Müəllif: Nigar ƏLİYEVA
Azərbaycan torpağının gözəlliyi və əzəməti həmişə Azərbaycan sənətkarları, musiqiçiləri və şairləri üçün ilham mənbəyi olub. Vətənimizin, demək olar ki, hər bir bölgəsi tanınmış sənətkarların əsərlərində öz əksini tapıb, öz zəngin mədəniyyəti ilə bütün dünyada tanınıb. Bu gün, 28 illik işğaldan sonra Şuşanın və bütün Qarabağın azad olunması ilə bağlı ağlasığmaz sevincli anlar yaşadığımız bir zamanda, bütün yaradıcılıq həyatı boyu öz əsərlərində bu mövzuya üz tutmuş mədəniyyət işçilərimizi yada salmaq yerinə düşər.
Görkəmli rəssam Nadir Qəmbər oğlu Əbdürrəhmanovun heyrətamiz mövzu çeşidləri arasında Qarabağ obrazları da yer alır. Maraqlı taleyi və böyük istedadı olan Nadir müəllim əsərlərində uşaqlıqdan xatırladığı Qarabağı - bizim itirdiyimizi sandığımız Laçını, Şuşanı, Zəngilanı həkk edib.
Çox təəssüf ki, 1925-ci ildə Laçında anadan olmuş və doğulduğu yerin işğalı faciəsini yaşamış Nadir Əbdürrəhmanov onun işğaldan azad edilməsini görə bilmədi. Nadir müəllim 2008-ci ildə vəfat etdi. Görkəmli sənətkarın oğullarından - teatr rəssamı, Rəssamlıq Akademiyasının teatr rəssamlığı və kompozisiyası emalatxanasının rəhbəri Arif Əbdürrəhmanovdan və rəssam Mikayıl Əbdürrəhmanovdan atalarının həyatı haqqında bizimlə söhbət etmələrini xahiş etdik.
A.Ə.: Babam Şuşada, atam Laçında anadan olub. Onun bütün uşaqlığı bu bölgə ilə bağlı idi. Bir gerçək vətənpərvər kimi, bu, onun üçün əsl faciə idi. Doğrudan da o, öz Vətəninin patriotu idi, bu, onun əsərlərində də hiss olunur. Atam öz istəyi ilə Qarabağın demək olar ki, bütün rayonlarını gəzmişdi, bu, yalnız yaradıcılıq ezamiyyətləri ilə deyil, həm də deputatlıq fəaliyyəti ilə də bağlı idi. Orada özünü evindəki kimi hiss edirdi, etüd çəkilişlərinə də gedirdi.
- Bakıda çox sayda qarabağlı yaşayır, amma onların uşaqları, təəssüf ki, nə Şuşanı, nə də Xankəndini görməyiblər...
A.Ə.: Mən Şuşa və Laçında tez-tez olurdum. 1975-ci ildə Moskvada Surikov İnstitutunu bitirdikdən sonra Laçın rayon komsomolunun birinci katibi məni rayonu əyani təbliğat əsərləri - əməyi, SovİKP-ni tərənnüm edən plakatlarla bəzəmək üçün Laçına dəvət etdi. Ömrümün həmin dövrünün altı ayını orada yaşadım. Bir neçə dəfə Şuşada olmuşam. Yeri gəlmişkən, orada başıma çox maraqlı bir hadisə gəldi. Şuşada, çar ordusunun generalı Səməd bəy Mehmandarovun evi vardı, atam orada otaqlarından birini emalatxana üçün almaq istəyirdi. Məsələ burasında idi ki, içəridə möhtəşəm bir divar rəsmi var idi. İndiyə kimi onu yaxşı xatırlayıram. Şuşanın şəhər partiya komitəsi də ona bu evdə yer ayırmağa qərar verdi. Nə isə, bir müddət sonra Şuşaya gələndə evin təmir olunduğunu, divarların boyandığını və rəsmin geridönməz şəkildə yoxa çıxdığını gördük. Atam bu otaqdan imtina etdi. Bu, 70-ci illərin sonu idi.
- Dəhşətli işğaldan əvvəl siz Şuşada tez-tez olurdunuz. Bu şəhərin Azərbaycan mədəniyyətinə deyil, başqa birinə aid ola biləcəyini söyləmək mümkündürmü?
A.Ə.: Heç bir halda! O, istinasız bir Azərbaycan şəhəri idi - həm memarlıq baxımından, həm də əhalinin tərkibinə görə. Məsələn, nənəm ömrünün sonuna qədər "erməni" sözü deməyib. O, ötən əsrin əvvəllərində Şuşada ermənilərin törətdikləri qırğınların şahidi olub və o zamandan bəri bu sözə tabu qoyulub. Ümumiyyətlə, ədalət naminə deməliyəm ki, Şuşada çox erməni görməmişəm. Düzdür, orada yaşayıblar, amma mən onları indi hər cür televiziya təbliğatçılarından tez-tez iddia etdiyi sayda görməmişəm. Şuşa Azərbaycan şəhəri idi. Ancaq bəzi hallar barədə də eşitmişdim. O dövrdə Laçın rayon komsomol komitəsinin birinci katibi olan dostum danışırdı ki, yüksək vəzifəli məmurların – Xankəndi (ermənilərin dediyi kimi Stepanakert) ermənilərinin uşaqları Ağdam ərazisində təxribat təşkil etmək qərarına gəliblər. Bunun üçün pul yığıblar və yanğın törətmək üçün bir benzin sisterni alıblar. Bundan başqa, erməni əhalisi tərəfindən olduqca qəribə çıxışlar da olurdu. Maraqlı bir hadisəni xatırlayıram. Bir dəfə kəndlərdən birində rayon partiya komitəsinin təlimatçısı ilə birlikdə təbiətə baxmağa çıxmışdıq, bizim məşhur "İsveçrə" mənzərələrimizə tamaşa edirdik. Bu qeyri-adi gözəllikli alp çəmənliklərində bir qoyun sürüsünə də rast gəldik. Birdən hirsli bir çoban peyda oldu və azcıq sezilən erməni ləhcəsi ilə təlimatçıya bildirdi ki, hansısa "Yoldaş Petrosov" burada "yad" qoyunların otarılmasına icazə vermir. Bu, əlbəttə, bizim etirazımıza səbəb oldu. Təlimatçı dedi ki, burada yer çoxdur, ot da çoxdur, qoy onlar də otlasın. Belə hallar çox olurdu.
Özü də, bütün bu müddət ərzində torpaqlarımızın gələcək işğalı üçün vəsait topladıqları da ortaya çıxdı. Bu üzdəniraq "miatsum"a qədər Qarabağ erməniləri çox yaxşı yaşayırdılar. Xankəndidə olmuşdum və onların varlı həyatlarına həmişə heyrət eləmişdim. Əlbəttə ki, məlum hadisələrdən sonra ora getmək imkanım olmayıb, amma əminəm ki, onlar bizi itirəndə hər şeyi itirdilər. Onların narazı qalmaq üçün obyektiv səbəbləri yox idi, azərbaycanlılar onlarla gözəl davranırdılar, üstəlik, işlərinə də qarışmırdılar. Amma lazım idi! Axı, bu sisternlər, pul yığımı və qanının təmizliyinin qayğısına qalan hansısa Petrosovlar güclü təbliğatın məhsulu idi.
M.Ə.: Onsuz da, 1980-ci illərin ikinci yarısında nəinki ermənilər, hər kəs üçün çətin idi. 1985-ci ildə düz bir ay Qarabağın Əhmədli kəndində qalıb, portret və mənzərə çəkmişəm. Bu Azərbaycan kəndinin sakinləri çətin və ağır yaşayırdılar. Ancaq hər yerdə belə idi. Bu, bir iqtisadi fəlakət olduğu qədər, siyasi fəlakət deyildi.
A.Ə.: Atam on il ərzində Azərbaycan Rəssamlar İttifaqına rəhbərlik edib, Azərbaycan İncəsənət İnstitutunda dərs deyib və elə həmin illərdə Laçın rayonundan respublika Ali Sovetinin deputatı seçilib. Deputat kimi tez-tez Qarabağı gəzirdi. Deyəsən, 1981-ci il idi, növbəti dəfə Xankəndinə ali məktəbimiz üçün istedadlı gəncləri seçmək üçün getmişdi, amma orada ona nəzakətlə demişdilər, dəvət üçün təşəkkür edirik, amma bizim uşaqlarımız yalnız İrəvanda oxumağa gedəcəklər.
- Qarabağdan və Ermənistandan ilk qaçqınlar barədə xəbərlər Nadir müəllimə necə təsir etdi?
A.Ə.: Duyğusal səviyyədə - çətin. Bunun necə baş verə biləcəyini anlaya bilmirdi, çünki Qarabağdakı ermənilərə qarşı həmişə yaxşı davranılırdı.
- Siz, yəqin ki, hamımız kimi, Azərbaycan Müdafiə Nazirliyinin döyüş bölgəsindən video hesabatlarını izləyirsiniz. Bu hesabatlardan 80-ci illərdən əvvəl olduğunuz Qarabağı tanıyırsınızmı?
M.Ə.: Yox, tanımıram. Onu məhv etdilər. Bu, Azərbaycanla, mədəniyyətimizlə bağlı hər şeyi məhv etmək üçün qəsdən edildi. Şuşa ümumiyyətlə bir mədəniyyət kodudur, Natəvanın, Vaqifin, Hacıbəyovun, Niyazinin şəhəridir... Mən gözəl məscidimizi, onun heyrətamiz minarələrlə yaxşı xatırlayıram, birdən kiminsə "yüngül" əli ilə İran və ya fars məscidinə çevrildi. İlk dəfə bir xalqın öz tarixi yarımçıqlığı fonunda başqasının mədəniyyəti ilə qidalandığını gördüm. Çox sayda yeni işlərini qədimlik kimi təqdim etməyə çalışmaları da bununla bağlıdır.
- Nadir Əbdürrəhmanov böyük bir miras - Koreya, Bolqarıstan, İtaliya, Fransa və səfər etdiyi başqa ölkələr haqqında silsilə əsərlər qoyub. Demək olarmı ki, Qarabağ bütün işlərin üzərindən qırmızı xətt kimi keçib?
A.Ə.: Şəksiz. Mən Qarabağ motivləri əsasında çəkdiyi bəzi rəsm əsərlərinin adını çəkəcəm - "Şuşa", "Laçın dağlarında axşam", "Qaragöl gölündə", "Turşsu", "Minkənd", "Dağlarda bahar", "Qış mənzərəsi", "Qarabağ xalçaları"... Bu rəsmlər fərdi sərgilərdə böyük uğurla nümayiş etdirilib. 1985-ci ildə Qarabağ insanlarına həsr etdiyi bir sıra əsərlərinə görə atamız Nadir Əbdürrəhmanov Azərbaycan Dövlət mükafatına layiq görülüb.
- Atanızın rəsmləri harada saxlanılır?
A.Ə.: Bizim Təsviri İncəsənət Muzeyimizdə, Azərbaycan Mədəniyyət Nazirliyində, Tretyakov Qalereyasında və Moskvadakı Dövlət Şərq Muzeyində, KXDR-in İncəsənət Muzeyində, Qazaxıstan və Türkiyə muzeylərində, şəxsi kolleksiyalarda. İşğaldan əvvəl Laçında gözəl bir diyarşünaslıq muzeyi var idi, atam bir neçə əsərini ora hədiyyə etmişdi. Yəqin, həmin muzey artıq mövcud deyil və ekspozisiya talan edilib.
M.Ə.: 1964-cü ildə atam Tofiq Tağızadənin "Arşın mal alan" filmi üzərində işə qatılıb, film üçün kostyumlar hazırlayıb. Bu da, dolayı yolla da olsa, Qarabağla bağlı olan başqa bir rəsm təcrübəsidir.
- Bu doğrudur ki, Nadir müəllimin ilk təhsilinə görə həkim olub?
A.Ə.: Uşaqlarına tibbi təhsil vermək babam Qəmbər Əbdürrəhmanovun istəyi olub. O, əvvəl Laçında səhiyyə işində çalışıb, sonra da Bakıda aptek idarəsində rəis işləyib. Atam tibb fakültəsini bitirib, ancaq ixtisası üzrə bir gün də işləməyib. Dərhal Leninqrada gedib və İ.E.Repin adına Rəssamlıq Akademiyasına daxil olub. Maraqlıdır ki, rəssamlar arasında atamın ləqəbi "Doktor" idi.
- Nadir müəllimin əsərlərinə baxanda sifarişlə çəkilməsi, müəyyən bir zamana aid olması təəssüratı yaranmır, başqa sözlə, "sovet" nəfəsi və ya ideoloji yükü görünmür. Tamamilə saf poetik obrazlar, zamandan kənar əbədi mövzulardır.
M.Ə.: Atam hansısa bir işi görən, təbiətlə qarşılıqlı əlaqədə olan insanları izləməyi çox sevirdi. «Talış qadınları», «Dağlarda səhər», «Sevimli naxışlar», «Əfqan kişisi» və başqaları belə yaranıb. Hər sənətkarın öz mövzusu, incəsənətdə bir hədəfi var. Zaman keçib, amma insan və təbiətin gözəlliyinin vəsf edilməsi, Nadir Əbdürrəhmanovun rəsmlərinə xas olan mənəvi ahəng bu gün də güclü təsir bağışlayır.
“Uşaqlıqdan atamla Laçının ətrafında yerləşən dağ bölgələrinə gedərdim... Tələbəlik illərində tətil zamanı da bu bölgələri gəzməyi sevirdim. Yaylaqlarda (yay otlaqlarında) insanların həyatını, işlərini, istirahətlərini seyr edərdim... Bir neçə il keçdi və uşaqlıqdan, gənclikdən qalan o təəssüratları böyük bir kətan üzərində həkk etmək istədim". (N.Əbdürrəhmanovun gündəliyindən)
“Bir dəfə dostumun evinə çay içməyə getmişdim (Lerik rayonu. - Müəllif) və orada həyətdə xalçaların toxunduğu rəngli iplik yumaqlarının arasında gəzən bir qız gördüm... Çox gözəl idi, daha sonra təəssüratımı rəsmə həkk etmək istədim." (N.Əbdürrəhmanovun gündəliyindən)
Ruhunuz şad olsun, Qarabağın əziz rəssamı! Arzunuz gerçəkləşdi. Qarabağ azad edildi!
MƏSLƏHƏT GÖR: