25 Noyabr 2024

Bazar ertəsi, 10:56

YENİ NƏSİL Aİ

Avropa İttifaqı tarixinin ən nəhəng maliyyə layihəsini reallaşdırmaq ərəfəsindədir

Müəllif:

01.08.2020

Avropalılar COVID-19 pandemiyasının yayılmasından dərhal sonra olmasa da, bir müddət keçdikdən sonra hamılıqla bir qayıqda olduqlarını anlayıblar. Başa düşüblər ki, indi hər kəs necə gəldi avar çəkərsə, daha da pisi, avarı kimin çəkəcəyi, qayığa dolmuş suyu kimin boşaldacağı üzərində uzun-uzadı baş sındırılarsa, hamı eyni anda boğulacaq.

Avropada cərəyan edən və sözün əsl mənasında tarixi adlandırıla biləcək hadisələri müşahidə edərkən, ağla məhz bu alleqoriya gəlir. «Söhbət yalnız böyük pullardan deyil, həm də Avropa Valyuta İttifaqının konturlarının dəyişməsindən gedir», - deyə «Euronews»un məlumatına görə, Avropa siyasəti və iqtisadiyyatının Araşdırılması Mərkəzinin direktoru Quntram Volf bildirib: «Aİ ilk dəfədir ki, üzvlərinə qrant vermək üçün borc alır. Bu, Valyuta İttifaqı ilə Aİ-nin indiyədək istifadə etdikləri oyun qaydalarını həqiqətən dəyişəcək».

 

İqtisadiyyatın iflası

Yazda – epidemiyanın Avropaya yeni-yeni yayılmağa başladığı vaxt düşünülürdü ki, Avropa İttifaqı siyasi birlik kimi, imtahandan yaxşı keçmədi. Sərhədlər heç bir məsləhətləşmə aparılmadan bağlanır, üzv ölkələrin hər biri fövqəladə iqtisadi tədbirləri «mərkəz»lə koordinasiya etmədən həyata keçirirdi. O dövrdə virusun ən pis zərbə vurduğu İtaliya təcili tibbi yardım istədikdə isə avropalıların buna reaksiyası yumşaq desək, qeyri-adekvat olmuşdu.

Əlbəttə, Aİ COVID-19 pandemiyasınadək də çoxsaylı problemlərlə üzləşmişdi – maliyyə böhranı, «Brexit», iqlim dəyişiklikləri, miqrasiya problemi və s. Lakin o, heç vaxt indiki qədər köməkçi təsir bağışlamamışdı.

Səhiyyənin iflasının ardınca iqtisadiyyatın iflası başlayıb. Ən başda iqtisadi çöküşə görə «rekord»a İspaniya imza atıb – apreldə ölkə ÜDM düz 39% azalıb. Fransa və İtaliyada geriləmə 36% olub. Dünyanın dördüncü, Avropanın isə birinci iqtisadiyyatı olan Almaniyada da vəziyyət ürəkaçan deyildi – 24%.

Dünya Bankının proqnozlarına görə, koronavirus pandemiyası bu il dünya iqtisadiyyatının 5,2% geriləməsinə səbəb olacaq. Bu, İkinci Dünya müharibəsindən bu yana ən pis göstəricidir.

Məhz Avropa İttifaqında vəziyyət daha pisdir. Orada 8,3% geriləmə gözlənilir. İlin sonunda iqtisadiyyatının ən çox zəifləyəcəyi ölkənin İtaliya olacağı proqnozlaşdırılır – 11,2%. İspaniya da ondan çox geri qalmır (10,9%).

 

«Koronabond»lara «yox»

Martda İtaliyanın baş naziri Cüzeppe Konte iqtisadiyyatın bərpası yükünün hər kəsin üzərinə bərabər düşməsi üçün «koronabond»ların buraxılması təklifilə çıxış edib. Lakin Almaniya ilə Niderland hər hansı formada qarşılıqlı borclanmaya getməkdən boyun qaçırıblar. Onlar bunun Aİ müqavilələrilə qadağan edildiyini və Almaniya Konstitusiyasına zidd olduğunu bildiriblər.

Əvəzində, martın 18-də Avropa Mərkəzi Bankı üzv ölkələrin borclara görə xərc yükünü azaltmaq üçün onlardan 750 mlrd. avro dəyərində milli istiqrazların alışı proqramına start verib. İyunda bu işə daha 600 milyard ayrılıb.

Lakin bundan cəmi 2 gün sonra Avropa Komissiyası dövlət büdcəsi kəsirinin hüdudları ilə bağlı qaydaların «dondurulduğunu» elan edib. Bu, ölkələrə öz iqtisadiyyatlarına lazım bildikləri qədər maliyyə ayırmaq imkanının verilməsi deməkdir. Daha sonra – aprelin 8-də avrozonanın maliyyə nazirləri 540 milyard avroluq xilas planını razılaşdırıblar. Bunun 200 milyardı şirkətlər üçün kredit xətti, 100 milyardı müvəqqəti işsizliklə bağlı proqramların maliyyələşdirilməsi, 240 milyardı səhiyyə sistemi üçün nəzərdə tutulmuşdu. Bununla yanaşı, kreditlər üzrə faiz dərəcəsi 0,1%-ə yaxın idi.

Bütün bu vəsaitlərə bu gün ehtiyac olsa da, onları tezliklə kiçik də olsa, faizlə geri qaytarmaq lazım gələcək. Bir çox ölkənin, xüsusilə Avropanın cənubunda və şərqində yer alan dövlətlərin iqtisadiyyatı isə böhrandan o qədər dərin yara alıb ki, yaxın vaxtlarda onların tam bərpasından danışmaq mümkün olmayacaq.

 

Merkeldən gözlənilməz addım

Nəhayət, mayda Almaniya kansleri Angela Merkel gözlənilmədən Fransa prezidenti Emmanuel Makronla razılığa gəlib – Avropanın pandemiyadan zərər çəkmiş bütün dövlətlərinə elə yardım edilməlidir ki, onların onsuz da az olmayan borcu bir qədər də artmasın.

Aİ Nizamnaməsinə görə, üzv dövlətlər bir-birinin borcuna görə öhdəlik götürə bilməzlərsə, bu öhdəliyi üzərinə Aİ götürməlidir! Kansler bunun üçün 27 üzvün hər birinin razılığının tələb olunduğunu bilir. Odur ki, Merkel bu gedişilə ölkələrə, ən azı, 1 trilyon avronun paylanması təklifilə çıxış edən Fransa prezidentini bir qədər, realist olmağa çağırıb. İstənilən halda, hələ ki Aİ-nin büdcəsi üzv ölkələrin ödəmələri hesabına formalaşır və faktiki olaraq, Almaniya ən böyük ödəyicidir.

Sonda Aİ adından beynəlxalq maliyyə institutlarından 750 milyard avro borc götürülməsi təklif olunub. Onun 500 milyardı ölkələrə borc yox, qrant kimi, qalanı isə az qala 0%-li borc kimi paylanmalıdır. Üstəlik, borcun qaytarılma müddəti düz 2058-ci ilədək uzadılır.

Qrantın 2021-ci ildən başlayaraq, 3 il ərzində, kreditlərinin isə bir qədər gec paylanması nəzərdə tutulur.

Dövlətlər bu yardımı ala bilmək üçün bərpa planı hazırlamalı, orada 2021-2023-cü illərdə həyata keçiriləcək islahatlar və arzulanan investisiyalar göstərilməlidir. Komissiya iqtisadi artım, iş yerlərinin açılması, dövlətin sosial dayanıqlılığı kimi meyarları nəzərə almaqla, müraciətin daxil olduğu gündən 2 ay müddətində qərar qəbul etməlidir.

 

Aİ özü də qazanmağa başlayacaq

Aİ-nin uzunmüddətli kredit reytinqi yüksəkdir və yaxşı şərtlərdə borc almaq olar. Lakin yalnız Böyük Britaniyanın gedişilə deyil, həm də hazırkı problemlər üzündən büdcənin kiçildiyini nəzərə alsaq, borcun necə qaytarılacağı sualı yaranır.

Aİ artıq uzun illərdir ki, öz vergisinin tətbiqinə başlamaqla bağlı qərar qəbul edə bilmir. Məsələn, «Google», «Amazon», «Apple», «Facebook» və s. kimi texnologiya nəhəngləri Avropada vergidən qaçmaq üçün qanuni də olsa, müxtəlif sxemlərdən istifadə edir. Nəticədə, onlardan heç bir vergi tutulmur. Ümumi bazardan istifadəyə görə vergi yalnız gəliri 750 milyon avronu aşan beynəlxalq korporasiyalar üçün nəzərdə tutulur. Bu, hər şeydən əlavə, Avropanın kiçik və orta sahibkarları üçün rəqabət imkanını artıracaq. Maliyyə tranzaksiyalarına vergi tətbiqinə həm də maliyyə bazarında qeyri-sabitliyi aradan qaldıracaq potensial vasitə kimi baxılır. Lakin artıq müsbət tendensiya var və 2021-ci il yanvarın 1-dən plastik tullantılara görə ümumavropa vergisinin tətbiqinə başlanılacaq.

Bu vergilərin əksəriyyəti milli səviyyələrdə tətbiq olunur. Odur ki, xüsusilə şimal dövlətlərinin liderlərinin verginin artıq yalnız milli dövlətlərin müstəsna hüququ olmadığına dair razılığa gələ bilib-bilməyəcəklərindən çox şey asılıdır.

 

Bazarlıq etmək olar

Bütün bu məsələlər, həmçinin Aİ-nin 2021-2027-ci illər üçün nəzərdə tutulmuş 1,074 trilyon avroluq yeni büdcəsi iyulun 17-də Aİ-nin son beş aydakı ilk əyani sammitində müzakirəyə çıxarılıb. 2 gün davam etməsi nəzərdə tutulmuş sammit 5 gün çəkib. Onun müddətinə görə 2000-ci ildə qeydə alınmış rekordu təkrarlamasına cəmi 20 dəqiqə çatmayıb.

Toplantıda əsas mübahisə qrant üçün ayrılmalı olan məbləğin ətrafında gedib. Şimal dövlətlərindən ibarət qrup (Avstriya, Niderland, Danimarka, İsveç və onlara sonradan qoşulmuş Finlandiyanı «qənaətcil dördlük» adlandırırlar) uzun sürən və son dərəcə gərgin keçən (Makron əsəbindən masaya yumruq belə, vurub) müzakirələrin sonunda istədiyinə nail olub. 750 milyardlıq paket dəyişməz qalıb, lakin qrantların məbləği 390 milyardadək azaldılıb. Merkellə Makron Aİ büdcəsinin ziyanına olsa belə, qrantların böyük hissəsini qoruyub saxlaya biliblər.

Məsələ ondadır ki, Böyük Britaniyanın gedişindən sonra Aİ büdcəsinə donor (Böyük Britaniya, Almaniya, Avstriya, Niderland, İsveç və Danimarka) köçürmələrinə güzəşt təcrübəsinin aradan qaldırılması planlaşdırılırdı. Bu qaydanın tətbiqinə vaxtilə Marqeret Tetçer nail olub. Lakin «qənaətcil dördlük» qrantlarla bağlı güzəştə yalnız bir şərtlə razılaşıb – onlar üçün güzəşt nəinki qorunub saxlanılmalı, hətta artırılmalıdır. Qarşı tərəf bu tələblə razılaşmaya bilməyib. Nəticədə, ən çox güzəştin düz 4 dəfə artırılmasına (illik 137 milyon avrodan 565 milyon avroya) nail olan Avstriya qazanıb. Almaniya üçünsə güzəşt avtomatik olaraq, əvvəlki həcmdə qalıb.

Bununla yanaşı, potensial qrant alacaq dövlətlərə ayrılacaq məbləğ azaldılıb. Məsələn, əvvəlcə 81,8 milyard avronun vəd olunduğu İtaliya və İspaniya (77,3 milyard) sonda maksimum 60 milyardla kifayətlənməli olacaqlar. Əvəzində, onlara ayrılacaq kreditin məbləği artırılacaq.

 

Veto olmayacaq

Dövlətlərin vəd olunan islahatları necə həyata keçirəcəyinə nəzarət mexanizmi də ciddi mübahisələrə yol açıb. Niderlandla İtaliya arasında uzun «döyüş»dən sonra əldə edilmiş razılaşmaya görə, istənilən milli hökumət Brüsselin hər hansı dövlətə qrant ayırmasını müvəqqəti dayandıra biləcək. Bu, o zaman baş verəcək ki, qrant alanın öhdəliklərə əməl etmədiyinə dair şübhələr yaransın. Daha sonra vəziyyətin yerində yoxlanılması üçün komissiya yaradılacaq. Lakin bütün bu proses 3 aydan uzun çəkməməli və komissiya yekun qərarını bu müddətdə qəbul etməlidir. Niderlandın baş naziri Mark Ryutte tələb edirdi ki, qaydaların pozulduğuna dair şübhəsi yaranan istənilən milli hökumət qrantın ayrılmasına veto qoya bilsin.

Liderlər üzv dövlətləri Aİ-nin əsas demokratik dəyərlərinə, qanunun aliliyi prinsipinə əməl etmək məcburiyyətində qoyacaq yeni mexanizmin yaradılması uğrunda da ciddi mübarizə aparıblar. Buna Macarıstanla Polşa etiraz edib.

 

Parlament qəbul etmədi

Beləliklə, iqtisadiyyatın təcili xilası planı ilə bağlı hər şey həllini tapıbsa, növbəti 7 ilin (2021-2027) büdcəsi üzərində hələ işləmək lazım gələcək. Bu, Aİ parlamentinin iyulun 23-də keçirilmiş toplantısından sonra məlum olub. Əsas tənqid hədəfi səhiyyə və təhsil sahəsində araşdırmalar (o cümlədən «Erasmus»), rəqəmsal müacirləşmə və innovasiyalar, sığınacaq verilməsi, miqrasiya və sərhədlərin idarə olunması kimi sahələrə aid proqramlar olub. Onlara ayrılmalı olan maliyyənin məcburi də olsa azaldılması bir çoxları tərəfindən qəbul edilməyib.

«Biz Avropa innovasiyalarına ciddi impuls vəd etmişik. Çinlə, Asiya ilə müqayisədə innovasiyalar sahəsində mövqelərimizi itiririk. Biz gələcəyimizi itiririk», - deyə parlamentin ən böyük siyasi qrupunun (Avropa Xalq Partiyası) rəhbəri Manfred Veber bildirib.

Bundan başqa, deputatlar kənd təsərrüfatı fondlarının 10%, fermer və ranço sahiblərinin gəlirlərinə dəstək üçün birbaşa yardımın 9,6% azaldılması ilə də razılaşmayıblar.

Avropa Parlamentinin üzvləri demokratik dəyərləri tapdayan ölkələrin maliyyəsinin kəsilməsi üçün daha dəqiq şərtlərin müəyyənləşdirilməsini tələb ediblər. Ümumilikdə təcili yardım şəklində 750 milyard avroluq paketi qəbul edən parlamentarilər Aİ-nin yeni büdcə layihəsini təsdiqləməyiblər. Sənəd payızda keçriləcək növbəti sessiyayadək yenidən işlənməsi üçün komissiyaya qaytarılıb.

 

Kompromislərə hazırdırlar

Beləliklə, Avropa dövlətləri iqtisadiyyatının bərpası fondu yaradıcıları tərəfindən «yeni nəsil Aİ» adlandırılsa da, hələ ki, layihə olaraq qalır. Lakin payızadək konsensusa nail olunacağına, parlamentlə də razılığa gəlinəcəyinə şübhə yoxdur. Çünki onun vacibliyini, yeniliyin qaçılmaz olduğunu heç kəs inkar etmir. Demək, tətbiqinə 2021-ci ilin yanvarından başlanılması nəzərdə tutulmuş yeniliklərin təxirə salınmasını da heç kim istəmir.

Avropa Parlamentinin deputatları Avropa ölkələrinin vətəndaşlarıdır. Bu ölkələrinsə hər biri pandemiyadan və onun fəsadlarından ciddi əziyyət çəkir. Onlar büdcənin azalmasına səbəb olan problemləri anlayır və odur ki, kompromislərə hazır olacaqlar.



MƏSLƏHƏT GÖR:

288