ÜÇQAT YUBİLEY
Natalya BALİYEVA: «İstəyirəm ki, hər kəsin öz, ən başlıcası isə, sevimli işində çalışmaq imkanı olsun»
Müəllif: Valentina REZNİKOVA
Natalya Baliyeva. Azərbaycanın əməkdar artisti, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, Yaroslavl Teatr Məktəbinin məzunudur (1975). Bu il anadan olmasının 65 yaşı və səhnə fəaliyyətinin 45 illiyi tamam olur. Teatrda işlədiyi illər ərzində aktrisa klassik və çağdaş əsərlərdən 60 müxtəlif obraz yaradıb. Komediya, dram və melodrama jarnlarında olan bu tamaşalarda aktrisa nə istədiklərini dəqiq bilən iradəli qadın obrazları yaradıb. Bunlar arasında "Şəfəqlər burada sakitdir..." tamaşasında Komelkova, həmçinin Kapoçka ("Nahara qədər bayram yuxusu"), Şuroçka (A.P. Çexov, "İvanov"), Marianna (J.B. Molyer, "Tartuf"), Xerarda (L. de Veqga, "Hiyləgər aşiq"), Şarlotta (C.Kokto, "Müqəddəs yırtıcılar"), Polina Andreyevna (A.P.Çexov, "Qağayı") və başqaları var.
Adətən qız uşağı 3 yaşına çatar-çatmaz anasının geyimlərini geyinməyə, onun şarf və yaylıqlarından başında ağlasığmaz örtüklər düzəltməyə başlayır və böyüklər gülərək, deyirlər: "Artist böyüyür". Nataşa BALİYEVAnın doğulduğu Yermolayevlər ailəsində də təxminən belə olub. Özünü dəyişdirmək, başqası kimi hiss etmək üçün etdiyi ilk cəhdlərlə bağlı xatirələri yaddaşında möhkəm yer edib.
- Mən qaz olmayan bir evdə böyümüşəm, odun sobamız vardı. Odunların çartıltı ilə yandığı sobanın olduğu otaqda tək qalanda başıma yaylıq ataraq özümü bir kraliça kimi təsəvvür edirdim, yaylığı belimə doladıqda isə qulluqçu olurdum.
Yeri gəlmişkən, əksər aktrisaların xatirələri uşaqlıqda oynadıqları rol oyunları ilə bağlıdır ki, sonradan bu, marağa və həvəskar məktəb dərnəkləri vasitəsi ilə fəal özünü ifadəyə çevrilib. Natalya Qennadiyevna ilə də belə olub. Məktəbdə yaxşı oxuyub, həm dəqiq, həm də humanitar elmləri eyni dərəjədə asanlıqla mənimsəyib. Nataşanın valideynləri də qızlarının yaradıcılıq həvəsinə bütün uşaqlara xas olan əyləncə kimi baxıblar.
- Anam istəyirdi ki, mən həkim olum, çünki uşaqlıqdan yaralı quşları, ev heyvanlarını “müalicə eləməyi” sevirdim. Çox həvəslə onların qayığısına qalır, yaralarını sırıyırdım. Atam isə düşünürdü ki, mən çox yaxşı iqtisadçı ola bilərəm.
- Niyə?
- Yəqin ona görə ki, hələ orta məktəbin yuxarı sinif şagirdi olarkən, mən ailə büdcəsini çox əsaslı “təşkil edə” bilirdim. Atam buna heyran qalırdı, ona görə də öncədən mənim üçün "iqtisadi" gələcək görürdü!
Ancaq qızın öz bildiyi vardı və orta məktəbi bitirdikdən sonra nə iqtisadiyyat və də tibb, teatr zirvələrini fəth etmək üçün Samaradan Yaroslavla yola düşdü. 17 yaşı heç tamamlanmamış qız həddindən gözəl idi, ancaq yalnız əla görkəmi ilə deyil, həm də sərt məqsədyönlü xarakteri ilə də insanları heyran qoyurdu. Ancaq qəbul imtahanlarındakı narahatlığını qorxu içində yaşayan insanın vəziyyəti ilə eyniləşdirir.
- Kursa Sergey Konstantinoviç Tixonov qəbul edirdi. O, Vera Paşennayanın tələbəsidir. Qorxu və həyəcanın yaranması üçün təkcə bu kifayət idi!
Vera Paşennaya - Rusiyanın Kiçik Teatrının aparıcı aktrisası, rus səhnəsinin canlı bir əfsanəsidir, sovet dövrünün insanları onu «Vassa Jeleznova», yaxud «Canavarlar və qoyunlar» filmlərindən xatırlaya bilərlər. O, rus psixoloji teatr məktəbinin təcəssümü idi və əlbəttə ki, onun kursa qəbul edən tələbəsi abituriyentlər tərəfindən şəksiz bir nüfuz sahibi sayılırdı. Lakin qorxu və həyəcana baxmayaraq, abituriyent Natalya Yermolayeva qəbul imtahanlarını uğurla verdi və "dram teatrı aktyoru" fakültəsinin birinci kursuna qəbul edildi. Qızın belə bir müəllimə rast gəldikdən və belə bir nüfuzlu təhsil ocağına düşdükdən sonra hansı hissləri keçirdiyini təsəvvür etmək çətin deyil!
- İki qrupdan ibarət olan kursa 54 nəfər qəbul edilmişdi. Buraxılış vaxtı yalnız 16 nəfər qalmışdıq...
Rusiyadakı yaradıcılıq universitetlərində adətən belə olan kimi, seçdiyi peşəyə uyğun gəlməyən tələbələri qovurlar. Bu, əslində, yüksək humanizm təzahürüdür. İnsana gələcək peşə fəaliyyətini yenidən nəzərdən keçirmək imkanı vermək, onu taleyin baş verən və mütləq baş verəcək kəskin qırılmaları ilə birgə həyata buraxmaqdan daha yaxşıdır, çünki bu qırılmalar peşəkar yarımçıqlıq komplekslərindən qaynaqlanır.
- Kursumuz çox gözəl idi: ruslar, ukraynalılar, litvalılar... Bizi seçdiyimiz, həm kollektiv, həm də fərdi yaradıcılıqla məşğul olmağa imkan verən peşəyə olan sevgi birləşdirdi. O (peşə) irəliyə doğru əbədi hərəkətlə bağlı olan maraqlı həyat vəd edirdi.
- Siz teatra bu hisslə gəldiniz: yaradıcılıq yalnız insanların deyil, həm də peşəkar düşüncələrin, kollektiv araşdırmaların və yaradıcılığın birliyidir?
- Əlbəttə! Bəli, elə idi. Biz Yura ilə teatrımıza 1975-1976 mövsümünün əvvəlində gələndə, Rusiya teatr məktəbində teatr təhsili almış ən gənc aktyorlar sırasında idik. Yura ilə mən və aktrisa Nina Yarovatskaya. Bir il sonra Şura Nikuşina, daha sonra başqaları gəldi.
- Bəs, teatra alışmağınız necə oldu?
- Əla oldu! Maraqlı idi! Biz rol aldıq və dərhal bir yerdə personajın xarakterini təhlil etməyə, bu xarakterdəki bəzi özünəməxsusluqları, nüansları axtarmağa, personajların ziddiyyətli münasibətlərinin səbəblərini və əlaqələrini müəyyənləşdirməyə başladıq...
Bu da var ki, onlar Səməd Vurğun adına Rus Dram Teatrına təyinatla deyil, taleyin hökmü ilə düşüblər. Sovet dövründə ali məktəblərin, o cümlədən yaradıcılıq ali məktəblərinin məzunları işlə təmin olunurdu. Yəni işə götürülürdülər. Gənc ailə Natalya və Yuri Baliyevlərə məzun olduqdan sonra onlara Voloqda teatrının və Almatı rus teatrının rəhbərliyi tərəfindən truppaya qatılmaq təklifi verildi, yəni onların Voloqda və ya Almatını seçmək imkanı vardı. Yaroslavlda tələbə həyatı zamanı qurulmuş gənc ailə Almatını seçdi. Yayda tətili dəniz kənarında keçirmək üçün onlar Bakıya gəldilər və Yurinin anasına qonaq oldular, sonra təyinat yerinə getməli idilər. Ancaq Yuranın anası xəstə idi və həmin vaxt onu tək qoymaq doğru deyildi. Balieyvlər Rus Dram Teatrına getdilər və baş rejissorun qəbuluna düşdülər.
- Baş rejissor o zaman Ənvər Behbudov idi. Biz onun üçün və bədii şura üçün “İki veronalı”, “Ötən yay Çulimskdə”, “Balzaminovun evlənməsi” adlı diplom tamaşalarımızdan parçalar oynadıq və teatrın truppasına qəbul olunduq. Yura dərhal Moskvaya, Mədəniyyət Nazirliyinə yollandı ki, Almatıya verilmiş təyinatmızı S.Vurğun adına Bakı Rus Dram Teatrının ünvanına rəsmiləşdirsin.
Beləliklə, 1975-1976-cı il mövsümü həyat yoldaşları üçün ailənin peşə salnaməsində bir səhifə açdı. Dərhal işə kökləndilər: həm gedən tamaşalardan nəticə çıxardılar, həm də yeni rollarına yükləndilər.
- Keçmişin həsrətini çəkirsinizmi?
- Yox. Həsrətim daha çox, indii lə bağlıdır. Hər bir zamanın öz hərəkət hüququ var. Belə deyək, Teatrdan indiki zamanda danışarkən, mən bir peşə kimi Teatr üçün darıxdığımdan bəhs edirəm. Bu, bu gün üçün həsrətimdir. Getdikcə daha çox bu düşüncəyə gəlirmə ki, aktrisa peşəsi asılı bir peşədir. O, peşəkar həyatdan deyil, insanın bir çox gündəlik məqamlarından və amillərindən asılıdır.
- Siz 45 ildir teatr səhnəsindəsiniz, amma bu illər ərzində hansısa bir şəkildə kino və kütləvi informasiya vasitələri ilə böyük romanınız baş verməyib...
- Hə. Bu doğrudur. Kinoda uzağı altı, ya yeddi işim var. Çox deyil. Bəli, etiraf edirəm ki, çəkilməyi çox sevmirəm. Teatrda bu gün bir şeyi düz oynamayıbsansa, sabah düzəltmək mümkündür. Kinoda isə, təəssüf ki, heç vaxt. Kütləvi informasiya vasitələrinə gəlincə, burada da müəllimlərin və Stanislavski sisteminin aşıladığı qayda işlədi - incəsənəti özündə qiymətləndirə bilərsən, özünü incəsənətdə yox. Bu, indi özünü tanıtmaq ayıb deyil və hətta dəbdir, amma biz ərimlə bu peşəyə başladığımız zamanlar belə deyildi. Bizi ümumiyyətlə, belə öyrətmişdilər ki, əsl sənətkarın təvazökar olmalıdır. Təvazökarlıq gözəlləşdirir. Həyat yoldaşımla həyatımızı: insan kimi həyatımızı və peşəkar həyatımızı belə qurduq.
- Vaxtında daha tədbirli olmadığınız üçün peşmansınızmı?
- Bunun mənası yoxdur.
- Bu gün özünüz üçün nə istəyirsiniz?
- Yaxşı rollar, xarakterləri maraqlı, taleləri çətin qəhrəman qadın rolları. Tamaşaçı ilə danışmağa sözü olan qəhrəmanlar, özü də kəsilməz dialoq vəziyyətində danışmaq ki, bu dialoqun mövzusu hər iki tərəf üçün də həyəjanverici olsun. İstəyirəm ki, teatra doğma evim kimi gəlim, tanıdığım və yaradıcılıq barədə düşüncələrimi bölüşdüyüm insanların üzlərini görüm. Əmin olmaq istəyirəm ki, bu gün və sabah mənimlə səhnəyə peşəni bilən insanlar çıxacaqlar, bir tərəfdaş olaraq onlara etibar etmək mümkündür, çünki onda oyun zamanı sənin ismarışlarının istəniləninə peşəkarlıqla köklənə bilərlər.
- Əgər tamamilə təcrübəsiz bir rejissor, deyək ki, dünənki məzun sizə tamaşada rol təklif etsəydi, buna necə baxardınız?
- Məmnuniyyətlə və sevinclə hə deyərdim! İstənilən macəraya hazıram!
- Həyatınızın indiki dövründə kimləri oynamaq istərdiniz?
- Əslində, kimi oynamağın önəmi yoxdur: təki oynamaq, çalışmaq, səhnəyə çıxmaq olsun. Axı mən fiziki qocalıq dövründə deyiləm və özümü yaxşı fiziki formada hiss edirəm!
- Sizin səhnə fəaliyyətinizin 45 illiyi teatrın 100 yaşı ilə eyni ilə düşdü. Teatrın yubileyinin dekabr ayında olacağına baxmayaraq, indidən deyin, özünüz, həmkarlarınız və teatr rəhbərliyi üçün nə arzulayardınız?
- Özümü orijinal göstərməyə çalışmayacam və nə düşünürəm, onu deyəcəm. Özümə? Yeni rollar və rejissorların mənə yeni yanaşmasını. Həmkarlarıma? Bizim peşədə deyildiyim kimi, hər kim hər şeyini qurban verməyə və özü üçün deyil, incəsənət və tamaşaçılar üçün incəsənətdə daima “ölməyə” hazır olanlara gözəl yaradıcılıq və peşə çılğınlığı arzulayıram, qoy bu çılğınlıq həmişə sevgiyə və peşə vurğunluğuna qədər yüksəlsin. "Qurban verməyi" bacarmayanlar isə yaradıcılığa vurğunluğun və bu prosesə olan sevginin nə demək olduğunu anlamırlar, onlara sadəcə arxaya baxmadan və mümkün qədər tez teatrdan qaçmağı arzulayıram. Əks təqdirdə, həyatları alınmayacaq. Boş keçəcək. Heç nə edə bilməyəcəklər.
Rəhbərliyə və Teatra vurğun hər birimizə uzun illər yaradıcılıq həyatı, can sağlığı və tamaşaçı sevgisi arzulayıram. Gerçək, səmimi sevgi ki, kassalarda növbə, zalda daima anşlaq yaratsın. Bir də istəyirəm ki, Mən də heç kim heç yerə getməsin, müharibə, koronavirus, böhran və kataklizm olmasın. İstəyirəm ki, bizim hamımızın öz və ən əsası sevdiyimiz işdə çalışmaq imkanımız olsun. Həmişə! Nə qədər ki, yaşayırıq...
MƏSLƏHƏT GÖR:






411

