23 Dekabr 2024

Bazar ertəsi, 02:39

QARŞIDA QARABAĞDIR

Fərid NOVRUZİ: «Torpaqlarımız azad edildikdən sonra ilk işim bu diyarı başdan ayağa öyrənmək olacaq»

Müəllif:

01.11.2020

İndi qarşıda Qarabağdır. Bunun üçün Everesti fəth etmək planlarını bir müddət təxirə salmağa dəyər. Bu gün dünyanı gəzən azərbaycanlı, səyyah, alpinist, memar, iş adamı Fərid Novruzi Şuşa arzusu ilə yaşayır. Müqəddəs Qələbə günü gələndə isə Azərbaycanın cənnət guşəsinin - Qarabağın hər qarışını tanımaq istəyir.

Fərid dünya səyahəti gerçəkləşdirmiş ilk azərbaycanlı sayılır. Zirvələri fəth edilmiş 72 ölkənin siyahısına Uayna-Potosi (Boliviya), (Tanzaniya), Elbrus (Rusiya, Avropa), Kazbek (Gürcüstan, Rusiya), Ağrıdağ (Türkiyə) zirvələri, uyğun olaraq canlı xatirələrin baqajı, o cümlədən maraqlı, inanılmaz və təhlükəli əhvalatlar daxildir. Hər səfərə yola düşəndə Fərid özü ilə çox az şey götürür – bel çantası və Allaha inam.

- Hazırda Azərbaycan tarixi işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı önəmli günlər yaşayır. Yəqin ki, sizin bir səyyah kimi, çoxdan heç bir azərbaycanlının ayaq basa bilmədiyi torpaqları necə araşdıracağınız barədə fikirləriniz var?..

- Bəli, biz bu gün çox həyəcanlı günlər yaşayırıq. Azadlıq müharibəsi gedir, çoxdan gözlədiyimiz Vətən müharibəsi. Uca Allahın köməyi ilə əminəm ki, azərbaycanlıların həmişə yaşadıqları bütün ata-baba torpaqlarımızı tezliklə qaytaracağıq. İnşallah, orada sülh hökm sürəcək! Hər şey öz həllini tapdıqdan sonra, ilk növbədə bütün xarici səfərlərimi təxirə salacam və məmnuniyyətlə Qarabağı gəzəcəm. Əlbəttə ki, baş çəkmək istədiyim ilk yer Qarabağın incisi - Şuşadır. Daha sonra - Sərsəng su anbarı, Kəlbəcər, Laçın və Azərbaycanın digər tarixi əraziləri. Əsgəran qalasını və Alban monastırlarını çox görmək istəyirəm. Görmək və sosial şəbəkələrdə öz xarici oxucularınıza sevinc və xoşbəxtliyimi çatdırmaq istəyirəm ki, nəhayət ədalət qalib gəldi!

- Siz uşaqlıqda heç Qarabağda olmusunuzmu və ya valideynləriniz olubmu?

- Atam memar kimi Laçında olub. Şəhərdəki restoranlardan biri onun layihəsi ilə tikilib. 80-ci illərdə Xankəndidən keçərək orada olub. İndi mən arzu edirəm ki, biz birlikdə gedək və geniş Vətənimizin bu gözəl hissəsini görək.

- Azad edilmiş ərazilərdə çəkilişlər geniş dağıntıları, heç bir infrastrukturun olmadığını göstərir. Bir memar olaraq bu torpaqların bərpasına hansı töhfəni verə bilərsiniz?

- Torpağımızın işğalçılar tərəfindən nə günə salındığını gördükdə ürəyim parçalanır. Məhv olmuş memarlıq abidələrinə görə ürəyim ağrıyır. Əlbəttə ki, bir ölkə vətəndaşı kimi, Vətənini sonsuza qədər sevən bir insan kimi, bir sahibkar kimi kəndlərimizin və şəhərlərimizin bərpasında iştirak etmək istərdim. Əgər dövlətimiz icazə verərsə, biz iş adamları bu töhfəni verməyə hazırıq və bunu şərəf hesab edirik. Məscid və məktəblərin, parkların bərpasından tutmuş evlərin və binaların tikintisinə qədər. Əlbəttə ki, bu gözəl işdə öz izimi qoymaq istərdim!

- Ancaq siz başlanğıc üçün hazırda ön cəbhədə olan bir əsgərin arzusunu gerçəkləşdirdiniz, arzusunda olduğu avtomobili ona hədiyyə etdiniz, həm də Azərbaycan ordusuna kömək üçün xeyriyyə tədbirinə qoşuldunuz...

- Yalnız mən yox, biz hamımız hazırda sosial şəbəkələr də daxil olmaqla cəbhə xəbərlərini izləyirik. Bir dəfə bir videoya rast gəldim, orada əsgərlərimiz Hadrutun işğaldan azad edilmiş küçələrini gəzərkən tərk edilmiş iki qapılı «Mersedes-kupe» görürlər. Əsgərlərdən biri yanındakı əsgərə dönərək bunun xəyallarının maşını olduğunu söyləyir. Bu sözlər ruhuma toxundu və mən laqeyd qala bilmədim. Dərhal öz səhifəmdə yazdım ki, narahat olmasın, bircə sağ-salamat geri dönsün, xəyallarındakı maşın qəhrəmanını gözləyəcək.  

Biz həm də Silahlı Qüvvələr Fondunun hesabına 30 min manat köçürdük. İnanıram ki, torpaqlarımızın azad edilməsinə töhfə vermək hər bir vətəndaşın və iş adamının borcudur, ordumuz üçün xeyriyyə işləri görməyə davam edəcəyik! Bilirsiniz, bu uşaqların hər biri böyük hərflə Qəhrəmanımızdır. Allah şəhidlərimizə rəhmət eləsin. İndi döyüşənlərə Allahdan sağlıq diləyirəm. Sağ-salamat ailələrinə, qohumlarının yanına qayıtsınlar. Bu döyüşçülər tariximizi yazırlar, torpaqlarımızı azad edirlər. Və bu gün bütün Azərbaycan xalqı onlara borcludur.

- Demək olar ki, bu yaxınlarda dünya səyahətindən qayıtmısınız...

- (gülümsəyir) Arzum çin oldu, amma tam yox. İndi fasilədəyəm. Qələbəni və sərhədlərin açılmasını səbirsizliklə gözləyirəm. Sonra "dünya gəzintisində" bütün nöqtələri tamamlamaq üçün yenidən yelkənləri açacam. Yalnız belə olarsa, beynəlxalq "dünya gəzintisi" klubuna girə bilərəm. Məsələ burasındadır ki, "dünya gəzintisi" anlayışına aeroplandan istifadə etmədən bütün qitələri gəzmək, ekvatoru iki dəfə keçmək, iki antipod nöqtəni ziyarət etmək və bütün meridianları keçmək daxildir. Bu iki nöqtəni keçməyi bacardım. Üstəlik, hər materikdə avtomobil, velosiped və ya ayaqla ən azı 10 000 km qət etməlisiniz. Yəni bütün səyahət boyu 40 000 km yol qət etməlisən. Mənim hesabımda 42 000 km var. Buna qəfildən ortaya çıxan və bütün planları dəyişdirən bir pandemiya üzündən Parisdən Bakıya 6000 km-lik geri dönüş də daxildir.

- Çin olmamış nəsə qalıb?

- İki qitədə - Afrika və Şimali Amerikada olmamışam. Düzdür, daha öncə oralara getmişdim. Ancaq dünya gəzintisi şərtlərinə görə getdiyim zaman altı qitənin altısında da məhz səyahət məqsədi ilə olmalı idim.

- Maraqlıdır, hərəkətin prinsipcə qeyri-mümkün olduğu bu qədər çətin bir zamanda Bakıya necə qayıda bildiniz?

- Bütün səyahətin əsas maraqlı yeri bu idi. Qapalı sərhədlərdən keçərək, onda nəinki bir Azərbaycan vətəndaşı, hətta avropalıların özləri də hərəkət edə bilmirdilər, amma mən möcüzəvi şəkildə vətənə dönə bildim. Məni bir yük maşını və sosial şəbəkədən tamamilə tanımadığım bir adamın məsləhəti qurtardı. O, mənə yük avtomobili satın almağı, daşıyıcı şirkətdən etibarnamə götürməyi və sənədləri rəsmiləşdirməyi məsləhət gördü. Ümumiyyətlə, bir sıra rəsmiyyətlərdən keçməli oldum. Bu, çox həyəcanlı və eyni zamanda çox əyləncəli idi. Altı gün ərzində bir çox (Fransa, Polşa, Litva, Rusiya, Almaniya) gömrük yoxlamalarından keçərək, insanların təəccüblü sualları ilə qarşılaşırdım: “Bura necə gəlib çıxmısınız?” Böyük stres keçirərək buraya qədər gələ bildim və indi sizinlə danışmaq imkanına sahibəm.

- Hər kəs üçün "səyahət" anlayışının öz mənası var. Bəziləri üçün bu çimərlikdə passiv bir istirahətdir, bəziləri üçün tarixin və memarlığın öyrənilməsidir, kimlərəsə duyğular və canlı təəssüratlar lazımdır. Bəs, siz niyə səyahət edirsiniz?

- Mənim bununla bağlı öz kateqoriyalarım var. Hər şeydən öncə, mən vizual kolleksiya yaradıram. Gəzdiyim ölkələrdə gördüyüm hər şey mənim üçün ən qiymətli dəyərdir. Daha sonra, ölkənin daşıdığı tarix mənim üçün önəmlidir, uyğun olaraq tarixi yerləri gəzirəm və özəlliklərini öyrənirəm. İşin başqa tərəfi təbiətdir. Axı, hər diyarın öz gözəlliyi ilə tanınan bənzərsiz təbii xəzinəsi var. Bu, Yaradanın əlləri ilə yaradılıb və hər şeyin inanılmaz dərəcədə düşünülmüş olmasına heç vaxt heyrətin bitməyəcək. Əlbəttə, bu ölkədə bir dağ varsa, bu ikiqat sevincdir. Əgər həmin zirvəni fəth etməsəniz, bu, geri natamamlıq hissi və hansısa narazılıqla qayıtmaq deməkdir. Bu, Şotlandiyaya getmək və Lox-Ness gölünü görməmək kimi bir şeydir.

- Ancaq gölün sizi təsirləndirməkdənsə, məyus etdiyini söyləmişdiniz...

- Bu doğrudur. Ancaq onu görməmək də heç bağışlanmaz (gülür).

- “Dünya gəzintisi” neçəyə başa gəlir? Yəqin ki, hər adamın buna imkanı çatmaz?..

- (düşünür) Təbii ki, bu ucuz əyləncə deyil. Ən azı 30 min avro gərəkdir. Amma yenə də hər şeyi elə hesablamaq lazımdır ki, hərəkət üçün ən əlverişli variantlardan istifadə edəsən və işi batırmayasan. Məsələn, tankerlə okeanı keçmək, amma bu əsl stresdir. Təkcə gəmi ilə səyahət 20 min avroya başa gəlir. Özü də, bu, ən qənaətcil seçimdir - ən uzaq küncdə və pəncərəsiz kayutada. Mənim "dünya gəzintim"ə bu günə kimi 100 min avro gedib. Bu baxımdan insanların kommentlərinə son dərəcə təəccüblənirəm: "Yaxşı, burda çətin nə var ki, öz laynerində oturub rahatlıqla üzürsən." Ancaq mən danışanda ki, Bakıya qayıdan zaman yolda ancaq kolbasa-çörək yemişəm, çünki heç bir yer işləmirdi, yolda bir çox başqa birmənalı olmayan çətinliklər var, həmin "yozumçular" artıq bütün bunlara başqa cür baxırlar. Yəni bir səfərdə bir gün sizin üçün hər şey inanılmaz şəkildə rahat ola bilər, sabah isə sizi tamamilə xoşagəlməz bir sürpriz gözləyə bilər. Belə olanda artıq Tanrıdan başqasına güvənə bilməyəcəksiniz.

- Mətbuat konfranslarından birində demisiniz ki, Everesti fəth etmək arzusundasız, ancaq bu barədə ananıza məlumat verməyə cəsarət etmirsiniz. Sirriniz hələ açılmayıb?

- (gülür) Yox, bütün kartlar artıq aşkarlanıb. Fiziki məşqlərlə yanaşı, mən anamı da dilə tuturam. Allah ömür versin, amma bu kampaniyaya hazırlaşmaq üçün hələ bir-iki ilim var. O vaxta qədər anamı razı salaram (gülümsəyir).

- Axırıncı dəfə dağa qalxanda ayağınızı zədələmisiniz...

- Hə, bu, Ekvadorda olub. Həmin yüksəklikdə Ekvadorun ən gözəl vulkanlarından biri yerləşir. Üstəlik, aktivdir. Mən artıq 5000 m yüksəklikdə idim və kürəyimdə iri çantayla daha irəli getmək çətin idi və demək olar ki, qeyri-mümkün idi. Dağdan enməli oldum və bu da heç də asan deyildi. Sonrakı günlərdə ayağımda güclü bir ağrı hiss etdim. Daha sonra Peruda bir klinikada mənə dedilər ki, əməliyyat olunub sağalmalıyam. Ancaq mənim planımda Everestdən başqa layihələr də var: şəlalələr, 7 zirvə, 7 vulkan, dünyanın 7 möcüzəsi və s. Məndən hər zaman soruşurlar: belə risk etməkdən qorxmuram ki? Risk haqqında düşünsəm, istədiklərimi gerçəkləşdirə bilərəmmi?

- Şəxsən özünüz üçün seçdiyiniz dünyanın ilk yeddi möcüzəsinin siyahısı varmı?

- Var. Mənim üçün dünyanın möcüzəsi sırasında Madaqaskardakı nəhəng Tsinqi-de-Bemaraxa parkı var. Karst mənşəli iti millər səpələnmiş bir əhəngdaşı yaylasıdır. Daş meşəsini xatırladan qeyri-adi geoloji formalar qoruqda heyrətamiz landşaftlar yaradır, uzaqdan baxanda sivri zirvələrin səpələnməsi kimi görünür. Kolorado-Sitidəki Antilop mağarası. Orda qayalardan ibarət inanılmaz relyef var və günəş işığında rəngdən rəngə çalırlar. Perudakı Göy qurşağı dağı da mənim üçün bir möcüzədir. Bu siyahını uzun-uzun sadalaya bilərəm.

- İnstaqram səhifənizi özünüz idarə edirsiniz, insanlara səyahətləriniz barədə danışın...

- Bilirsiniz, bəzən mənə deyəndə ki, “dünya gəzintisi”nə çıxan bir azərbaycanlı turist  haqqında ilk dəfə eşidirlər, inciyirəm. İstəyirəm ki, ölkəmizin insanları səyahət edərkən qeyri-standart yerləri görməyə, hələ öyrənilməmiş şeylərlə təmasda olmağa çalışsınlar, buna görə səhifəmdə belə mövzularla maraqlanan hər kəsə məlumat verməyə çalışıram. Üzərində burada bir Azərbaycan səyyahının olduğu yazılmış, Azərbaycanın dövlət bayrağı çəkilmiş stikerlə ölkələri gəzirəm. Bu stikeri turistlərin və yerli sakinlərinin görə bildiyi ən maraqlı yerlərə yerləşdirirəm. İstəyirəm ki, biz azərbaycanlılar və Azərbaycan haqqında daha çox bilsinlər!

- Xarici vətəndaşlar sizin Azərbaycandan olduğunuzu eşidəndə necə reaksiya verirlər?

- Avropalılar 2012-ci ildə «Eurovision»da qalib gələn ölkə olduğumuzu dərhal xatırlayırlar. Kuk adalarında bir avstraliyalı cütlüklə tanış oldum – «Formula 1» fanatları idilər. Bakı onlar üçün sevdikləri yarışın keçirildiyi yerdir. Yeni Zelandiyada Taupa gölünü gəzərkən maraqlı bir yer tapdım. Gölün tam sahilində sahibi heç də azərbaycanlı olmayan "Bakı" restoranı var. Bir dəfə «Formula 1» yarışı üçün Bakıya gəlibmiş. Təsəvvür edin, şəhərimizin gözəlliyindən ilham alaraq restoranına Bakının adını verməyi qərara alıb. Restoranın konsepti də heyrətamizdir - Bakının küçələrinin "Formula 1" keçirilən zamanını xatırladır.

- Memarsınız, iş adamısınız, alpinistsiniz, səyyahsınız. Bu peşələr arasında bağlantı varmı? Siz daha çox kimsiniz?

- Təbii ki, bu və ya başqa şəkildə onlar bir-birlərinə bağlıdırlar. Mən memar olmağı arzu edirdim - bu mənim uşaqlıq arzum idi.

- Siz də atanızın yolu ilə getdiniz...

- Elədir. Memar peşəsi mənə gözəlliyə və zərifliyə sevgi aşıladı. O, biznesdə də mənə kömək etdi. Memarların belə bir bacarığı var - gözlərini yumarlar, layihələrinə dalarlar və onları düşüncələrində işləyərlər. Səyahət də biznesimə kömək edir, çünki hər bir ölkədən yüzlərlə yeni ideya gətirirəm. Alpinizm təbiətə və dağlara məhəbbət aşıladı, məndə dözüm yaratdı, problemlərə daha üzdən baxmağıma kömək etdi. Dağlardakı problemi həyatdakı və ya işdəki problemlərlə müqayisə etsəniz, iş problemləri sizin üçün önəmsiz görünəcəkdir. Dağlarda heç bir yanlış bağışlanmır, həyatınla ödəyə bilərsən. Çoxlarına elə gəlir ki, zirvələri fəth etmək sadə işdir. Gəldi, dağa çıxdı və endi. Ancaq inanın, bu, heç də asan deyil! Burda yalnız iqlimə uyğunlaşma, ardıcıl məşq və vəziyyətə alışma yetərli deyil, çox sayda başqa təhlükəli məqamlar da var. Həyatda və işdə milyonlarla dəfə sıfırdan başlaya bilərsən... və yıxılanda hər dəfə ayağa qalxırsan. Ancaq hər nə olursa, olsun, hər bir səyahət mənəvi zənginləşmə və ilham yoludur. Hər səfərdən xatirələr toplusu ilə qayıdıram.

- Gözlərinizi bağladığınız zaman nə görürsünüz?

- (düşünür) Sakit okeanı... Son zamanlar getdikcə daha çox məhz ora qayıtmaq istəyirəm. Rəngi fərqlidir - bütün başqa sulardan fərqlidir. Əvvəllər bunu dərk etmirdim, düşünürdüm ki, dənizin səthi hər yerdə eynidir, onun rəngi əsla məni heç nə ilə təəccübləndirə bilməz. Ancaq Sakit okeanda bənövşəyi, firuzəyi və bütün başqa rənglərin əlverişli qovuşması var və bu, təsvir edilə bilməz bir harmoniya yaradır. Bir dəfə görsən, heç vaxt unutmazsan. Sakit okeanda təxminən bir ay qalmışam. Pandemiya məni Avstraliyada yaxaladı. Haraya gedəcəyimizi bilmirdik və yalnız Avstraliya sahillərində üzürdük. Günlərimiz məlumat gözləyə-gözləyə keçdi və iki həftədən çox gəmidə gərgin bir vəziyyətdə qaldıq. Hər kəs əsəbi idi, baxmayaraq ki, dənizdəki vəziyyət qurudan daha yaxşı idi. Hamı virusun olub-olmadığı ilə bağlı yoxlanıldı və gəmidən kənarda olan insanlarla heç bir əlaqə qurmadıq. Xəbərləri oxuyandan sonra quruya addım atmaq belə qorxulu idi. 20 apreldə biz Marseldə olmalıydıq, ancaq artıq 6 aprel idi və heç bir ölkə bundan sonra nə etməyimiz barədə bizə məlumat vermədi.

- Yəqin ki, səyahətləri belə gözlənilməzliklər "bəzəyir"?

- Şübhəsiz. Ancaq "gözlənilməz" sərgüzəştlərim bununla məhdudlaşmadı (gülür). Biz Ərəb dənizində Oman sahilində idik. Bu rayon yetərincə təhlükəli piratları ilə məşhurdur və buna görə də dəniz patrulları tərəfindən ciddi şəkildə qorunur. Bədbəxtlikdən, pandemiya zamanı bütün ölkələr dəniz qüvvələrini geri çağırmışdılar və bu zona praktik olaraq heç bir qoruma olmadan piratların əlində qalmışdı. Təsəvvür edin, üç gecə işıqsız, artıq səs-küy olmadan üzdük. Eyvana çıxmağımız və ya hansısa həyat əlaməti göstərməyimiz qadağan edilmişdi.

- Yolda bizim özümüzlə tək qalmaq və çox şeyə fərqli baxışla baxmaq fürsətimiz yaranır. Sizin «dünya gəzintisindən» əvvəl və sonranız. İçinizdə hər hansı bir dəyişiklik yarandımı?

- Səyahət şüur üçün qidadır, dünyagörüşü üçün dəbdəbədir, qorxular üzərində ən yaxşı qələbədir. Səyahətlər içimdə əzmkarlıq tərbiyə etdi və mən həyatın sadə qaydasını başa düşdüm: "Hər şey həll edilə bilər!" Mənim həyat baxışım həmişə Allaha imanla bağlıdır. Ən çətin anlarda Tanrıya inam məni qurtarıb.

- Azərbaycanda hansı yerləri turistlər üçün qeyri-adi hesab edirsiniz?

- Xınalıq kəndini – onun insanlarını, çalarlarını, kəndə gedən yolu. Lahıcı - özünəməxsusluğunu, ecazkar sənətkarlarını və mədəniyyətini. Şəkini - Azərbaycanın incisini - Şəki Xan Sarayını, Karvansarayı, Kiş kəndi də daxil olmaqla görməli bütün yerlərini. Qarabağ təkcə Azərbaycanda deyil, bütün dünyada ən gözəl yerdir. Allah qoysa, bütün torpaqlarımızı azad edəcəyik, ölkənin ərazi bütövlüyünü bərpa edəcəyik, onda mənim ilk işim onu eninə-boyuna öyrənmək olacaq.



MƏSLƏHƏT GÖR:

301