Müəllif: Namiq MAYILOV
Qarabağ yenə alov içərisindədir. Sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələrinin (SQ) Azərbaycanın işğal altındakı ərazilərində dislokasiya olunmuş bölmələri Azərbaycanın yaşayış məntəqələrini, həmçinin Azərbaycan SQ-nin təmas xətti boyu mövqelərini artilleriya atəşinə tutmağa başlayıb. Nəticədə, Azərbaycan tərəfi həm hərbçilər, həm də dinc əhali arasında itki verib.
Azərbaycan mövqeləri və kəndlərinin atəşə tutulması bir neçə istiqamətdə baş verib. Bu, Azərbaycan SQ-nin təmas xətti boyunca əks-hücum əməliyyatlarına başlamaq məcburiyyətində qoyub. Artıq günün ikinci yarısında Azərbaycanın Müdafiə naziri Zakir Həsənov ölkənin Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandan İlham Əliyevə 6 yaşayış məntəqəsi və bir sıra strateji mövqeyin işğaldan azad olunduğunu məruzə edib. Məlum olub ki, Füzuli rayonunun Qaraxanbəyli, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, Qərvənd, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nözgər kəndləri düşmən işğalından azad olunub. Bundan başqa, işğal olunmuş ərazilərdə düşmənin müxtəlif istiqamətlərdəki postları darmadağın olunaraq, nəzarətə götürülüb. Bir müddət sonra Azərbaycan Müdafiə Nazirliyi Füzulinin Aşağı Əbdürrəhmanlı kəndinin, həmçinin Murovdağ silsiləsindəki strateji əhəmiyyətə malik Murov yüksəkliyinin də azad edildiyini açıqlayıb. Bununla, Azərbaycan hərbçiləri hərbi əhəmiyyətli Vardenis-Ağdərə yolunu vizual və atəş nəzarətinə götürüblər. Detallara varmadan yalnız onu qeyd edək ki, jurnalımızın çapa göndərildiyi 29 sentyabradək döyüşlərdə həm strateji, həm də taktiki üstünlük Azərbaycan Silahlı Qüvvələrində idi – artıq söhbət bütünlükdə rayonların azad olunmasından gedirdi.
Azərbaycan öz torpaqlarında və öz torpaqları uğrunda döyüşür
Mənəvi-psixoloji üstünlük də Azərbaycanın tərəfindədir. Əks-hücum azərbaycanlıların doğma torpaqlarına qayıdacaqları ilə bağlı inam və ümidini çox artırıb. Məhz bu səbəbdən əhali ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhə ilə bağlı qərarlarına qeyd-şərtsiz dəstək verir. Yeri gəlmişkən, İlham Əliyev hərbi əməliyyatların başlamasından dərhal sonra xalqa müraciət də edib: «Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaq».
Ermənistan rəhbərliyinin davranışları isə tam fərqlidir. Onlar Azərbaycan Ordusunun əks-hücumunun ilk günündəcə təşviş içərisində himayədarlarından yardım istəməyə başlayıblar. Baş nazir Nikol Paşinyan ölkəsini Qərbə apardığını nə qədər desə də, bu halda ilk telefon zəngini Moskvaya edib. Lakin istər Ermənistan, istərsə də Rusiya KİV-nin məlumatından belə bəlli olur ki, o, Rusiya prezidenti Vladimir Putindən gözlədiyi dəstəyi almayıb. Moskva tərəfləri təmkinli olmağa çağırmaqla, xarici işlər naziri Sergey Lavrovun Ermənistan, Azərbaycan və Türkiyədən olan həmkarlarına zəng etməsilə kifayətlənib.
Fransa, Almaniya və digərlərinin də baş verənlərə reaksiyası təxminən eyni olub.
Yeri gəlmişkən, İrəvan dünya siyasətinin nəhəng oyunçularından dəstək ala bilmək üçün Ankaranın Bakıya siyasi dəstək verməsi faktından yararlanmağa çalışıb. Ermənistan rəhbərliyi Rusiya KİV-nin də köməyilə diqqətləri Türkiyəyə yönəltməyə, bununla həm də dünyanın diqqətini yaşananların məğzindən yayındırmağa çalışır. Məsələnin məğzi isə məlumdur: Ankara Bakıya hansı siyasi dəstəyi verirsə versin, Qarabağda hərbi əməliyyatları Azərbaycanın özü aparır. «Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır», - deyə Prezident İlham Əliyev Rusiyanın «Rossiya-1» telekanalının «60 dəqiqə» verilişinə müsahibəsində bildirib.
Sentyabrın 27-dən döyüşlərin getdiyi ərazilərin Azərbaycana məxsus olduğunu Ermənistanın özü də inkar etmir. Üstəlik, Dağlıq Qarabağın özü də beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Odur ki, dünya liderləri yaranmış vəziyyətdən narahatdırlarsa, ilk növbədə, İrəvanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur etməlidirlər. Məsələn, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrində yer almış tələblərə əməl etməlidir. Həmin sənədlərdə isə Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.
Ermənistan danışıqlar platformasını yox edib
Rəsmi Bakı dünya güclərinin özlərinin çıxardıqları qərarlara hörmət etməsini kifayət qədər uzun müddət gözləyib. Lakin əvəzində hər erməni təxribatından sonra biz sadəcə, tərəflərə təmkinli olmaq, atəşkəsə riayət etməklə bağlı ünvanlanmış çağırışları eşitmişik. Halbuki bu cür sülhün uzun müddət davam edə bilməyəcəyi, problemin həlli üçün onun səbəbinin aradan qaldırılmalı olduğunu hər kəs başa düşürdü. ATƏT-in Minsk qrupu həmsədrləri də Qarabağ münaqişəsindəki status-kvonun qəbuledilməzliyini dəfələrlə bəyan etsələr də, İrəvan buna məhəl qoymurdu. Üstəlik, sülh danışıqları hər dəfə müsbət məcraya yönəldikdə Ermənistanda ya hakimiyyət dəyişirdi, ya da cəbhədə yeni təxribatlara əl atılırdı.
Nikol Paşinyanın inqilabçı hakimiyyətisə onsuz da zəif olan danışıqlar platformasını tamamilə dağıdıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev yaranmış vəziyyətdən narahatlıqlarını çatdırmaq üçün ona zəng etmiş fransalı həmkarı Emmanuel Makronun da, Almaniya kansleri Angela Merkelin də, BMT-nin baş katibi Antoniu Qutyerrişin də nəzərinə çatdırıb. İ.Əliyev N.Paşinyanın «Dağlıq Qarabağ Ermənistandır və nöqtə» bəyanatını yada salaraq, bu ifadənin danışıqlara ciddi zərbə vurduğunu bildirib. Dövlət başçısı deyib ki, Dağlıq Qarabağdakı erməni separatçılarının sülh danışıqlarına cəlb olunması cəhdləri sülh danışıqlarının formatının dəyişdirilməsi cəhdidir, bunun yolverilməz olduğunu isə ATƏT-in Minsk qrupunun rəhbərliyi özü də dəfələrlə dilə gətirib.
Bir sözlə, illərdir davam edən danışıqlar prosesindən imtina, təmas xəttində vaxtaşırı təxribatlar, «yeni ərazilər uğrunda yeni müharibə» tezisi – Ermənistan bununla Azərbaycana hərbi yola əl atmaq, öz torpaqlarını işğaldan müharibə yolu ilə azad etməkdən başqa çıxış yolu qoymayıb.
Qeyd edilməlidir ki, hazırkı gərginlik tərəflər arasında 1994-cü ildə atəşkəs müqaviləsinin imzalanmasından bu yana Qarabağ münaqişəsində yaşanan ən ciddi qarşıdurmadır. Döyüşlərin bərpa olunmasından dərhal sonra həm Ermənistanda, həm də Azərbaycanda hərbi vəziyyət elan edilib. İrəvan dərhal ümumi səfərbərlik elan edibsə, Bakıda qismən səfərbərlik elan olunub.
Əlbəttə ki, istənilən müharibə, ilk növbədə, nifaq və ölümdür. Onun canlı qüvvə, texnika itkisi olmadan aparılması mümkün deyil. Müharibə iqtisadiyyat üçün də problemdir. Lakin Azərbaycan qərarında qətidir – Azərbacan torpağında Ermənistan ordusu olmamalıdır!
MƏSLƏHƏT GÖR: