23 Dekabr 2024

Bazar ertəsi, 11:29

VİRTUAL REALLIQ

Kiberidman Olimpiya oyunlarında təmsil oluna bilər

Müəllif:

01.10.2020

Müasir dünyada virtual oyunlar böyük populyarlıq qazanıb. Artıq bütün dünyada kiberidman yarışları təşkil olunur və maraqla izlənilir. Təsadüfi deyil ki, Soçi Olimpiadasında olimpiya bayrağını daşıyanlar arasında kiber idman təmsilçisi də var idi. Kiberidman artıq Avropada geniş kütlənin diqqətini özünə cəlb edib.

İndi ölkəmizdə də kiberidmana böyük maraq yaranıb. Əvvəllər adi kompüter oyunları kimi qəbul edilən yarışa münasibət müvafiq federasiya yaradılandan sonra dəyişib. İndi gənclər gündəlik məşqlərdə iştirak edir və ölkə çempionatlarında, turnirlərdə qələbə uğrunda mübarizə aparır. Kiberidmanla bağlı suallarımızı yarışları təşkil edən Gaming League Azerbaijan-nın (GLA) rəhbəri Adil Mahmudova ünvanladıq.

- İlk növbədə, kiberidman barədə məlumat verməyinizi xahiş edərdik.

- Kiberidman anlayışı gündəlik həyatımıza nisbətən yeni daxil olub və hələ də bir çoxlarının onun haqqında tam təsəvvürü yoxdur. Kiberidman video və ya kompüter oyunları əsasında təşkil olunan fərdi, habelə komanda yarışlarıdır. Ancaq bütün video oyunlar kiberidman kateqoriyasına daxil deyil, çünki burada əsas amil bəxt yox, ustalıq bacarığıdır. Kiberyarışlarda geymerlər nəticə əldə etmək üçün oynayır, əyləncə üçün deyil. Adətən, oyun yaradıcıları məhsulun əyləncə, yaxud idman xarakterli olduğuna əvvəlcədən qərar verir. Kiberidman özlüyündə böyük bir industriyadır və dünyanın aparıcı ölkələrində bu sahəyə milyonlarla dollar yatırılır, kiberidmançıların qazancı isə futbol və tennis ulduzlarının qazancından geri qalmır.

-Hazırda kiberidmanla bağlı yarışlara maraq hansı səviyyədədir?

- Hazırda kiberidmana maraq olduqca böyükdür. Təbii ki, əsas amil koronavirus pandemiyası səbəbindən bir çox sahələrlə yanaşı, idman sahəsinin də iflic vəziyyətinə düşməsidir. Bir çox beynəlxalq yarışların, habelə milli və dünya çempionatlarının təxirə salındığı bir müddətdə idmansevərlər tələbatlarını qarşılamaq üçün öz diqqətini onlayn idman yarışlarına yönəldirlər. Əminliklə demək olar ki, sözügedən vəziyyət kiberidmana müsbət təsir göstərib. Tam şəkildə onlayn formatda keçən kiberidman turnirləri yeni şərtlərə uyğunlaşan yeganə idman növüdür və hazırda ənənəvi idman sahələri ilə müqayisədə daha əlverişli vəziyyətdədir. Bunu statistik göstəricilər də təsdiq edir. Təsəvvür edirsiz proqnozlara görə, 2020-ci ildə dünyanın video oyun bazarının gəlirləri 159 milyard dollar təşkil edəcək? Bu isə dünya kino industriyasının gəlirlərindən – 4, musiqi sahəsinin gəlirlərindən isə 3 dəfə artıqdır!

Ölkəmizdə də kiberidman seqmentinə maraq xeyli artıb. Bunu həm təşkil olunan kiberidman yarışlarına çoxlu sayda geymerlərin cəlb olunması, həm də tamaşaçı sayının artması təsdiqləyir. Son aylar ərzində bu sahəyə yeni auditoriya axını baş verib və proses ən azı ilin sonunadək davam edəcək.

- Əvvəllər kiberidmana maraq o qədər çox olmayıb. Sizcə, hazırda virtual yarışlara böyük marağın olmasının səbəbi nədir?

Əvvəllər gənclər internet-klublarda, vaxt keçdikcə isə kiberoyunlar üçün ayrılan xüsusi məkanlarda oynayırdılar. ABŞ və digər inkişaf etmiş ölkələrdə ötən əsrin sonlarından böyük kiberidman yarışları keçirilir. Son iyirmi ildə isə bu sahəyə qonşu Rusiya, Qazaxıstan, Qırğızıstan kimi ölkələrdə maraq artmaqdadır. Təbii ki, bu tendensiya ölkəmizə də təsir edib. Düzdür, Azərbaycanda hələ də stereotiplər mövcuddur, ancaq yavaş olsa da kiberidmanın müstəqil idman sahəsi kimi qəbul edilməsi prosesi davam edir. Təbii ki, Azərbaycan Kiberidman Federasiyasının yaradılması bu prosesə böyük təkan vermişdir. Ancaq digər sahələrdə olduğu kimi, bu seqmentə marağın artması böyük pul vəsaitlərinin cəlb olunması ilə bağlıdır. Bu baxımdan, Gaming League Azerbaijan ölkəmizdə kiberidmanın inkişafına öz töhfəsini vermək əzmindədir. 

- Dünyada kiberidman necə inkişaf edir?

1997-ci ildə kiberidman biznes sahəsi kimi yeni inkişaf etməyə başlamışdı və cəmi 10 il sonra, 2007-ci ildə, oyun industriyasının dövriyyəsi 35 milyard dollara çatdı. Daha 10 il keçdi və məbləğ artıq 138,9 milyard dollara çatdı. Gördüyünüz kimi, kiberidman inanılmaz rekordlar qırır. Bütün bu rəqəmlər geymerləri kiberidman karyerası qurmağa sövq edir. Daha bir vacib məqam kiberidman auditoriyasının sürətlə artmasıdır. Artıq geymerlərin böyük fanat dəstəyi, klubların isə məşhur brendlərlə milyonlarla dollara bərabər sponsor müqavilələri mövcuddur. Müasir dünyada kiberidman gənclik, şöhrət və pul deməkdir.  

- Keçirdiyiniz yarışlar arasında daha böyük maraq cəlb edən hansı olub? 

Ötən ilin sonlarında fəaliyyətə başlamasına baxmayaraq, Gaming League Azerbaijan (GLA) artıq ölkəmizdə kiberidman sahəsində xeyli iş görüb. 2020-ci ilin yazında ölkənin ən yaxşı 20 fiferinin iştirakı ilə FIFA 20 üzrə Azərbaycan çempionatı keçirildi. Bu yaxınlarda FIFA 20 üzrə 1-ci Liqa yekunlaşdı. Biz, eyni zamanda Dota 2, Counte-Strike: Global Offensive və PUBG Mobile üzrə yarışlar təşkil etmişik. Deyə bilərəm ki, ən böyük maraq PUBG Mobile oyununa olub. Bunun ən başlıca səbəbi oyunun smartfona rahat yüklənməsi və hər kəs üçün əlçatan olmasıdır. 

- Sizcə, kiberidman gələcəkdə olimpiadada oyun proqramına daxil edilə bilər?

Bildiyiniz kimi, Tokio Yay Olimpiadası 2021-ci ilədək təxirə salınıb. Məhz bu amil bəzi düşüncələrə yol açır. Beynəlxalq Olimpiya Komitəsi bu oyunların əsas hədəfinin gənclər olduğunu bildirib və bu məqsədlə skeytbordinq, sörfinq və qayaya dırmanma idman növlərini olimpiya oyunlarının proqramına daxil edib. Kiberidman həvəskarları video oyunların gənclər arasında bəzi ənənəvi idman növlərindən daha populyar olduğunu əsas gətirərək, bu idman növünün gələcəkdə olimpiya oyunlarının proqramına daxil edilməsini məqsədəuyğun hesab edirlər. Qeyd edim ki, hazırda bunun reallaşması üçün maneələr mövcuddur. İlk növbədə, bu, video oyunlarda döyüş səhnələrinin olması ilə əlaqəlidir. Ancaq, fikrimcə, əsas problem video oyunların konkret şirkətlərə məxsus olmasıdır. Bununla belə, Asiya Oyunlarında kiberidman artıq təmsil olunur. 2018-ci ildə kiberidman nümunəvi idman növü kimi İndoneziyada (Cakarta və Palembanq) təmsil olundu və tamhüquqlu idman növü kimi 2022-ci ildə Çinin Hancjou şəhərində keçiriləcək Asiya Oyunlarının proqramına daxil edilib. 

- Beynəlxalq yarışlarda Azərbaycan komandalarının çıxışları hansı nəticələrlə yekunlaşır?

Azərbaycan kiberidmançılarının beynəlxalq turnirlərdə iştirakı 2011-ci ildə Azərbaycan Kiberidman Federasiyasının təsis edilməsi ilə birbaşa bağlıdır. Federasiya yarandığı ildən etibarən Beynəlxalq Kiberidman Federasiyasının (International e-Sports Federation) üzvü oldu. Qeyd edim ki, Azərbaycan regionda bu beynəlxalq federasiyanın üzvlüyünə qəbul edilən ilk, postsovet məkanında isə ikinci ölkədir. 2014-cü ildə Gənclər və İdman Nazirliyi və Beynəlxalq Kiberidman Federasiyası təşkilatçılığı ilə Bakıda Kompüter Oyunları üzrə VI Dünya Çempionatı (The 6th e-Sports World Championship Baku 2014) keçirildi. Kompüter idmanının yüksək populyarlığını nəzərə alaraq, dövlət başçısı cənab İlham Əliyev ölkəmizdə adıçəkilən çempionatın təşkilinə Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan müvafiq vəsaitin ayrılması ilə bağlı göstəriş verdi.

Dünyanın 34 ölkəsindən 300-dən artıq nümayəndəsinin iştirak etdiyi tədbir aparıcı tematik kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırıldı. Oyunları dünyanın dörd bir yanında milyonlarla insan izlədi. Bakıda keçirilənDünya çempionatı nəinki postsovet məkanında, ümumiyyətlə, bütün regionda irimiqyaslı əlamətdar tədbir kimi tarixə düşdü.

Qeyd edim ki, kiberidmançılarımız bir sıra beynəlxalq yarışlarda iştirak edib və uğurlu nəticələr göstərib. Belə ki, Milli komandamız Point Black üzrə 2015-ci ildə Cakartada keçirilmiş Beynəlxalq Çempionatda üçüncü, 2016-cı ildə Seulda təşkil olunmuş eyni turnirdə 6-cı yer tutub. 2016-cı ildə Cakartada keçirilmiş 8-ci Dünya Kiberidman Çempionatında iştirak edən komandamız HeartStone oyununda ikinci yerin sahibi olub. 

Kiberidmançılarımızın təcrübə toplamaq baxımından bir çox beynəlxalq turnirlərə qatılması olduqca vacibdir. İnanıram ki, gələcəkdə geymerlərimizi daha böyük müvəffəqiyyətlər gözləyir. 

- Kiberidmanda gələcək hədəflər və planlarınız barədə danışardınız.

Hədəflərimiz çoxdur və biz onlara doğru addımlayırıq. Əsas məqsədimiz Azərbaycanı kiberidman ölkəsinə çevirmək, geymerləri üzə çıxarmaq və onların peşəkarlıq səviyyəsinin artırılmasına dəstək göstərməkdir. Təbii ki, təşkil etdiyimiz və gələcəkdə təşkil edəcəyimiz turnirlər məhz kiberidmançıların təcrübə və bacarıqlarının artırılmasına yönəlib. Biz artıq ölkənin ən yaxşı oyunçularından ibarət PUBG üzrə komandanın formalaşmasına nail olmuşuq. Bizim hədəfimiz ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək güclü geymer komandalarının yaradılmasıdır. Oyunçuların inkişafına təkan vermək üçün isə onların məşq prosesinin təşkil olunmasına şərait yaratmalıyıq. Biz bunu başa düşürük və öz işimizi məhz bu istiqamətdə qurmuşuq. İnanıram ki, yaxın gələcəkdə digər kiberidman növləri üzrə də güclü komandalar formalaşdıraraq, ölkəmizin nüfuzlu turnirlərdə təmsil olunmasına nail olacağıq. 

- 10 ildən sonra kiberidman yarışlarını hansı səviyyədə görürsünüz?

Düşünürəm ki, yaxın illərdə kiberidman əsl peşə növünə çevriləcək. Kiberidmanın inkişafına elə bir maneə yoxdur, çünki o, hər kəs üçün əlçatandır. Bir neçə il əvvəl kiberidmanın digər idman növləri ilə yarışacağını təsəvvür etmək belə çətin idi. Ancaq günümüzdə kiberidman Olimpiya oyunlarının proqramına daxil edilməyə namizəddir. Düşünürəm ki, yaxın gələcəkdə kiberidman yarışları böyük stadionlarda keçiriləcək və televiziya, habelə internet kanalları bu yarışların yayımı üçün böyük vəsaitlər ödəyəcək. İnanıram ki, Azərbaycan da bu tendensiyaların bir parçası olacaq və bunun üçün biz əlimizdən gələni edəcəyik.


MƏSLƏHƏT GÖR:

294