Müəllif: Nigar ABBASOVA
Yeni koronavirus infeksiyası pandemiyası qlobal iqtisadiyyata, o cümlədən energetika sahəsinə dağıdıcı təsir göstərməkdə davam edir. COVID-19 artıq energetika bazarlarında tələb və təklif balansını yetərincə dəyişib, yeni, rəqəmsal fəaliyyət modellərinə keçməyin gündəmdə olduğunu göstərib.
Bununla yanaşı, energetika şirkətləri böhran qarşısında öz dayanıqlılıqlarını nümayiş etdirirlər. Azərbaycanda da energetika sisteminin etibarlılığının və onun fors-major hallara qarşı dayanıqlılığının yüksəldilməsi üzrə işlər davam edir.
Daha yaxşı durum
«Moody`s» beynəlxalq reytinq agentliyinin analitikləri hesab edir ki, COVID-in səbəb olduğu böhran neftə baxanda, elektrik enerjisinə tələbə daha az təsir göstərib. Çoxu evdən işləyən məişət istehlakçıları tərəfindən elektrik enerjisinə olan tələbin artması sənaye və ticari istehlakçıların tələbinin azalmasını qismən kompensasiya edir. Ancaq COVID-19-un yaratdığı böhran durumu oyun qaydalarını ciddi şəkildə dəyişə bilər və enerji sektorunun çox şirkətlərini müflis edə bilər.
Dünya Energetika Şurasının (DEŞ) ekspertlərinin əksəriyyəti bu fikirdə yekdildir ki, böhranın maksimum təsiri 2020-ci ilin sonlarında – 2021-ci ilin əvvəlində hiss ediləcək. «Böhran nəticəsində baş verəcək ən önəmli dəyişikliklər sırasında xərclərin kəskin azalması, kapitalın rəqəmsal həllər və ekoloji dayanıqlılıq tərəfə yerdəyişməsi ola bilər», - deyə DEŞ-dən 100-ə yaxın ölkədə liderlər və energetika sahəsi ekspertləri arasında aparılmış sorğu əsasında bildiriblər.
Bu sorğunun son nəticələri göstərir ki, COVID-19 sərmayələrin fundamental yerdəşiyməsinə səbəb olacaq ki, bu da energetika sahəsində gələcək trendlərə yetərincə təsir edəcək. DEŞ-in araşdırması göstərdi ki, şirkətlərin üçdə biri işçi sayını azaltmağı, yarısı isə ofis işçilərini evdə saxlamağı düşünür.
Hər üç şirkətdən biri də pandemiyanın gətirdiyi şərtlər üzündən bir və ya bir neçə şöbəsini bağlamaq niyyətindədir. On energtika şirkətindən dördü əməliyyat xərclərinin (OPEX) 10%-dən çox azaldığını bildirir. Əsaslı xərclərinin (CAPEX) 200-400 milyard dollar azalacağı proqnozlaşdırılır.
Bununla yanaşı, rusiyalı ekspertlərin fikrincə, elektrik enerjisi və istilik təchizatı sahələrindəki dəyişikliklər neft sektorundakı qədər dərin və həssas olmayacaq. Pandemiya zamanı enerji şirkətlərinin üzləşə biləcəyi əsas problemlər sırasına istehlakçılardan elektrik enerjisinə görə ödənişlərin toplanması ilə bağlı vəziyyətin pisləşməsi, bunun fonunda vergi və digər məcburi ödənişlərlə bağlı yaranan çətinliklər, yanacaq-xammal təchizatçılarının qarşısında borcların artması təhlükəsi daxildir.
Qəzanın dərsləri
Yeri gəlmişkən, Azərbaycanın elektrik enerjisi sektoru pandemiya zamanı yüksək dayanıqlılıq nümayiş etdirdi. Enerji sisteminin işində heç bir ciddi nasazlıq olmadı, işlər gücləndirilmiş rejimdə davam etdirildi, istehlakçılara elektrik enerjisinin verilməsi həmişəki kimi fasiləsiz olaraq həyata keçirildi.
Buna baxmayaraq, COVID-1-un mövcud qurğuların təmiri və, ən əsası yeni enerji qurğularının istifadəyə verilməsinə müəyyən korrektələr edəcəyi də istisna deyil. Bu, ilk növbədə, avadanlıq idxalı, onların quraşdırılması və istismara verilməsində xarici mütəxəssislərin iştirakı ilə bağlıdır. Hərçənd, artıq görülmüş işlərin həcmi bu və ya digər layihədə mümkün gecikmələrin enerji sisteminin etibarlılığına təsir etməyəcəyinə inanmağa əsas verir.
Son 16 il ərzində ölkədə 30 elektrik stansiyası tikilib, bunların sırasına 800 MVt gücü olan «Cənub» elektrik stansiyası, «Səngəçal» (300 MVt-dan çox), «Sumqayıt» (525 MVt), «Şimal-2» (400 MVt) kimi böyük stansiyalar daxildir. Buna qədər isə "Şimal-1" (400 MVt) tikilmişdi.
2018-ci ilin yayında baş verən məşhur qəzadan sonra başlamış genişmiqyaslı təmir işləri hələ ki, elektrik sisteminin istismarı ilə bağlı şikayətlərə əsas vermir. Onun gücünü sınayan lakmus kağızı rolunu isə isti hava şəraiti oynayır. Göründüyü kimi, energetiklər 3 iyul 2018-ci ildə Mingəçevir elektrik stansiyasında baş vermiş və bütün ölkəni iflic edən qəzanın enerji sisteminə verdiyi dərsləri yaxşı mənimsəyiblər.
Xüsusi dövlət komissiyası sonradan aşkarladı ki, qəzanın əsas səbəblərindən biri də "Azərenerji" ASC-nin bu cür hadisələrə hazır olmaması, enerji operatorunun fəaliyyətində texniki və bir sıra başqa çatışmazlıqlar olub ki, bu da baş verənə adekvat cavab verməyə imkan verməyib. Bu səhlənkarlıq nəticədə "Azərenerji" rəhbərliyinin dəyişməsinə və enerji sisteminin səmərəliliyini artırmaq üçün proqramın hazırlanmasına səbəb oldu.
Proqram çərçivəsində 2018-ci ilin sentyabr ayında işə başlandı. "İtirilmiş" istehsal güclərini bərpa etmək məqsədi ilə 12 elektrik stansiyasının, o cümlədən 6-sı modul tipli stansiyanın yenidən qurulmasına qərar verildi. Bunun həyata keçirilməsi ilə "Azərenerji" 2022-ci ilədək 1000 MVt-a yaxın "itirilmiş" istehsal gücünü bərpa etməyi planlaşdırır. Azərbaycanın ümumi enerji sisteminin bərpası proqramının toplam dəyəri 560 milyon manat qiymətləndirilir. Görülən işlər nəticəsində 600 MVt itirilmiş generasiya gücü artıq bərpa edilib.
Yeri gəlmişkən, son iki ildə bu proqram çərçivəsində ən irimiqyaslı işlər Azərbaycan İES-də aparılıb. Əsas diqqət stansiyanın səkkiz blokunun yenidən qurulmasına yönəldilib. 2018-ci ildə qəzanın mənbəyinə çevrilən 330 və 500 kilovoltluq yarımstansiyalar, eyni zamanda dispetçer mərkəzi, əsas və köməkçi hissələr, bina və qurğular da təmir edilib. Özü də, yenidənqurma işləri zamanı stansiya elektrik enerjisi istehsalını davam etdirdi. Bütün işlər paralel aparıldı.
Azərbaycan İES-in ölkə üçün önəmi barədə onu bildirmək olar ki, bu elektrik stansiyası Cənubi Qafqaz regionu üzrə ən böyük olmaqla yanaşı, həm də Azərbaycanın daxili ehtiyacının 43 faizini ödəyir.
"İki il bundan əvvəl burada qəza baş verəndə, əlbəttə, bunun ölkəmizə nə qədər böyük zərbə vurduğunu hər kəs gördü, ölkəmiz zülmətə büründü, qaranlığa qərq oldu, metro dayandı, bütün hərəkət dayandı. Bu qəza yalnız məsuliyyətsizlik, səhlənkarlıq, vicdansızlıq nəticəsində baş vermişdir. Stansiya cəmi 2 ildən az bir müddətdə yenidən quruldu, səkkiz blokun səkkizi də işlək vəziyyətdədir. 2400 meqavat generasiya gücü bərpa edildi, kanal tikildi, qəza baş verən yarımstansiyalar yenidən quruldu, müasir idarəetmə mərkəzi yaradıldı. Beləliklə, bu stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də 50 il uzadıldı. Bu, bizə nə verəccək? Bizə onu verəcək ki, bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağıq", - deyə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan İES-in yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində bildirib.
Mövcud yarımstansiyaların və elektrik verilişi xətlərinin yenidən qurulması və gücləndirilməsi yolu ilə enerjinin paylanması və ötürmə qurğularının yenilənməsi də enerji sisteminin bərpası proqramının mühüm hissəsi oldu. Son iki ildə bu işlər sistem əhəmiyyətli 20-dən çox yarımstansiyanı əhatə edib. Onlardan bir qismi artıq istifadəyə verilib, qalan hissədə işlər davam edir.
Yeni layihələr
Təmir işləri ilə yanaşı, Azərbaycanda 300 MVt gücündə yeni Qobu elektrik stansiyasının inşası üçün hazırlıqlar görülür. Bu, elektrik enerjisi ixracını artırmağa və ölkənin artan sənaye potensialını təmin etməyə imkan verəcək.
Layihə bu ilin iyun ayında baxılmaq üçün ölkə Prezidentinə təqdim edilib. Energetika Nazirliyi stansiyanın 2022-ci ilə qədər istismara veriləcəyini gözləyir.
“ Bu gün Azərbaycan neft, qaz, yanacaq, elektrik enerjisini hasil edir, istehsal edir və ixrac edir. Yəni, dünyada o qədər də çox ölkə bu dərəcədə çoxşaxəli fəaliyyətə sahib deyil. Bəzi ölkələrdə yanacaq-enerji balansının bir hissəsi mövcuddur, digər hissəsini isə idxal edir, asılıdır. Biz tamamilə müstəqillik və iqtisadi-enerji müstəqilliyi budur", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Sevindiricidir ki, Azərbaycanın enerji sisteminin yenilənməsi planları dünyanın aparıcı maliyyə qurumlarının dəstəyini qazanıb, onlar hətta koronavirus pandemiyası zamanı da enerji layihələrinin gerçəkləşdirilməsini maliyyələşdirmək niyyətində olduqlarını bildiriblər.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəhbəri Suma Çakrabarti, Prezident İ.Əliyevlə bu yaxınlarda keçirilmiş videokonfransda AYİB-in elektrik şəbəkəsinin yaxşılaşdırılması, habelə bərpa olunan enerji mənbələri üzrə layihələrin maliyyələşdirilməsinə 100-200 milyon avro sərmayə qoymağa hazır olduğunu bildirib.
Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqi Asakava da bankın enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi və peşəkar təhsilin inkişafı üzrə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.
Azərbaycan bankı bərpa olunan enerji layihələrinin gerçəkləşdirilməsinə cəlb etmək istəyir. “Külək və günəş enerjisi üzrə böyük potensialımız və bu sahəni inkişaf etdirmək üçün planlarımız var. Bu seçimi (əməkdaşlıq üçün – “R+”) nəzərdən keçirməyinizi istərdim", - deyə İlham Əliyev iyun AİB rəhbərliyi ilə keçirdiyi videokonfransda bildirib.
AİB Azərbaycanla enerji sahəsində, o cümlədən Cənub Qaz Dəhlizinin yaradılması layihəsini maliyyələşdirmək üzrə çox zəngin bir təcrübəyə malikdir. Bundan əlavə, 2016-cı ilin iyul ayında bank ölkəyə respublikanın paylayıcı şəbəkələrinin modernləşdirməsi üçün 2023-cü ilə qədər 750 milyon dollar məbləğində multi-tranş maliyyələşdirmə verilməsini təsdiqləyib.
Bərpa olunan enerjiyə diqqət
Ümumiyyətlə, enerji sektorundakı yeni layihələri götürdükdə, bu gün Azərbaycan hökuməti daha çox "yaşıl" enerjinin inkişafında maraqlıdır.
Belə ki, Energetika Nazirliyi yeni bərpa olunan enerji obyektlərinin tikintisi üçün ölkədə səkkiz ərazi seçib. Onların üçündə Yaxın Şərq şirkətləri «ACWA Power» və «Masdar» tərəfindən ümumi gücü 440 MVt olan külək və günəş elektrik stansiyaları inşa ediləcək. Bu iki layihəyə qoyulan ümumi sərmayə 400 milyon dolları keçəcək. Tikinti işləri 2020-ci ilin sentyabrında başlayacaq və təxminən iki il çəkəcək. Energetika Nazirliyinin proqnozlarına görə, bu layihələrin həyata keçirilməsi Azərbaycanın ildə 300 milyon kubmetr qaza qənaət etməsinə imkan verəcək ki, bu da ölkə əhalisinin istehlak etdiyi "mavi" yanacağın ümumi həcminin 10%-nə bərabərdir.
Bununla yanaşı, Energetika Nazirliyi kiçik su elektrik stansiyalarının inkişafı üzrə strategiya hazırlamaq qərarına gəlib. Britaniyanın BP şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda kiçik su elektrik stansiyalarının qurulmasının səmərəliliyini qiymətləndirmək üçün işçi qrupu yaradılıb və bu işdə əməkdaşlıq üçün «SNC-Lavalin's Atkins» cəlb edilib. Şirkət hazırda mövcud olan beş kiçik su elektrik stansiyasını və yeni su elektrik layihələri üçün altı ərazini qiymətləndirib. “SNJ-Lavalin Atkins”in hazırladığı hesabata əsasən, ölkənin elektrik enerjisinə ehtiyacı, su potensialı və su çatışmazlığı nəzərə alınmaqla Azərbaycanda kiçik su elektrik stansiyalarının inkişafı strategiyası hazırlanacaq. Əsas vəzifələrdən biri özəl sektoru cəlb etməklə bu sahəni inkişaf etdirməkdir”, - deyə nazir P.Şahbazov bildirib.
Bundan əlavə, Energetika Nazirliyi Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə "Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə yol xəritəsi"nin hazırlanması üzərində işləyir. Beləliklə, qurum külək enerjisinin potensialı, şəbəkəyə qoşulma imkanları, ətraf mühitə və sosial mühitə təsirin qiymətləndirilməsi əsasında bərpa olunan enerji mənbələri üzrə hərraclar keçirmək üçün dəniz və sahil ərazilərində potensial zonaları müəyyənləşdirməyi nəzərdə tutur. Sənəd üzərində işlər 2021-ci ilin martına kimi başa çatacaq.
“Dənizdə külək enerjisindən istifadə yeni iş yerləri açmaq və əlavə dəyər qazanmaq üçün imkanlar yaradacaq. Bundan əlavə, "yol xəritəsinin" hazırlanmasının Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirməsinə və Paris müqaviləsinə uyğun olaraq 2030-cu ilədək atmosferə istixana qazı tullantılarının 35% azalmasına töhfə verəcəyi gözlənilir ", - deyə nazirliyin mütəxəssisləri bildiriblər.
Yeri gəlmişkən, energetiklərin hesablamalarına görə, keçən il elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payı 7,9% təşkil edib. Nazirliyin qarşısında 2030-cu ilə qədər bu rəqəmi 30%-ə çatdırmaq öhdəliyi durur.
Azərbaycanın coğrafi mövqeyi gerçəkdən bərpa olunan enerji sektorunun inkişafı üçün əlverişli şərait yaradır. Ancaq bununla birlikdə, hökumətin bütün planlarına baxmayaraq, hüquqi və institusional baza hələ də potensial investorlar üçün cəlbedici deyil. Bərpa olunan enerji obyektlərinin tikintisi və istismarı ənənəvi istilik elektrik stansiyalarından daha baha başa gəlir.
Eyni zamanda, maliyyə institutları tərəfindən maliyyələşmə əsasən irimiqyaslı layihələrlə məhdudlaşır. Kiçik layihələrin icrası əsasən əlverişli iqtisadi şərait təklif etməklə cəlb edilə bilən özəl sektora istiqamətlənib. Bərpa olunan enerjiyə yatırılan sərmayələrin qorunması və investorlara güzəştlər verilməsini təmin edən bir sıra qanun və qaydaların hazırlanması hələ başa çatmayıb. Düzdür, proses yerindən tərpənib və bu, ümid etməyə əsas verir ki, son nəticədə təmiz enerji sektoruna böyük oyunçuların cəlb edilməsi üçün əlverişli mühit yaranacaq.
MƏSLƏHƏT GÖR: