25 Noyabr 2024

Bazar ertəsi, 08:43

MİNSK QRUPU EFFEKTİ

«Diplomatik iflas», yoxsa Qarabağ nizamlamasında diplomatik yol niyə işə yaramadı?

Müəllif:

15.10.2020

Qarabağdan yenidən döyüş xəbərləri gəlir və humanitar atəşkəsin tətbiq edilib-edilməyəcəyini söyləmək hələ çox tezdir. Ümumiyyətlə, burada «əgər»lər çoxdur – əgər danışıqlar prosesini yenidən işə salmaq mümkün olarsa, əgər atəşkəs razılaşmasına hər iki tərəf əməl edərsə və s. Amma əslində, atəşkəs razılaşmasına məhz Ermənistan əməl edərsə… Onun hələ birinci Qarabağ müharibəsi dövründən atəşkəs razılaşmasından gücünü toparlamaq, «qəfləti hücuma keçmək» üçün istifadə etmək təcrübəsi hər kəsə məlumdur. Və ən başlıcası – əgər regionda sadəcə atəşkəsə nail olmaq yox, problemin siyasi yolla həlli mexanizmini tam gücü ilə işə salmaq mümkün olarsa… Azərbaycan hər zaman məhz bunu istəyib. Bu, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən də tanınması, onun Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu etiraf etməsidir (dünyanın bunlara şübhəsi onsuz da yoxur). Bu, Nikol Paşinyanın «Qarabağ Ermənistandır və nöqtə» kimi təxribatçı bəyanatına görə üzr istəməsidir. Və ən əsası, bu, işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılma qrafikininin ortaya qoyulmasıdır.

 

Tarixə ekskursiya

Bu yerdə yəqin ki, bəzi məsələlərə diqqət çəkmək yerinə düşər. Məsələn, bütün bu illər ərzində diplomatik müstəvidə nələrin baş verdiyini, daha dəqiq desək, baş vermədiyini yada salmaq lazımdır. Bəlkə də təəccüblü görünəcək, amma münaqişənin diplomatik yolla həlli üçün «hüquqi qovluq» hələ 90-cı illərin ortalarında hazırlanmışdı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni qoşunlarının Azərbaycan ərazilərindən – həm dağlıq, həm də aran Qarabağdan – dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Dünyada Qarabağın Azərbaycan ərazisi kimi göstərilmədiyi bir dənə də olsun, hüquqi sənəd yoxdur.

Nəhayət, ATƏT-in Minsk qrupu kimi vasitəçilik mexanizmi yaradılmışdı. Lakin real vasitəçi kimi yalnız onların həmsədrləri – Rusiya, ABŞ və Fransa çıxış edirdi. Onlar bunun üçün diplomatlar ayırmışdılar. Rusiyanın «7+1» və «Böyük səkkizlik» formatında keçirilən görüşlərdə iştirak etdiyi illərdə isə Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatları da olurdu… Hər dəfə bildirilirdi ki, münaqişə zonasındakı status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Lakin reallıqda heç nə dəyişmirdi…

Yəqin ki, yalnız bu fakt problemin diplomatik həll yolunun işləmədiyini təsdiqləyirdi. «Pis sülh yaxşı müharibədən yaxşıdır», «münaqişənin hərbi yolla həlli yoxdur», «sülh yolu axtarılmalıdır» və s. kimi fikirləri nə qədər istəsən təkrarlamaq olar. Lakin ortada real nəticələr yoxdursa, bəyanatlar işləmir və işləyə bilməz. Nə qədər ki, Azərbaycan ərazisinin 20%-i Ermənistanın işğalı altındadır, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün öz ev-eşiyinə qayıda bilmir, regionda möhkəm və uzunmüddətli sülh mümkün deyil. ATƏT-in Minsk qrupu adlı vasitəçilik mexanizmi isə ən vacib olan işi görmürdü – Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa, beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur edilmirdi.

 

Sülhü kim pozdu?

Beləliklə, bölgədə yaranmış vəziyyət sonsuzadək davam edə bilməzdi və hansısa mərhələdə «diplomatik dinamit» işə düşdü. Üstəlik, çoxlarının iddialarının əksinə olaraq, onu Ermənistanın özü işə saldı. Bu, 2016-cı ildə baş verdi. Hələ 2015-ci ildə o dövrdə Ermənistanın müdafiə nazirinin müavini olan David Edqaroviç Tonoyan müsahibələrinin birində hədə dolu bəyanatla çıxış etmişdi: «…Kim deyir ki, Azərbaycanın hazırkı silahlanma səviyyəsi qarşısında bizə 1994-cü ildə yaradılmış təhlükəsizlik zolağı kifayət edir? Kim deyir ki, «DQR» (dırnaq işarəsi bizə aiddir – red.) ətrafında yaradılmış təhlükəsizlik zolağı bizə bəs edir? Bu, kimin qiymətləndirməsidir? Bizim qiymətləndirməmizə görə, Azərbaycanın hazırkı silahlanma səviyyəsi qarşısında bu, artıq kifayət deyil. Bakıda Olimpiya oyunları keçiriləcək və Ermənistan qüvvələri onların başa çatmasınadək səbir edəcək…».

Bu, yeni ərazi işğalı planının açıq bəyanı idi. Ermənistan ekspertləri müdafiə naziri müavininin bu sözlərini şərh edərkən deyirdilər ki, «hərbi əməliyyatlar başlayarsa, bu dəfə erməni tanklarının bir də harada dayanacağına özü qərar verməlidir».

Lakin Ermənistanın tanklarının hərəkət istiqaməti planlaşdırıldığı kimi olmadı.

2016-cı il martın sonlarında Ermənistan sözdən əmələ keçdi və Azərbaycanın cəbhəyanı mövqeləri şiddətli atəşə tutulmağa başladı. Cavabında Bakı hərbi imkanlarının ən yaxşı halda 10-15%-ni işə salmaqla, Lələtəpə yüksəkliyinə bayraq sancdı, Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünləri geri qaytardı. Bununla da, Ermənistan acı məğlubiyyətə uğradı.

Bundan sonra İrəvan taktikanı dəyişdi.

 

«Kameralar», sülhməramlılar və darmadağın edilmiş status-kvo

Bu yerdə retrospektiv lazımdır. 2014-cü ilədək keçmiş SSRİ məkanında Dağlıq Qarabağ nə sülhməramlıların, nə atəşkəs razılaşmasına dəqiq zəmanətin olduğu yeganə münaqişə bölgəsi idi. Azərbaycan lap əvvəldən bunlara qarşı çıxır, hesab edirdi ki, bu, yalnız cəbhə xəttini «donduracaq». Bakı bunu qəbuledilməz sayırdı.

Ermənistan isə 2016-cı ilədək Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələməkdə idi. Lakin sonradan o, ritorikasını kəskin şəkildə dəyişmiş, «atəşkəsə zəmanət», «videokameralar» və s. tələb etməyə başlamışdı. Lakin İrəvan bunların heç birinə nail ola bilmədi.

Amma Ermənistanın təhlükəli hazırlıq işlərinə vasitəçilərdən də heç bir adekvat reaksiya gəlmədi. Onlar yenə də həmişəki bəyanatlarını təkrarlamaqla kifayətlənirdilər, nəticə isə yenə də yox idi…

Nəhayət, tarix təkrarlandı. Əvvəlcə elə həmin Tonoyanın, lakin artıq müdafiə naziri postunda əyləşmiş Tonoyanın bəyanatı: «Yeni müharibə – yeni ərazilər». Tovuz təxribatı, diversiya qruplarının uğursuz cəhdləri, nəhayət, Ermənistanın sentyabrın 27-si səhər əl atdığı hərbi təxribat. Bəli, məhz son təxribatdan sonra regionda tamamilə yeni vəziyyət yaranıb. Bunu Prezident İlham Əliyev də açıq şəkildə bəyan edib: «Mən dəyişdirdim status-kvonu. Bax orda, döyüş meydanında. Status-kvo yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu».

Bölgədə münaqişənin hərbi həll yolu işə düşüb və bu, vəziyyəti dəyişib.

Bu gün Azərbaycan yalnız ermənilərin Qarabağdakı təmas xəttini yarmayıb. Əvvəlki vasitəçilik mexanizmi də darmadağın olub. Odur ki, indi ATƏT-in Minsk qrupu qarşısında başqa vəzifə dayanır: onlar ya yeni, işlək mexanizm müəyyənləşdirildi, ya da sakitcə kənara çəkilərək, mane olmamalıdırlar.

Və unutmamalıdırlar: Azərbaycan geri çəkilməyəcək!



MƏSLƏHƏT GÖR:

297