Müəllif: Nadir SƏNANOĞLU
Futbol üzrə Azərbaycan millisi on aylıq fasilədən sonra yenidən yaşıl meydana çıxdı. Pandemiyaya görə yoldaşlıq görüşü keçirməyə imkan tapmayan komandamız yeni baş məşqçinin rəhbərliyi altında UEFA Millətlər Liqasında mübarizəyə başladı. İlk oyunda Bakıda Lüksemburqu qəbul edən yığma 90 dəqiqə ərzində aciz komanda təsiri bağışladı və rəqibinə 1:2 hesabı ilə uduzdu. Start uğursuz alınsa da, C Liqasının I qrupunda mübarizə aparan komanda ikinci sınağında Kipr səfərindən 3 xalla qayıtmağı bacarmaqla sürprizə imza atdı.
Bakıdakı qarşılaşma millinin koronavirus pandemiyası dövründə təqribən 10 aylıq fasilədən sonra ilk rəsmi oyunu idi. Sonuncu dəfə 2019-cu il noyabrın 19-da AVRO-2020-nin seçmə mərhələsində səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzan ölkənin əsas milli komandası mövcud şəraitlə əlaqədar oyun keçirməmişdi. Üstəlik, yeni baş məşqçi amili və Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün yarımçıq dayandırılması, yeni çempionatın bu yaxınlarda start götürməsi, futbolçuların tam hazır olmamaları Lüksemburqla matçın asan keçməyəcəyindən xəbər verirdi.
Bu, eyni zamanda italyan məşqçi Canni De Byazinin millinin sükanı arxasında debüt oyunu idi. İtaliyalı mütəxəssisin özünün də dediyi kimi, yığma onun rəhbərliyi altında yoldaşlıq matçı belə, keçirməmişdi. Bütün bu hadisələrin fonunda Azərbaycan millisi sentyabrın 5-də Bakı Olimpiya Stadionunda lüksemburqluların qarşısına çıxdı. De Byazi millini Lüksemburq qarşısına 4-4-2 sxemi ilə çıxarmışdı. Qapıda Emil Balayevə şans verən baş məşqçi müdafiənin mərkəzini Bəhlul Mustafazadə ilə Bədavi Hüseynova, cinahlarını isə kapitan Maksim Medvedyevlə Anton Krivotsyuka həvalə etmişdi. Yarımmüdafiə xəttində Qara Qarayev, Elvin Camalov, Təmkin Xəlilzadə və Namiq Ələsgərov yer almışdı. Sözügedən qarşılaşmada əsas qol ümidimiz isə Ramil Şeydayevlə Mahir Emreli idi.
Matça inamsız başlayan yığma 26-cı dəqiqədə meydanda azlıqda qaldı. Emreli lazımsız yerdə rəqibə qarşı aşkar kobudluğa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovuldu. Bu, onsuz da, zəif təsir bağışlayan millinin işini bir az da ağırlaşdırdı. Çətinliklə müdafiə olunan komanda 10 nəfərlə oynamasına baxmayaraq, 43-cü dəqiqədə Ramil Şeydayevin dəqiq baş zərbəsi ilə hesabı açmağı bacardı.
Fasiləyə üstün yollanan yığma üçün sərgilənən zəif oyunun qarşılığında bu, ideal hesab idi. Lakin ikinci yarı heç də arzuolunan kimi başlamadı. Əvvəlcə Anton Krivotsyuk topu öz qapısına göndərməklə hesabın bərabərləşməsinə səbəb oldu. Bundan sonra, De Byazi oyunda ilk əvəzetməyə əl atdı. 64 yaşlı mütəxəssis meydanda elə də pis təsir bağışlamayan və yeganə qolun müəllifi olan Şeydayevin əvəzinə digər hücumçu Renat Dadaşovu oyuna buraxdı. Baş məşqçi ardınca qolda əsas pay sahibi olan Namiq Ələsgərovu Adil Nağıyevlə əvəzlədi. Müdafiə xəttini gücləndirməyə və nəticəni qorumağa hesablanmış dəyişiklik 72-ci dəqiqədə əks-nəticə verdi.
Bu, De Byazinin oyun ərzində taktiki baxımdan, bəlkə də, etdiyi ən kobud səhv idi. Beynəlxalq təcrübəsi elə də çox olmayan Nağıyevin adi epizodda cərimə meydançasında topa əllə toxunması penalti ilə nəticələndi ki, bu da sonda millini 1 xaldan etdi. İtaliyalı mütəxəssisin oyundakı son əvəzetməsi də birmənalı qarşılanmadı. Təmkin Xəlilzadəni klubsuz Araz Abdullayevlə əvəzləyən De Byazi 1 xala olan azacıq ümidi də bu yolla öldürdü. Digər tərəfdən “Neftçi”nin kapitanı Emin Mahmudovun meydana çıxmaması da müəyyən suallar doğurur. 90 dəqiqədə milli futbolda mümkün olan bütün uğursuzluqları nümayiş etdirdi – qırmızı vərəqə, penalti və öz qapımıza qol. Beləliklə, futbolçuların istəksizliyi və baş məşqçinin taktiki səhvləri sonda məğlubiyyətlə nəticələndi.
De Byazi etiraf etməsə belə onun hazırda futbolçuları, onları potensialını tam bilmədiyi aydın məsələdir. Bu səbəbdən, heyətin formalaşması zamanı ona kömək edilərək yanlış qərarların verildiyi görünür. Üstəlik, Lüksemburqla matçda oyunun gedişatında əvəzetmələrdə səhvə yol verən De Byazi komandamızı yaxşı tanımadığını göstərdi.
Millətlər Liqasına uğursuz başlayan Azərbaycan millisi 3 gün sonra səfərdə Kiprlə qarşılaşacaqdı. Evdə “cırtdan” ölkəyə uduzan komandada əhval-ruhiyyə heç də yaxşı deyildi. Düzünü desək, yığmanın çətin səfərdən bir xalla dönəcəyinə ümid çox az idi. De Byazinin start “11-liyi” də bunu deməyə əsas verirdi.
Meydana 5 müdafiəçi (Bəhlul Mustafazadə, Maksim Medvedyev, Abbas Hüseynov, Bədavi Hüseynov, Anton Krivotsyuk) və 2 müdafiəyə meyilli oyunçu (Qara Qarayev, Elvin Camalov) ilə çıxan yığmanın ilk baxışdan Nikosiyaya ən yaxşı halda 1 xal üçün getdiyi görünürdü. Amma oyunun start fiti De Byazinin 3 gün ərzində millimizi və rəqibi yaxşı təhlil etdiyini göstərdi.
Matça əla başlayan komanda özünü qonaq kimi aparmırdı. Bunun məntiqi nəticəsi kimi 29-cu dəqiqədə yaxşı təşkil olunan hücumu Maksim Medvedyev baxımlı qolla tamamladı. Lüksemburqla matçdan fərqli, komanda bu dəfə daha istəkli və aqressiv təsir bağışlayırdı. Millimiz hər zaman tənqiddən sonra fərqli oyun nümayiş etdirir. Buna görə də futbolçuların Bakıdakı məğlubiyyətə görə tənqidlərdən ciddi nəticə çıxarması hiss olunurdu.
Maraqlı məqamlardan biri də o idi ki, Kipr komandası ilk hissədə Azərbaycan millisinin qapısı qarşısında cəmi 1 dəfə təhlükəli epizod yarada bildi. Görünür, De Byazi budəfəki rəqibi daha yaxşı analiz etmişdi. Həm heyət seçimi, həm də oyun taktikası sonda özünü doğrultdu.
Kiprlə görüş kapitan Maksim Medvedyevin qolu və debütant Rəhim Sadıxovun inamlı oyunuyla yadda qaldı. Azərbaycan millisində debüt edən “Sumqayıt”ın pleymeykeri özünü ən yaxşı tərəfdən göstərməyi bacardı. Meydanda rahat hərəkətləri, dəqiq ötürmələri və özünəinamı ilə seçilən 24 yaşlı oyunçu üzərində çalışmağı davam etdirsə millinin əsas oyunçularından birinə çevriləcək.
Azərbaycan millisini nə qədər tənqid etsək belə ölkədə futbolçu seçiminin geniş olmadığını unutmamalıyıq. Bununla yanaşı, Kipr səfəri millinin yaxşı oyun göstərmək bacarığının olduğunu göstərdi. Digər tərəfdən Canni De Byaziyə futbolumuzu, oyunçuları tanımaq, mentalitetini öyrənmək üçün zamana ehtiyac olduğunu aydın oldu. Kiprdəki qələbədən sonra Azərbaycan millisinin sürətlə inkişaf edəcəyini söyləsək yalan danışmış olarıq. Rəqibin yeni kollektiv olması, oyunçular arasında anlaşmada problem yaşamasını unutmayaq. Azərbaycan millisi Kipr imkan verdiyi qədər oynadı və layiqli qələbə qazandı. Amma bu digər rəqiblərin də bizə belə oynamaq imkanı verəcəyi demək deyil.
Azərbaycan yığmasına növbəti ay keçiriləcək oyunlardan sonra qiymət vermək olar. Millətlər Liqasının oktyabrda Monteneqro ilə səfər və Kiprlə ev oyunları millinin real gücünü nümayiş etdirəcək. Həmin vaxt həm futbolçular formada olacaqlar, həm də De Byazi oyunçuları daha yaxşı tanıyacaq. Buna görə də zaman hər şeyi öz yerinə qoyacaq. Hələliksə millinin iki illik fasilədən sonra qazandığı qələbəyə sevinək.
MƏSLƏHƏT GÖR: