25 Noyabr 2024

Bazar ertəsi, 10:54

REYTİNQ UĞRUNDA SAVAŞ

Ermənilərin diqqətini dərin böhrandan yayındırmaq istəyən N.Paşinyan regionun təhlükəsizliyini və müttəfiqlərinin maraqlarını qurban verir

Müəllif:

15.07.2020

Yenə cəbhə xəbərləri, itkilər haqda məlumatlar, qarşılıqlı ittihamlar və təkziblər… Ermənistanla Azərbaycan arasında 2016-cı ildə 4 gün davam etmiş müharibədən bu yana belə miqyaslı toqquşmalar olmamışdı. Üstəlik, bu dəfə gərginlik işğal olunmuş Qarabağda deyil, Azərbaycan-Ermənistan sərhədində baş qaldırıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, hər şey iyulun 12-si səhər erməni tərəfinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki mövqelərini ələ keçirmək cəhdilə başlayıb. Həmin vaxt Azərbaycan mövqeləri Ermənistanın həmsərhəd Tavuş vilayətindən artilleriya atəşinə tutulub. Gərginliyin ilk günündəcə Azərbaycan tərəfi 3 şəhid verdiyini, 5 nəfər yaralandığını açıqlayıb. Ermənistan insan tələfatı haqda heç bir məlumat verməyib.

Ermənistan Müdafiə Nazirliyi öz növbəsində, guya azərbaycanlı hərbçilərin hansısa UAZ markalı avtomobillə sərhədi keçməyə cəhd göstərməkdə ittiham edib. Guya onlar erməni tərəfinin xəbərdarlığından sonra avtomobili orda qoyaraq geri qayıdıblar. Erməni tərəfinin iddiasına görə, Azərbaycan Silahlı Qüvvələri məhz bundan sonra onların mövqelərinə artilleriya zərbələri endirməyə başlayıb.

Tovuz istiqamətində toqquşmalar qısa fasilələrlə sonrakı günlərdə də davam edib. İyulun 14-də Azərbaycan tərəfi 2 yüksəkrütbəli zabitinin də şəhid olduğunu açıqlayıb. «Təəssüflə deməliym ki, döyüşlər nəticəsində general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev həlak olublar», - deyə Azərbaycan Müdafiə nazirinin müavini Kərim Vəliyev keçirdiyi brifinqdə bildirib.

Müdafiə Nazirliyinin məlumatına görə, həmin gün döyüşlərdə ümumilikdə 7 Azərbaycan hərbçisi həlak olub.

Bununla yanaşı, Kərim Vəliyev bildirib ki, iyulun 12-dən Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində 100-dək erməni hərbçisi, texnikası, komanda məntəqəsi məhv edilib. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi obyektlərinə zərbələrin əks olunduğu videogörüntüləri də yayıb. Erməni tərəfinin susqunluğuna baxmayaraq, Ermənistan ordusunun onlarla hərbçi itirdiyinə dair məlumatlar Rusiya mətbuatına da sızıb..

Bu məqalənin yazıldığı vaxt Azərbaycan-Ermənistan sərhədində döyüşlər davam edirdi və bu üzdən hadisələrin necə inkişaf edəcəyini söyləmək çətin idi. Yalnız o aydın idi ki, bu dəfə söhbət atəşkəs rejiminin növbəti pozulmasından, hətta mövqe döyüşlərindən belə, getmir. Sərhədyanı bölgədə vəziyyətin bu cür qarışmasının arxasında hərbi məqsədlərdən çox, böyük siyasi hədəflər durur.

Toqquşmaların başlamasından cəmi bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb, Ermənistanın baş naziri Nikol Paşinyan isə Nazirlər Kabinetinin növbədənkənar toplantısını keçirib. Bu, qarşıdurmanın miqyasını göstərən daha bir faktdır.

«Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda mülki şəxslər həlak olub. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olub», - deyə Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının iclasında bildirib. O, təxribatın nəticələrinə görə məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü bəyan edib.

İ.Əliyevin sözlərinə görə, Azərbaycan artıq beynəlxalq təşkilatlara müraciət edib və operativ şərait imkan verən kimi, xarici hərbi nümayəndələr vəziyyətlə yerində tanış olmaları üçün Tovuza dəvət olunacaqlar.

N.Paşinyan isə əksinə, vəziyyətin gərginləşməsinə görə, Azərbaycanın məsuliyyət daşıdığını bildirib. Bununla yanaşı, o, qonşu dövlətlərin, xüsusilə tərəfləri sadəcə təmkinli davranmağa çağırmaqla kifayətlənməyən Türkiyənin mövqeyindən təşvişini  gizlətməyib. «Türkiyənin Xarici İşlər Nazirliyi səviyyəsində ortaya qoyduğu mövqe son dərəcə heyrətamizdir. Onlar Azərbaycanın əməllərinə qeyd-şərtsiz dəstək ifadə edir», - deyə Paşinyan bildirib.

Türkiyənin Azərbaycana dəstəyinə Ermənistan XİN-i də etiraz edib.

Cavabında, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəhbərlik etdiyi qurumun mövqeyini təkrarlayaraq bildirib ki, Ankara Azərbaycan ərazilərinin təhlükəsizliyi məsələsində Bakının yanında olub və bu gün də yanındadır. O, Ermənistanı «ağıllı olmağa» da çağırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ATƏT-in Minsk qrupunun üzvü olan dövlətləri Ermənistanla Azərbaycan arasında onsuz da gərgin olan münasibətləri bir qədər də qızışdıracaq bəyanatlardan çəkinməyə çağırıb. Ermənistan mətbuatı bu xəbəri Çavuşoğlunun bəyanatına cavab kimi qiymətləndirib.

Azərbaycan isə öz növbəsində, yalnız Türkiyəyə təşəkkür etməyib. O, Rusiya, İran və digər dövlətlərə yaranmış vəziyyətdən narahatlıqlarını ifadə etdikləri üçün minnətdarlığını bildirib. Bu kontekstdə həm Ermənistanın hərbi-siyasi müttəfiqi, həm də Azərbaycanın strateji tərəfdaşı olan Rusiyanın rolu xüsusi önəmlidir. Rusiyanın XİN başçısı Sergey Lavrovun həm münaqişə tərəflərinin xarici işlər nazirləri, həm də türkliyəli həmkarı M.Çavuşoğlu ilə telefonla danışması təsadüf deyil.

Yeri gəlmişkən, Azərbaycan tərəfi İrəvanın münaqişəyə üçüncü tərəfləri cəlb etmək cəhdlərinə dərhal diqqət çəkib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistan dövlət sərhədində yol verdiyi avantüra ilə üzvü olduğu hərbi-siyasi təşkilatları münaqişəyə cəlb etməyə çalışır. Analoji bəyanatlarla Azərbaycan XİN də çıxış edib.

Bunun ardından məlum olub ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasa zəng edərək, «KTMT üzvünə qarşı belə əməllərin yolverilməz olduğunu» bildirib. Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan isə KTMT-dən olan həmkarlarına məktub ünvanlayaraq, onları «Azərbaycanın təxribatını pisləməyə» çağırıb.

Lakin KTMT-nin baş katibi Zas qurumun Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə əlaqəli təcili toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etsə də, sonradan toplantı qeyri-müəyyən müddətə təxirə salınıb.

KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirib ki, iclas tərəflər arasında məsləhətləşmələrin aparılması, həmçinin müzakirələrin formatının dəqiqləşdirilməsi məqsədilə təxirə salınıb.

Qeyd edək ki, bu məsələdə bir çox rusiyalı ekspert və Rusiya KİV-i Azərbaycanın mövqeyini bölüşür. Onlar da hesab edir ki, Ermənistanın Azərbaycanla dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə məqsədi KTMT-nin münaqişəyə cəlb olunmasıdır. Bu, həqiqətən də, belədirsə, Nikol Paşinyanın komandası üçün məyusluq qaçılmazdır. Təşkilatın təcili toplantısı məsləhətləşmələrin aparılması məqsədilə təxirə salması faktının özü göstərir ki, İrəvan bu məsələdə KTMT-dən birmənalı hərbi-siyasi dəstək ala bilməyəcək. Qurumun üzvləri vəziyyətin müzakirəsi üçün toplansalar belə, Ermənistan Türkiyənin Azərbaycana verdiyi dəstək formasında dəstəyə ümid edə bilməz. Buna əmin olmaq üçün KTMT üzvlərinin Azərbaycanla ikitərəfli münasibətlərinin xarakterinə və səviyyəsinə diqqət yetirmək kifayətdir. Ermənistanın təşkilatdakı tərəfdaşlarının KTMT-nin baş katibi postuna İrəvan təmsilçisinin seçilməsinə necə mane olduqları da hər kəsin xatirindədir. Üstəlik, bütün bunlar hələ Ermənistanın rusiyapərəst hakimiyyətinin dövründə baş vermişdi. Nikol Paşinyanın Qərbə yönəlməklə, ənənəvi müttəfiqi Rusiya ilə münasibətlərdə ciddi sərinlik yaratdığı indiki şəraitdə KTMT-nin İrəvana hərbi-siyasi dəstəyindən danışmaq nə dərəcədə realdır? Yeri gəlmişkən, «Qazeta.Ru» xatırladır ki, Paşinyanın hakimiyyətə gəlməsindən sonra verdiyi ilk qərarlardan biri KTMT-nin ozamankı baş katibi Yuri Xaçaturovun həbsilə bağlı olub.

 

Digər yandan İrəvan bu məsələdə Qərbə də bel bağlaya bilməz. Ən azı ona görə ki, Avropa Bakı ilə münasibətlərini İrəvana qurban verməz. Bunu «Şərq Tərəfdaşlığı» proqramı iştirakçılarının bir müddət əvvəl keçirilmiş onlayn sammiti də təsdiqləyib. Bu fikri təsdiqləmək üçün Azərbaycan və Ermənistanın Avropa dövlətlərilə ticarət dövriyyəsinin həcmini, onların Aİ ilə birgə həyata keçirdiyi layihələrin sayını müqayisə etmək kifayətdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindəki rolu isə ayrıca söhbətin mövzusudur.

Aydındır ki, Aİ Ermənistanla iqtisadi əməkdaşlıqdan böyük dividendlər qazanmayacağına əmindir. Amma o da aydındır ki, Aİ onu öz gücünə yaşaya bilən tərəfdaşları sırasında da görmək istərdi. Əvəzində, dünya qarşısında onsuz da kifayət qədər zəif olan iqtisadiyyatı pandemiya və «lokdaun»un təsirilə daha da ağır vəziyyətə düşmüş bir ölkəni görür.

Demokratiyanın təminilə bağlı vəziyyət isə daha pisdir. Bu məsələdə istər Avropa, istərsə də Ermənistan ictimaiyyəti Paşinyandan daha çox şey gözləyirdi. Vəziyyət ən azı, Serj Sarqsyanın hərbi-kriminal xuntasının dövründəkindən pis olmamalı idi. Lakin reallıq tam əksinədir. «Həqiqətən də, Nikol Paşinyanın fəaliyyətindən narazı ermənilərin sayı durmadan artır – o, hakimiyyətdə olduğu müddətdə  qisasçı, avtoritar xarakterini hər kəsə göstərib. Aydın olub ki, Paşinyan küçə müxalifətinin destruktiv liderindən konstruktiv, ictimaiyyəti birləşdirən liderə çevrilə bilməyib», - deyə «Life.ru» yazır.

Hər halda, Ermənistan imkanlarına uyğun gəlməyən iddiaları nəticəsində natamamlıq kompleksi içərisində boğulan dövlətə çevrilib. Bu isə İrəvanın beynəlxalq münasibətlər sistemində öz yerini tapmasına mane olur. Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planı ilə bağlı bir müddət əvvəl verdiyi açıqlamanı da ekspertlər Ermənistanın acınacaqlı beynəlxalq vəziyyətinin nəticəsi sayır. Lavrov bildirmişdi ki, hazırda danışıqlar masası üzərindəki illərdir müzakirə olunan mərhələli həll planıdır və o, ilk mərhələdə Azərbaycanın Dağlıq Qarabağa bitişik rayonlarının azad edilməsini nəzərdə tutur. Bu bəyanat o anadək ermənilərə danışıqları köhnə hakimiyyətdən qalmış nöqtədən davam etdirməyəcəyini vəd edən Paşinyana əsl şillə olub.

Ermənistanın Qarabağ problemilə bağlı mövqelərinə daha bir zərbəni Avropa İttifaqı endirib. Söhbət qurumun «Şərq Tərəfdaşlığı» üzvlərinin son onlayn sammiti ərəfəsində qəbul etdiyi 2019/2209(INI) qətnaməsindən gedir. Orada hələ 10 il əvvəl qəbul olunmuş qətnaməyə istinad olunur, həmin qətnamədə isə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi bildirilir, «Şərq Tərəfdaşlığı»na üzv dövlətlərin ərazilərindən başqa dövlətə məxsus qoşunların dərhal çıxarılması tələb olunur. Bu, iyun ərzində Ermənistanın işğalçı siyasətinin Avropa tərəfindən pisləndiyi ikinci sənəd idi. Bundan əvvəl Avropa Parlamenti İrəvanın Ermənistandan Dağlıq Qarabağa yeni magistral yol çəkmək planını pisləmişdi. Avroparlamentarilər yol tikintisi qərarının Azərbaycanın rəsmi hökumətinin razılığı olmadan qəbul edildiyini, bunun isə beynəlxalq hüquqa zidd olduğunu bildirmişdilər. «Bu üzdən, biz bu təşəbbüsü (sözügedən yolun tikintisi planını – red.) birmənalı olaraq qınayırıq. Çünki o, inam, sülh və razılaşmaya yol açacaq şəraitin yaranmasına xidmət etmir. ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə, onların 2009-cu ildə qəbul etdiyi əsas prinsiplərə tam dəstəyimizi bir daha ifadə edirik. Həmsədrlərin uğur qazanmaq şansının olması üçün Ermənistan və Azərbaycan hökumətlərini Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həllinə dair danışıqlara tam sadiq qalmağa çağırırıq». Belə bir bəyanatla Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko, qurumun Ermənistan üzrə məruzəçisi Trayan Besesku və Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament əməkdaşlığı komitəsinin həmsədri Marina Kalyurand çıxış ediblər.

Bütün bunlar göstərir ki, Ermənistan öz əməllərilə bütün beynəlxalq instansiyalarda məyusluq yaradır. Üstəlik, o, nəinki qonşularına ərazi iddialarından əl çəkmir, həm də beynəlxalq vasitəçilik səylərilə illər ərzində əldə olunmuş razılaşmaları pozur, öz avantürasına üçüncü tərəfləri cəlb etmək niyyətilə münaqişə zonasında yeni təxribatlara əl atır.

Bir məqama da diqqət çəkmək yerinə düşər: Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan, ardınca isə ölkə prezidenti Armen Sarqsyan Azərbaycanla sərhəddəki hərbi toqquşmalardan az əvvəl Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etmişdilər. Bu, Ermənistan hökumətinin sərhəddə təxribata hazırlaşdığını göstərən daha bir fakt deyilmi? Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Lenta.ru xəbər portalına müsahibəsində bildirib ki, Ermənistan Tovuz istiqamətində döyüşlərin başlamasından əvvəl bu rayonla sərhədə ağır texnika və canlı qüvvə toplayırmış. «Biz bunu artilleriya qurğularından da istifadə ilə həyata keçirilmiş hücumun əvvəlcədən planlaşdırılması kimi qiymətləndiririk», - deyə o, qeyd edib.

Rusiyanın Ermənistandakı kritik ictimai-siyasi və sosial-iqtisadi vəziyyətə diqqət çəkən News.ru saytı isə yazır: «Görünən odur ki, belə bir vəziyyətdə baş nazir (Ermənistanın) çoxdan sınaqdan çıxmış üsula əl atmaq qərarına gəlib: ictimaiyyətin diqqətinin xarici siyasətə yönəldilməsi! Azərbaycanla ərazi mübahisəsi erməni əhalinin səfərbər olunması üçün sınaqdan keçmiş amildir».

Bəs, sərhəddəki gərginlik nə ilə nəticələnə bilər? Ekspertlər tammiqyaslı müharibə riskinin o qədər də yüksək olduğunu düşünmür. Koronavirus pandemiyası ilə mübarizə və onunla paralel gedən iqtisadi problemlər fonunda tammiqyaslı müharibədə nə münaqişə tərəfləri, nə də xarici güclər maraqlıdır. Əlbəttə, Bakı öz ərazi bütövlüyünü hərbi yolla təmin etmək hüququnu «kənara qoymur». Lakin bu gün o, BMT baş katibinin dünyadakı humanitar vəziyyət fonunda atəşkəs çağırışına sadiqdir. Hətta Bakı özü BMT Baş Assambleyasının COVID-19 ilə birgə mübarizəyə həsr olunacaq xüsusi toplantısının çağırılması təşəbbüsü ilə çıxış edib. Demək, Bakı apriori sərhəddə yaşanan insidentdə maraqlı ola bilməzdi.

Ermənistan haqda isə eyni sözləri demək çətindir. Koronavirus pandemiyasının az qala nəzarətdən çıxdığı, hər kəsə yardım və ifanələr üçün, az qala, yalvaran bu ölkə BMT Baş Assambleyasının xüsusi iclasının çağırılmasına qarşı çıxmış yeganə dövlətdir. Səbəb isə heç də onun artıq yardıma ehtiyac duymaması deyil. Səbəb iclasın keçirilməsi təşəbbüsünün Azərbaycandan gəlməsidir.

Sərhəddəki qarşıdurma isə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair sülh danışıqlarını da təhlükə altına qoyub, beynəlxalq vasitəçilərdə əməlli-başlı çaşqınlıq yaradıb. İndi ATƏT-in Minsk qrupunun həmsədrləri atəşkəsə əməl edilməsinin vacibliyi haqda şablon bəyanatlarla çıxış edə bilmir. Artıq onlar münaqişənin əsas səbəbini aradan qaldırmalı, bunun üçün cidd-cəhdlə işləməlidirlər. Bunun üçün ibarəli formullar düşünməyə də ehtiyac yoxdur. Sadəcə, İrəvandan tələb olunmalıdır ki, BMT TŞ-nin Azərbaycan ərazilərinin «tam və qeyd-şərtsiz boşaldılması»na çağıran qətnaməsinə, nəhayət, əməl etsin. Əks təqdirdə, bu münaqişə daim közərəcək. Ermənistan rəhbərliyi isə sələfləri kimi, hakimiyyətini qorumaq üçün məhz buna çalışır.

 

Qazeta.ru

«Müşahidəçilərin diqqətini bir məqam xüsusi çəkib: Azərbaycanla toqquşmalar Paşinyanın oğlu Aşotun ordudan təxris olmasından cəmi üç gün sonra başlayıb. Baş nazirə qarşı çıxış edənlər bunu təsadüfi saymır və qeyd edirlər ki, Paşinyan hərbi-siyasi qərarlar qəbul edərkən, adətən, öz şəxsi maraqlarını əsas tutur: axı, son bir il ərzində, nə qədər ki, Paşinyanın oğlu əsgərlikdə idi, vəziyyət həddindən artıq sakit idi»

 

Lenta.ru

«Münaqişənin gərginləşməsini ekspertlər və politoloqlar Ermənistandakı daxili problemlərlə, xüsusilə pandemiyanın fəsadları və baş nazirin reytinqinin düşməsilə əlaqələndirir. Onlar hesab edir ki, təxribatın məqsədi respublika sakinlərinin diqqətini daxili siyasi və iqtisadi vəziyyətdən yayındırmaqdır»

 

ИЗВЕСТИЯ

«Ermənistanda gərginliyin daha bir səbəbi var – hakimiyyətin siyasi opponentləri ilə mübarizəsi. İyunda parlament qanunvericiliyə Konstutisiya Məhkəməsi sədri və heyətini dəyişməyə imkan verən dəyişikliklər edib. Məsələ ondadır ki, son zamanlara kimi Konstitusiya Məhkəməsi Nikol Paşinyandan müstəqilliyini saxlaya bilmiş yeganə vacib dövlət orqanı idi. Ermənistanın Milli Təhlükəsizlik Xidməti onun artıq sabiq rəhbəri Qagik Tsarukyana qarşı üç cinayət işi açıb»

 

Lenta.ru

«Ekspertlər sərhəddəki silahlı münaqişənin Ermənistanın anti-Rusiya kartından istifadə etmək istəyindən, Qərb dövlətlərinin marağını daxili siyasi problemlərin həllinə yönəltmək arzusundan qaynaqlandığını istisna etmir. Bu zaman o, KTMT-ni növbəti dəfə fəaliyyətsizlikdə ittiham edə bilər» 



MƏSLƏHƏT GÖR:

391