23 Dekabr 2024

Bazar ertəsi, 11:08

30 İLDƏN SONRA

Erdoğan ARIKAN: "Neftçi" "Galatasay"la daha hazırlıqlı görünür

Müəllif:

15.09.2020

Cari mövsüm avrokuboklarda mübarizəyə vəsiqə qazanan dörd klubumuzdan ikisi yarışı tərk edib. “Keşlə” və “Sumqayıt”ın məğlubiyyətindən sonra azarkeşlərin bütün ümidi “Qarabağ”la “Neftçi”yə yönəldi. Bu dəfə biz son mövsümü ikinci pillədə başa vuran “Neftçi”dən danışacağıq. Ağ-qaraların Avropa Liqasındakı növbəti rəqibi Türkiyənin “Qalatasaray” klubu olacaq. Ölkəmizdə minlərlə azarkeşi olan “Cim Bom”, nəhayət, Bakıya rəsmi matç üçün gələcək.

Sirr deyil ki, “Neftçi”-“Qalatasaray” matçına maraq olduqca böyükdür. İki qardaş ölkənin tarixi klublarının görüşü səbirsizliklə gözlənilir. Təəssüf ki, pandemiya səbəbindən bir oyundan ibarət mərhələdə azarkeşlər stadiona buraxılmayacaq. Hələ ötən əsrdə “Neftçi” iki dəfə “Qalatasaray”la üz-üzə gəlib və hər iki matçda uduzmayıb. İlk belə qarşılaşma 11 iyul 1960-cı ildə baş tutub. O vaxt SSRİ çempionatları yaz-payız sistemi ilə keçirilirdi. “Neftçi” yayda dövrələrarası fasilədə Bakıda üç oyun keçirib. Almaniya Demokratik Respublikasının “Motor” komandası ilə qolsuz heç-heçəyə imza atan “Neftçi” ikinci oyununu “Qalatasaray”la oynayıb.

İyulun 8-də Bakıya gələn “Qalatasaray” üç gün Bakıda qalıb və iyulun 11-də 50 min tamaşaçı önündə Respublika Stadionunda Bakının “Neftçi” komandası ilə dostluq qarşılaşmasına çıxıb. Oyun 3:1 hesabı ilə “Neftçi”nin qələbəsiylə başa çatıb. “Neftçi”nin qollarını sağ cinah hücumçusu Kamil Eynullayev vurub. “Qalatasaray”ın qoluna isə sağ cinah yarımmüdafiəçisi Ahmet Berman imza atıb. Tərəflərin ikinci qarşılaşması 1990-cı ilin yanvarında Türkiyədə baş tutub. SSRİ çempionatının I dəstəsində çıxış edən “Neftçi” təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb. Tərəflər məşhur “Ali Sami Yen” stadionunda qarşılaşıblar. Lakin “Neftçi”nin rəqibi “Qalatasaray”ın əsas yox, üçüncü liqada çıxış edən komandası (indiki əvəzedicilər) olub. Oyun 2-2 hesabıyla başa çatıb.

30 ildən sonraə“Neftçi” yenidən “Qalatasaray”la qarşılaşacaq. İki qardaş ölkənin oyunu barədə danışmaq üçün “Region plus” Türkiyənin məşhur şərhçisi, “Stadium” verilişindən yaxşı tanıdığımız Erdoğan Arıkanla müsahibə hazırlamaq qərarına gəldi.

- Erdoğan bəy, sizi Bakıdan narahat edirik. UEFA Avropa Liqasının püşkündən sonra ölkəmizdə hamı səbirsizliklə “Neftçi”-“Qalatasaray” matçını gözləyir. Bu barədə nə deyə bilərsiniz, sizin gözləntiləriniz nədir?

- Türkiyədə də eyni vəziyyətdir. Püşkdən sonra azarkeşlər sevinir. İki qardaş ölkənin tarixi klubları qarşılaşacaq. Matçın qardaş Azərbaycanın paytaxtı Bakıda keçirilməsi gözəl təəssüratlar yaradacaq. Təəssüf azarkeşlər matçı stadiondan izləyə bilməyəcək. Hər iki komandaya uğurlar arzu etmək istərdim. Məncə, bizi çox maraqlı və gərgin oyun gözləyir.

- “Qalatasaray” duelin favoriti kimi göstərilir. Bu fikirlə razısınız?

- “Qalatasaray” kağız üzərində favorit sayılır. Duelin taleyini bir matç həll edəcək. Ona görə kimin mərhələni adlayacağını söyləmək çətindir. Hazırkı dönəmdə “Neftçi” oyuna daha çox hazırlıqlı görünür. Səbəbini deyə bilərəm. Birincisi, Türkiyədə çempionat gec başlayacaq, Azərbaycanda isə artıq premyer liqa start götürüb. Deməli, “Neftçi” bir neçə oyun keçirməklə heyəti yoxlamaq imkanına malikdir. İkincisi, bildiyim qədər komandanız transfer işlərini yekunlaşdırıb. Amma “Qalatasaray” hazırda axtarışlarını davam etdirir. Bu və digər səbəblərə görə “Neftçi”nin şanslarını yüksək qiymətləndirirəm.

Digər tərəfdən etiraf etməliyik klublar arasında maliyyə fərqləri var. Bu gün “Qalatasaray” milyonluq transferlər edir, böyük sponsorlara sahibdir. Əlbəttə, Fatih Terimin komandası bu mənada öndədir. Çünki çempionatlarımız arasında fərq hiss olunur.

- Sizcə, “Neftçi” Türkiyə Superliqasında çıxış etsəydi, neçənci yer uğrunda mübarizə aparardı?

- Son illər “Neftçi”nin oyununu izləməmişəm. Bu mənada fikir bildirmək çətindir. Bildiyim qədər “Neftçi” 7-8 il öncə daha güclü olub. O zaman Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmışdı.

- İki qardaş ölkənin komandaları meydanda həmişə güzəştsiz mübarizə göstərir. Azərbaycan və Türkiyə yığmaları qarşılaşanda hər zaman sanki prinsipial matç izləyirik.

- Qardaşlıq meydandan kənarda qalır. Bu, təbiidir. Hər iki tərəfin futbolçuları özlərini daha yaxşı göstərmək istəyir. Daha güclü tərəfin qələbə qazanması üçün meydanda açıq mübarizənin getməsi normaldır.

- Ölkəmizdə çempionatınızı maraqla izləyirlər. Türkiyədə Azərbaycan futbolu necə görünür? Ümumiyyətlə, maraq var?

- Türk məşqçilər ölkənizdə işləyəndə maraq çox idi. Mustafa Dənizli, Oğuz Çətin, Bülənt Qorxmaz, Oktay Dərəlioğlu Azərbaycanda olanda mütəmadi yazılar, reportajları görmək mümkün idi. İndi bizim məşqçilər sizdə çalışmır. Üstəlik, Türkiyədə oynayan futbolçunuz yoxdur. Ona görə Azərbaycan çempionatına hazırda o qədər böyük maraq hiss olunmur. Bəzən kiçik qeydlərə rast gəlmək mümkündür. Daha çox “Qarabağ” klubu barədə yazılır. Bu komanda sizin kimi Türkiyəyə də əzizdir. Çempionlar Liqasına vəsiqə qazananda “Qarabağ” barədə kiçik yazılar olub. Həmkar kimi iki ölkə arasında idman mediasının əməkdaşlığının daha sıx olmasını istərdim.

- Deməli, “Qarabağ”ın avrokuboklardakı matçlarını izləmisiniz?

- Bəzi oyunlara baxmışıq. Çempionlar Liqasında Madrid “Atletiko”suyla hər iki oyunda heç-heçə oynamaq (0-0;1-1) bizi qürurlandırdı. Ümumiyyətlə “Qarabağ” türk dünyasının qürurlandığı klubdur. Bu komanda səviyyəsini çox yüksəldib. Hətta deyərdim çempionatınızın səviyyəsini keçib. Türkiyə Superliqasında çıxış etsəydi, ilk beşlik uğrunda mübarizə aparardı.

- Türkiyə Superliqası Azərbaycan televiziyaları tərəfindən yayımlanmır. Bir neçə dəfə yayımla bağlı danışıqlar aparılsa belə deyilənə görə Superliqanın yayımı çox bahadır?

- Türkiyədə yayım işləri fərqlidir. Superliqanın qiyməti klubların səviyyəsinə görə müəyyən edilir. Bizim çempionatda bahalı futbolçular az deyil. Səhv etmirəmsə Türkiyə Superliqası yayım qiymətinə görə Avropada 5-6-cı yerdədir. Bir çox ölkələr bizim çempionatı yayımlamaq istəyir, amma müqavilə məsələsini həll edə bilmirlər. Yaxınlarda yayım şərtlərinə yenidən baxılmalıdır, səhv etmirəmsə, daha uyğun şərtlər seçiləcək. Amma qiymət çox düşməyəcək. Bir məqama diqqət edək. Yayımdan klublarımız qazanır, onlar bahalı yayımdan razıdırlar. Yayımçı şirkət Superliqada ən axırıncı yeri tutan kluba ən azı 10 milyon dollar ödəyir. Bu kifayət qədər yaxşı məbləğdir.

- Bəziləri Azərbaycan millisində türk məşqçi heyətinin uğurlu işləyəcəyini proqnozlaşdırır. Sizcə, türk məşqçi Azərbaycan millisində uğurlu iş görə bilər?

- Məşqçi işi barədə danışmaq çətindir. Türk məşqçilər Avropada böyük nəticə qazanmayıb. Yalnız Fatih Terim İtaliyada işləyib. Bir il “Milan” və “Fiorentina”da çalışıb. Ona görə Azərbaycan millisiylə proqnoz vermək asan deyil. Mənim fikrimcə, məşqçilərimiz daha çox Türkiyədə işləməyə öyrəşib. Xaricdə onlara çətin olur.

- Bu yaxınlarda “Hatayspor” klubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova müqavilə təklif etmişdi. Qurbanov “Qarabağ”da qalmağı üstün saydı. Sizcə, Q.Qurbanov xarici ölkədə çalışa bilərmi?

- Türkiyədə işləmək çox çətindir. Bizim öz qaydalarımız var. Gərək media, azarkeşlər, futbolçularla münasibət yaratmağı bacarasan. İlk illər təzyiqə dözəndən sonra öyrəşmək mümkündür. Qurban bəyə hörmətimiz böyükdür. Bu adam 10 ildən artıq “Qarabağ”da işləyir. Futbol üçün bu müddət az deyil. Deməli, adam sistem yaradıb, işini bacarır və nəticə qazanır. On il istənilən məşqçini tanımağa imkan verir. “Qarabağ”da da işləmək rahat deyil. Buna görə də Qurbanovun Türkiyədə işinin uğurlu olacağına inanıram. Əgər avrokuboklarda çıxış edən kluba on ildən artıq rəhbərlik edirsənsə, deməli, bu işi bacarırsan.

- Erdoğan bəy, “Neftçi”-“Qalatasaray” matçına qayıdaq. Sizcə, Fatih Terim Bakıda əsas ulduzlara şans verəcək?

- Superliqa başlayır. “Qalatasaray”ın Türkiyədə önəmli oyunları var. 8-9 gün ərzində üç oyun keçirmək çətindir. Heyətlə bağlı fikir bildirmək istəmirəm. Lakin bu matçdan gərgin mübarizə gözləyirəm. Oyunda çox qol olacağına inanmıram. Bəlkə də, hər şeyi penaltilər həll etdi. Penaltilər qaçılmaz ola bilər.

- Sonda matçla bağlı proqnoz eşitmək istərdik...

- Proqnoz? Fikrimcə “Qalatasaray” minimal fərqlə qələbə qazanacaq. Bu 1-0 və ya 2-1, 3-2 də ola bilər. Hər iki kluba uğurlar arzu edirəm.

- Müsahibəyə görə təşəkkür edirəm.

- Azərbaycana salamlarımı çatdırın. Çox sağ olun!


MƏSLƏHƏT GÖR:

287