19 Dekabr 2024

Cümə axşamı, 21:13

DƏB ALƏMİ FASİLƏDƏ

Nicat BAXŞƏLİYEV: «Azərbaycanda digital-nümayişə keçmək çətindir»

Müəllif:

01.07.2020

Dəb dünyasının əsas hadisələrindən biri Fashion Week-lər və ya Moda Həftələridir. Dünyada məşhur dizaynerlərin öz geyim kolleksiyalarını təqdim etdikləri ən önəmli şəhərlər Nyu York, London, Milan və Parisdir. Azərbaycan da bu cür qlobal trendlərdən kənarda qalmır. Son altı ildə Azerbaijan Fashion Week (AFW) paytaxt həyatının və dəblə geyinməyi sevənlərin həyatının ayrılmaz bir parçasına çevrilib. Bu illər hadisələr və trendlər baxımından çox zəngin olub. Bu tədbir çərçivəsində dizaynerlərə ildə iki dəfə kolleksiyalarını geniş izləyici çevrəsinə təqdim etmək və fikirlərini öyrənmək imkanı verilir. Tədbirin cəmi bir həftə davam etməsinə baxmayaraq, buna hazırlıq bir neçə ay çəkir. Ümumi işdə modellərdən tutmuş bu hadisəni öz nəşrlərində işıqlandırmağa hazırlaşan jurnalistlərə qədər bütün moda sənayesi iştirak edir.

İşıqlar sönür, salon sükuta qərq olur, gözlər podiuma dikilir və çoxdan gözlənilən dəqiqələr başlayır: ritmik musiqi altında modelyerlərin təxəyyül və əməyinin bəhrəsi olan geyimləri incə nümayiş etdirən yaraşıqlı modellər görünür. Hər kəs bu tamaşanı qiymətləndirməyə qalxır: paytaxt modabazları, yerli və xarici alıcılar. Dizaynerlər üçün həyəcanverici və həlledici qərar məqamıdır.

Azerbaijan Fashion Week brendinin baş direktoru Nicat Baxşəliyev 2014-cü ildən bu moda festivalını idarə edir və bu dövrdə qazanılan uğurlarla fəxr edir. Deyir ki, bu tədbiri Azərbaycana "gətirmək" ideyası öz bəhrəsini verib. Gerçəkdən, qısa müddət ərzində bu kübar tədbirini sevənlərin sayının artması ilə yanaşı, həm də Azərbaycan Moda Həftəsində iştirak etməklə brendlərinə diqqət çəkmək istəyən dizaynerlərin də sayı artıb. Nümayişlərin baş tutması, uğurun sirri, yaranma hekayəsi, təşkilati xırdalıqlar, yaşanmış çətinliklər və ləğv edilmiş 2020-ci il yay mövsümü – bütün bunlar barədə Nicat Baxşəliyevlə həmsöhbət olduq.

- Bütün sahələrdə olduğu kimi, moda sənayesi də pandemiyadan zərər gördü. Azerbaijan Fashion Week də kənarda qalmadı ...

- Təkcə bizim ölkədə deyil, bütün dünyada moda sənayesi digər fəaliyyət sahələrindən heç də az itki və zərərə uğramayıb. Dünyada moda həftələri ləğv edilib və ya qeyri-müəyyən vaxta təxirə salınıb. Xarici moda həftələri özlərini itirməyiblər və rəqəmsal nümayişlərə keçiblər. Soruşa bilərsiniz, bəs biz niyə xarici həmkarlarımız kimi etmədik? Təəssüf ki, Azərbaycanda digital-versiyaya keçmək çətindir, çünki dizaynerlərin əksəriyyəti yaratdıqları məhsulları izləyicilərin öz gözləri ilə, canlı görməsinə üstünlük verirlər.

- İtkilərin aradan qaldırılması və bu sənayenin ayaqda qalmasına kömək üçün hansı tədbirlər görülür?

- Moda sənayesi belədir ki, burada kömək olmadan keçinə bilməzsən. AFW layihəsi dizaynerləri tanıtmaq və onların inkişafına yardım etmək məqsədi ilə yaradılıb. Buna görə də, yaranmış çətin şərtlərə baxmayaraq, biz geri çəkilmirik və işi uzun müddətə ertələmirik, əksinə dizaynerlərimizlə ünsiyyətimizi davam etdiririk və satışlarını gerçəkləşdirməyə, markalarını yerli və xarici onlayn portallar vasitəsilə tanıtdırmağa dəstək veririk. Xarici moda həftələri ilə əlaqələrimizdən yararlanaraq itkiləri aradan qaldırmaq üçün əlimizdən gələni edirik. Bu böhrandan minimum itki ilə çıxmaq niyyətindəyik.

- Yay nümayişi baş tutmadı. Adətən noyabr ayında keçirilən payız-qış nümayişi ilə bağlı proqnozlar necədir?

- Hər şey Azərbaycan rəhbərliyinin qərarlarından asılıdır. İndi nəsə ehtimal etmək və ya proqnozlaşdırmaq çətindir, çünki sabah pandemiyanın nəticələrinin nə olacağını bilmirik. Ancaq hamımız ümid edirik ki, tezliklə bu bəladan qurtarıb yenidən alışdığımız həyata qayıdacağıq.

- AFW-nin yaranma hekayəsi də maraqlıdır. Dünyada tanınan həftəlik moda bayramını Bakıya «gətirmək» fikri necə yarandı?

- AFW layihəsindən əvvəl mən «L’Officiel» jurnalının Azərbaycan redaksiyasında çalışırdım. Bu jurnalın vasitəsi ilə «Kazakhstan Fashion Week»in qurucusu və baş direktoru Sayat Dosıbayev ilə tanış oldum.

Görüşə bildik, məhz onun tövsiyələri ölkəmizdə hiss edilən bu çatışmazlığı aradan qaldırmağa imkan yaratdı. Məhz bu tanışlıq Azerbaijan Fashion Week brendinin yaranmasına təkan verdi. Daha sonra Azərbaycanda bu parlaq və rəngarəng moda bayramı başladı, tədbir qısa bir zamanda modasevərlərin arasında tanındı və sevildi, mövsümi trendlər arasında populyarlıq qazandı. Qeyd edim ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

- Çox sayda nümayişlər görmüş bir insan olaraq, deyin, dizaynerlərimizin işlərini və yaradıcılığını necə qiymətləndirirsiniz?

- Bizim münbit torpağımızda çox sayda istedadlı və layiqli insanlar dünyaya gəlir. İstedad dizaynerlərimizdən də yan keçməyib. Onlar getdikcə artırlar. Bu müsbət bir amildir, çünki rəqabət artır və dizaynerlər keyfiyyətli və diqqətəlayiq işlər yaratmağa çalışırlar. Bizim bəzi modelyerlərimizin yaratdıqları sadəcə geyim deyil, həm də öz mənası olan əsərlərdir. İnsan onları təkcə seyr etməklə qalmır, həm də düşünməli olur və həzz alır.

- Bəllidir ki, yaradıcı insanlar bir az dəymə-düşər olurlar. Onlarla ortaq dil tapmaq çətin olmur ki?

- (Gülümsəyir.) Bu, gerçəkdən, istisnasızdır və bəzən anlaşmaq çox çətin olur. Ancaq bu dövr ərzində biz özümüzü bir brend olaraq təsdiq etmişik və yerli dizaynerlər bizim peşəkarlığımıza güvənirlər.

- Bir çox yerli dizaynerlər Azərbaycanda Moda Həftəsinin təşkilati cəhətlərini digər ölkələrlə müqayisə edərək, çox vaxt bir addım öndə olduğumuzu vurğulayırlar. Sizcə, daha nəyə can atmalıyıq?

- Şübhəsiz ki, səy göstərmək üçün həmişə nəsə var. Biz əldə edilənlərlə kifayətlənmək fikrində deyilik. Altı illik öyrənmə, axtarış, dünya moda həftələrində iştirak və Azərbaycana yeniliklərin "idxalı" boş yerə getməyib. Hər zaman izləyiciləri təəccübləndirmək və dizaynerlərə yeni üfüqlər kəşf etmək imkanı verməkdir.

- Bəs, çətinliklər varmı?..

- Ümumiyyətlə, belə iri miqyaslı bir tədbirin təşkili ağır zəhmətdir. Ancaq inanılmaz məmnunluq duyğusu, həyəcan və müsbət emosiyalar doğurur. Xüsusi çətinliklərdən danışırıqsa, o zaman texniki məqamlarla bağlı problemləri qeyd etmək istərdim. Axı, AFW hər dəfə fərqli məkanlarda keçirilir. Deməli, salon və geyinib-soyunma otaqlarının dizaynı çox vaxt və səy tələb edir. Ancaq biz buna yetərincə vaxt ayırmağa və hər şeyi lazımi səviyyədə etməyə çalışırıq.

- İşinizdə sizi nə ruhlandırır?

- "Gözəllik dünyanı xilas edəcək" – mənim həyat şüarımdır. İncəsənət, moda, musiqi – bunlar mənim sonsuz məhəbbət hiss etdiyim şeylərdir, bu da özümü sevdiyim işə tam həsr etməyə və istənilən nəticəni əldə etməyə imkan yaradır.

- İstənilən halda, tədbirin məqsədlərindən danışırıqsa, əsas prioritet, hədəf nədir: dizaynerlərin inkişafı, yaxud şəhərin statusunun yüksəldilməsi və ya alıcıların cəlbi?

- Yuxarıda göstərilənlərin hamısı bu və ya digər şəkildə bir-biri ilə sıx bağlıdır. Bu vahid bir mexanizmdir, burada bir məqsəddən başqası irəli gəlir. Əsas məqsəd “Made in Azerbaijan” brendinin yaradılması, tanıdılması və qlobal səviyyədə populyarlaşdırılmasıdır. Xarici bayerləri Azərbaycana cəlb etmək - bu olmadan nümayiş keçirmək maraqsız olardı. Əlbəttə, şübhəsiz ki, dünyaya ölkəmizdə moda sənayesinin inkişafının necə getdiyini göstərmək də gərəkdir.

- Hansı ölkələrin dizaynerləri Azərbaycanda keçirilən Moda Həftəsinin ayrılmaz hissələrinə çevriliblər?

- Fəaliyyət müddətində Qazaxıstan, Gürcüstan, Rusiya, Tacikistan, Özbəkistan, Türkiyə, Ukrayna, İtaliya və Çin dizaynerlərinin toplaşdıqları və öz kolleksiyalarını təqdim etdikləri bir arenaya çevrildik.

- Niyə onlar Azərbaycanı seçirlər?

- Səbəb hər kəs üçün fərqlidir. Bəziləri ölkəmizə səfər edib və unudulmaz təəssürat altında qalıblar. Bəziləri də bizim tədbirdə dəfələrlə iştirak edib və bəziləri üçünsə Azərbaycan Moda Həftəsi yeni bir qapı və özünü yeni bir auditoriyada sınamaq təcrübəsi, yeni bir zəmini yoxlamaq üçün bir fürsətdir. Əlbəttə ki, bu yerli bayerlərlə əməkdaşlıq etmək, yerli bazarda satış gerçəkləşdirmək üçün əla şansdır. Heç kimə sirr deyil ki, qadınlarımız gözəl görünməyi və özlərini müxtəlif obrazlarda sınamağı sevirlər.

- O zaman, bəlkə də, bir çox dünya dizaynerlərinin bu fikri ədalətsiz səslənir ki, artıq moda həftələri köhnəlib, rəqəmsallaşma əsrində insanlar dizaynerlərin işlərini onlayn izləyə bilərlər?

- Bəli, doğrudur, bu gün digital zamanda yaşayırıq və bu, hər şeyə təsir edir. Bu, həm qlamur jurnalların işində, həm də moda sənayesində hiss olunur. Əgər bizə parçanı hiss etmək və dizaynerlərin yaradıcılığının bütün incə detallarını əyani görmək imkanı vermirsə, onda digitalın hansı üstünlüklərindən danışa bilərik?

- Elə hal olubmu ki, yerli dizaynerlər öz işlərini nüfuzlu xarici nümayişdə təqdim etsin?

 

- Bəli. «Paris Fashion Week» yanında «Oriental Fashion Show» (OFS) şöbəsi var. Bu tədbirin nümayəndələri Moda həftəsi nümayişlərindən birində Azərbaycana gəlmişdilər. Məqsəd bizim dizaynerlərimizin fəaliyyətilə tanışlıq idi. O zaman dizeynerlərimizin kolleksiyalarla bağlı cəsarətli qərarlarına heyran olmuşdular. Sonradan onlardan bəziləri OFS nümayişlərində iştiraka dəvət almışdılar.

- AFW çərçivəsində nümayişlərdə iştirak etmək üçün dizaynerləri seçmək üçün hər hansı xüsusi meyarlar varmı?

- Moda Həftəsi zamanı nümayişlərin iki bloku var. Kollektiv blok – dizaynerlərin nümunələrinin sayı 15-dən çox olmadıqda bu, olur. O, podiuma non-stop sistemi ilə çıxır. İkinci blok isə mono-nümayişi nəzərdə tutur: onun çərçivəsində dizayner podiumda 25 örnək göstərə bilər. Belə olan halda o zalı öz istədiyi kimi tərtib edə bilər. Biz dizaynerləri seçərkən xüsusi meyarlar təyin etmirik, amma bu, heç də hamını qəbul etdiyimiz demək deyil. Yəni bir seçim siyasəti var.

- Bu gün dünya nümayişləri üçün ən qeyri-adi yerlər seçilir - aerodromlardan tutmuş tərk edilmiş qəsrlərə qədər. Azərbaycan Moda Həftəsinin qeyri-adi lokasiyalarda keçirilməsi ilə bağlı fikriniz varmı?

- Yuxarıda dediyim kimi, layihənin mövcud olduğu altı il ərzində şəhərin ən gözlənilməz lokasiyalarında müxtəlif yerlər seçdik. Məsələn, tədbir meydançaları kimi hotellər, Daş Salnamə Muzeyi, Muzey Mərkəzi, kirxa, İçərişəhər çıxış edib. Biz bu məqama xüsusi diqqət yetirməyə çalışırıq, çünki lokasiya çox önəmlidir, dizaynerlərimiz və izləyicilərimiz üçün yeni meydançaların açılması bizim işimizin ayrılmaz hissəsidir.

- Sizcə, moda həftələri ilk növbədə kimlər üçün maraqlıdır: dizaynerlər, yoxsa yeni trendlərlə tanış olmaq, yeniliyi "birbaşa nümayişdən" almaq istəyən həvəskarlar üçün?

- Şübhəsiz ki, ilk növbədə bu tədbirin keçirilməsi layihənin təşkilatçıları olaraq bizim üçün önəmlidir. Bu tədbirin önəmi həm də onunla bağlıdır ki, dizaynerlər beynəlxalq arenaya çıxırlar, yeniliklərlə, bir-birlərinin fəaliyyətləri ilə tanış olurlar, ünsiyyət qururlar, yüksək keyfiyyətli parçalar seçirlər və «birbaşa nümayişdən» satış edirlər.

- Sizin dizaynerlərə tövsiyəniz: nümayişin uğurunu nə müəyyənləşdirir və onu öncədən proqnozlaşdırmaq mümkündürmü?

- Bu suala qısa cavab verəcəm. Düşünürəm ki, cavabımdan düzgün nəticə çıxaran hər kəs istədiyi cavabı əldə edəcək. Modelyer tərəfindən yaradılan hər şey izləyiciyə təqdim olunur və yalnız ona yönəldilir. Kolleksiya potensial alıcı üçün yaradılır. İzləyicinin nümayişdən alacağı duyğudan, müəyyən bir brendin adının, geyimlərin cizgilərinin və detallarının yaddaşına nə dərinlikdə həkk olunacağından asılı olaraq. Buna görə də vurğunu yalnız gözəl paltarların yaradılmasına deyil, həm də insanların ürəyinə toxunacaq və önəmli duyğular yaradacaq nümayişin dolğun və doğru qurulmasına yönəltmək gərəkdir. İzləyici heç bir halda darıxmamalıdır.

- Azərbaycanda fashion-proqnozları necə görürsünüz? Moda Həftəsinin perspektivləri necədir?

- Bizim məqsədimiz Moda Akademiyası yaratmaqdır. Dəb sənayesinə yaxın olmaq istəyən hər kəs orada oxuya biləcək. Bu, ölkəmizdə moda dünyasının genişlənməsi istiqamətində daha bir addım olacaq.

- Moda həvəskarlarına və oxucularımıza nə arzulayırsınız?

- Hamı üçün çətin olan bu günlərdə hər kəsə səbir və ən əsası möhkəm sağlamlıq arzulayıram. Birlikdə əl-ələ verərək həyatımızın bu təzadlı dövrünü ötürəcəyik. Hamıya firavan və gözəl günlər arzulayıram.

 



MƏSLƏHƏT GÖR:

368