23 Noyabr 2024

Şənbə, 09:36

STAQNASİYA OLMAYACAQ

Azərbaycanın ehtiyatları pandemiya şəraitində dövlət büdcəsinə minimum itkilərlə düzəliş etməyə imkan verdi

Müəllif:

01.09.2020

Koronavirus pandemiyasının nəticəsində yaranmış iqtisadi şoklar demək olar ki, bütün ölkələrin hökumətlərini maliyyə itkilərinə duruş gətirmək üçün ciddi tədbirlər görməyə məcbur edir. Sosial proqramlara köçürmələrdə artım, gözlənilmədən yaranan səhiyyə xərcləri, vergilərdəki çatışmazlıq səbəbindən büdcələrdə yaranan kəsir - bunların hamısı dövlətin gəlir və xərclərinə yenidən baxmasını tələb edir. Azərbaycan üçün durum neftin qiymətinin xeyli aşağı düşməsi ilə daha da ağırlaşıb və bu səbəbdən, dövlət büdcəsinin əsaslı şəkildə yenidən hesablanmasına qərar verildi.

 

Öz ehtiyatları hesabına

Azərbaycan üçün büdcəyə yenidən baxılması təcrübəsi yeni deyil. Düzdür, adətən bu, ilin birinci yarısının nəticələrinə görə və neft qiymətlərinin dəyişməsindən asılı olaraq edilirdi. Lakin bu dəfə dövlət büdcəsinə düzəlişlər avqust ayında edldi və bütün bəndlər "qara qızıl"in yeni qiyməti - bir barel üçün 35 dollar əsasında tənzimləndi (əvvəl 55 dollar götürülmüşdü). Xatırladaq ki, son beş il üzrə yalnız 2016-cı ildə daha pis olub, onda qlobal böhran üzündən fevral ayında büdcəyə yenidən baxıldı və büdcə layihəsində neftin qiyməti yarıya qədər endirildi.

“Bir neçə ay əvvəl neftin qiyməti 12-13 dollara düşdü. Etiraf etmək lazımdır ki, Azərbaycan nefti də ucuzlaşdı. Biz inanırıq ki, dövlət büdcəsində neftin bir barelinin qiyməti üçün 35 ABŞ dolları götürülməsi özünü doğruldacaq", - deyə Maliyyə naziri Samir Şərifov bildirib.

Diqqətə layiqdir ki, artıq ikinci ildir Azərbaycanda büdcə yeni büdcə qaydaları əsasında hazırlanır - bu qaydalar əsas iqtisadi sənədin parametrlərinə neft qiymətlərinin təsirini minimuma endirməyə imkan yaradır. Nəzəri olaraq, məhz bu ildən Maliyyə Nazirliyi dövlət büdcəsini tərtib edərkən ortamüddətli xərc çərçivələri tətbiq etməyə başlamışdı ki, bu, dövlət vəsaitlərindən istifadənin səmərəliliyini artırmalı və dövlət qurumları arasında makroiqtisadi koordinasiyanı gücləndirməli idi. Ancaq mövcud iqtisadi şəraitdə yeni maliyyə qaydası müvəqqəti olaraq kənara qoyulmalı oldu. "İndi yaranmış özəl şərtlər nəzərə alınmaqla, büdcə qaydalarını fəaliyyətinin müvəqqəti dayandırılması çox önəmlidir", - deyə S.Şərifov vurğulayıb.

Bildirmək gərəkdir ki, son nəticədə dövlət büdcəsi parametrlərinin zərəri az oldu – gəlirlər üzrə proqnozlarda azalma cəmi 0,1% oldu, xərclərin artımı isə 2,2% nəzərdə tutuldu. Təbii ki, kəsir 3,4 milyard manata və ya ÜDM-in 4,9%-nə qədər artdı (bundan öncə uyğun olaraq 2,8 milyard manat və ya ÜDM-nin 3,3%-i nəzərdə tutulmuşdu).

"Sabitliyin" təminində "qara gün" ehtiyatları kömək etdi. Dövlət Vergi Xidmətindən və Dövlət Gömrük Komitəsindən (DGK) daxilolmalar üzrə proqnozlardakı 8,3% azalmanın fonunda Dövlət Neft Fondundan gözlənilən transfertlərin həcmi 7,5% artıb.

Maliyyə nazirinin sözlərinə görə, əvvəlki illərdə yığılan vəsaiti xərcləməyin vacib olduğu günlər gəlib. “Dövlət hazırda sərəncamında olan ehtiyatları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əvvəlki illərdən qalmış ehtiyatlarını da istifadə edir. Başqa dövlətlərdən fərqli olaraq, biz kreditlər üçün müraciət etmirik. Bu mənbələr də düzgün idarə olunur”, - deyə o vurğulayıb.

Beynəlxalq ekspertlər də Azərbaycanın bu addımını dəstəkləyiblər. O cümlədən «Fitch Ratings» agentliyi qeyd edir ki, Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertlərinin artımı məzənnəni 1,7AZN /1USD səviyyəsində dəstəkləməlidir.  

“Bir çox başqa ölkələrdə olduğu kimi, koronavirus pandemiyasının iqtisadi təsirinə qarşı mübarizə üçün büdcə qaydalarının müvəqqəti dayandırılması tələb olunurdu. Büdcəyə ciddi mənfi təsirlərə baxmayaraq, iri ehtiyatları Azərbaycan üçün önəmli dərəcədə maliyyə rahatlığı təmin edir”,- deyə agentlik bildirib.

Diqqətə layiqdir ki, səhiyyə xərclərinin önəmli, həmçinin pandemiya zamanı olduqca məntiqli olan (rekord 25,4% və ya 369 milyon manat səviyyəsində) artımı ilə yanaşı, siyahıda iqtisadi və digər islahatlara xərclər də 18% artır. Uyğun olaraq, karantinə görə iqtisadi və inzibati islahatlar kursunda hər hansı bir staqnasiyadan söhbət gedə bilməz.

Həmçinin 238 milyon manat əlavə olaraq əhalinin sosial müdafiəsinə, 136,6 milyon manat dövlət şirkətlərinin dəstəklənməsinə, 100 milyon manat isə biznesə dəstək olaraq veriləcək. Ümumiyyətlə, dövlət büdcəsinə yenidən baxılması nəticəsində müxtəlif istiqamətlərdə əlavə maliyyələşdirmə həcmi 1,4 milyard manat təşkil edəcək, o cümlədən Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına əlavə olaraq 465 milyon manat ayrılacaq.

 

Özəl sektorun payı

Hökumətin bu il ÜDM-də 5%-ə qədər azalacağını proqnozlaşdırdığı nəzərə alınarsa, büdcənin bu səviyyədə qalmağı mümkündürmü? Ekspertlər bildirir ki, bu gün üçün daha vacib olan bəzi bəndlər üzrə xərclərin artmasına paralel olaraq digər bəndlər üzrə 774 milyon manata qənaət edilməsi planlaşdırılır ki, bununla da, əlavə tədbirlərn maliyyələşdirilməsi üçün bir qədər az miqdarda vəsait tələb olunur. Eyni zamanda, neft qiymətlərindəki azalmaya baxmayaraq, onun satışdan gələn gəlirlər yenə də üstünlük təşkil edəcək - qeyri-neft sektorundan gələn 42% gəlirlərə qarşı 58% olacaq.

Buna baxmayaraq, S.Şərifovun etiraf etdiyi kimi, dünya bazarlarında koronavirus pandemiyası və istehlakın azalması üzündən yaranmış əlverişsiz vəziyyət 2020-ci ilin ikinci yarısında dövlət büdcəsinin gəlirlərinin təxminən 1 milyard manat azalmasına səbəb olacaq. Aydındır ki, bu gün orta və kiçik biznes əsasən boş dayanır və ondan dövlət büdcəsinə yetərli ödəniş gözləmək mümkün deyil. Əksinə, bu vəziyyətdən çıxmalarına kömək etmək üçün sahibkarlığa kömək proqramları qəbul edilib.

İri biznesdə isə məsələ başqadır – burada ehtiyatlar var və bu, onlara işə davam etməklə yanaşı, həm də dövrün tələbləri nəzərə alınmaqla, sərmayələşdirmək üçün yeni layihələr axtarmağa imkan verir. Bax, bu məsələdə ölkə rəhbərliyi sahibkarlara ölkədən kapital çıxarmamağı, əksinə onu daxili layihələrdə istifadə etmək üçün imkanlar axtarmağı tövsiyə edir.

“Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır”, - deyə bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bildirib. O, əlavə edib ki, yuxarıda söylənənlər özəl sektoru ölkə iqtisadiyyatına yatırımları artırmağa təşviq etməlidir. Dövlət başçısı yerli sərmayəçiləri vəsaitlərini ölkə iqtisadiyyatının xeyrinə istifadə etməyə çağırdı.

“Xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur”, - deyə İ.Əliyev vurğulayıb.

Məsələ bundadır ki, bu gün Azərbaycanda vergilərin 75% -i özəl sektorda formalaşır və məhz fiskal sektorda başlamış islahatlar sayəsində hökumət ilin birinci yarısında büdcə profisitinə nail ola bilib. Ölkə rəhbərliyi bunun sahibkarlara mühasibat uçotunu kölgədən çıxarmaq üçün təqdim edilən güzəştlərin gözlənilən effekti olduğunu düşünür.  

Düzdür, bunun fonunda hökumət bəzən büdcəninin doldurulması üçün qeyri-populyar qərarlar qəbul edir. O cümlədən, “İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən fiziki şəxslər tərəfindən güzəştli və sadələşdirilmiş qaydada daşınması Qaydaları” ndakı dəyişikliklər toplumda mənfi əks-səda doğurdu. Dəyişikliklərə uyğun olaraq, hər təqvim ayı ərzində güzəştli əsaslarla bir dəfə Azərbaycanın gömrük ərazisinə idxal edilə bilən malların ümumi dəyəri 1500 dollardan 800 dollara endirilib. Bundan əlavə, 30 gün ərzində Azərbaycanın gömrük sərhədinə eyni fiziki şəxsin adına beynəlxalq bağlamalar və ya digər daşıma şirkətləri vasitəsi ilə çatdırılan malların ümumi dəyəri 1000 dollardan 300 dollara endirilib. Aydındır ki, yeni qaydalar fiziki şəxslər tərəfindən xaricə edilən mal sifarişlərinin sayını xeyli azaldacaq.

Bununla belə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, bu düzəlişlər çərçivəsində dövlət büdcəsinə gəlirlər ildə 70-100 milyon manat təşkil edəcək. Ancaq bir çox ekspertlər və parlament üzvləri düşünürlər ki, bu qərar kiçik daşıma şirkətləri üçün fəlakətli nəticələrə səbəb ola biləcək və buna görə də onların vergi ödənişlərinin miqdarı azalacaq.

 

İqtisadiyyatın liberallaşdırılması  

Eyni zamanda, dövlət vəsaitlərinin xərcləməsinin səmərəliliyi ilə bağlı bütün islahatları başa çatdıra bilsəydi, dövlət xəzinəsinin doldurulması ilə bağlı problemlərdən önəmli dərəcədə uzaq durmaq olardı. Son illərdə dəfələrlə bildirilib ki, bu qədər çox sayda dövlət proqramı ilə, onların icrası üçün böyük vəsaitlərin ayrılmasına adekvat qayıdış gözləmək real deyil. Hər hansı bir iqtisadi layihə sərmayə və gəlir balansıdır və dövlət layihələri heç də istisna deyil.

Bu mənada dövlət şirkətlərinin işi artıq çoxdan hərtərəfli yoxlama tələb edir. “Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa bir izahı ola bilməz”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı bildirib.  

Qazlaşdırma, qazma işləri, elektrik stansiyalarının tikintisi və yenidən qurulması, AZAL üçün təyyarələrin alınması, dəmir yolu üçün vaqonların alınması və s. - bütün bunlar dövlət büdcəsi hesabına baş verir. Ancaq qəribədir ki, bu sərmayə qoyuluşları çox vaxt itki ilə nəticələnir. O zaman şübhəli maliyyə səmərəliliyi olan layihələrə sərmayə yatırmağa dəyərmi, yaxud onların idarə edilməsində və xərclənməsində şəffaflıq problemi varmı?

Nizamnamə kapitalı 10 milyon manat olan yeni Azərbaycan İnvestisiya Holdinqi (AİH) yığılmış problem yükünü həll etmək üçün yaradılıb. Holdinqin yaradılmasında məqsəd məhz dövlət şirkətlərinin və kapitalında dövlətin iştirakı olan müəssisələrin iqtisadi şəffaflığının və səmərəliliyinin artırılması, onların rəqabət qabiliyyətinin yüksəldilməsi, maliyyə sağlamlaşdırılması və dayanıqlılıqlarının sabitliyini yaxşılaşdırmaqdır.

Yaxın gələcək üçün daha irimiqyaslı addım bütövlükdə iqtisadiyyatın liberallaşdırılması olmalıdır. Bu, nə deməkdir? Azərbaycan iqtisadiyyatının bazar idarəetmə prinsiplərinə keçidindən iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də çox sayda müəssisə dövlətin balansında qalır. Onların çoxu həm aktivlərini, həm də bərpa imkanlarını tamamilə itiriblər və yalnız de-yure mövcuddurlar. Bu gün bu müəssisələrə ehtiyac varmı? Bu, araşdırmalı bir məsələdir və nəticələri əsasında özəlləşdirmə proqramı hazırlana bilər. İnvestorların qarşısına adekvat biznes planları olan konkret layihələr çıxarılmalıdır ki, əgər müəssisənin bərpa edilməsi onsuz da mümkün deyilsə, ən azından ərazisi və hazır infrastrukturu yeni sənaye parkları üçün istifadə edilə bilsin.

"Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar", - deyə Prezident İ.Əliyev vurğulayıb.

Bir sözlə, COVID-19 pandemiyasının yaratdığı böhran və neftin ucuzlaşması, bir tərəfdən Azərbaycan iqtisadiyyatı üçün gözlənilməz və xoşagəlməz bir sürpriz olsa da, digər tərəfdən qazanılan uğurları önə çıxardı, problemləri göstərdi və onların həllini önəmli dərəcədə sürətləndirdi.


MƏSLƏHƏT GÖR:

259