Müəllif: Nadir SƏNANOĞLU
Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası idman yarışlarının təxirə salınmasına səbəb oldu. Əksər idman növlərindən fərqli olaraq şahmat dünyası internet yarışlara üz tutdu. İnternet üzərində şahmat yarışlarının təşkili münasib olduğundan hamı virtual dünyaya keçdi.
Bu il pandemiya səbəbindən Azərbaycanda şahmat üzrə kişilər arasında ölkə çempionatı, “Baku Open” və “Naxçıvan Open”, Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess superturniri, 16 yaşlıların Ümumdünya Şahmat Olimpiadası təxirə salındı. Təkcə ölkəmizdə deyil, bütün dünyada əksər şahmat turnirlərinin vaxtı dəyişdirildi.
Karantindən sonra şahmat aləmində olacaq dəyişikliklər barədə “R+” Beynəlxalq Şahmat Federasiyasının və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla danışıb.
- Mövcud vəziyyətə görə bütün idman yarışları təxirə salındı. Bəs, şahmata pandemiyanın təsiri necə oldu?
- Şahmat pandemiya dövründə gözlənilmədən ağır zərbə aldı. Koronavirus dünyaya yayılmağa başladığı günlərdə təmsilçimiz Teymur Rəcəbov İddiaçılar Turnirində iştirakdan imtina etdi. Rəcəbovun iştirakı olmadan təşkil olunan yarış sonradan yarımçıq dayandırıldı. Ümumiyyətlə, İddiaçılar Turnirinin belə vaxtda keçirilməsi FİDE-yə müsbət dividend gətirmədi. Teymur öz iddiasında haqlı tərəf oldu. Hazırda məsələylə bağlı danışıqlar davam edir. FİDE və Rəcəbov arasında qarşılıqlı razılıqla, hər iki tərəfi razı salmaqla məsələnin həll olunacağına inanırıq.
Koronavirusa görə şahmat aləmində bütün yarışlar dayandırıldı. Amma digər idman növlərindən fərqli olaraq şahmatın bir üstünlüyü var. Şahmatı internetdə də rahatlıqla oynamaq olar. Şahmat sanki internet üçün yaranan idman növüdür. Dünyada şahmat siyasətini müəyyən edən məşhur şahmat saytları, platformaları var. Pandemiyaya görə bütün şahmat həyatı internetə keçdi. Həvəskarlar onsuz internetdə bu oyundan istifadə edirdi. Pandemiya dövründə peşəkar şahmatçılar belə onlayn yarışlarda mübarizəyə qoşuldu.
- Pandemiya dövründə sizin təşəbbüsünüzlə həm Azərbaycan, həm Gürcüstanda onlayn yarışlar keçirilib. İnternet üzərində baş tutan turnirlərdən razı qaldınızmı?
- Mövcud vəziyyətdə şahmatçıları internet yarışlarına cəlb etməyə çalışdıq. İlk dəfə olaraq biz onlayn üzərində Azərbaycan Kuboku uğrunda yarış təşkil etdik. Milli komandamızın üzvü Eltac Səfərli turnirin qalibi adını qazandı. İşimlə əlaqədar Gürcüstanda olduğum müddətdə oxşar turnir qonşu ölkədə də təşkil olundu. Orada Niko Volkov birinci yeri tutdu. Daha sonra Azərbaycanda Respublika, Gürcüstanda Müstəqillik Gününə həsr edilən hər iki ölkədən ümumilikdə 55 şahmatçının iştirakıyla “İpək yolu” beynəlxalq turniri baş tutdu. Maraqlı mübarizədə Rauf Məmmədov qalib adını qazandı. Onlayn yarışlarımız davam edəcək. İyulun sonlarında daha bir turnir planlaşdırılıb. Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında yoldaşlıq görüşü keçirməyi düşünürük.
- Beynəlxalq Şahmat Federasiyasının (FİDE) pandemiya dövründə itkiləri çox oldu?
- Təəssüf olsun, bütün yarışları təxirə salmağa məcbur olduq. Oktyabrda Naxçıvanda keçirilməli olan 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadası 2021-ci ilə keçirildi. FİDE yarışı qəbul edəcək Naxçıvan Muxtar Respublikasıyla danışaraq turniri təxirə saldı. Moskvadakı Şahmat Olimpiadası gələn ilə keçirildi. Pandemiya həm də böyük şahmat yarışlarına dəstək olan şirkətlərə maliyyə zərbəsi vurdu. Bununla belə, FİDE internet üzərində maraqlı layihələr həyata keçirməyə nail oldu. İlk dəfə olaraq qitələrarası Millətlər Kuboku təşkil olundu. Şahmatçımız Teymur Rəcəbov Dünya yığmasının heyətində yer aldı.
Dünya çempionu Maqnus Karlsen internet üzərində silsilə yarışlar keçirdi. Millimizin üzvü Şəhriyar Məmmədyarov "Steinitz Memorial" və "Sharjah Chess" klubunun beynəlxalq çempionatda mübarizə apardı.
İyulun 22-də Beynəlxalq Şahmat Federasiyası koronavirus pandemiyasına görə onlayn formatında Ümumdünya Şahmat Olimpiadasına start verib. Yüksək reytinqli digər ölkələrlə yanaşı, Azərbaycan da yarışa avqustun 16-da qoşulacaq. Ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək. Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Onlayn Olimpiada iki mərhələdən ibarət olacaq. Öncə komandalar 4 divizionda – Top, I, II və III divizionda mübarizə aparacaqlar. Ardınca pley-off baş tutacaq.
- Onlayn yarışların əsas problemi barədə danışmağınızı istərdik...
- Əsas problem əyani yarışda olduğu kimi internet turnirlərində də kompüter köməyindən istifadəylə bağlıdır. Adi turnirlərdə şahmatçı zala daxil olarkən ciddi şəkildə yoxlanılır. Onlayn yarışda biz bütün iştirakçıları nəzarətdə saxlamağa məcbur oluruq. Kompüter köməyinin qarşısını almaqdan ötrü şahmatçıların ərtafına bir neçə kamera quraşdırılır. Daim nəzarətdə saxlanılırlar. Üstəlik, partiyalar internet platformalarında kompüter köməyini izləyən proqramlarla yoxlanılır. Ən sonda hakimlər gedişləri yoxlayırlar.
- Karantin başa çatandan sonra şahmat aləmini yenidən əyani yarışlara qaytarmaq mümkün olacaq?
- Onlayn yarışlar heç vaxt əyani turnirləri əvəz etməyəcək. Şahmatçı rəqibi hiss etməlidir. Bir-birilərini canlı izləyəndə daha maraqlı yarış alınır. Bütün dünyada karantin başa çatandan sonra biz yenidən zəka sahiblərini əyani yarışlarda izləyəcəyik. Sözsüz, şahmat internetdə qalacaq, amma ənənəvi turnirlər də baş tutmalıdır.
Sadəcə, pandemiya dövrü bizə uzun məsafə qət etmədən toplaşmağın mümkün olduğunu göstərdi. Bilirsiniz ki, FİDE ildə 4 dəfə Baş Assambleyanın iclasını keçirir. Uzun məsafə qət etmədən, maliyyə xərcləmədən onlayn şəkildə toplantılar keçirmək olar.
- 2020-ci ildə Azərbaycanda keçirilməli olan şahmat yarışlarının taleyi necə olacaq?
- Cari ildə şahmat yarışlarının təşkili hazırda müzakirə edilmir. Biz Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına riayət etməliyik. Bu il ənənəvi qaydada şahmat turnirləri planlaşdırılmır.
- Sizcə, pandemiya dövrü şahmatçıların hazırlığına mənfi təsir göstərəcəkmi?
-Məsuliyyətsiz şahmatçılar geriləyə bilər. Amma altı ay-bir il ərzində şahmatçıların geriləyəcəyinə inanmıram. Onlar mütləq məşq etməlidir. Şahmat beyin oyunudur. Məşqsiz keçinmək olmaz. Peşəkarların hamısı mütəmadi olaraq məşq edirlər.
- Müsahibəyə görə təşəkkür edirik.
- Çox sağ olun.
MƏSLƏHƏT GÖR: