Müəllif: İrina XALTURİNA
Fransada oktyabrın 16-sı və 29-da, Avstriyada isə noyabrın 2-də törədilmiş terror aktları Avropa üçün yenilik və gözlənilməz deyildi – nə təşkili formasına, nə icraçıların tərcümeyi-halına görə, nə də məsuliyyəti üzərinə götürmüş təşkilatın abbreviaturası baxımından «Bataklan» konsert zalında törədilmiş terror, Nitsada yük maşınını təkərləri altında qalaraq can vermiş insanlar, Ruana kilsəsində keşişin qətli hər kəsin yadındadır. 2015-ci ilin yanvarında iki silahlı şəxsin «Charlie Hebdo» satirik jurnalının redaksiyasına basqın edərək 12 nəfəri qətlə yetirməsi də unudulmayıb.
Aİ ölkələrinin müsəlman icmalarının və ümumilikdə müsəlman dünyasının Məhəmməd Peyğəmbərin karikaturasının yayılmasına reaksiyası tam sənədləşdirilib və insan haqları üzrə dərsliklərə salınıb – burada söhbət ya söz və ifadə azadlığından, ya din azadlığından, ya da nifrət ritorikasından gedir.
Baş verənlərə Avropa siyasətçiləri və əksər KİV-in, həmçinin sadə sosial şəbəkə istifadəçilərinin reaksiyası da təəccüb doğurmayıb. Vəziyyəti ümumiləşdirərək, Avropa Şurasının prezidenti Şarl Mişelin sözlərilə ifadə etmək olar. O, özünün «Twitter» səhifəsində yazıb ki, cinayət «bizim həyatımıza və bəşəri dəyərlərimizə (yəni avropalıların) qarşı» törədilib. Əslində, Mişel Fransa prezidenti Emmanuel Makronun sözlərini təkrarlayıb. Makron da hücumun «bizim dəyərlərimizə, azadlığımıza, torpaqlarımızdakı inanc azadlığına, terrora boyun əyməməyimizə qarşı» yönəldiyini demişdi.
Bunun ardınca Avropada islamçılıqla mübarizənin prioritet elan olunması, konkret əməllərə keçilməsinə çağırışlar səsləndirilməyə başlayıb ki, bunu da gözlənilməz adlandırmaq olmaz. «Konkret əməllər» dedikdə isə məscidlərin qapadılması, miqrasiya qaydalarının sərtləşdirilməsi, şübhəli şəxslərin deportasiyası, hərəkət azadlığına məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
Almaniya kansleri Angela Merkel belə də deyib: «Vyanadakı terror hücumu məni sarsıtdı. İslam terroru bizim ümumi düşmənimizdir. Bu qatillərlə və onları ruhlandıranlarla mübarizə bizim ümumi mübarizəmizdir».
Beləliklə, «islam terroru» adlanan məfhum «Avropa dəyərləri»nə tam ziddir. Paradoks isə ondadır ki, saysız-hesabsız müxtəlif ekspert rəylərinə, elmi əsərlərə, jurnalist məqalələrinə və siyasi fikirlərə baxmayaraq, avropalıların konkret nəyin uğrunda mübarizə aparmağa hazırlaşdıqlarını konkret ifadə etmək çətindir. Hazırda «Avropa dəyərləri» kifayət qədər dağınıq anlayışdır.
«Köhnə dünya»da məşhur multikulturalizm ideyasının tam iflasa uğradığı məlumdur. Amma bu ideyanın dağıntıları, nədənsə, yalnız birtərəfli şəkildə dağılır. Özünüz düşünün. Tarix müəllimi Samvel Patinin başını kəsmiş Anzarovun ailəsi Fransada siyasi qaçqın kimi məskunlaşıb və o, son 12 ili Fransada rəsmi şəkildə yaşayıb. Nitsada katolik kilsəsini ziyarətə gəlmiş insanlara hücum etmiş Brahim Assauinin Qırmızı Xaç təşkilatının İtaliya şöbəsi tərəfindən verilmiş sənədi var idi. Vyanada 4 nəfər güllələyərək qətlə yetirmiş, daha 23 nəfəri yaralamış Feyzulay Kuytim isə elə Avstriyanın öz vətəndaşı olub (o, Şimali Makedoniyadan gəlmiş etnik albanların nəslindən idi). Bir sözlə, adıçəkilən şəxslərin hər üçü Avropada tam leqal şəkildə