19 Dekabr 2024

Cümə axşamı, 20:12

KOD ADI «QOCA»

Rus əsilli azərbaycanlı, Birinci Qarabağ müharibəsinin könüllüsü, aktyor Aleksey Saprıkin ovaxtkı itkiləri hələ də özünə bağışlamır

Müəllif:

15.11.2020

O, 8 oktyabr 2019-cu ildə vəfat etdi. Qarabağda Ermənistanın törətdiyi birinci müharibədən danışmağı sevməyən sakit, təvazökar bir adam olub. Həmin müharibəni “absurd teatrı” adlandırıb, o müharibə ürəyində elə bir ağrı qoyub ki, heç bir qəlpə o qədər ağrı verə bilməzdi. 8 oktyabr 2020-ci ildə cəbhəçi dostları onun məzarının üstünə gəlmişdilər. Heç bir təmtəraqlı sözlər və çıxışlar olmadı. Lazım olanda çiynini dayayaraq kömək əlini uzatmağı bilən bir insana kişilərə xas yığcam sözlərlə minnətdarlıq etdilər.

Aleksey Saprıkin... Lyoşa... Müharibənin alovlandığı bir zaman o, evdə otura bilməzdi. Fotoşəklinə baxanda görmə qabiliyyəti belə olan bir insan üçün müharibədə elə də asan olmadığını başa düşmək olur. Etiraf etmək lazımdır ki, baxan kimi, yaranan ilk düşüncə onun döyüşə yararsız olmadığı olur. Hətta

bunun olmadığını biləndən sonra, yenə də anlaşılmazlıq yaranır ki, görmə qabiliyyəti -3,5 olan birisi ümumiyyətlə müharibədə necə döyüşüb?

 

Aydın olur ki, mümkündür…

Lyoşa Saprıkində həmişə görmə problemi olub. Ancaq bu, onu heç nədən çəkindirməyib. Əksinə, əlavə önəm qazandırıb. Buna görə də Semyon Şteynberqin (26 Bakı komissarı adına Mədəniyyət Sarayında) rəhbərlik etdiyi xalq teatrındakı bütün qızlar ona bir az aşiq idilər.

Azərbaycanın əməkdar artisti Rita Əmirbəyova xatırlayır: “Onda bir şey var idi ki, yanında bizə inam və təhlükəsizlik hissi verirdi. Biz hamımız ona gerçək bir kişinin necə olması barədə fikirlərimizin təcəssümü kimi baxırdıq".  

Ancaq onda o, Lüdmilaya göz qoymuşdu. 1973-1974-cü illər idi. 1978-ci ildə Sovet Ordusunda xidmətdən qayıtdıqdan sonra Aleksey Saprıkin həmin Lüdmila adlı qızla evləndi və ömrü boyu onunla birlikdə yaşadı. İşləmək üçün ilk olaraq zavoda gəlib, düşünüb ki, teatr hobbisini iş ilə yanaşı yürüdə bilər. Bununla belə, aktyorluq sevgisi üstün gəlib və o, teatrı seçib. Başlanğıcda Cənnət Səlimovanın rəhbərliyi ilə Bələdiyyə Kamera Teatrında işləyib. Qarabağ müharibəsində iştirakından sonra Gənc Tamaşaçılar Teatrında və Rus Dram Teatrında davam edib.

1991-ci ildə Bələdiyyə Kamera Teatrının səhnəsində aktyorluq taleyi başladığı dövr Dağlıq Qarabağda hərbi əməliyyatların başlamasına təsadüf edib və Lyoşa könüllü cəbhəyə gedib.

Həyat yoldaşı, S. Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası Lüdmila Saprıkina bunun necə olduğunu xatırlayır:

- Bir dəfə 1992-ci ildə Lyoşa axşam evə gəldi və Qarabağın müdafiəsi üçün könüllü olaraq cəbhəyə getdiyini söylədi. Onda 38 yaşı var idi, bizim artıq iki övladımız var idi və mən qorxaraq adətən belə hallarda qadınların dediyi sözləri ona söylədim. Dedim ki, o artıq gənc deyil, övladlarımız var və geri qayıtmazsa, onları necə böyüdəcəm... Lyoşa siqaret çəkdi və susdu.

Həmin vaxtdan bir az keçib. Saprıkinlərin evinə Eldar Ağayev gəlib. O, xüsusi təyinatlılar batalyonu qururmuş və ona sınanmış, etibarlı insanlar lazım imiş. Aleksey də sınaqlardan çıxmış, etibarlı adam olub. Onlar bütün ömrü boyu bir-birlərini tanıyırmışlar. Bakıda həmişə belə olub: müxtəlif millətlərin uşaqları birlikdə böyüyüblər, uşaqlıqda birlikdə oynayıblar, insani və kişi xarakterlərinin bütün keyfiyyətlərinin özünü büruzə verdiyi həyat universitetlərini birlikdə keçiblər. Rus əsilli azərbaycanlı Aleksey Saprıkin cəbhəyə könüllü gedib və kəşfiyyat şöbəsinin komandiri təyin edilib. Azərbaycan ləzgiləri, yəhudilər, ukraynalılar, tatarlar və etnik azərbaycanlılarla birlikdə dörd illik sınaqlardan keçib. Lyoşa ötürücü olub və onun uşaqları zəruri məlumatları toplamaq üçün düşmən arxasına keçəndə o, düşmən zonasından gələnləri qəbul etmə rolunu öz üzərinə götürərək radio rabitədə otururmuş. O, «oğlanlar» adlandırdığı döyüş yoldaşları ilə birlikdə hərbi əməliyyatlarda iştirak edib, Qarabağ torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə aparıb.

Lüdmila Saprıkina danışır:  

- Bir dəfə döyüş bölgəsindən gəlmişdi və mən onu tanımadım. Sifətinə baxmaq olmurdu. Sən demə, ölən beş əsgərinin tabutunu ailələrinə o, çatdırmalı olub. Lyoşa onun hər birinin ölümünə görə çox sarsıntı keçirirdi. Bu, boş söhbətdir ki, müharibədə insanların daha sərt olduqlarını və ürəklərinin daşa döndüyünü deyirlər. Doğru deyil. Bu belə deyil. Bir ailədə dərddən ölən ana ona demişdi: niyə mənim oğlum öldü, sən yox? Bu, Alekseyi yaralamışdı! Mən onda ilk dəfə ərimin ağladığını gördüm. O oğlanı həyata qaytara bilsəydi, məmnuniyyətlə həyatını ona verərdi. Sonra dedi: “Sənə və ya uşaqlara bir şey olsa, əgər siz ölsəniz belə, cəbhədən gəlməyəcəyəm. Çünki oğullar hər gün orada ölür. Bu, qorxunc, ədalətsiz və qəddardır".  

Mən onu anladım və incimədim. Mən onun ağrısını başa düşdüm və duydum. Ancaq nədənsə bu sözlər yaddaşıma yazıldı. Xatırladıqca, xatırladım... Özüm üçün də ağır idi: ərim üçün narahat idim, uşaqları böyüdürdüm, ərləri Qarabağda döyüşən çoxları kimi mən də işləyirdim. Lyoşa və yoldaşlarının cəbhədən Bakıya gələndə, hamısı birinci bizə düşürdülər. Burda bizim evdə duş qəbul edirdilər, paltarlarını dəyişirdilər, yemək yeyirdilər, sonra öz ailələrinə, evlərinə gedirdilər. Mən özümü elə göstərirdim ki, Lyoşanın o sözlərindən inciməmişəm, amma dediklərini hey xatırlayırdım. Bu, bir dəfə dan yeri söküləndə qapının zəngi çalınana qədər davam etdi. Açdım və ərimi qapının ağzında gördüm. O, bir dəqiqəliyə gəlmişdi. Sadəcə, məni və uşaqları qucaqlayıb öpmək üçün. Sonra da getdi. Məhz onda anladım ki, ailəsi də ona Vətən kimi eyni dərəcədə əzizdir. Lyoşa şəhərini və ölkəsini çox sevirdi. Rus əsilli azərbaycanlı olmasından qürur duyurdu...

O, ərindən elə danışırdı ki, sanki evlilik həyatının bütün günlərini yenidən yaşayırdı. Qarabağı qorumağın mümkün olmadığı 30 il əvvəldə olduğu kimi, demək olar ki, eyni emosional kəskinliklə yaşayırdı. O, danışırdı və mən düşünürdüm ki, bakılı olmaq müxtəlif millətlərin mədəniyyətlərinin qaynaşmasından yaranmış xüsusi bir mentallıqdır. Eyni şeyi gəncəlilər, bərdəlilər, mingəçevirlilər haqqında da demək olar... Bütün çoxmillətli Azərbaycan haqqında. Sonra mən onun qrafika əsərlərini gördüm. Öz şəhərinə, Vətəninə təsviri sevgi etirafı idi. Gözümüzün önündə İçərişəhər Aleksey Alekseyeviç Saprıkinin gördüyü kimi canlanır. O, rus əsilli azərbaycanlı Lyoşa Saprıkin onun əzəmətini bacardığı, hiss etdiyi, anladığı kimi vəsf edib.

 

Ağrı

Aleksey Alekseyeviç artıq yoxdur və onda Qarabağı saxlaya bilmədiyimizlə bağlı ağrısı və günah hissi barədə özü danışa bilmir. Bu hiss onu son nəfəsinə qədər tərk etməyiib. Döyüş səhnələri və həlak olan oğlanlar həmişə onunla olub. Həmişə. Nə etsə də, bu, onun ürəyinə sancılmış bir qəlpə kimi incidirdi. Sonra kitab yazmaq fikrinə düşdü. Hər şeyin necə olduğu barədə həqiqəti söyləməyə ehtiyac duydu. İnanırdı ki, Birinci Qarabağ müharibəsi illəri (1992-1996) bizim hamımıza düzgün nəticə çıxarmağa imkan verəcək: torpaq bizimdir, onu biz itirmişik və biz də qaytarmalıyıq. Gələcək nəsillər üçün. Milli özünə hörmət naminə. Özümüz üçün. O müharibəni uduzmağımızın düşüncəsi ilə barışa bilmirdi. Bu, onu ruhuna dəhşətli dərəcədə əzab verirdi və hey təkrarlayırmış ki, istənilən halda ədalət qalib gələcək. Heyif ki, o, Azərbaycan əsgərlərinin sayəsində, onların igidliyi hesabına itirilən torpaqların geri qaytarıldığı indiki zəfər günlərinə qədər yaşaya bilmədi. Təəssüf ki, onun və silah yoldaşlarının əldə saxlaya bilmədikləri ərazilərə ordumuzun qələbə yürüşünü görə bilmədi: Cəbrayıla, Hadruta, Füzuliyə, Zəngilana... və Şuşa şəhərinə! Təəssüf ki, o, Bakının bugünkü küçələrini, bütün bakılıların Milli Orduya və onun Ali Baş Komandanına minnətdarlıqlarını və dəstəklərini bildirmək üçün küçəyə çıxdıqlarını görmədi!  

Biz torpaqlarımızla birlikdə milli ləyaqət hissimizi də qaytardıq. Göstərdik ki, biz varıq, özümüzü də, torpaqlarımızı da, əsrlər boyu əldə tutduğumuz fəthlərimizi də qoruya bilərik. Prezidentimiz 10 noyabr 2020-ci ildə xalqa qələbə müraciəti etdi. Təəssüf ki, Aleksey Alekseyeviç bu xoşbəxt və tarixi vacib ana qədər yaşamadı! Çox təəssüf ki, bu sevinci hamımızla bölüşə bilmədi! Ancaq bəlkə də onun ruhu göylərdən bütün bunları görür və ədalətin təntənəsini hiss edərək sevinir? Düşünürəm ki, bu, məhz belədir!

Lüdmila Saprıkinanın dediklərindən:

- Lyoşa müharibə haqqında az danışdı və danışanda da çox şeyi deməzdi. Həmişə suallarıma birmənalı və sərt cavab verirdi: "Buna icazə yoxdur!" Ancaq bəzən nəsə xatırlayırdı. Məsələn, belə bir əhvalat olub. Dəstədə iki oğlu ilə birlikdə döyüşməyə gələn bir rus qadını var imiş. Tibb bacısı imiş. Ancaq lazım olduqda, avtomat götürürmüş və kişilərlə çiyin-çiyinə döyüşürmüş. Hamı ona "Mama Jenya" deyirmiş. Oğulları orada, Qarabağda həlak oldular. Qadın indi, demək olar ki, 80 yaşındadır və Keşlə qəsəbəsində yaşayır.

- Maraqlı nəsə xatırlayırdımı?

- Hə, məsələn, belə bir əhvalat olub. Bütün kəşfiyyatçıların kod adları olub. Ərimin kod adı “Qoca”, batalyon komandirininki “Sehrbaz” və Məhəmməd Həsənovunku “Qara qardaş” olub. Düşmən tərəfdə Azərbaycan dilini bilən ermənilər var imiş. Belə ki, efirdə bizimkilərin söhbətlərini dinləyərək və "Qara qardaş" kod adını eşidirlər, qərara gəlirlər ki, onların tərəfində olduğu kimi, bizim tərəfimizdə də qara dərili muzdlular döyüşür. İndi təsəvvür edin, onlar radio ötürücü ilə tərəfimizə, konkret olaraq "Qara qardaşa" müraciət edərək, ona başqasının torpağı uğrunda döyüşməməyi, tarixi vətəninə getməyi təklif etməyə başlayıblar və bu, bizimkilərdə hansı hissləri oyadıb?!

- Bəs, indi Məhəmməd Həsənov haradadır? Taleyi necə oldu?

- Qarabağda ilk müharibə başlayanda Lyoşanın vuruşduğu batalyonda yoldaşları dinc peşə sahibləri idilər: müəllimlər, musiqiçilər. Dövlət bu batalyona Türkiyədə hərbi təlim üçün beş yer ayırmışdı. Ora gedən dörd nəfər Lyoşanın qrupundan idi. Dörd nəfərdən biri də Məhəmməd Həsənov idi. Lyoşa həmişə onun uğuru ilə bağlı qürur duyurdu.

Birinci müharibə dörd il davam etdi, nəinki torpaqlarımızı, qürurumuzu da əlimizndən aldı. Aleksey Saprıkin və onun döyüş yoldaşları 1996-cı ilin martında evlərinə döndülər. Çökmüş və məyus halda qayıtdılar. Aleksey Saprıkin 2003-cü ildə yazdığı və nəşr etdiyi "Bizi mühakimə etməyəcəklər!" romanında heç nə gizlətmədən və o günlərin hadisələrini şişirtmədən oxucusu qarşısında etiraf edir. Yaşadıqları anlardan danışarkən, sanki oxucudan və özündən hər zaman soruşur: axı, biz nədə səhv etdik?

 

Kim günahkardır və niyə?

Lüdmila: - Lyoşanın qrupunun oğlanlarının başları üçün ermənilər milyonlarla pul qoymuşdular. Çünki onların kəşfiyyat əməliyyatları sayəsində bölmələrimiz düşmənin vacib döyüş hədəflərinə dəqiq zərbələr endirə bilirdi. Lyoşa qrupun əlaqələndiricisi idi. Uşaqlar düşmən arxasına keçəndə, Lyoşa onlarla radio vasitəsi ilə əlaqə saxlayırdı və onları oradan geri çıxarırdı. Olurdu ki, uşaqlar bir neçə gün oradan çıxa bilmirdilər və yalnız Lyoşa onlara radio rabitəsi ilə bələdçilik etdiyi üçün çıxa bilirdilər. Sadəcə onun səsini izləyirdilər...

- Niyə Aleksey Alekseyeviçdə həm ölülər, həm də dirilər qarşısında bu qədər kəskin bir günah hissi var idi?

- O düşünürdü ki, bacardıqları və etməsi lazım olan hər şeyi etməyiblər. Bu məyusluq ona rahatlıq vermədi.

- Hətta romanın çapından sonra da?

- Bəli. Hətta bundan sonra da. Yalnız ilk iki hissəsi çap edilib. Üçüncüsü isə əlyazma şəklində qaldı. Lyoşa onu sona kimi yazmağı bacardı. Mən ona üçüncü hissəsini nəşr edəcəyimə söz verdim. Ancaq təəssüf... Maddi cəhətdən hələ buna imkanım yoxdur.

Romanın ilk kitabının ön sözündə yazıçı Çingiz Abdullayev yazıb: “Kitab ötən müharibənin faktları və şərtləri ilə az tanış olan oxucu üçün böyük maraq doğurur. Orada olanlar üçünsə bu, keçilən yolun xatırlatması olacaq."

Kitabda dramatik və emosional cəhətdən ağır anlar çoxdur. Bu, heç də bədii uydurma deyil. Bunlar 1992-1996-cı illərdəki ağır hadisələrin iştirakçısı Aleksey Saprıkinin gerçək gündəlik həyatıdır. Bəlkə də romanı, hər şeyin gerçəklikdə necə baş verdiyinə aid tarixi dəlillər salnaməsində yer alacaq. Axı, kitabın müəllifi Birinci Qarabağ müharibəsinin yalnız şahidi deyil, həm də birbaşa iştirakçısıdır. Onun romanı belletristika deyil, doğma torpaqları uğrunda canlarından keçmiş sıravi əsgərlərin vətənpərvərliyinin sənədli sübutudur. Bu gün biz əminik ki, bu ölümlər və bu səylər boşa getməyib. Biz lazımi dərsləri çıxardıq. Hər şeyi bağışlamaq və ziyalı susqunluğu əvəzinə, öz ləyaqətimizi itirmədən bütün cəbhələrdə informasiya müharibəsi aparmağı öyrəndik. Bu günün gerçək hadisələri göstərdi ki, bizim gücümüz, ağlımız, müdrik strateq və taktik olan Ali Baş Komandanımız var - onun sayəsində ölkəmizdə yeni bir dövrə keçid başladı...



MƏSLƏHƏT GÖR:

338