26 Dekabr 2024

Cümə axşamı, 10:26

HADİSƏLƏR QARABAĞDA CƏRƏYAN EDİRDİ

Məbud MƏHƏRRƏMOV: «Hələ sovet vaxtı ermənilər qədim alban və ərəb yazılarının üzərində kəski və çəkiclə özlərinkini yazaraq tarixi saxtalaşdırırdılar»

Müəllif:

01.11.2020

Qarabağ. 1848-ci il. Fransız botaniki, Kral Akademiyasının üzvü Jordan yerli bitki növlərini öyrənmək üçün buraya gəlir. O, Təklə-Muğanlı elatının bəyi Hatəmxan ağanın qonağı olur. Ağanın qardaşı oğlu, gənc Şahbazı Jordanın Parislə bağlı hekayələri cəlb edir və o, elm öyrənmək üçün Jordanla birlikdə ora getməyə hazırlaşır. Ancaq nişanlısı Şərifnisə və xalası Şəhrəbanu xanım bunu istəmirlər. Səfərə mane olmaq üçün İrandan gəlmiş məşhur dərviş Məstəlinin köməyinə müraciət edirlər. Məstəli sadəlövh və xurafatçı qadınların verdiyi yüz qızılın qarşılığında Fransa paytaxtını dağıtmağa başlayır. Məstəli dəhşətli tilsimlər oxuyur, şeytanları və əcinələri çağırır, şəhərin təsvirini dağıdaraq, onlara da bu cür Parisi bir zərbə ilə məhv etmək əmri verir. Dərviş döşəmənin üstündə günahkar şəhəri əks etdirən taxtalara tərəf qaçır və güclü bir zərbə ilə onları darmadağın edir. Birdən qapı güclü şəkildə döyülür və içəri girən Müsyö Jordan həyəcan içində Parisin məhv olduğunu və dərhal Fransaya getməli olduğunu bildirir. Qadınlar Məstəlinin sehrli hərəkətlərinin belə sürətlə yerinə yetirilməsindən qorxuya düşürlər. Hətta dərvişin özü də törətdiyi əməldən qorxaraq pərdə arxasında gizlənir ki, heç kim onu tapmasın. Qaçaraq gələn Hatəmxan ağa sual verir: "Parisi kim dağıtdı?" Jordan cavab verir: "Şeytanlar!.. Cinlər! Əcinələr!.. " Qadınlar Parisin dərviş Məstəli tərəfindən dağıdıldığına şübhə etmirlər. Əslində Parisdə inqilab olmuşdu və kral qaçmışdı. Bundan qorxan Jordan dərhal Qarabağı tərk etməli olur. O gedir, amma Şahbaz qalır. Qadınlar qələbə çalırlar.

 

Qarabağ Azərbaycandır!

Oktyabr ayının ortalarında Mahaçqalada (Dağıstan Respublikası, Rusiya) Şimali Qafqaz respublikalarının, Qara dəniz-Xəzər bölgəsi ölkələrinin, yaxın və uzaq xarici ölklərin rus teatrlarının VI festivalı öz işini başa çatdırıb. Rusiyanın müxtəlif bölgələrindən gəlmiş 15 teatrın, eləcə də festivalda onlayn tamaşalar təqdim edən (Almaniya, Serbiya, Ukrayna) teatrları arasında S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı da var idi və Aleksandr Şarovskinin quruluşunda Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun "Hekayəti Müsyo Jordan həkimi nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur" əsərini təqdim etmişdi. Tamaşa premyera zamanı (2011-ci ilin dekabrında) AzTV tərəfindən lentə alınmışdı və festivalın ekspert qrupunun üzvlərinin dediklərinə görə, onlayn formatdakı digər iştirakçıların təqdimatın nisbətən daha əlverişli vəziyyətdə idi. Tamaşa iştirakçı diplomu və əbədi canlı Teatrı təcəssüm edən xatirə rəmzi heykəlciklə təltif olundu.

Festivalın münsiflər heyətinə Rusiyanın tanınmış teatr tənqidçiləri - Valeri Podqorodinski, Yelena Pokrovskaya, Aleksandr Myatçenkov, Gülzar Sultanova və rejissor Yuvenali Kalantarov daxil idi. Onların fikrincə, tamaşa bədii-quruluş məziyyətlərinə və aktyor ifasına görə, Qarabağın dinc və sadə azərbaycanlıları haqqında dolğun bəhs edən səhnə personajlarının işlənməsi ilə heyran qoydu.

Xalqın məişət mədəniyyəti və geyimləri ilə bağlı etnik detallar, Qarabağ azərbaycanlılarının səhnə əhvalatının vodevil formasında təqdimatının tərtibatı maraq doğurdu. A.Şarovskinin səhnə versiyası – ürəklə yaşamağı bilən, Qarabağ günəşindən, ev işlərindən, yeməklərdən və hətta sevgi iztirablarından doğan gündəlik qayğı, sevinc və həyat eşqi ilə yaşamağı bacaran Qarabağ qadınlarının və kişilərinə himnidir. Onlar olduqları kimidirlər, Uca Allahın onları sevgi və mərhəmət üçün yaratdıqları kimi: bir az sadəlövh, açıq qəlblidirlər, etibar edərlər, kinli deyillər.

 

Bir az tarixdən

Mirzə Fətəli Axundovun pyesinə xoşbəxt səhnə taleyi qismət olub. Sovet dövrü də daxil olmaqla o, 19-cu və 20-ci əsrlərdə inqilabdan əvvəlki səhnələrdə və o cümlədən sovet dövrünün dövlət teatrlarının səhnələrində də uğurla tamaşaya qoyulub.  

"Hekayəti Müsyo Jordan həkimi nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur" komediyası ilk dəfə 1851-ci ildə Sankt-Peterburqda özəl bir səhnədə tamaşaya qoyuldu. «Biblioteka dlə çteniə» (Qiraət kitabxanası) jurnalı onda komediyanı "sevimli, canlı, möhtəşəm və orijinal" adlandırmışdı. 1976-cı ildə Şamil Mahmudbəyov və Kamil Rüstəmbəyov bu tamaşa əsasında "Dərviş Parisi partladır" adlı film çəkiblər. 2012-ci ildə Ramiz Həsənoğlunun M.F.Axundovun taleyinə və yaradıcılığına həsr olunmuş "Sübhün səfiri" filmi işıq üzü gördü. Dramaturqun canlanan personajları sırasında Müsyö Jordan da var, onu həm kinoda, həm də teatrda məşhur aktyor Məbud Məhərrəmov oynayıb. Ehtimal var ki, komediyanın əsas qəhrəmanları – Hətəmxan ağa və Müsyö Jordanın uydurma adlar deyil. Baş rol Müsyö Jordanın ifaçısı, Azərbaycanın xalq artisti Məbud MƏHƏRRƏMOVla Qarabağla bağlı bu barədə və başqa məsələlərdən danışmışıq.

- Bu, düzdür ki, botanik Müsyö Jordanın gerçək prototipi olub?

- Hər halda, M.F.Axundovun tədqiqatçıları belə deyir. Onlar deyirlər ki, bu, 1897-ci ildə Lionda vəfat etmiş fransız botanikçi Klod Toma Aleksis Jordan (fransızca Claude Thomas Alexis Jordan) olub. Yəni yetərincə ağlabatandır ki, Müsyö Jordan yetərincə yüksək dağlarda elat ağasının evində yaşayıb.

- Niyə?

- Necə niyə? Alimin marağı Qarabağın bitki örtüyü ilə bağlıdır. Təbiəti, insanları öyrənir və çox maraqla özü üçün naməlum olan bir dünyanı kəşf edir. Qarabağın təbiət dünyası və burada yaşayan azərbaycanlılar onun üçün gündəlik kəşflərlə maraqlıdır. "Müsyö" Jordan tam əmindir ki, bu kəşfləri dünyanı sarsıdacaq.

- Pyesin müəllifi ilə Parisdən gəlmiş alimin bir-birlərini gerçəklikdə tanıdıqlarını düşünməyə əsas varmı?

- Mən bu variantı istisna etməzdim. Öz millətinin mədəniyyətini, Qarabağ elatlarının adət və həyat tərzini yaxşı bilən və sevən, maarifçi bir şəxs olan Axundovun fransız aliminin tədqiqatları barədə yaxından bilməsi tamamilə mümkündür. Ancaq orda nə baş verməsindən asılı olmayaraq, bu gözlənilməz həyat hekayəsindən əyləncəli və şən komediya süjeti yaranıb. Bir əsr yarımdan çox müddətdə oxucuları, tamaşaçıları və rejissorları laqeyd qoymayan bir komediya. Hər dəfə bu sadə hekayədə rejissorlar orijinal səhnə versiyaları yaratmaq üçün yeni çalarlar tapırlar.

- Heç özünüz Qarabağda olmusunuzmu?

- Əlbəttə! Teatrımız iki dəfə orda qastrol səfərində olub. Mən yalnız bir dəfə olmuşam. Sovet dövründə. 80-ci illərin əvvəllərində. Tamaşalar Xankəndi, Hadrut, Şuşa və Ağdamda oynanıb.

- Qastrol nə qədər davam etmişdi?

- İki həftə ...

- Yəni görməli yerlərə getmək görmək fürsətiniz olmuşdu?

- Mənimlə birlikdə hamının. Mədəniyyət şöbəsi bizim üçün ekskursiyalar təşkil etmişdi. Buna görə mən həm alban monastırını, həm də Ağdərə rayonunda 1978-ci ildə 200 erməni ailəsinin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə ucaldılmış «Marağa-150» abidəsini görmüşəm. Həm də qədim Azərbaycan qəbiristanlığında qəbirüstü abidələri və qəbir daşlarını görmüşəm...

- Onlarda nəsə özəl bir şey vardımı?

- Əlbəttə. Ancaq bunu mən yalnız on illərdən sonra başa düşdüm! Ermənilərin əməlləri xüsusi idi. Hələ onda bərpa işləri adı altında mədəni irsimizin artefaktlarını məhv edirdilər, çünki onların bu yerdə qədimdən olmaları barədə iddialarını təkzib edə bilərdilər. Buna görə də tarixi bir kəski və çəkiclə yenidən yazırdılar, qədim alban və ərəb yazılarını silib üstünə öz yazılarını qoyurdular. İndi belə əldəqayırma artefaktları qədim milli dəyərlər kimi təqdim edirlər!

- Niyə heç kim buna diqqət vermirdi?

- Sovet vaxtı idi! Kimin ağlına gələ bilərdi ki, bu qədər həyasız saxtakarlıq ümumiyyətlə mümkündür? Heç kimin. Biz düşünürdük ki, həqiqətən bərpa işləri gedir. Biz düşünən zaman onlar əməllərində olublar. Görünür, onda bizə "sovetsayağı" gülümsəyərək, Azərbaycanın ata-baba torpaqlarını ələ keçirmək və qoparmaq barədə tamamilə qeyri-sovet planlarını hazırlayırdılar.

- Siz Fuad Axundovun "İosif Orbelinin kitabının yoxa çıxmasının səbəbləri haqqında" kitabını oxumusunuzmu? Orada tarixi artefaktların mənimsənilməsi və həyasızcasına oğurlanması üzrə bütün bu hiylələrin sirləri açılıb və təsvir edilib?

- Yox, təəssüf ki. Amma kitab haqqında çox eşitmişəm! Zövqlə oxuyacağıq: mən və həyat yoldaşım. Biz tarixi həqiqət və ədalət tərəfdarıyıq. Həyat yoldaşım hələ konservatoriyada tələbə olarkən Şuşada və Xankəndidə olub. Bu, 80-ci illərin başlanğıcına təsadüf edib. Şuşanı, Xankəndini, Ağdamı öz gözləri ilə görən nəslə mənsubuq. Yəni biz təcavüzkar tərəfindən ciddi- diqqətlə "pozulan" faktlar barədə şahidlik edən tək biz deyilik.

- Qayıdaq Müsyö Jordan obrazına. Həmkarlarınız mənə danışıblar ki, bu tamaşa ilə teatr Smolensk, Pskov və Velikiye Lukidə qastrol səfərində olarkən tamaşaçılar sizin yanınıza gəlirmişlər və personajınızın əsl fransız olduğunu söyləyirmişlər. Bu aktyor üçün ən yüksək tərifdir. 19-cu əsrin ortalarında Azərbaycan torpağında bir əcnəbinin - bir fransızın olması faktını özünüz necə qiymətləndirirsiniz?

- Klod Toma Aleksis Jordanın Qarabağda olması sənədlə təsdiqlənmiş bir həqiqətdir. Həm də tək o deyil. Marko Polonun da, ata Dümanın da burada olduğunu bilirik. Onlar həm bu torpaq, həm də bu torpağın xalqı haqqında xatirələr qoyub gediblər. Heç bir yerdə, heç bir kəsin xatirəsində azərbaycanlı əcdadlarımızın başkəsən olması barədə heç bir fikir yoxdur.

- Yeri gəlmişkən! Bu, Rusiya informasiya məkanını cənginə alan yanlış yanaşmaların ən təhqiredicisidir...

- Sizin hiddətinizi başa düşürəm. Rus Dram Teatrının bütün kollektivi bundan narahat olub və buna görə Moskvaya «Rossotrudniçestvo»ya rəhbərlik edən cənab Primakov Yevgeni Aleksandroviçin ünvanına bir məktub göndərilib. Bu, rəhbərlik tərəfindən bütün kollektivin adından yazılmış bir müraciətdir və müraciətdə studiyalardan çox milyonluq tamaşaçı auditoriyasına yayımlanan məlumatların qeyri-obyektiv və son dərəcə qərəzli şəkildə təqdim edilməsini, Azərbaycanın "dünya təcavüzkarı" kimi tanıtmağı dayandırmaq tələbi edilir.  

- Sizinlə razıyam. Deyirlər ki, pandemiya dövrü həmkarlarınız səhnəyə çıxa bilməsələr də, boş oturmurlar, əksinə Azərbaycan ordusuna və azadlıq əsgərlərinə maddi yardım göstərmək üçün sosial şəbəkələrdə çoxsaylı qruplar yaradırlar...

- Hə. Bu, doğrudur. Ancaq burda özəl bir şey yoxdur. Bu, hər bir insanın, hər bir vətəndaşın şərəf məsələsidir. Bu bir qəhrəmanlıq deyil. Bu bizim borcumuz və müqəddəs öhdəliyimizdir. Həyat yoldaşım və mən də öz töhfəmizi Silahlı Qüvvələrin hesabına müəyyən bir məbləğ köçürərək etdik. Biz də ordumuzu və Ali Baş Komandanımızı belə dəstəkləyirik.

- Teatrda sizin fikirlərinizi bölüşürlərmi?

- Başqa cür necə ola bilər ki? Biz hamımız belə düşünürük. Biz böyük bir kollektivik və Azərbaycana həmişə şöhrət gətirən multikultural dəyərlərin ideal modelini təmsil edirik. Teatrımızda ölkəmizdə yaşayan bütün millətlərin və xalqların nümayəndələri işləyirlər. Teatrımızın rəhbərliyi bütün kollektiv adından ordumuza dəstək fonduna vəsait keçirdi. Aktyorların təşəbbüs qrupu var və vaxtaşırı döyüş bölgəsinə gedərək, əsgərlərimiz üçün ən lazımlı şeyləri aparırlar. İndi torpağımız, onun azadlığı və müstəqilliyi uğrunda vətənpərvərlik müharibəsi gedən bir zamanda yalnız həmkarlarım deyil, bütün Azərbaycan xalqı – onun bütün millətləri və kiçik xalqları Prezidentimizin ətrafında birləşdiyini görəndə çox məmnun oluram. O, xalqın iradəsini yerinə yetirərək, kiminsə əsassız iddialarından asılı olan dünya güclərinin bizi kölə vəziyyətinə salmasına imkan vermədən önümüzdə gedir.  

- Bəli. Bizim hamımızın bəxti gətirib ki, bu gün Azərbaycan lideri strateji cəhətdən müdrik və dərin bir siyasətçidir...

- İndi Azərbaycanda yaşayan hər kəs bunu deyir. Hətta düşünürəm ki, ölkəmizdə yeni doğulmuş körpələrə tezliklə Prezidentimizin adını verəcəklər. Birdə bilirsiz nə var? Bunu deyəcəm: bu günləri gördüyümə, Prezidentimin bütün xalqın qarantına çevrildiyi böyük dəyişikliklər dövrünə kimi yaşadığıma görə xoşbəxtəm. Mən onunla fəxr edirəm. Fəxr edirəm ki, indi o, çoxmillətli xalqının tarixini yazır. Sizi əmin edirəm ki, təkcə öz şəxsi fikrimi bildirmirəm. Bu, həm həyat yoldaşımın, böyük ailəmin, dostlarımın və təbii ki, həmkarlarımın və teatr rəhbərliyinin fikridir! Çünki indi Prezidentimizə inam, tarixi ədalətə inam, haqqımıza və gücümüzə inamla yaşayırıq. Buna görə də belə bir məsuliyyəti öz üzərimə götürürəm və sadaladığım bütün insanların adından Azərbaycan xalqının şöhrətinə və müstəqilliyinə görə Prezidentimiz İlham Heydər oğlu Əliyevə qüvvət, cansağlığı və uzun ömür diləyirəm.



MƏSLƏHƏT GÖR:

394