Müəllif: Sənan ŞƏFİZADƏ
Güləş üzrə Azərbaycan millisində dəyişiklik var. Olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş üzrə yığmanın baş məşqçisi təyin olunub. O, yeni vəzifədə Zəlimxan Hüseynovu əvəzləyib.
Namiq Abdullayevin vaxtilə lideri olduğu milli komandaya baş məşqçi kimi qayıdışı gözlənilməz olub. Karyerasını başa vurandan sonra Azərbaycan Güləş Federasiyasında vitse-prezident işləyən tanınmış güləşçinin çətin dönəmdə baş məşqçi işləməyə razılaşması maraqlı məqamları ortaya çıxarıb. Güləş yığması nadir komandalardan biridir ki, orada bəzən qazanılan 2-3 medal qənaətbəxş hesab edilmir. Daim məşqçi təzyiq altında olur. Yaranan suallara cavab tapmaq üçün “Region plus” Namiq Abdullayevin özü ilə görüşmək qərarına gəlib.
- Təyinatınızla bağlı sizi təbrik edirik. Yəqin, razılaşarsınız, bir az gözlənilməz oldu.
- Milli komandada baş məşqçi işləmək böyük şərəfdir. Bu etimada görə rəhbərliyə minnətdaram. Daha əvvəl yeniyetmə və gənclər üzrə yığmalarda çalışmışam. Son vaxtlaradək isə aşağı çəkilərə nəzarət edirdim. Yəni daim millinin yanında olmuşam. Millidə yeni deyiləm. Sabiq güləşçi olmur, biz daim komandanın nəticələriylə maraqlanmışıq.
- Məşqçi Namiq Abdullayevin yığmanın lider güləşçisindən fərqi nədədir?
- Sərbəst güləş millisində baş məşqçi olmaq böyük məsuliyyətdir. Bilirsiniz ki, bu komanda daim Azərbaycanı sevindirib. Mötəbər yarışlardan ölkəmizə medallar gətirib. Baş məşqçi kimi yüksək səviyyəni qorumağa çalışmalıyam. Eyni zamanda 2021-ci ildə Tokioda Yay Olimpiya Oyunları keçiriləcək. Ən böyük sınağımız məhz olimpiadada olacaq. Güləşçilərimiz daim nüfuzlu yarışlarda yüksək nəticələr qazanıb. Əvvəllər güləşçilərimizə qarşı haqsızlıqlar çox olurdu. Amma artıq 15 ilə yaxındır ki, belə hallar təkrarlanmır. Bu da federasiyamızın prezident əvəzi – Namiq Əliyevin Dünya Güləş Birliyində büro üzvü olmasından irəli gəlir. Ötənilki dünya çempionatında güləşçimiz Hacı Əliyevə göstərilən qırmızı vərəqənin ləğvi bunun nəticəsidir.
- Məşqçilik sizin üçün yeni deyil?
- Tamamilə doğrudur. Federasiyada vitse-prezident kimi çalışdığımdan regionlar üzrə güləşin inkişafına diqqət edirdim. Son aylar isə yığmanın məşqlərində iştirak etməklə güləşçilərə kömək edirdim. Hər zaman cavanlara lazımi məsləhətləri vermişəm. Sabiq baş məşqçi Zəlimxan Hüseynov pandemiyaya görə Bakıya qayıda bilmədiyindən güləşçilərin məşqlərinə nəzarət edirdim. Bu mənada yeni işə təyin olunmamışam.
- Sizin dövrünüzlə indiki güləşin fərqli cəhətlərini deyə bilərsiniz...
- Güləşdə qaydaların dəyişməsini qeyd etməliyəm. Qaydalar dəyişəndə idmançılar üçün çətinlik yaranır. Bu zaman hazırlıq prosesi dəyişir. Güləşin inkişafı daha çox ölkəni əhatə edib. Hazırda bütün ölkələrdə güləş inkişafdadır. Ona görə yarışlarda zəif idmançıyla rastlaşmaq mümkün deyil. Azərbaycan güləşçilərinə qarşı bütün idmançılar ikiqat əzmkarlıqla çıxış edir. İndi bütün yarışlara favorit qismində qatılırıq. Ona görə bizə qarşı xüsusi hazırlaşırlar.
- Baş məşqçi kimi Olimpiya Oyunlarına qazanılan lisenziyaların sayı, yəqin ki, sizi razı sala bilməz..
- Əlbəttə, razı salmır. Sərbəst güləşçilərimiz Tokio Olimpiadasına cəmi bir lisenziya əldə edib. Bu 97 kq-da çıxış edən olimpiya çempionumuz Şərif Şərifovun aktivindədir. Lakin olimpiadaya vaxt var. Biz mümkün qədər lisenziyalarımızın sayını artırmalıyıq. Hazırda milli komandamız karantin qaydalarına uyğun olaraq məşqləri davam etdirir. Məşqlərdə bütün qaydalara əməl edilir. Amma məşq yarışı əvəz etmir. Yarışda olan həyəcan, təcrübəni məşqdə yaşamaq mümkün deyil. Sözsüz, koronavirus bütün idman növləri kimi güləşə də təsirsiz ötüşməyib. Bununla belə, əsas sağlamlıqdır. Biz gərək sağlamlığımıza diqqət edək. Sonra idman barədə düşünək.
- Milli komandada dəyişiklik olacaq?
- Sərbəst güləş üzrə Azərbaycan millisi dünyanın ən güclü komandaları sırasındadır. Bizim heyətdə çoxlu sayda titullu pəhləvanlar var. Sadəcə bu güclü heyəti hazırlaşdırmaq lazımdır. Güləşdə heyətlə bağlı dəyişiklik, adətən, olimpiadadan sonra baş verir. Biz indi Tokio Olimpiadası ərəfəsində ciddi dəyişiklik edə bilmərik. Olimpiya Oyunlarından sonra karyeralarını başa vuranlar olur. Onların yerinə gənclərdən ibarət komandadan yeni güləşçilər dəvət olunur. Hazırda hədəfimiz lisenziya sayını artırmaq və Tokio Olimpiadasına ən yaxşı səviyyədə çıxış etməkdir.
- Baş məşqçi kimi ilk yarışınız nə vaxta təsadüf edəcək?
- Pandemiyaya görə bütün yarışlar təxirə salınıb. Bu səbəbdən, lisenziya xarakterli yarışlarımız da keçirilməyib. Hazırda Dünya Güləş Birliyi dekabrda dünya çempionatını təşkil etməyi planlaşdırır. Dekabrda Serbiyanın paytaxtı Belqradda planetin ən güclü güləşçiləri mübarizə aparacaq. Orada həm də olimpiadaya lisenziyalar öz sahiblərini tapacaqlar. Gərgin mübarizə gözlənilir.
- Baş məşqçinin işi hər zaman müzakirə edilir. Çox vaxt tənqid obyektinə çevrilir. Namiq Abdullayev tənqidlərə hazırdır?
- Güləşçilərimiz həmişə bizi qələbələrlə sevindirib. Güləş ölkəmizə indiyə qədər iştirak etdiyimiz bütün olimpiadalardan medalla qayıdıb. Bu bizim milli idman növümüzdür. Əlbəttə, tənqid olacaq, sağlam tənqid hər zaman işimizin xeyrinədir. Tənqid inkişafa dəstək olur. Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən diqqət və qayğı göstərilir. Hamıya məlumdur ki, idmanın inkişaf strategiyasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçımız İlham Əliyev bütün idmançıları qayğıyla əhatələyib. Çempion idmançıların bütün sosial problemləri həll olunur. Belə şəraitin qarşılığından yüksək nəticələr göstərməyə borcluyuq. Baş məşqçi kimi hər bir güləşçimin uğur qazanması üçün çalışacam.
- Köməkçiləriniz məlumdur?
- Böyük məşqçi Zəlimxan Hüseynov, məşqçi isə Arif Abdullayevdir. Hüseynov hazırda Dağıstandakı güləşçilərlə birgədir. Razılıq əldə etsək, o, komandada qala bilər. Son qərarı federasiya rəhbərliyi verəcək.
- Sərbəst güləşdə olimpiya çempionu olmusunuz. Üç dəfə böyüklər arasında Avropa Çempionatında qızıl medala layiq görülmüsünüz. İndi baş məşqçi kimi olimpiya çempionu yetişdirmək mümkündürmü?
- Zamana ehtiyac var. Məşqçi kimi işimi yarışda göstərməyə çalışacam. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan millisi adi komanda deyil. Bizim millimizdə titullu idmançılar çoxdur. Ona görə bu komandada baş məşqçi olmaq məsuliyyətdir, həm də qürurludur.
MƏSLƏHƏT GÖR: