında danışıqlar davam edir. Yarışın 2021-ci ildə keçirilməsi gözlənilir.

- Sizcə, Tokio Olimpiadasının 2021-ci ilə təxirə salınması məşhur gimnastların planlarına təsir edəcəkmi - yəni olimpiadanı gözləməyərək karyerasını bitirən atletlər var?

- Hansısa idmançının karyerasını bitirməsiylə bağlı məlumatım yoxdur. Hər bir idmançının əsas məqsədi Olimpiya Oyunlarında iştirak etməkdir. Lisenziya qazanan idmançıların planetin ən böyük yarışında iştirakdan sonra karyeralarını başa vuracağını düşünürəm. Hər halda olimpiada çox önəmli yarışdı. Mövcud vəziyyət, əlbəttə, hamıya təsir edir, o cümlədən idmançılara. Onlara səbr arzulayıram. Avropanın bəzi ölkələrində artıq idmançılara məşq etməyə icazə verilib. Bəzi ölkələrdə hazırda da məşq keçirilmir. Yaxın gələcəkdə vəziyyətin düzələcəyinə inanıram. Tezliklə bütün idmançılar yenidən məşq edəcək, yarışlarda güclərini sınaya biləcək.

- Avropa Gimnastikasından Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti necə görünür? Hazırda Azərbaycanda gimnastika Tokio Olimpiadasına ən çox lisenziya qazanan idman növləri sırasındadır…

- Bilirsiniz, azərbaycanlı olduğum üçün, Azərbaycan Gimnastika Federasiyasında yetişdiyimə görə fikirlərim fərqli qəbul oluna bilər. Baxmayaraq, hazırda Avropa Gimnastikasının prezidentiyəm bu barədə danışmaq çətindir. Azərbaycan Gimnastika Federasiyası çox peşəkar fəaliyyət göstərməklə Azərbaycanda gimnastikanı inkişaf elətdirib və indi də elətdirir. Bunun ən gözəl sübutu 130-dan çox ölkənin üzvü olduğu Beynəlxalq Gimnastika Federasiyasının ardıcıl üç il AGF-ni reytinqdə birinci yerdə göstərməsidir. Rəsmi olaraq beynəlxalq təşkilat Azərbaycan Gimnastika Federasiyasının işini hər zaman yüksək qiymətləndirib.

Lisenziyalara gəlincə, qrup hərəkətləri üzrə milli komandanı təbrik edirəm. Bilirsiniz ki, iki olimpiadada iştirak etmədilər. Bu dəfə gərgin mübarizədə Tokio Olimpiadasına lisenziya qazandılar. Bədii gimnastımız Zöhrə Ağamirova lisenziya qazanan idmançılar sırasındadır. Azərbaycanın kişi və qadın idman gimnastikasında lisenziyaları var. İlk dəfə olaraq, qadın idman gimnastikasında olimpiadaya vəsiqə qazanılıb. İnşallah, Azərbaycanın bir gün Olimpiya Oyunlarında gimnastika növündə medalı da olar.

- Gimnastika həvəskarlarına sözünüz...

- İdmançılara səbir arzulayıram. İdmançılar onsuz güclüdürlər. Müvəqqəti çətinlikdir. Gözlədiyimizdən çox çəkdi. Karantin tezliklə başa çatacaq. İnanıram ki, bu çətinliyə qalib gələcəyik.

- Müsahibəyə görə təşəkkür edirəm.

- Çox sağ olun.


MƏSLƏHƏT GÖR:

348