Müəllif: İlqar VƏLİZADƏ
Bu gün Dağlıq Qarabağda gedən hərbi əməliyyatlar miqyasına görə, tərəflər arasında 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasından sonra qeydə alınmış ən ciddi toqquşmalardır. Gərginliyə erməni tərəfinin Azərbaycana qarşı bitmək bilməyən təxribatları və az qala 25 ildir aparılan sülh danışıqlarında heç bir irəliləyişin əldə edilməməsi səbəb olub.
Təəssüf ki, bütün bu illər ərzində bitmək bilməyən, üstəlik, nəticə də verməyən danışıqlar sadəcə, cəbhə bölgəsində 1990-cı illərin ortalarında formalaşmış status-kvonun davam etməsilə yadda qalıb. Lakin bu dövrdə münaqişə zonası və ətrafında real vəziyyət sürətlə dəyişirdi. Azərbaycan iqtisadiyyatı miqyaslı enerji və nəqliyyat layihələrinin reallaşdırılması sayəsində sürətlə inkişaf edir, Ermənistanda isə əksinə, iqtisadi vəziyyət, ölkənin gəlirlərinin səviyyəsi gündən-günə geri gedirdi. Bu, Bakıya hərbi büdcəsini əhəmiyyətli dərəcədə artırmaq, Silahlı qüvvələrinin hərbi hazırlığını gücləndirmək imkanı verirdi.
Bütün bunların fonunda erməni tərəfi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə əməl etməkdən boyun qaçırırdı. Söhbət Ermənistan silahlılarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən, sülh prosesinin başlanmasına hesablanmış qətnamələrdən gedir.
Heç bir irəliləyişin qeydə alınmadığı danışıqlar prosesindən fərqli olaraq, hərbi-siyasi sahədə vəziyyət ildən-ilə gərginləşirdi. Nəticədə, tərəflər arasında 2016-cı ilin aprelində ilk ciddi toqquşma da baş vermişdi. O zaman erməni tərəfinin növbəti təxribatına cavab olaraq, cəbhə xəttində əks-hücuma keçərək, 2000 hektarlıq ərazisini geri qaytarmışdı.
Bundan sonra danışıqlar prosesi bərpa edilsə də, yenə də erməni tərəfinin vəziyyəti dəyişmək istəməməsi üzündən heç bir nəticə əldə olunmamışdı. Belə bir vəziyyətdə müharibəyə fəal hazırlığın getdiyi hər cəhətdə özünü göstərirdi. Üstəlik, ağır daxili iqtisadi vəziyyətdə olan Ermənistan diqqəti daxili problemlərdən yayındırmaq üçün cəbhə xəttində davamlı təxribatlara əl atırdı.
Nəhayət, sentyabrın sonlarında gərginlik özünün pik həddinə çatdı. Sentyabrın 27-də Azərbaycan mövqelərinin növbəti dəfə atəşə tutulmasından sonra əks-hücuma keçdi. Beləliklə, cəbhədə tammiqyaslı hərbi əməliyyatlar başladı.
Danışıqlar prosesinin son illərdəki ümumi istiqaməti
Son bir neçə ildə müzakirə olunan əsas mövzulardan biri Dağlıq Qarabağa bitişik rayonların Azərbaycanın nəzarətinə qaytarılması olub. Maraqlıdır ki, Ermənistan beynəlxalq hüquqa zidd olaraq, onları «azad olunmuş torpaqlar» sayır. Ermənilərin məntiqinə görə, «azad edilmiş torpaqlar» yalnız Dağlıq Qarabağa müstəqillik verilməsinin əvəzində geri qaytarıla bilər. Halbuki dünyada onların Azərbaycana məxsus olduğunu Ermənistandan başqa heç bir dövlət inkar etmir.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin belə, Dağlıq Qarabağı əhatə edən ərazilərin necə adlandırılması ilə bağlı tərəddüdü yoxdur. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin dekabrında Moskvada keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı bir sıra qərarların olduğunu deyib. O, belə qərarlardan birinin BMT TŞ-nin müharibənin ən qızğın vaxtında qəbul etdiyi qətnamələr olduğunu xatırladıb, həmin sənədlərdə işğal olunmuş ərazilərin boşaldılmasının tələb edildiyini bildirib və bu tələbin qüvvədə qaldığını söyləyib.
Daha sonra – 2018-ci ildə ABŞ səfiri Riçard Mills Ermənistan KİV-də açıqlamasında İrəvanın Azərbaycanın işğal olunmuş rayonları ilə bağlı mövqeyini anlamadığını bildirib. «Mən buraya (Ermənistana) ilk gəldiyimi də təəccüblənmişdim: görüşdüyüm ermənilərin əksəriyyəti işğal olunmuş torpaqların danışıqlar prosesi çərçivəsində geri qaytarılmasına qarşı çıxırdı. Qəribə idi ki, Ermənistanda qəbul oluna biləcək qərarlar, mümkün kompromislər haqda heç bir müzakirə aparılmırdı. Halbuki mənim hökumətim uzun illər hesab edib ki, bu ərazilər sonradan «sülh qarşılığında ərazi» formulunu həyata keçirmək məqsədilə tutulub. Bu variantın dəstəklənmədiyini bildikdə çox təəccübləndim», - deyə o, qeyd edib.
Halbuki danışıqlar prosesinin çərçivəsini baza kimi qəbul edilmiş beynəlxalq hüquq sənədləri, onlarda yer almış yanaşma və prinsiplər müəyyənləşdirməli, gündəliyini formalaşmasında həlledici rolu onlar oynamalıdır. 2016-cı ildən sonra aparılan danışıqlar prosesinin əsasında da məhz bu yanaşma dayanırdı. 2016-cı ildə Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlərdə tərəflər konkret mövzular ətrafında müzakirə aparmışdılar. Hətta deyilənə görə, o zaman Bakı ilə İrəvan ilkin razılığa belə, gəlmişdilər.
Bütün sirlər nə vaxtsa açılır
Nəhayət 2020-ci ilin əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyan tərəflər arasında o dövrdə aparılan danışıqların məğzini ictimaiyyətə açıqlamaq qərarına gəlib. O, müzakirələrin gündəliyini təşkil edən bəzi detalları dilə gətirməyi lazım bilib. Yanvarın 25-də Qafan şəhərində keçirdiyi mətbuat konfransında Paşinyan danışıqlar masası üzərində Sarqsyan hökumətindən qalma sənədin olduğunu söyləyib. Həmin sənədə əsasən, Azərbaycanın 7 rayonu – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın – geri qaytarılmalı, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz saxlanmalı, Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələr isə azərbaycanlı qaçqınların həmin torpaqlara qayıtmasından sonra aparılmalı imiş.
Bununla yanaşı, Azərbaycana Ermənistana gedən yolların açılması, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 2 rayona (Kəlbəcər və Laçın) aralıq statusunun verilməsilə razılaşması təklif olunurdu. Nəhayət, Dağlıq Qarabağın gələcək taleyini həll edəcək referendumun keçiriləcəyi vaxt müəyyənləşdirilməli idi. Daha bir təklif 5 rayonun azad olunmasından sonra bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsilə bağlı idi. Bu məsələ əvvəldən razılaşdırılmalı idi.
Bütün bunların sonunda regionun siyasi və hüquqi statusu Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının iradəsi əsasında müəyyənləşdirilməli idi. Lakin Bakı bir məqamı israrla bildirirdi ki, bölgənin statusunun müəyyənləşdiriləcəyi referendumda Azərbaycanın ərazi bütövlüyü şübhə altına alına bilməz. Üstəlik, bu zaman hər iki icma eyni hüquqlara malik olmalıdır. Bölgədə yaşayan bütün vətəndaşların iştirak etməli olduğu referendumun vaxtı isə xüsusi siyasi akt olaraq müəyyənləşdirilməli idi.
Paşinyanın bu sənədin mövcudluğunu təsdiqləməsi göstərir ki, tərəflər hansısa mərhələdə münaqişənin mərhələli həlli planının icrasına yaxın olublar. Azərbaycan hər zaman məhz bu planın reallaşdırılmasında israr edib və ATƏT-in Minsk qrupunun həmsədrləri də onun bu yanaşmasını anlayışla qarşılayıb. Lakin təəssüf ki, İrəvan qorxusuna qalib gələ bilməyib. Beləliklə, erməni tərəfi məsələnin mərhələli şəkildə yox, bütün planın birdəfəyə icrasında (paket həll) israr edib.
Azərbaycan üçün bu, qəbuledilməzdir. Çünki bu variantda Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması ilə eyni vaxtda Dağlıq Qarabağa müstəqilliyin verilməsini tələb edir. Üstəlik, bu halda keçmiş DQMV ilə Ermənistan arasındakı rayonlardan olan azərbaycanlı qaçqınların gələcək taleyi də qeyri-müəyyən qalır.
Belə şəraitdə 5 rayonun qaytarılması faktiki olaraq, Laçın və Kəlbəcər rayonları da daxil olmaqla, işğal edilmiş digər ərazilər üzərində suverenliyin itirilməsi anlamına gəlir. Paket həll variantında onlara xüsusi statusun verilməsi nəzərdə tutulur.
İrəvan: danışıqlar prosesinə əngəl
Getdikcə daha çox aydın olurdu ki, danışıqlarda istənilən irəliləyiş İrəvan üçün Dağlıq Qarabağ probleminin erməni tərəfinin maraqlarına uyğun həll olunmadan işğal olunmuş əraziləri itirmək deməkdir.
Bu ilin iyulunda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində vəziyyətin gərginləşməsindən sonra Rusiyanın XİN başçısı Sergey Lavrov faktiki olaraq, İrəvanı münaqişəni qızışdırmaqda ittiham edib. O, erməni tərəfinin «Azərbaycanın ixrac borularının 15 kilometrliyində yerləşən keçmiş Nəzarət Buraxılış Məntəqəsini bərpa etməyə çalışdığını» söyləyib.
Yeri gəlmişkən, həmin vaxt Rusiya hökuməti danışıqlara fəal hazırlıq görür, nazirlərin təxminən payızda keçirilməli olan növbəti görüşündə substantiv danışıqlara başlanılmasına dair razılığın əldə ediləcəyinə ümid bəsləyirdi. Lakin Ermənistan tərəfinin praktiki addımları İrəvanın real nəticələrin əldə olunmasına çalışmadığını, prosesi mümkün qədər uzatmaq fikrində olduğunu ortaya qoyub.
Üstəlik, sentyabr döyüşləri ərəfəsində bir məqam da üzə çıxıb. Məlum olub ki, Paşinyan hakimiyyətə yeni gəldiyi dövrdə Azərbaycanla razılığın əldə olunmasına maraq göstərirmiş və prezident İlham Əliyevə ikitərəfli danışıqların aparılmasını təklif edibmiş. Odur ki, Bakı Ermənistanın «Qarabağ klanı»na aid olmayan, Azərbaycan torpaqlarının işğalında iştirak etməmiş yeni rəhbərliyinin daha konstruktiv mövqe nümayiş etdirəcəyinə ümid edirmiş. Lakin bu, baş verməyib. Paşinyan vaxtdan, danışıqlar prosesindən öz mövqelərini gücləndirmək, o cümlədən Dağlıq Qarabağı siyasi iradəsi altına almaq üçün istifadə edib.
Nəticədə, son aylarda Bakı Ermənistan rəhbərliyinə və ümumilikdə danışıqlar prosesinə inamını tam itirdiyini hər kəsə göstərirdi. N.Paşinyanın 2019-cu ilin sentyabrında Dağlıq Qarabağda «Qarabağ Ermənistandır və nöqtə» söyləməsi isə Bakı üçün dönüş nöqtəsi olub. Bu azmış kimi, separatçı rejimini liderinə bölgənin azərbaycanlı əhalisi üçün siyasi və mədəni mərkəz olan Şuşa şəhərində «inauqurasiya»nın təşkili Bakı tərəfindən Azərbaycana özünəməxsus çağırış kimi qiymətləndirilib.
Hərbi-siyasi «nəticə»
Beləliklə, sentyabrın 27-i səhər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərini növbəti dəfə atəşə tutmasından sonra Azərbaycan bütün cəbhə boyu miqyaslı hərbi əməliyyatlara başlayıb. Bununla da, o, işğal olunmuş ərazilərin azad edilməsi üçün tammiqyaslı müharibəyə başlayıb. Başqa sözlə, danışıqlar prosesi tam dayandırılıb. Hər halda, Azərbaycan Ordusunun 26 ildən artıqdır Ermənistanın işğalı altında olan ərazilərini azad etmək üçün hücuma keçdiyi bir vaxtda İrəvanla danışıqlar praktik əhəmiyyətini itirir. Danışıqlarda etibarlı tərəf müqabili olmadığını, sözlərinə və əməllərinə görə məsuliyyət daşımadığını göstərən Paşinyan hökumətilə danışıqlar, həqiqətən, mənasızdır.
Paşinyan faktiki olaraq, sülh ssenarisinin müharibədən qaçmağa imkan verəcəyinə ümid edən Minsk qrupuna da badalaq vurub. Ermənistan rəhbərliyi hər kəsə göstərib ki, o, ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan heç bir planı qəbul etmək niyyətində deyil. İrəvanın danışıqlar prosesindən yeganə gözləntisi işğal altındakı ərazilərin yalnız bir qisminin boşaldılması (Laçın və bəlkə də Kəlbəcər də istisna olmaqla), əvəzində Azərbaycanın Dağlıq Qarabağ separatçılarının müstəqilliyini tanıması.
Lakin Bakı artıq bütün səylərini işğal olunmuş ərazilərinin hamısının, o cümlədən Dağlıq Qarabağın geri qaytarılmasına yönəldib.
İndi, hərbi əməliyyatlar regionda yeni hərbi-siyasi vəziyyət yaradıb. Şübhəsiz ki, artıq nizamlama prosesinin gələcəyi fərqli olacaq. Məlumdur ki, Bakı hərbi vəziyyətin dəyişməsi fonunda Ermənistana qarşı tələblərini sərtləşdirəcək. Azərbaycan Prezidenti İlham Əliyev də bildirir ki, Ermənistan işğal olunmuş torpaqlardan çəkilməli, qoşunlarını oradan çıxarmalı və Azərbaycan tərəfinə bunun hansı qrafik üzrə həyata keçiriləcəyini konkret söyləməlidir. Ermənistan hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanımalı və ona qarşı həyata keçirdiyi təcavüzə görə üzr istəməlidir.
Artıq İrəvanın durmadan artan xərcləri, korlanan imici fonunda güzəştə məcbur olacağına şübhə yoxdur. Nikol Paşinyan hökuməti demoralizə olub və üstəlik, daxildə ciddi narazılıqlarla qarşı-qarşıya qalıb. Yaxın vaxtlarda Ermənistanı yeni daxili siyasi təlatümlərin gözlədiyi istisna deyil. Bu halda ölkənin gələcəyinə görə məsuliyyəti artıq başqa siyasi rəhbərlik üzərinə götürəcək.
MƏSLƏHƏT GÖR: