Müəllif: Xəzər AXUNDOV
Azərbaycanda payızlıq bitkilərin yığımına iyunun əvvəlində başlanılıb və ekspertlərin proqnozlarına görə, bu mövsümün əlverişli havası taxıl istehsalının artmasına imkan verir. Son dövrdə ölkədə taxılçılıq təsərrüfatlarının genişlənməsi və texniki təchiz edilməsi istiqamətində irimiqyaslı işlər görülüb. Nəticədə, ardıcıl olaraq iki ildir ki, rekord həcmdə taxıl məhsulu toplanır. Bunun sayəsində dənli bitkilər üzrə idxalı əvəzləmə səviyyəsi artıq 74%-ə yüksəlib. Düzdür, Azərbaycan hələ də ərzaq buğdası idxal etmək məcburiyyətindədir, amma yaxın gələcəkdə dayanıqlı olaraq özünü təmin etməyə çıxmaq planlaşdırılır. Sonuncu məsələ özəlliklə də taxıl ixracatçısı olan qonşu ölkələrdə gedən müzakirələr fonunda həddindən önəmlidir, bu ölkələr bazar qiymətlərini tənzimləmək üçün bir növ neft karteli OPEK-ə bənzər bir qurum yaratmaq niyyətindədirlər.
Yeni rekord gözləntisi
İyunun əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi rayonunun Hindarx kəndindəki fermaların birində olub və arpa yığımına həsr olunmuş mərasimdə iştirak edib. Görüşdə qeyd edilib ki, son illər havanın quraq keçməsinə baxmayaraq, savadlı və vaxtında edilmiş aqro-texniki qulluq, çağdaş texnikadan istifadə, əkin dövriyyəsinin tətbiqi və s. sayəsində rayonun əkin sahələrində məhsuldarlıq hər hektardan 32 sentnerə çatır. Oxşar mənzərə ölkənin digər taxılçılıq bölgələrində də müşahidə olunur ki, bu da yüksək məhsul yığımına ümid etməyə imkan verir, çünki bu, Azərbaycanda öncəki iki ildə də müşahidə edilib. O cümlədən, 2018-ci ildə 3,3 milyon ton taxıl və dənli-paxlalı bitki toplanıb ki, bu da 2017-ci illə müqayisədə 13% çoxdur. 2019-cu ildə isə rekord göstəricilər əldə edilib - 3,5 milyon ton olub və bunun 2,2 milyon tonunu buğda təşkil edib.
Böyük ehtimalla bu il də yüksək məhsuldarlıq əldə olunacaq, baharda yağan güclü yağışlar səbəbindən Xəzər bölgəsində istehsalın artacağını proqnozlaşdıran beynəlxalq ekspertlər belə düşünürlər. Bu proqnozlar özünü doğruldur, çünki aprel ayında və qismən may ayında Azərbaycanın dağətəyi ərazilərində yetərincə yağarlıq oldu. Bu, vegetasiya dövründə dənli bitkilərin sabit böyüməsinə kömək etdi, bir sıra aran bölgələrində quraqlıq görünsə də, orta hesabla taxıl əkən təsərrüfatların məhsuldarlığının artmasına ümid etmək olar.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il ölkədə 1 milyon hektardan çox ərazidə taxıl əkilib ki, bunun da 2/3-si buğdanın, qalan hissəsi arpa, yulaf, qarğıdalı və digər bitkilərin payına düşür.
Builki taxıl biçiminin yekun nəticələri barədə avqustun ikinci yarısında yazlıq məhsulun yığımından sonra söz söyləmək olar. Lakin kənd təsərrüfatı mütəxəssisləri inanırlar ki, əlverişli hava şəraiti davam edərsə, yazlıq əkinlər (buğda, yulaf, qarğıdalı və paxlalı bitkilər) nəzərə alınmaqla ümumi məhsul yenidən 3,3-3,4 milyon tona bərabər rəmzi həddə çata bilər.
Bu cür müsbət proqnozlar bir sıra amillərə, o cümlədən lazımi qədər yığım texnikasının olmasına, bir neçə toxum emalı zavodunun istifadəyə verilməsinə, əlliyə yaxın iri taxılçılıq təsərrüfatının və aqroparklarının yaradılmasına əsaslanır. Bu aqroparklarda taxıl yığımı göstəricisi respublika üzrə orta göstəricidən 1,5 dəfə çox olur. Beynəlxalq təcrübə göstərir ki, taxılçılıq təsərrüfatlarının gücləndirilməsi istehsal həcmini artırmağın və maya dəyərini aşağı salmağın ən optimal yoludur. Böyük ərazilərdə kənd təsərrüfatı texnikasının saxlanması və istismarı, gübrə verilməsi və zərərvericilərə qarşı mübarizə, suvarma və digər kənd təsərrüfatı tədbirləri üzrə xərclər önəmli dərəcədə azalır.
“Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq 32 sentnerdir, aqroparkda isə 40-50 sentner məhsul əldə edilir. Bu da çox vacibdir. Çünki bizim əkin sahələrimiz bir qədər məhdud olduğu üçün məhsuldarlığın artırılmasına xüsusi diqqət göstərilməlidir", - deyə Prezident İlham Əliyev ilin əvvəlində Ağstafa Kənd Təsərrüfatı Parkının açılış mərasimində bildirib.
Qeyd edək ki, bu il Ehtiyat Fondundan dövlət büdcəsinə 5 milyon manat ayrılacaq və fermerlər təkrar qarğıdalı əkininə toxum almaq üçün hər hektar üzrə 60 manat məbləğində birdəfəlik ödəniş alacaqlar. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin sözlərinə görə, yayın sonunda məhsul yığımından sonra ölkənin aran və dağətəyi rayonlarında, təxminən, 100 min hektar sahədə vegetasiya dövrü 80-90 gün olan hibrid qarğıdalı toxumlarının əkini aparıla bilər. Hər hektar əkin sahəsindən 40-50 sentner məhsul əldə edilə bilər və bu, əlbəttə ki, ölkə üzrə ümumi taxıl yığımı göstəricilərinə müsbət təsir göstərəcək.
Taxıl OPEK-i ideyası
Etiraf etmək lazımdır ki, Azərbaycanda taxıl istehsalının artırılması meyli son bir neçə ildə - 2015-ci ildə Azərbaycan manatının iki devalvasiyasından sonra aydın hiss olunmağa başladı, çünki Qazaxıstandan və Rusiyadan gətirilən ərzaq buğdasının qiymətləri müvafiq olaraq artdı. Bu gün hökumət məhsul istehsalını artırmaqla və xərcləri azaltmaqla taxıl idxalının payını mərhələli şəkildə azaltmağa istiqamətlənib. Bu istiqamətdə uğurlar göz qabağındadır. Son beş ildə taxıl üzrə idxalı əvəzetmə səviyyəsi 66%-dən 74%-ə qədər yüksəlib. Özü də, yem seqmentində idxal önəmli dərəcədə azalıb və özəlliklə, çörəkbişirmə, makaron və şirniyyat sənayesində tələb olunan yüksək özlü bərk sortlar da daxil olmaqla yerli ərzaq buğdasının payı getdikcə artır.
Azərbaycan hökumətində düşünürlər ki, taxıl istehsalı sahəsində idxalı əvəzetməni daha da gücləndirmək üçün işlərin davam etdirilməsi gərəkdir. Qlobal ərzaq bazarındakı qeyri-sabitliyi və xüsusən də koronavirus pandemiyası ilə bağlı son hadisələri nəzərə aldıqda, bu, tamamilə doğru yanaşmadır. Bu çətin dövrdə bir sıra dövlətlər daxili bazarları qorumaq üçün ərzaq ixracına məhdudiyyətlər qoymağa başladılar. Belə ki, Rusiya və Qazaxıstan buğda, un, qarabaşaq, yağ sənayesi bitkilərinin və s.-in ixracını müvəqqəti məhdudlaşdırdı. Dünya Ticarət Təşkilatının (DTT) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssislərinin fikrincə, bu meyil qlobal ərzaq bazarında qiymətlərin artmasına səbəb olub və inkişaf etməkdə olan ölkələrin taxıla və digər əsas ərzaq məhsullarına çıxış imkanlarına çox mənfi təsir edib.
Məhz bu dövrdə aparıcı taxılçılıq ölkələrini birləşdirən və bu baza məhsulun qiymətlərini tənzimləyə biləcək beynəlxalq bir qurumun yaradılması zərurəti fəal şəkildə müzakirə olunmağa başladı. Keçən ilin oktyabr ayında Kölndə keçirilən ANUGA-2019 qida sərgisi zamanı Rusiya baş nazirinin müavini Aleksey Qordeyev bu cür fikirlər səsləndirməyə başladı. O, taxıl bazarında sabitliyi təmin etmək üçün neft OPEK-i kimi beynəlxalq bir qurum yaratmağı təklif etdi. Onun fikrincə, "taxıl OPEK"nə ən böyük taxıl istehsalçıları - Rusiya, Qazaxıstan, Avropa Birliyi ölkələri, ABŞ, Kanada, Argentina, Avstraliya daxil ola bilərlər və birgə səylər nəticəsində taxıl qiyməti siyasətini əlaqələndirərək planetdəki aclıq problemini həll edə bilərlər.
"Rusiya və Qazaxıstan dünya üzrə buğda ixrac edən ilk on ölkənin sırasındadır. Dünya buğda ixracatında onların payı 3%-dir. "Taxıl OPEK"nin yaradılması taxıl bazarının sabitliyinin təmin edilməsinə və qiymətlərin əlaqələndirilməsinə yönəlmiş maraqlı təşəbbüs ola bilər. Ancaq belə bir kartel yaratmadan öncə bunun Dünya Ticarət Təşkilatının standartlarına nə dərəcədə uyğunluğunu və kiçik oyunçuların maraqlarının nə dərəcədə nəzərə alınacağını düşünmək lazımdır", - deyə Qazaxıstan prezidenti Kasım-Comart Tokayev bildirib.
Eyni zamanda, bir sıra mütəxəssislər taxıl kartelini yaratmaq fikrini qeyri-mümkün hesab edirlər. Belə ki, Qazaxıstan Taxılçılar İttifaqının nümayəndəsi Yevgeni Karabanovun sözlərinə görə, taxıl istehsalında qiymətləri və tələbləri müxtəlif olan çox fərqli bazarları var. “Rusiya üçün əsas satış bazarları Şimali Afrika və Yaxın Şərq, Qazaxıstan üçünsə Orta Asiyadır. Yəni kartel ona görə yaradılır ki, müəyyən bazarlarda rəqabət artmasın və qiymətlər aşağı salınmasın”, - deyə ekspert məntiqlə vurğulayır.
Avropa Birliyi ölkələri bu məsələdə daha sərt mövqe tuturlar. Rusiyanın dünyada "taxıl OPEK"inə bənzər nəsə yaratmaq təklifi, ümumiyyətlə, Avropa mətbuatı tərəfindən Moskvanın beynəlxalq ərzaq bazarlarına nəzarəti ələ almaq cəhdi kimi qiymətləndirilir. BMT, FAO və DTT-nin bu məsələyə münasibətini də nəzərə alaraq, demək olar ki, "taxıl OPEK"i yaratmaq təşəbbüsünün dünya üzrə dəstəklənməsi ehtimalı azdır.
Azərbaycanın əlverişli durumu
Azərbaycan pandemiya dövründə qlobal taxıl bazarında müşahidə olunan qeyri-sabitlikdən və bəzi dövlətlərin proteksionist siyasətindən lazımi nəticələr çıxarıb və özünü öz çörəyi ilə təmin etməyə çalışır. Maraqlıdır ki, buna yalnız istehsal bazasını optimallaşdırmaqla deyil, həm də Rusiya və Qazaxıstan buğdasının nəqli yollarına Azərbaycanın inteqrasiyası və ölkədə uyğun infrastrukturun yaradılması ilə nail olmaq planlaşdırılır.
Bir çox ekspertlər hesab edirlər ki, Azərbaycandan keçən marşrutlar təhlükəsiz və rahat taxıl logistikası üçün optimaldır. "Regionlararası taxıl logistikasında Azərbaycanın rolu müstəsnadır: ölkənin misilsiz coğrafi mövqeyi onu geniş tranzit potensialı ilə təmin edərək, regional taxıl dövriyyəsində mühüm oyunçuya çevirir", - deyə Rusiya Taxılçılar İttifaqının vitse-prezidenti Aleksandr Korbut bildirib.
Özəlliklə, son illərdə yaradılmış infrastruktur potensialı nəzərə alındıqda, Azərbaycanın tranzit ölkə kimi mövqelərinə şübhə yaranmır. Ölkədə 30-dan çox iri anbar yaradılıb və 2007-ci ilin aprelində istifadəyə verilmiş Bakı Taxıl Terminalı (BTT) da bu sıraya daxildir. O, çağdaş avadanlıqla təchiz olunub ki, bu, 15 min tonadək taxıl məhsulunu müvəqqəti saxlamağa imkan verir. Terminalın gündəlik emal gücü 1,5 min tondur.
Öz növbəsində, bu ilin ikinci yarısında Azərbaycan Astarasında bölgənin ən böyük taxıl terminalı olan «Astara Grain Terminal»ın tikintisi başa çatacaq. «Terminalın gücü ildə 500 min ton taxıl təşkil edəcək və 2021-ci ilə qədər bu rəqəmin ildə bir milyon tona çatdırılması planlaşdırılır. Terminalın eyni vaxtda taxıl saxlamaq tutumu 60 min ton təşkil edəcək", - deyə «Astara Grain Terminal»ın əməliyyat meneceri Fərid Həsənov bildirib.
Astara terminalından Rusiya və Qazaxıstan taxılının İran istiqamətində və daha sonra Körfəz bölgəsinə daşınmasında istifadə edilməsi planlaşdırılır. Nəzərə alsaq ki, İran sabit şəkildə Rusiya taxılının ilk üç ixracatçısı sırasındadır, «Şimal-Cənub» dəhlizinin qərb qolu Samur sərhəd keçidindən daxil olaraq, daha sonra İrana çıxmalıdır, Rəşt və Qəzvin şəhərlərinə birbaşa dəmir yolu əlaqələrini təmin etməlidir. Taxıl ixracatçıları üçün daha bir güzəşt «Şimal-Cənub» marşrutu ilə İrana tranzitdə 50 faiz endirim təqdim edilməsi olacaq.
Bundan əlavə, 2019-cu ilin mayında Ankarada üçtərəfli memorandumun imzalanmasından sonra Rusiya faktiki olaraq Bakı-Tbilisi-Qars layihəsinə qoşuldu və bu dəhliz boyunca digər mallarla birgə türk idxalçıları üçün Rusiya taxılı da daşınır. Bu məqsədlə taxıl və taxta daşınması üçün ortaq Rusiya-Azərbaycan şirkəti yaradıldı və şirkət bölgədə taxıl daşınması üçün geniş vaqon parkına sahib yeganə qurumdur.
Beləliklə, şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun olması Azərbaycanı Qara dəniz bölgəsi, Orta Asiya və Yaxın Şərqin taxıl bazarları arasında “taxıl qapısı” hesab etməyə əsas verir. Tranzit ölkə statusunu əldə edən Azərbaycan nəticədə müstəqil şəkildə buğda və unun satınalmasını, saxlanmasını və satışını gerçəkləşdirərək, zamanla regionun ən böyük taxıl habına çevrilə bilər. Yəni gələcəkdə regional taxıl birjasının formalaşması barədə danışa bilərik və ölkə genişmiqyaslı taxıl bazarında fəaliyyət göstərməklə ərzaq təhlükəsizliyini təmin etmək üçün əlavə resurslar əldə edəcək.
MƏSLƏHƏT GÖR: