25 Noyabr 2024

Bazar ertəsi, 10:48

YENƏ İKİ

Almaniyanın «Navalnı işi»nə yekun reaksiyası yaxın gələcəkdə Avro-Atlantik məkanda geosiyasi qüvvələr nisbətinin necə olacağını göstərəcək

Müəllif:

15.09.2020

Rusiyanın tanınmış blogeri, müxalifətçi Aleksandr Navalnının qəfil xəstəliyinə mümkün zəhərlənməsinin səbəb ola biləcəyi ortaya çıxar-çıxmaz, ABŞ və Avropa İttifaqının (Aİ) Moskvaya sanksiyalar tətbiqi məsələsi yenidən gündəmə gəlib. Üstəlik, söhbət mətbuata yaxşı bəlli olan «yeni modifikasiya»dan, əsəb sistemini iflic edən «Noviçok» qrupuna aid maddədən gedir. London iddia edir ki, iki il əvvəl Böyük Britaniyada Rusiya xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Sergey Skripala qarşı məhz həmin maddədən istifadə olunub. Beləliklə, Moskva faktiki olaraq, hazırkı ölkə rəhbərliyinə müxalifətdə olan şəxsin istifadəsi qadağan edilmiş kimyəvi maddə ilə zəhərlənməsində ittiham olunur.

Baş verənlər, əlbəttə ki, çoxsaylı suallar doğurur – ən azı Navalnını bu qədər məşhur maddə ilə zəhərləmək, sonradan onun Berlinin zəhəri aşkar edəcək «Charite» klinikasına aparılmasına imkan vermək Rusiyanın nəyinə gərək idi? Navalnının regional qərargahlar şəbəkəsinin rəhbəri Leonid Volkovun «Facebook» səhifəsində yazdığı kimi, «Noviçok» -  açıq-aşkar Putin deməkdir, bu, cinayət yerində qanunla öz adını yazmaq deməkdir».  Elə isə, bütün bunlar Rusiya prezidenti V.Putinin (hər halda, Qərbdə çoxları bunu onun ayağına yazır) nəyinə lazım idi? Bununla yanaşı, Kremlə qarşı daxildən kimlərinsə gizli fəaliyyət göstərdiyi versiyası da var. Bunu müəyyənləşdirmək, təbii ki, Kremlin işidir və bu işin nəticəsi bizimçün naməlum da qala bilər.

 

Qərbin reaksiyası

Aİ rusiyalı müxalifətçinin zəhərlənməsini sui-qəsd kimi qiymətləndirib və Moskvaya qarşı sanksiyaların tətbiq oluna biləcəyini bəyan edib. Bu, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrelin sentyabrıni 3-də yaydığı bəyanatda yer alır. Bundan başqa, 100-dən artıq avrodeputatın Borrelə ünvanladıqları kollektiv məktubda insan haqlarını pozanlara qarşı sanksiyaların tətbiqi üçün xüsusi mexanizmin hazırlanması tələb olunur. Məktubda deyilir ki, konkret olaraq Navalnıya sui-qəsdə görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq olunmalı, BMT, Avropa Şurası və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının da məsələyə cəlb olunması ilə beynəlxalq araşdırmaya başlanılmalıdır.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də bu cinayəti törətmiş şəxslərin qanun qarşısında cavab verməli olduğunu bildirib. NATO-nun sabiq baş katibi Yens Stoltenberq isə kimyəvi silahdan istifadənin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunu söyləyib.

«Qadağan olunmuş kimyəvi silahdan istifadə ciddi fəsadlara yol aça bilər». Bunu isə Böyük Britaniya baş nazirinin mətbuat katibi bildirib.

Polşanın baş naziri Mateuş Moravetski baş verənlərə «Twitter» sosial şəbəkəsindəki səhifəsində münasibət bildirib: «Qarşımızdakının düşmən rejim olduğunu anlamamız üçün daha neçə qorxulu siqnal almalıyıq? Dialoq, tərəfdaşlıq, kompromis – bu anlayışlar onlar üçün yaddır. Aİ-nin nəticə çıxarmasının vaxtıdır».

Məsələyə ABŞ prezidenti Donald Tramp da münasibət bildirib. O, Almaniya hökumətinin rusiyalı müxalifətçinin zəhərləndiyinə dair qənaətinə şübhə etmək üçün əsasları olmadığını deyib. «Vaşinqtonda vəziyyət son dərəcə ciddi şəkildə müzakirə olunacaq», - deyə Tramp qeyd edib.

Gözlənildiyi kimi, ən çox hiddətlənən almaniyalı siyasətçilər olub. Ölkənin xarici işlər naziri Hayko Maas bildirib ki, zəhərlənmədə Rusiya dövlətinin əlinin olduğunu göstərən «çox əlamətlər var». «Putin rejimi Suriyada öz mülki əhalisinə qarşı kimyəvi silahdan istifadə edənlərlə eyni səviyyədədir». Bunu isə Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer deyib.

Almaniya Xristian-Depmokrat Partiyasının xarici siyasət üzrə nümayəndəsi Yurgen Hardtın məsələyə münasibəti belə olub: «Aİ buna Skripal məsələsindəkindən daha sərt cavab verməlidir».

 

«Şimal axını-2» yenidən gündəmdə

Bütün bunlarla yanaşı, Almaniyanın Rusiyaya mümkün sanksiyalarının Moskva-Berlin ikitərəfli münasibətlərinin əsas layihəsi olan «Şimal axını-2»yə mütləq toxunacağı ilk günlərdən bəlli idi. Hayko Maas bu haqda müxtəlif cür yozula biləcək bəyanat səsləndirib: «Ümid edirik ki, Rusiya Almaniyanı «Şimal axını-2» ilə bağlı mövqeyini dəyişməyə məcbur etməyəcək». Berlinin bu layihə ilə bağlı mövqeyində dəyişiklik ola biləcəyini bu qaz kəmərinin sadiq tərəfdarı, Almaniya kansleri Angela Merkel belə, istisna etməyib. Halbuki əvvəlcə o, «Nord Stream»i Navalnı ilə əlaqələndirmək fikrində olmadığını söyləmişdi. Merkel «Rusiyanın mövqeyinə qarşı Qərbin uyğun ümumi cavabını diqqətlə öyrənəcəklərini» söyləyib. Lakin hakim koalisiyada bu məsələ ilə bağlı vahid mövqe, əlbəttə ki, yoxdur.

Əvvəlcə tikinti işlərinin 90%-dən çoxu tamamlanmış boru xəttinin 2020-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulurdu. Lakin İsveçrənin «Allseas» şirkətinin ABŞ-ın sanksiyaları üzündən boru çəkən gəmisini geri çağırmasından sonra bu müddət bir il uzadılıb. Bununla yanaşı, ötən dövr ərzində bir çox almaniyalı siyasətçi Merkeli qaz kəmərinin tikintisini dayandırmağa və ya ondan ümumiyyətlə imtina etməyə çağırıb. Navalnı məsələsinin ortaya çıxmasından sonra isə bunun üçün daha ciddi əsas yaranıb. İndi «Şimal axını-2» əleyhinə səslər daha güclü və daha inamlı hal alıb. Artıq bu çağırışla Bundestaqın Beynəlxalq məsələlər komitəsinin rəhbəri Norbert Rettqen, hakim Xristian-Demokrat İttifaqı Partiyasının liderliyinə namizəd Fridrix Merts (o, layihənin tikintisinin ən azı 2 il saxlanılmasını istəyir) və bir çox digərləri də çıxış edir.

Əsas qənaət ondan ibarətdir ki, bu qaz kəməri Rusiyadan enerji asılılığını artıracaq. Almaniya tədricən atom enerjisi və kömürdən imtina edir, nəticədə, təbii qaz onun əsas enerji vasitəsinə çevrilir. Hazırda ölkə təbii qaza olan tələbatının 40%-ni Rusiyanın hesabına ödəyir və bu rəqəm arta bilər. Bundan başqa, iddialara görə, Rusiya «Şimal axını-2» vasitəsilə əldə edəcəyi gəliri «aqressiv siyasətinin reallaşdırılmasına xərcləyəcək». «Die Welt» yazır ki, «Almaniyanın avroları əsəb sistemini iflic edən yeni növ zəhərlərin emalına xərclənəcək».

«Şimal axını-2» layihəsi ABŞ və Şərqi Avropa ölkələri, xüsusilə Ukrayna ilə Polşa tərəfindən də tənqid olunur. Onlar hesab edirlər ki, bu layihə gələcəkdə Rusiya qazının onların ərazisilə tranzitinin azaldılmasına imkan yaradacaq. Eyni zamanda bu dövlətlər Rusiyanı karbohidrogen tədarükündən geosiyasi silah kimi istifadə etməkdə də təqsirləndirirlər.

Almaniya üçün bunlar da ciddi əsaslardır. Lakin sabiq kansler Herhard Şröderin irəli çəkdiyi layihə artıq qeyd olunduğu kimi, demək olar ki, hazırdır. Üstəlik, onun reallaşdırılmasına Avropanın 12 ölkəsindən 100-dən artıq şirkət cəlb edilib. Bu şirkətlərin yarısı isə məhz Almaniyanı təmsil edir. Odur ki, «Şimal axını-2»dən imtina Almaniya iqtisadiyyatı üçün mütləq ciddi mənfi nəticələr verəcək. Onun reallaşdırılmasında iştirak edən Almaniya və Avropa şirkətləri milyardlarla avro itirəcək. Üstəlik, tikintinin dayandırılması Moskva ilə Berlinin enerji sahəsindən kənar əməkdaşlığına da ciddi zərbə vuracaq.

Daha bir önəmli məqam var – ABŞ prezidenti Donald Trampın layihəyə qarşı tələm-tələsik sanksiyalar tətbiq etməsinin Merkeli qıcıqlandırdığı hər kəsə məlumdur. Tramp bu qərarını öz üslubunda əsaslandırıb – Berlinin Moskvaya ödəyəcəyi milyardları NATO çərçivəsində müdafiə xərclərinə yönəltməsi daha yaxşı olar. Bir çox ekspert isə hesab edir ki, «Şimal axını-2» vasitəsilə nəql ediləcək Rusiya qazı ABŞ-ın mayeləşdirilmiş təbii qazına ciddi rəqib olacaq və bu halda Amerika avropalı alıcıları üçün mayeləşdirilmiş qazın qiymətini aşağı salmaq məcburiyyətində qalacaq. Bu, əlbəttə ki, Birləşmiş Ştatlara sərf etmir və «təpədən dırnağa» biznesmen olan Donald Tramp bunu yaxşı bilir.

İqlim dəyişikliklərilə bağlı ciddi iddiaları olan Merkelin planına bu cür müdaxilə, əlbəttə ki, kanslerə toxunur. Çünki bu, faktiki olaraq, oyun qaydalarını kimin müəyyənləşdirdiyini ortaya qoyur və bu məsələdə onun Berlin olmadığı aydınlaşır. Digər yandan isə Navalnı bəhanəsi Merkelə «simasını qorumaq» imkanı da yaradır.

Bəs, Rusiyanı, həqiqətən də, miqyaslı sanksiyalar gözləyirmi? Güman ki, yox. Çünki bunun üçün Aİ vahid mövqedən çıxış etməlidir, bu isə çətin işdir. Odur ki, hər şey elə «Şimal axını-2» çərçivəsində veriləcək cəza ilə bitə bilər. Bu mənada, sonda Almaniyanın hansı mövqedən çıxış edəcəyi çox maraqlıdır. Bəlkə də, Avro-Atlantik məkanda yaxın gələcək üçün geosiyasi qüvvələr nisbətini məhz bu müəyyənləşdirəcək. Lakin istənilən halda, bu böhran Moskvanın Qərblə münasibətlərinin tezliklə bərpasına olan ümidlərinin üzərindən xətt çəkəcək. Məsələn, Makroun Moskvaya səfəri planlaşdırılırdı. İndi, bu səfərin baş tutub-tutmayacağı sual altındadır. Hətta Serbiya belə, Aİ-nin təzyiqləri qarşısında «Slavyan qardaşlığı» hərbi təlimlərində işirakdan imtina edib. Halbuki sentyabrın ikinci yarısında keçirilməli olan təlimlərə Rusiya və Belarusla yanaşı, Serbiyanın da qatılacağı məlum idi.

Bütün bunlarla yanaşı, Navalnı insidenti gərgin beynəlxalq şəraitdə, dünyada qaynar nöqtələrin həddindən artıq çox olduğu dövrdə (Suriya, Liviya, Ukrayna, Belarusdakı etirazlar və s.) baş verir. Son zamanlar Rusiya ilə ABŞ arasında gərginlik getdikcə artır, Suriyada, Krım sahilində və Alyaskada vəziyyət gündən-günə qəlizləşir. Amerikanın «Forbes» jurnalı yazır ki, Rusiyaya məxsus casus sualtı qayıqlar ABŞ və Qərb dövlətlərinin asılı olduğu sualtı internet kabellərini zədələyə bilər. İstənilən belə hal isə sanksiyalarla müqayisədə qat-qat böyük fəlakətlərə yol açacaq hadisələrə səbəb olar. Koronavirus və iqtisadi böhrandan əziyyət çəkən dünyada gərginliyə tərəf hər hansı addımın atılması yaxşı ideya deyil. «Navalnı məsələsi» isə deyəsən məhz budur…



MƏSLƏHƏT GÖR:

324