Müəllif: Nadir SƏNANOĞLU
Sürət, həyəcan və innovasiyalar – “Formula-1” yarışlarını müasir dövrün fenomenal hadisəsinə çevirən əsas xüsusiyyətlərdir. Uzun illər boyu bugünkü liderlərədək, atəşli rəqabət içində aparılan mübarizə hər zaman böyük tamaşaçı kütlələrinin diqqətini cəlb edib. Dünyada 450 milyon insanın izlədiyi “Formula-1” yarışlarının populyarlığı inanılmaz sürətlə artmaqda davam edir. Qalib ilə ikinci yer tutanın arasındakı fərqin saniyədən də az olan bu idman növündə inkişafın istiqamətini böyük ölçüdə texnoloji effektivlik müəyyən edir.
Koronavirus əngəli
Böyük tarixi yol keçən “Formula-1” həm dünya idmanında özünəməxsus yerini tutdu, həm də idmançılara böyük pullar qazandırdı. Təbii koronavirus pandemiyası ən sürətli idman növünə də mənfi təsir etdi. Əksər yarışlar təxirə salındı, dünya çempionatının təqvimi dəyişikliyə məruz qaldı.
Proqnozlara görə, 2021-ci ildə dünya, nəhayət, koronavirus pandemiyasından xilas olmağa başlayacaq. Planetin aparıcı idman təşkilatları artıq yeni il üçün yarış cədvəlini açıqlayıb. Cari ildə əksər yarışlarının təxirə salınmasına razılaşan “Formula-1” rəhbərliyi 2021-ci il mövsümü üçün yeni təqvimi təqdim edib. Yeni ildə “Formula-1” çempionatı martın 21-də Melburnda start alacaq və dekabrın 5-də Əbu Dabidə başa çatacaq. Ümumilikdə, təqvimdə 23 mərhələ planlaşdırılıb, amma Vyetnamda yarışın keçiriləcəyi tarix – 25 aprel hələ də boş saxlanılıb.
Təşkilatçılar bildirib ki, Barselona və San Paulodakı yarışlar təqvimə əvvəlcədən daxil edilsələr də, müqavilənin şərtləri barədə əlavə razılığa ehtiyac var. Ancaq Səudiyyə Ərəbistanı Qran-prisinin debütü təsdiqlənib – yarış noyabrın 28-də keçiriləcək. Təqvim hələ FİA-nın Ümumdünya Şurasının iclasında təsdiqlənməlidir, lakin bu, rəsmiyyətdən başqa bir şey deyil.
Bakı yarışı və yeni ev sahibləri
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti xəbər verir ki, milli yarışımız 4-6 iyun tarixlərində, təqvimdəki digər şəhər yarışından – Monakodan sonra baş tutacaq. Bundan sonra pilot və komandalar Kanada, Avropa, Şimali və Cənubi Amerika və Yaxın Şərqdə yarışacaqlar. Mövsüm dekabrın 5-də Əbu Dabidə bitəcək və bundan əvvəl noyabrın 28-də Səudiyyə Ərəbistanının ilk Qran-prisi Ciddədə keçiriləcək.
Bakı Şəhər Halqasının rəhbərliyi “Formula-1” təqviminin gələn il üçün elan olunmasını alqışlayır və dünyanın hər yerindən azarkeşləri Azərbaycanın paytaxtında salamlamaq üçün səbirsizliklə gözləyir.
Gələn il Səudiyyə Ərəbistanı şəhər tipli trasla “Formula-1” təqviminə daxil olacaq. Yürüş Ciddə küçələrində gecə keçiriləcək. Lakin 2023-cü ildən etibarən yarış Riyad Qiddiyada hazırlacaq stasionar trasda baş tutacaq. Yarış noyabr ayında – Əbu Dabi yarışından bir həftə əvvəl – olacaq.
Koronavirus pandemiyasına görə gələcəkdə turnirin xərclərinin azaldılacağı gözlənilir. "Formula -1" üzrə Dünya çempionatında çıxış edən komandaların rəhbərləri 2023-cü ildən etibarən pilotların maaşlarına məhdudiyyət qoyulması barədə qəbul ediblər. Sürücülərin məvacibi ildə maksimum 30 milyon ABŞ dolları olacaq. Bu, yarışın xərclərini azaltmaq və büdcəyə məhdudiyyətlər tətbiq etmək üçündür. Qərar Lüis Hemiltonun "Mercedes"lə yeni müqavilə barədə danışıqları sürətləndirə bilər. Britaniyalı pilot hazırda 45,5 milyon dollar qazanır, lakin məbləğin 52 milyona çatacağı gözlənilir.
Rəsmi məlumatlara əsasən Azərbaycana gələn turistlərin sayının artması məhz 2016-cı ildə keçirilən birinci yarışdan sonra başlayıb. “Formula-1” sayəsində ölkə daha çox tanındı və yüz milyonlarla dollar qazanc əldə etdi. Buna görə Bakı Şəhər Halqası 2021-ci ildə “Formula-1” yarışını keçirməkdə maraqlıdır. Sadəcə, bunun üçün dünyada koronavirusla bağlı vəziyyət düzəlməli, dünyanın aparıcı hava limanları uçuşları bərpa etməli, yarışda azarkeşlərin iştirakına icazə verilməlidir.
Azərbaycan üçün fayda
Bakı treki artıq 4 ildir yarım milyardlıq auditoriyaya malik “Formula-1” üzrə Dünya çempionatının təqvimində yer alıb. Müqaviləyə əsasən, Azərbaycan paytaxtının hələ ən azı 2023-cü ilədək ev sahibliyi edəcək yarışın ölkə üçün faydaları müxtəlif istiqamətlərdə özünü büruzə verməkdədir. Həmin dividendləri kommersiya gəlirləri, ölkənin tanıtımı, turizmin inkişafı və sosial dəstək formasında qruplaşdırmaq olar.
PwC audit şirkətinin apardığı müstəqil araşdırmaya əsasən, 2016-cı və 2017-ci illərdə Bakıda keçirilən “Formula-1” yarışları Azərbaycan iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib. Hesabatda yekun məbləğ yarışlar ərəfəsində “Formula-1”lə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edib. “Formula-1” üzrə 2019-cu il Azərbaycan Qran-prisi kommersiya baxımından ən sərfəlisi olub. Ötən illə müqayisədə sponsorlardan gələn vəsaitin məbləği 50 faiz artıb.
2019-cu ildə “Formula-1” üzrə Azərbaycan Qran-prisinin dörd gün boyunca yarış sessiyalarını ümumilikdə 74 ölkədən 85 min tamaşaçı izləyib. Bu ölkələr arasında Rusiya, Böyük Britaniya, Avstriya, Niderland və Gürcüstandan xüsusilə fərqlənib. Tribuna biletlərinin hamısı satılıb. Ötən mövsüm ekran qarşısında “Formula-1” üzrə Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib. Bu, 2018-ci illə müqayisədə 10 faiz çoxdur.
Çempionatın rəsmi “Twitter” səhifəsində 2018-ci il mövsümü ilə bağlı mərhələli şəkildə aparılan səsvermənin nəticəsinə əsasən, Bakı treki birinci olub. Həmçinin müxtəlif illərdə nüfuzlu nəşrlərin avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçiləri arasında apardıqları sorğularda Bakıdakı yarış ən yaxşı seçilib. “Washington Times” “Formula-1”i Azərbaycana səfər etmək üçün 5 əsas səbəbdən biri kimi göstərdiyi halda, “Forbes” Bakı və “Formula 1”i ideal cütlük kimi qələmə verib.
Qeyd edək ki, Bakı treki həm də trasın və döngələrin çətinliyinə görə diqqəti cəlb edir. Qəzaları ilə məşhur olan Bakı treki, həqiqətən, cəlbedicidir. Məşhur pilotlar – Daniel Rikkardo ilə Maks Ferstappenin toqquşması, “Mercedes”dən Lüis Hemiltonla “Ferrari”nin sürücüsü Sebastyan Fettel arasında baş vermiş insident və digər məqamlar dünya mediasında, əsasən də sosial şəbəkələrdə geniş müzakirə olunub və hələ də tez-tez xatırlanır.
Beləliklə, təqvim artıq hazırdı. Azərbaycan tamaşaçısı sürətli maşınların şəhərə qayıdışını gözləyir. Azərbayan Qran-prisinin baş tutub-tutmayacağını zaman göstərəcək.
MƏSLƏHƏT GÖR: