23 Noyabr 2024

Şənbə, 13:14

SON ZƏRURƏT YARANDIQDA

Pandemiya Azərbaycanın dövlət borclanmasının prinsiplərini dəyişmədi

Müəllif:

15.06.2020

Koronavirus pandemiyası və onun cilovlanması üçün tətbiq edilən karantin tədbirləri qlobal iqtisadiyyat üçün o qədər kəskin və geniş yayılmış bir sarsıntı oldu ki, yaxın iki-üç ildə dərin ressesiyadan çıxmaq çətin ki, mümkün olsun. Ümumi daxili məhsulda (ÜDM) mənfi dinamikaya yaxalanmış və iqtisadiyyatın əksər sahələrinin bərpası zərurəti ilə üzləşmiş dünyanın bir çox ölkəsi daxili ehtiyatları tükəndirərək dövlət borcunu artırmağa gedir. Üstəlik, nə qədər paradoksal səslənsə də, bəzən bir-birlərindən borc alırlar. Ancaq ədalət naminə qeyd edək ki, ölkələr əksər hallarda beynəlxalq maliyyə qurumlarına üz tuturlar.

Bunlara baxmayaraq, Azərbaycan COVID-19 ilə mübarizəni öz hesabına davam etdirmək niyyətindədir və beynəlxalq maliyyə institutlarından əvvəl olduğu kimi, yalnız önəmli iqtisadi layihələr üçün borc alacaq.

 

Çıxışı olmayan dalan

Dünya Bankının (DB) "Dünya iqtisadiyyatının perspektivləri" adlı iyun icmalında açıqladığı proqnoza görə, 2020-ci ildə dünya üzrə ÜDM 5,2% azalacaq – bu, İkinci Dünya müharibəsindən sonra üçün ən yüksək azalma rəqəmidir. Habelə, adambaşına ÜDM-in azalması 1870-ci ildən bəri ölkələrin ən böyük bölümünü əhatə edəcək.

DB qeyd edir ki, bu il inkişaf etmiş ölkələrdə iqtisadi fəallıq daxili tələb və təklifi, ticarəti və maliyyə sektorunu əhatə edən ciddi sarsıntılar fonunda 7% azalacaq. Adambaşına düşən qlobal gəlirin 3,6% azalması gözlənilir ki, bu da milyonlarla insanın ifrat yoxsulluq səviyyəsinə düşməsinə səbəb olacaq.

Prinsipcə, gözlənilən mənzərə budur - bu ilin, demək olar ki, bütünlüklə yarısında pandemiya "sayəsində" qlobal iqtisadiyyat, demək olar ki, tamamilə boş dayanıb. Özü də, bir sıra sahələrdə (məsələn, turizmdə, aviasiyada) gəlirlərin hətta məhdudlaşdırıcı tədbirlərin tam aradan qaldırılmasından sonra da öncəki səviyyəyə qayıtması ehtimalı azdır. Bütün bunlarla yanaşı, hökumətlərin çoxu əhalinin daimi qazancında yaranmış itkilərin kompensasiyasını və digər sosial problemlərin həllini qismən və ya tam öz üzərinə götürüb. Yəni iqtisadiyyatda balansın qorunmasının əsas qaydasının - xərclərin gəlirlərə nisbətinin pozulması göz qabağındadır. Gəlir olmadıqda, ancaq xərcləmək lazım gəldikdə, bəs, nə etməlidirlər? Borc almalıdırlar.

Bildirmək gərəkdir ki, dünya borcunun ölçüsü pandemiyadan öncə də sıçrayışla böyüyüb və Beynəlxalq Maliyyə İnstitutunun (Institute of International Finance, IIF) iqtisadçılarının fikrincə, keçən il rekord 255 trilyon dollara çatıb. Düzdür, bu göstəriciyə yalnız dövlət səviyyəsində alınmış borclar deyil, eyni zamanda bankların, qeyri-maliyyə korporasiyalarının və ev təsərrüfatlarının borclanmaları da daxildir. Ancaq fakt göz qabağındadır: hazırda dünya üzrə xarici borclanma ötən ilkindən 40% artaraq, 2008-ci il maliyyə böhranından öncəki rəqəmləri demək olar ki, 2 dəfə üstələyib. Özü də, IIF-ə görə, dünya hökumətlərinin borc yükü ən çox böyüyüb - 4,3 trilyon dollar artıb (2007-ci ildən 2019-cu ilə qədər götürdükdə isə, borc yükü, demək olar ki, iki dəfə artıb - 35 trilyon dollardan 70 trilyon dollara qədər yüksəlib).

Koronavirusun yayılması fonunda da borc yükü, təbii olaraq, artmağa davam edir. Belə ki, mart ayında dünya üzrə ümumi dövlət borcunun həcmi rekord həddi - 2,1 trilyon dolları ötdü. Bu, 2017-2019-cu illər üzrə orta aylıq rəqəmdən (0,9 trilyon dollardan) iki dəfə çoxdur.

IIF hesablamalarına görə, əgər xalis dövlət borcları 2019-cu ilin səviyyəsinə baxanda iki dəfə artarsa və qlobal iqtisadiyyat 3% azalarsa, qlobal borcların həcmi qlobal ÜDM-in 342%-nə çata bilər.

Bildirmək gərəkdir ki, ABŞ bu yaxınlarda Birləşmiş Ştatların xarici borcunun rekord həddə - 26 trilyon dollara çatdığını bəyan etmişdi ki, bu da koronavirusla mübarizə üçün görülən tədbirlərlə bağlıdır. Üstəlik, yalnız 5 may tarixində bu borc 1 trilyon dollar artdı.

Bir sıra Avropa ölkələrinin dövlət borcları da rekordlar qırır və avrozonadakı ümumi iqtisadi əhval-ruhiyyəyə ciddi təsir göstərir. Əgər belə yüksək inkişaf etmiş ölkələrdə böhran vəziyyətidirsə, onsuz da xarici borclardan çox asılı olan inkişaf etməkdə olan ölkələrin necə bir kollaps içində olduğunu təsəvvür etmək asandır. Həqiqətən, pandemiya üzündən yaranmış problemlərlə yanaşı, borc hesabları üzrə ödənişləri davam etməyə məcburdurlar.

Doğrudur, etiraf etmək lazımdır ki, korona böhranı başlandığı gündən bütün aparıcı beynəlxalq maliyyə qurumları (BMİ) yoxsul ölkələrə yardım proqramları barədə elan etdilər. Belə ki, G20 ölkələri may ayından ilin sonuna qədər böyük bir yoxsul ölkə qrupu üçün borc ödənişlərini ləğv etmək barədə razılığa gəliblər. Bu qərara G20 ölkələrinin G77 hökumətlərinə borclarını ödəməsi də daxildir. Bu, o deməkdir ki, dövlət virusa qarşı mübarizə aparmaq üçün vəsait əldə edə bilər və yaxın bir neçə ayda onları borcların ödənilməsinə yönəltməz.

Dünya Bankı da Beynəlxalq İnkişaf Assosiasiyasının üzvü olan 76 ölkənin borcunu ləğv etməyə razılıq verib, Beynəlxalq Valyuta Fondu isə 25 yoxsul ölkəni borcdan azad etmək qərarına gəlib və 16 ölkəyə toplam məbləği 3,8 milyard dollar olan müddətli borclar verib, həmçinin 100 milyard dollarlıq kredit xətləri açmağa hazır olduqlarını bildirib.

Yeri gəlmişkən, xarici kreditlərdən çox asılı olan bir sıra postsovet ölkələrində BVF-nin qərarı hökumətlərin işində böyük narazılıqlara səbəb oldu. İş bundadır ki, postsovet məkanından yalnız Tacikistan bu siyahıya daxil edilib, baxmayaraq ki, Ukrayna, Gürcüstan, Ermənistan kimi ölkələrdə də vəziyyət, yumşaq deyilsə, ağırdır.

Belə ki, ekspertlərin proqnozlarına görə, Ermənistan ən azı 0,5 milyard dollar əlavə xarici borc almağa məcbur olacaq və pandemiyadan əvvəl bu ölkənin dövlət borcu artıq ÜDM-nin 50% -dən çox idi. Gürcüstanda da bu nisbət qanunvericilik səviyyəsində müəyyən edilmiş 60%-lik limit səviyyəsinə yaxınlaşıb. Bu ölkələrdə ekspertlər açıq narazılıq bildiriblər ki, onların hökumətləri beynəlxalq maliyyə institutlarının bu "himayə" siyahısına düşə bilməyiblər.

Aydındır ki, borcların artması istənilən dövrdə istənilən dövlət üçün son dərəcə arzuolunmazdır. Ancaq pandemiya və onun səbəb olduğu ressesiya vəziyyəti həm də ona görə ağırlaşdırır ki, bu borcların qaytarılması hökumətlərin bir çox iqtisadi planlarını uzun müddətə təxirə sala bilər və böhrandan sonrakı bərpa dövrünü uzadar.

 

Azərbaycan praqmatikliyi

Bu fonda, təbii ki, Azərbaycandakı vəziyyət maraqlıdır. Təəssüf ki, ölkə iqtisadiyyatı 5 ayın nəticələri üzrə ressesiyadan qaça bilmədi. Uzun illər ərzində ilk dəfə olaraq iqtisadiyyat azalma istiqamətində getdi - yanvar-may aylarında ÜDM-in azalması 1,7% təşkil edib, qeyri-neft sektoru isə 2,1% azalma nümayiş etdirib.

"Biz gözləyirdik ki, 4 ayın nəticələrinə görə iqtisadiyyat azalma göstərəcək. Ancaq 4 ayın sonunda ÜDM artımı 0,2% təşkil edib. Ancaq 5 ayın nəticələrinə görə azalma proqnozlaşdırılan oldu və 1,7% təşkil etdi", - deyə Azərbaycan Prezidenti İlham Əliyev durumu şərh edərək bildirib. Ancaq baş verənlərin içində müsbət məqamlar var: qeyri-neft sektorunda sənaye istehsalının artımı 14%, aqrar sənaye kompleksində 3,6% təşkil edib, inflyasiyanın 3%-dən aşağı səviyyədə qalması təmin edilib.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan hakimiyyəti koronavirusdan zərər çəkmiş əhalini və iqtisadiyyatı dəstəkləmək üçün 2 milyard dollardan çox vəsait ayıracaq və bir daha vurğulayıb ki, Azərbaycanda koronavirusun yayılması şəraitində əsas vəzifə əhalinin sağlamlığını təmin etməkdir.

Azərbaycan COVID-19 ilə mübarizə üçün kömək istəyəcəkmi? Birmənalı şəkildə yox. "Benəlxalq maliyyə institutlarının qiymətləndirməsinə görə, 150-dən çox ölkə koronavirusla mübarizə çərçivəsində maddi yardım üçün onlara müraciət edib. Ancaq Azərbaycan onların sırasında deyil. Biz heç kimdən kömək istəmirik, borc istəmirik",- deyə İlham Əliyev vurğulayıb.

Yəni pandemiyadan əvvəl olduğu kimi, ölkə yalnız yüksək texnoloji layihələrin həyata keçirilməsi üçün və özü üçün əlverişli şərtlərlə kredit resurslarını cəlb edəcək.

Qeyd etmək lazımdır ki, Azərbaycan uzun illərdir ki, xarici borc göstəricisi üzrə inkişaf etməkdə olan ölkələr arasında ən yaxşı yerlərdən birini tutur. Hələ 2008-ci ilin qlobal maliyyə böhranı dövründə hökumət çox konservativ borclanma siyasəti yürütməyə başladı, buna görə Azərbaycan məcmu xarici borcun (total external debt) ÜDM-ə nisbəti göstəricisi üzrə postsovet məkanında lider mövqelərdən birini tutub. Üstəlik, bu parametr üzrə ölkəmizin göstəriciləri Mərkəzi və Şərqi Avropa regionunda ən yaxşılardan biri olaraq qalmaqdadır.

Hələ pandemiyadan öncə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa İnkişaf Bankı və bir sıra digər beynəlxalq maliyyə institutlarının ekspertləri vurğulayırdılar ki, Azərbaycanın xarici borcunun hazırkı vəziyyəti onun bir qədər artırılmasına imkan verir. Belə ki, bu ilin 1 yanvar tarixinə keçən ilin yekunlarına görə ümumi dövlət borcu (16,9 milyard manat) ölkə ÜDM-in 20%-dən bir qədər çoxdur.

Bununla yanaşı, dövlət borcunun strukturunda xarici borclanma 91,6% təşkil edib. Bununla yanaşı, dövlət başçısının 24 avqust 2018-ci il tarixində təsdiq etdiyi “Orta və uzunmüddətli borcların idarə edilməsi strategiyası” çərçivəsində hökumətə qarşıdakı illərdə xarici borc səviyyəsinin ÜDM-in 10%-ə endirilməsi tapşırılıb, 2025-ci ilə qədərsə bu göstərici ÜDM-in 12%-i səviyyəsində olmalıdır.

Bununla yanaşı, Azərbaycanda dövlət borclarına xidmət baxımından durum yetərincə qənaətbəxşdir. Ötən il dövlət büdcəsinin xərclər hissəsində bu məqsəd üçün 6,2% nəzərdə tutulmuşdu ki, bu da müəyyən olunmuş 15%-dən bir neçə dəfə azdır. Yeri gəlmişkən, qonşularımızdan fərqli olaraq, Azərbaycanda dövlət borcu ÜDM-dəki pay limiti 30%-dir.

 

Əməkdaşlıq davam edir

Buna baxmayaraq, Azərbaycanın Maliyyə naziri Samir Şərifovun bu yaxınlarda jurnalistlərə dediyi kimi, bu sahədə uyğun araşdırmalar aparıldıqdan sonra dövlət borcunun idarə olunması strategiyasına bəzi düzəlişlər edilməli olacaq. "Bununla bağlı təkliflərimizi hazırlayıb hökumətə, sonra da Prezidentə təqdim edəcəyik", - deyə Maliyyə Nazirliyinin rəhbəri bildirib.

Məsələ bundadır ki, Azərbaycan koronavirusun qarşısını almaq və karantin zamanı lazımi sosial paketi təmin etmək üçün xaricdən vəsait cəlb etməyəcək. Bununla belə, yaranmış problemlər və üstəgəl aşağı neft qiymətləri nəzərə alınmaqla, iqtisadiyyatın gələcək bərpası və inkişafı üçün beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq etmək məqsədəuyğundur. Beynəlxalq maliyyə qurumlarından alınmış kreditlər yalnız aşağı faiz dərəcələri ilə deyil, həm də uzun ödəniş müddətləri ilə cəlbedicidirlər. Hər şeydən öncə, onlar layihələrin texniki icrası üçün daha təkmil şərait yaradırlar və borc vəsaitlərinin xərclənməsi üzərində şəffaf nəzarət təmin edirlər. Bu, özəlliklə irimiqyaslı və kapital tutumlu infrastruktur layihələrinin - elektrik stansiyalarının tikintisi, elektrik xətlərinin, boru kəmərlərinin, yolların, kanalların və s.-in çəkilməsi zamanı önəmlidir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişaf Bankı (AİB) ilə Prezident İlham Əliyev tərəfindən karantin zamanı videokonfrans formatında keçirilmiş danışıqların mövzusu məhz bu olub. Belə ki, AYİB Azərbaycanın dövlət və özəl sektorlarındakı layihələri fəal şəkildə kreditləşdirməyə hazır olduğunu bildirib.

“O cümlədən, yaxın bir neçə həftə ərzində 5 layihə üçün 20 milyon avro ayıracağıq. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankı ilə 50 milyon dollar məbləğində svop əməliyyatları haqqında anlaşmamız var”, - deyə bankın rəhbəri Suma Çakrabarti videokonfrans zamanı bildirib.

Onun sözlərinə görə, əgər 2019-cu ildə AYİB-in Azərbaycana yatırdığı sərmayələrin həcmi aşağı səviyyədə (17 milyon avro) olubsa, 2020-ci ildə bank 250 milyon dollardan çox sərmayə qoymağa hazırdır. Bunun 150 milyon dolları «Yaşıl şəhər» layihəsinə qoyulan sərmayələrdir.

“Bundan əlavə, elektrik energetikası şəbəkəsinin yaxşılaşdırılması sahəsindəki layihələrə 100-200 milyon avro sərmayə qoymağa hazırıq. Biz, həmçinin bərpa olunan enerji mənbələri sahəsindəki layihələri, dövlət şirkətlərinin özəlləşdirilməsini maliyyələşdirməyə hazırıq, suvarma sahəsində pilot layihə həyata keçirməyə, Azərbaycanın kommersiya banklarına texniki yardım göstərməyə, iqtisadiyyatın şaxələndirilməsi üçün kiçik və orta sahibkarlıqla işləməyə də hazırıq", - deyə AYİB başçısı bildirib.

Prezident İ.Əliyev Azərbaycanın AYİB ilə birlikdə kənd təsərrüfatında suvarma sisteminin yaxşılaşdırılması üzrə layihələrinin maliyyələşdirilməsində maraqlı olduğunu bildirib. O, həmçinin ölkənin AYİB ilə dövlət şirkətlərinin fəaliyyətinin kommersiyasızlaşdırılması, o cümlədən onların qismən özəlləşdirilməsi məsələsini müzakirə etməyə hazır olduğunu vurğulayıb.

Başqa bir beynəlxalq bank - Azərbaycanla 20 illik əməkdaşlıq təcrübəsi olan Asiya İnkişaf Bankı (AİB) da Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və pandemiyadan sonra bərpa olunmasına dəstək verməyə hazırdır, bunu Bankın rəhbəri Masasuqu Asakava bildirib.

Ölkəmiz üçün Asiya Bankından gələcək borclanmalarda əsas bənd kənd təsərrüfatı sahəsindəki layihələr olacaq. Belə ki, Azərbaycan Naxçıvan Muxtar Respublikasında suvarma sisteminin yaxşılaşdırılması üçün Asiya İnkişaf Bankından, təxminən, 100 milyon dollar məbləğində kredit cəlb etməyi planlaşdırır. Bundan əlavə, İlham Əliyev AİB-ə bütün Azərbaycan ərazisində suvarma sisteminin yaxşılaşdırılması layihələrinin maliyyələşməsində iştirak etmək barədə düşünməyi təklif etdi.

"Bəzi hallarda köhnəlmiş infrastruktura və səmərəli olmayan su idarəetmə sisteminə görə biz suyun 40-50 faizini itiririk. Buna görə də müxtəlif nazirlərin təmsil olunduğu və Baş Nazirin müavininin rəhbərlik etdiyi, digər nümayəndələrin iştirak edəcəyi xüsusi hökumət komissiyası yaradılmışdır. Onlar bizim bütöv su potensialımızı qiymətləndirəcək və prioritetləri, hansı işləri görməli və hansı investisiyaları yatırmalı olduğumuzu müəyyən edəcəklər. Buna görə sizdən bu layihəni nəzərdən keçirməyi xahiş etmək istərdim. Ümidvaram ki, bir neçə aydan sonra bu komissiyanın fəaliyyətinin ilk nəticələri bizdə olacaq. Biz suvarmanın inkişafı üzrə dövlət proqramının qəbul edilməsi və suvarmanın daha da səmərəli olması ilə nəticələnəcək addımları müəyyən etməyə başlaya bilərik", - deyə o vurğulayıb.

Azərbaycan buna qədər də aqrar-sənaye kompleksinin inkişafını sürətləndirmək üçün maksimum səy göstərirdi, pandemiya, karantin, sərhədlərin bağlanması və bəzi ölkələr tərəfindən bir sıra ərzaq məhsullarının ixracının dayandırılması bu prosesi prioritet hala gətirdi.

İstənilən halda, bütün bu danışıqlar bir daha sübut edir ki, xarici borcların cəlb edilməsi və paylanması siyasətində layihələrin aktuallığı və strateji önəmi üstünlük təşkil edəcək. Bu mənada, pandemiyadan sonrakı dövrdə Azərbaycanın xarici borcunun ciddi şəkildə artacağını gözləməyə dəyməz - layihələrin və kreditor təşkilatların belə diqqətli seçilməsi hökumətin hər hansı bir narahatlıq nöqtəsinə çatmasına imkan verməyəcək.


MƏSLƏHƏT GÖR:

344