yaşayırlarmış. Lakin gənclərin niyə radikal hərəkatlara üz tutmağa başladığını heç kəs anlamaq istəmir. Onları doğulduqları və ya var qüvvələrilə can atdıqları təhlükəsiz, tox Avropada nə qane etmir? Avropa İttifaqının miqrasiya siyasətində hansı boşluq var? Niyə miqrantların əksəriyyəti cəmiyyətə inteqrasiya etmir və faktiki olaraq, istər fiziki, istər mənəvi baxımdan sıxışdırılırlar? Axı, inteqrasiya vasitələrinin bu qədər effektsiz olduğuna görə kimlərsə məsuliyyət daşımalıdır…
Bundan başqa, yerli KİV-in yazdığına görə, hər üç terrorçu – Kuytim, Anzarov və Assaui birdən-birə terrorçu olmayıblar. Amma onlar radikal ideyalarla yaşadıqlarını da heç zaman ciddi cəhdlə gizlətməyiblər. Kuytimi 2019-cu ildə həbs belə, edilibmiş. Səbəb onun 90 müsəlman avstriyalı ilə birlikdə İŞİD-ə qoşulmaq üçün Suriyaya yollanmağa hazırlaşması idi. Lakin yarım il sonra Kuytim bərpa proqramı keçərək, azadlığa buraxılıb. 2020-ci ilin oktyabrında Kuytim bir yoldaşı ilə birlikdə Slovakiyada «AK-47» üçün döyüş sursatları almağa cəhd göstərib. Slovakiya polisi faktı Konstitusiyanın Müdafiəsi İdarəsinə təqdim etsə də, xəbərdarlığa reaksiya verilməyib. Burada təhlükəsizlik və xüsusi xidmət orqanları ilə bağlı sual yaranmalıdır. Həm də kifayət qədər ciddi sual. Kuytim daha nə etməli imiş ki, Avstriya vətəndaşlarının təhlükəsizliyinə cavabdeh olan qurumlar ona xüsusi diqqətlə yanaşsınlar? Bəs, niyə yanaşmayıblar?
Adı hər kəsə yaxşı məlum olan Breyvikin (yeri gəlmişkən, o, müsəlman deyil) nümunəsi göstərir ki, Avropada bu sahədə mühakimə, ümumiyyətlə, çox qəribədir. Avropalılar özləri bunun fərqində olmasalar da, kənardan bu, kifayət qədər aşkar görünür.
Bundan başqa, bütün açıq informasiya mənbələrindən aydın olmur ki, bu halda avropalılar yaxşı hazırlaşmış terror hərəkatının planlı hücumu ilə üzləşib, yoxsa bu, sadəcə hansısa radikal gəncin özbaşına törətdiyi əməldir. Hələlik bütün əlamətlər sonuncu versiyanın daha inandırıcı olduğunu göstərir. Görünən odur ki, baş verənlərin səbəbi sosial və iqtisadi problemlərdir – Avropada bir çox miqrant və qeyri-miqrant ailələri üçün bu problem həqiqətən mövcuddur. Bütün bunların fonunda özünü identifikasiya, özünü təsdiq axtarışı ilə bağlı olan əsəb pozuntuları halları üzə çıxır. Bu, ABŞ-ın məktəb və kolleclərində şagird və tələbələrin həmyaşıdlarını, yaxud müəllimlərini qətlə yetirdikləri, həmçinin Rusiyada əsgərlərin bir yerdə xidmət çəkdiyi hərbçiləri güllələdiyi halları xatırladır. Belə insanlar saxlanılan zaman sağ qalırsa, hadisəni törədən zaman anlaqlı və ya anlaqsız olduğu müəyyənləşdirilir. Lakin artıq o anda bu, çox da önəmli sayılmır – aydındır ki, belə şəxslər cinayəti istənilən halda yaşadığı cəmiyyətdə üzləşdiyi hansısa münaqişə səbəbilə törədir.
Kuytimin qurbanlarının sayı xoşbəxtlikdən o qədər də çox olmayıb və bunun özü də onun təcrübəsizliyinin, aşkar psixi pozuntusunun göstəricisidir. «The Guardian» yazır ki, Vyanada terrorçu insanları avtomatdan atəşə tutub və bu zaman «masa arxasında əyləşən insanlara heç bir fərq qoyulmayıb». Demək, hadisəni xüsusi hazırlıqlı terrorçu törətsəydi, qurban sayı onlarla olacaqdı. Yeri gəlmişkən, Breyvik hadisəsində məhz belə olmuşdu. Halbuki, o da hazırlıqlı terrorçu sayılmır.
Bütün bunları nəzərə alsaq, terrorçuluğun islamla əlaqələndirilməsinin anlamı varmı? Bu halda dinlə əlaqələndirilən radikal ideyalar sadəcə, aqressiyanın ifadəsidir və burada aqressiyanı yaratmış səbəbin fərqi yoxdur…
Yeri gəlmişkən, Fransa və Avstriyada terror törətmiş şəxslər avropalıları yaxşı tanıyan klassik terrorçu cinayətkar obrazına da uyğun gəlmirlər. Yoxsa Olstarın azadlığı uğrunda mübarizlər, İRA, bask və korsikan separatçıları, almanların «Qırmızı Ordu Fraksiyası»nın («Rote Armee Fraktion») solçu ekstremistləri unudulublar? Axı, Avropaya terrorçuluq islamla gəlməyib və bu, unudulmamalıdır. 1979-cu ildə Anazorov, Assaui və Kuytimin valideynləri hələ yeni doğulmuşdular. Lakin «Köhnə dünya»da 800-dək terror aktı baş vermişdi. O zaman həmin terror aktlarının əksəriyyətinə görə məsuliyyəti Fransa, İspaniya və Böyük Britaniyadan olan separatçılar öz üzərlərinə götürmüşdülər.
Aİ vətəndaşlarından guya baş kəsmək kimi qəddarlığın məhz islam dininin təmsilçilərinə aid olduğuna dair fikir eşitmək də son dərəcə qəribədir. Unutmaq lazım deyil ki, iki Dünya müharibəsinin heç biri müsəlman dünyasında baş verməyib. Avropalıların Afrika, Asiya və ya Yaxın Şərqdəki müstəmləkələrində törətdikləri cinayətlərə isə bəzən inanmaq belə, çətin olur. Məsələn, Fransanın keçmiş müstəmləkələrinin siyahısı sadalamaqla bitmir. Üstəlik, fransızların uzun illər istismar etdikləri dövlətlərin bəziləri hələ də bundan özlərinə gələ bilməyiblər. 1625-1804-cü illərdə Fransanın müstəmləkəsi olmuş Haiti dünyanın ən zəngin dölətlərindən, eyni zamanda, quldarlığın ən sərt olduğu ölkələrdən sayılırdı. Bu gün Şimali və Cənubi Amerikada insan inkişafına görə ən aşağı indeks məhz Haitiyə aiddir.
Bundan başqa, bir çox alim və siyasətçi hesab edir ki, Fransanın Əlcəzairi istila etməsi və sonrakı müharibə (yeri gəlmişkən, bu, İkinci Dünya müharibəsindən və İnsan Hüquqları Haqqında Ümumdünya Bəyannaməsinin qəbulundan sonra baş verib) soyqırımdan başqa bir şey deyil. XIX əsrdə fransız müstəmləkəçilərinə qarşı döyüşmüş 24 Əlcəzair döyüşçüsünün və Müqavimət liderlərinin qalıqlarını Əlcəzairə 2020-ci ilin iyulunda qaytarıblar. Onlar 1849-cu il üsyanında iştirak ediblər. O zaman belə döyüşçüləri öldürür, başlarını kəsir, kəllə sümüyünü isə hərbi qənimət kimi Parisə aparırdılar. Onlar «Musee de l'Homme»da saxlanılırdı.
Bəziləri bunun kifayət qədər uzaq keçmişdə baş verdiyini deyə, bu gün onlar haqqında danışılmasını doğru saymaya bilər. Bəlkə də belədir. Amma bəzi dövlətlər bu gün siyasətlərini bir əsr əvvəl baş vermiş, əslində isə heç baş verməmiş hadisələr üzərində qurmağa çalışmırmı? Onlar bu gün həyata keçirdikləri işğalçı siyasəti bir əsr əvvələ aid olaylarla əlaqələndirməyə çalışmırmı? Və bəziləri… elə Avropanın özündə onlara inanmırmı?
«Köhnə dünya»nın keçmişi və bu günü ilə yaşamaqdan başqa yolu yoxdur. «Ifop» ictimai rəy institutunun apardığı sorğunun nəticələri göstərir ki, Fransada yaşayan və yaşı 25-dən az olan müsəlmanların 57%-i şəriət qanunlarını Fransanın qanunlarından vacib sayır. Bu rəqəm 2016-cı ildəki göstəricilə müqayisədə düz 10% artıb və bu, bir çoxlarında şok yaradıb. Lakin nahaq yerə… Əslində, hər şey çox sadədir və heç də qorxulu deyil. Ənənəvi dini həyat tərzi sürən ölkələrdən miqrantları qəbul etməyə hazır olan siyasətçilər və məmurlar ən azı onu anlamalı idilər ki, bu insanlar öz dini müqəddəslərinin karikaturasının yayılmasına yumorla yanaşmayacaqlar. Və burada Avropa dəyərlərinə, yaxud insan haqları bəyannaməsinə görə nəyin doğru, nəyin yanlış olduğu heç nəyi dəyişmir. Vacib olanı dövlətlərin öz təhlükəsizliyi baxımından ağıllı və ağılsız addımları bir-birindən fərqləndirə bilməkdir. Dinin təhqir olunmasını qadağan edən qanunun qəbulu bu qədərmi çətindir? Şəxsən mən bu məsələdə öz azadlığıma hər hansı təhlükə görmürəm. Əvəzində, kimlərinsə həyatını xilas etmək olar. Dinə, günahsız ölmüş insanların xatirəsinə (2015-ci ilin noyabrında «Charlie Hebdo» jurnalı Rusiyanın Sinay yarımadası üzərində qəzaya uğramış «A321» təyyarəsilə bağlı iki karikatura dərc etmişdi) hörmət, ləyaqətin, şərəfin qorunması arzusu – bunlar insanlığın əsasıdır və bu işdə heç bir sübuta, dəlilə ehtiyac yoxdur.
Ümumiyyətlə, sağlam düşüncənin mövcudluğu çox yaxşıdır. O, faydalıdır, məsələlərə müxtəlif tərəflərdən baxmağa imkan verir. Məsələn, götürək elə söz azadlığı, terrorizmə müqavimət və demokratiya simvolu kimi sırınan Charlie Hebdo jurnalını. Ona istər kimlərinsə əlində olan effektiv alət kimi baxmaq olar (bir şəkildə kollektiv düşmən obrazı yaratdı, dünyanın yarısını ayağa qaldırdı,xüsusi xidmət orqanları və polisi səfərbər etdi, öz vətəndaşlarında böyük qorxu yaratdı), istərsə də qalmaqal yaratdıqca daha çox gəlir gətirən biznes layihə kimi. Əlbəttə ki, nəyəsə eyham vurmaq istəmirik, sadəcə, maraq üçün qalmaqal və terror aktlarından sonra bu kiçik həftəliyin gəlirlərinin nə qədər artdığı ilə maraqlana bilərsiniz…
Amma bu jurnalın «aktiv»ində daha maraqlı qalmaqal da var. O, KİV-ə çıxsa da, bu qədər kütləvi müzakirələrə yol açmamışdı. Söhbət «Charlie Hebdo»nun 2008-ci il iyulun 2-də dərc etdiyi karikaturadan gedir. O zaman jurnalda 79 yaşlı ateist və kommunist rəssam Moris Sinenin çəkdiyi karikaturadan gedir. Karikatura Fransanın ozamankı prezidenti Nikola Sarkozinin oğlu Jan Sarkoziyə aid idi. Sine Jan Sarkozinin «Darty» məişət texnikası və elektrotexnika mağazalar şəbəkəsinin sahibinin qızı ilə ailə qurmasına eyham vuraraq, bundan sonra prezidentin oğlunun yəhudi dinini qəbul edə biləcəyini qabartmışdı. O zaman jurnalın redaktoru Filipp Val karikaturanı «mənasız yalan» adlandırmışdı. Bundan başqa, Sinedən karikaturadan imtina etməsi tələb olunmuş, rəssam tələbi rədd etdikdə isə antisemitizm ittihamı ilə işdən kənarlaşdırılmışdı.
Sinenin karikaturası Fransanın mədəniyyət naziri Kristin Albanel tərəfindən də tənqid olunmuşdu. O, şəkli «keçmişə aid, kökü kəsilməli olan xurafatın təzahürü» kimi qiymətləndirmişdi. Bu məsələdə mən Albanel ilə tam razıyam. İnsanın mənsub olduğu dinə istehza etmək olmaz. Və bir daha təkrar edirəm ki, bu, heç bir sübut tələb etməyən sadə həqiqətdir, ağıllı yanaşmadır. Bu, nə söz azadlığını, nə də hər hansı digər azadlığın pozulmasıdır.
Bir sözlə, miqrantlarla bağlı yaranmış vəziyyət, onların arasından terrorçuların çıxması özünəməxsus lakmus kağızıdır. O, Avropanın öz dəyərləri arasında necə azdığını, necə çaş-baş qaldığını göstərir. Yaranmış labirintdən çıxmaq üçün isə, sadəcə, mümkün fəsadlar haqda düşünmək, bəzən keçmişi yada salmaq, ikili standartlardan imtina etmək və insan haqlarından, «dəyərlərin müdafiəsi»ndən geosiyasi alət kimi istifadəyə son qoymaq kifayətdir.
Vyanada törədilmiş terror aktı zamanı iki etnik türk – Rəcəb Tayyib Gültəkin və Mikayıl Özər hadisə yerindən iki yaralını, o cümlədən bir polis əməkdaşını çıxarmışdılar. Bu zaman Gültəkin ayağından yaralanmışdı.
23 yaşlı fələstinli Üsəma Xalid Cuda isə ciddi zədə almış daha bir polisi xilas etmiş, onu ilkin tibbi yardım göstərmiş və intensiv atışmaya rəğmən, yaralı polisi təcili tibbi yardım maşınına çatdırmışdı.
Sağlam düşüncənin, adi insanpərvərliyin nə dini, nə milli mənsubiyyəti var. Əsl dəyər məhz budur.
MƏSLƏHƏT GÖR: