Müəllif: Namiq MAYILOV
Düz 45 gün Qarabağ müharibəsi mövzusu dünya KİV-nin ilk səhifəsindən düşmədi. O, bu gün də beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Sadəcə, bu dəfə danışıqların fonunda topların səsi eşidilmir. Müharibə Azərbaycanın qələbəsilə bitdi. Ermənistan məğlub oldu.
Noyabrın 10-da Azərbaycanla Ermənistan Rusiyanın vasitəçiliyilə Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatların dayandırılmasına dair razılaşmaya imza atıblar. Sənəd əvvəlcə onlayn rejimdə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin tərəfindən imzalanıb. Sonradan Ermənistanın baş naziri, əvvəlcə bəyanatı imzalamaqdan boyun qaçırmış Nikol Paşinyan da eyni addımı atıb.
«Noyabrın 10-da imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistan sülh kapitulyasiya aktı idi. Necə ki, vaxtilə İkinci Dünya müharibəsi başa çatandan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan sonra Rusiya prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə çox da təkid etməyim. Mən hesab etdim ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi», - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Bu hadisənin vacibliyindən, tarixi əhəmiyyətindən danışırıqsa, ilk olaraq onu qeyd etməliyik ki, sənəd Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, Ermənistan tərəfindən işğal olunmuş bütün əraziləri üzərində suverenliyinin bərpasını nəzərdə tutur. Orada Dağlıq Qarabağ ətrafında hələ də işğal altında qalmış 3 rayon – Ağdam, Laçın və Kəlbəcərin də boşaldılmalı olduğu konkret tarixlər göstərilib. Proses bu il dekabrın 1-dək başa çatmalıdır.
Daha bir önəmli məqam Laçın və Kəlbəcər rayonlarının Ermənistanla həmsərhəd olmasıdır. Onların geri qaytarılması ilə Azərbaycan Ermənistanla dövlət sərhədini tam bərpa edir. Bundan əvvəl Bakı əks-hücum əməliyyatları nəticəsində İranla sərhəddə yerləşən Cəbrayıl və Zəngilan rayonlarını da erməni işğalından azad etmişdi.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində 5 şəhər, 4 qəsəbə və 300-dək kənd erməni işğalından azad olunub. İşğaldan azad olunmuş ərazilər arasında Azərbaycan mədəniyyətinin beşiyi, qədim Şuşa şəhəri də var.
Tərəflər qaçqın və məcburi köçkünlərin öz evlərinə qaytarılması, hərbi əsirlərin və həlak olmuş hərbçilərin meyitlərinin dəyişdirilməsilə bağlı da razılığa gəlib.
Bəyanata əsasən, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni əhalisi Ermənistanla Laçın dəhlizi vasitəsilə əlaqəni davam etdirəcək. Dəhliz boyunca isə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşəcək. Bundan başqa, atəşkəsə nəzarət üzrə mərkəz yaradılacaq və mərkəzdə Rusiya və Türkiyə nümayəndələri yer alacaq.
Prinsipial əhəmiyyət daşıyan məqamlardan biri Rusiya sülhməramlılarının bölgəyə Dağlıq Qarabağdan erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilməsidir.
Bundan başqa, regionda iqtisadi və nəqliyyat əlaqələri bərpa olunacaq, o cümlədən Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisilə yol çəkiləcək. Xatırladaq ki, bu Azərbaycan anklavı 30 ildən çoxdur ki, ölkənin əsas hissəsilə əlaqədən məhrumdur və buna səbəb Ermənistandır.
Nəhayət, son dərəcə vacib məqam – bəyanatda Dağlıq Qarabağa hər hansı statusun verilməsi haqda heç bir müddəa yoxdur. Bu regionun erməni əhalisi isə gələcəkdə Azərbaycan xalqının malik olduğu bütün hüquqlardan istifadə edə bilər.
Beləliklə, Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başlamış Azərbaycan faktiki olaraq, BMT Təhlükəsizlik Şurası qətnamələrinin 27 ildir kağız üzərində qalmış tələblərini yerinə yetirib. Başqa sözlə, Bakı nəinki ölkənin ərazi bütövlüyünü təmin edib, həm də beynəlxalq hüququn təntənəsinə nail olub.
Qaçılmaz darmadağın
Nikol Paşinyan və erməni separatçılarının rəhbəri Araik Arutunyan təslim olmaqdan başqa yollarının qalmadığını etiraf ediblər. Onların özlərinin də etiraf etdikləri kimi, Ermənistan ordusu tamamilə darmadağın edilib və artıq tam məğlubiyyət bir neçə günün, bəlkə də bir neçə saatın işi idi.
Döyüş meydanındakı biabırçı məğlubiyyətə haqq qazandırmağa çalışan Paşinyan bildirib ki, müharibəni Azərbaycanın pilotsuz uçuş aparatları və xüsusi təyinatlı dəstələri qazanıb. Hərbi analitiklərsə diqqəti Azərbaycan Silahlı Qüvvələrinin Şuşa kimi əlçatmaz qalanı havadan dəstək və zirehli texnika olmadan azad etdiyinə çəkir.
Fransanın «Le Monde» nəşrinin Xankəndidə olmuş müxbirləri yazırlar ki, Şuşadan gətirilmiş yaralılar əsasən tapança və bıçaq yarası alanlardır. Demək, Şuşa az qala, əlbəyaxa döyüşlə azad olunub. Qeyd edək ki, bu şəhər dəniz səviyyəsindən, təxminən, 1800 metr yüksəklikdə yerləşir.
KİV onu da yazır ki, Azərbaycan çox ağıllı əks-hücum taktikası qurmuşdu və Bakının müasir müharibə aparmaq təcrübəsi öyrənilməlidir. «Bu, sanki gələcəyin müharibəsi idi. PUA-lar vasitəsilə endirilən zərbələr 44 günlük müharibədə Azərbaycana böyük üstünlüklər qazandırdı. Aydın oldu ki, artıq döyüş meydanı hücum PUA-larının əlinə keçir. Artıq o qədər də baha başa gəlməyən dron arsenalı ənənəvi Hərbi Hava Qüvvələrinə alternativ ola bilər. Dağlıq Qarabağda baş verənlər göstərdi ki, PUA-lar bitmək bilməyən münaqişəyə bir anda son qoya, quru qoşunlarını müdafiəsiz vəziyyətə sala bilər», - deyə «The Washington Post» yazır.
44 günlük savaşı təhlil edən analitiklərin əksəriyyəti bildirir ki, Qarabağda XX əsrin ordusu XXI əsrin ordusuna qarşı vuruşub. Sonuncu, təbii ki, Azərbaycan Silahlı Qüvvələri haqda deyilir. Vurğulanır ki, son hərbi əməliyyatlar Ermənistan ordusuna bərpası çox çətin görünən zərbə vurub. Məsələn, AVIA.PRO yazır ki, Azərbaycan Ordusunun ayyarımda ermənilərdən ələ keçirdiyi tankların sayı ayyarımlıq müharibədə itirdiyi tankların sayından, təxminən, 7 dəfə çoxdur.
Ermənistanda xaos
Ermənistan vaxtında diplomatik danışıqlarda konstruktiv mövqe tutsaydı, döyüş meydanında fiaskoya uğramaya bilərdi. Ermənistanın bu gün üzləşdiyi vəziyyətin yaşanacağını hələ illər öncə ölkənin ilk prezidenti Levon Ter-Petrosyan proqnozlaşdırmışdı. «Bu gün qəbul etmədiklərimizi gələcəkdə xahişlə istəyəcəyik, lakin ala bilməyəcəyik. Tariximizdə belə hal dəfələrlə olub», - deyə Ter-Petrosyan hələ 23 il əvvəl bildirirdi.
Lakin Ermənistanın əvvəlki hakimiyyəti kimi, indiki iqtidarı da öz xalqını aldatmaqla məşğul idi – erməni xalqı hökumətlərin ərazi iddialarının qurbanına çevrilmişdi.
Bu gün Ermənistanda xaos hökm sürür. Müxalif siyasi qüvvələr və sadə ermənilər biabırçı təslimçiliyi Paşinyana bağışlamır. Bununla yanaşı, heç kəs fərqli yol da göstərə bilmir. «Ermənistanın bugünkü vəziyyətini bir kəlmə ilə ifadə etmək olar – xaos. O isə məntiqə uymur, qeyri-rasional olur. Demək, bu vəziyyətdə gələcəyi proqnozlaşdırmaq mümkün deyil. Əminliklə yalnız bir şeyi demək olar: ölkədə təlatümlər dövrü başlayıb və hələ ki, onun ucu-bucağı görünmür. Bu gün Ermənistanın üzləşdiyi hakimiyyət dəyişikliyilə çözüləcək siyasi böhran deyil. Ermənistanda dövlətçilik böhranı başlayır. Onu şahmatda hər gedişin vəziyyəti daha da ağırlaşdırdığı suqsvanqla müqayisə etmək olar. Bundan pisi olmur», - deyə Lenta.ru yazır.
Bu arada, ermənilər artıq Azərbaycanın işğal olunmuş ərazilərini boşaltmağa başlayıblar – proses təyin olunmuş müddətədək başa çatdırılmalıdır. Lakin onlar gedərkən bu rayonlardakı meşələrə, hətta evlərə belə, od vurur. Halbuki, onları buralara cəmi 20 il əvvəl köçürüblər. İndi bu insanlar tərk etdikləri rayonlarda abidələri dağıdır, tarixi artefaktları özlərilə Ermənistana daşıyırlar. «Diqqəti bir məqama çəkmək istərdim: ermənilər 90-cı illərin ortalarınadək hazırda tərk etdikləri rayonlarda yaşamayıblar. Odur ki, ermənilər bu cün cəmi 25 ildir yaşadıqları evləri yandırır. Halbuki, bu evlər daha əvvəl məhz azərbaycanlılara məxsus olub – Laçın, Kəlbəcər, Ağdam torpaqlarının özü kimi», - deyə rusiyalı ekspert Aleksandr Perenciyev bildirir.
Bu isə daha bir rusiyalı analitik, «Kommersant» Nəşr Evinin xarici siyasət şöbəsi müdirinin müavini, Rusiyanın Xarici Məsələlər Şurasının eksperti Aleksey Naumovun fikirləridir: «Unutmamalıyıq ki, beynəlxalq hüquqa görə Qarabağ Azərbaycana məxsusdur. O, bu torpaqları geri qaytarmaq uğrunda vuruşub. Ən əsası, Azərbaycan Şuşa şəhərini geri qaytardıqdan sonra tam zəfərin bir addımlığında dayanıb, nəciblik göstərərək bölgəyə sülhməramlıların gəlişinə razılıq verib və qalan ərazilərin mərhələli şəkildə boşaldılmasına «hə» deyib. Ermənilərə 3 rayondan çıxmaları üçün 1 həftə vaxt verilib. Bəli, azdır, bəli onlar yazıqdırlar. Lakin 1993-cü ildə azərbaycanlıların bu torpaqlardan çılpaq, ayaqyalın qaçdıqlarını xatırlayırıq. Qaçmayanları isə başqa şəhərə yox, o biri dünyaya göndərirdilər».
Ermənistanın sabiq prokuroru və Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Gevork Kostanyan isə ölkəsinin Azərbaycana 50 milyard dollardan artıq təzminat ödəmək məcburiyyətində qalacağını istisna etməyib. «Cəmi 2 il əvvəl Azərbaycanın Ermənistana qarşı iddia hazırladığına dair xəbərdarlıq edirdik. Deyirdik ki, onlar Ermənistandan Dağlıq Qarabağa və ətraf 7 rayona vurulmuş ziyana görə kompensasiya tələb edəcəklər. O vaxt Bakı bu iddia ilə yalnız ona görə çıxış edə bilmirdi ki, əlində məsuliyyətin Ermənistanın üzərinə düşdüyünə dair kifayət qədər fatk yox idi. Bu günlərdə isə Azərbaycan Prezidenti, həqiqətən, belə iddia hazırladıqlarını bəyan edib. Onlar Azərbaycana dəymiş ziyanın hesablanmasına beynəlxalq təşkilatları cəlb ediblər və bu qurum söhbətin ən azı 50 milyard dollardan getdiyini müəyyənləşdirib. Əminəm ki, bu istiqamətdə işlər kifayət qədər sürətləndirilib. Çünki Ermənistanın baş naziri noyabrın 10-da məlum sənədə imza atmaqla, əslində bu məsələdə məsuliyyəti Ermənistan Respublikasının daşıdığını etiraf edib. Bununla da o, dəymiş bütün zərərlərə görə məsuliyyəti bilavasitə üzərinə götürüb», - deyə G.Konsanyan bildirib.
Amma Azərbaycan Ermənistana qarşı iddia qaldırmasa belə, İrəvanın aldığı zərbədən özünə gəlməsi çətin olacaq. Qarabağ məğlubiyyəti yəqin ki, özünü ciddi sosial-iqtisadi və demoqrafik fəsadlarla da göstərəcək.
Azərbaycanı da ciddi iqtisadi məsrəflər gözləyir: Bakı işğaldan azad olunmuş əraziləri minalardan təmizləməli və faktiki olaraq, sıfırdan yaratmalıdır. Foto və videomateriallar göstərir ki, erməni tərəfi Azərbaycan şəhər və kəndlərini işğal altında saxladığı illərdə daşı daş üstündə qoymayıb.
Rusiya ilə Türkiyə Qərbi sıxışdırıb çıxarır
Jurnalımızın çapa hazırlandığı vaxtda Rusiya sülhməramlılarının bir hissəsi artıq bölgəyə gəlmişdi. Artıq yalnız Rusiya ilə Türkiyənin birgə nəzarət mərkəzinin fəaliyyətilə bağlı detalların razılaşdırılması qalırdı. Tərəflərin bəyanatından bəlli olurdu ki, Rusiya mərkəzin stasionar formada işləməsini təklif edir, Türkiyə isə monitorinq qüvvələrinin mobil fəaliyyətinə üstünlük verir. Bununla yanaşı, tərəflərin ortaq məxrəcə gələcəyinə şübhə yoxdur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun da dediyi kimi, Moskva ilə Ankara arasında Qarabağla bağlı fikir ayrılıqları dialoq yolu ilə aradan qaldırılır: «Müxtəlif regional məsələlərin həllində Rusiya-Türkiyə əməkdaşlığı öz effektivliyini göstərib».
Analitiklər hesab edir ki, Moskva ilə Ankara bir çox beynəlxalq məsələdə, o cümlədən Suriya problemində qarşı cəbhələrdə yer alsalar da, onların maraqları üst-üstə düşür. Türkiyənin Qarabağ probleminin birdəfəlik həllində artan roluna da bu kontekstdə baxmaq lazımdır.
Bütün bunların fonunda bir məqam da özünü kifayət qədər aydın göstərir: Rusiya-Türkiyə yaxınlaşması, həmçinin Ankaranın Qarabağ probleminin həllilə bağlı təşəbbüsləri, Cənubi Qafqazda mövqelərini gücləndirməsi, bununla da, Mərkəzi Asiyaya çıxış perspektivi qazanması Qərbdə narahatlıq yaradır. Xüsusilə Fransa baş verənlərdən qıcıqlandığını gizlətmir. Lakin hər kəs anlayır ki, artıq Ankara ilə tələb, sanksiya, hədə dililə danışmaqla Qərb faktiki olaraq, NATO çərçivəsində güclü müttəfiqi olan Türkiyəni özündən daha da uzaqlaşdırır.
Ermənistanla Azərbaycan arasında razılaşmanın şəxsən Vladimir Putinin vasitəçiliyilə əldə olunduğu, Qarabağ münaqişəsi zonasına Rusiya sülhməramlılarının yerləşməsilə Moskvanın yaxın perspektiv üçün regional mövqeyinin daha da gücləndiyi də diqqətdən qaçmayıb. Bu amilin özünü Moskva ilə ATƏT-in Minsk qrupunun digər həmsədrləri arasındakı münasibət kontekstində də göstərəcəyi istisna deyil.
Doğrudur, ABŞ-ın başı hələ ki, ölkədəki hakimiyyət dəyişikliyinə qarışıb. Lakin politoloq Maksim Şevçenko hesab edir ki, Birləşmiş Ştatlarda keçirilmiş prezident seçkisində qələbə qazanmış Co Bayden Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı üçtərəfli bəyanatı ilə razılaşmayacaq. «O, razılaşmanın ATƏT-in Minsk qrupundan kənarda qəbul olunduğunu deyəcək, sənədi sövdələşmə və ya bu tipli bir şey kimi qiymətləndirəcək. Razılaşmanı qeyri-legitim, zorla qəbul etdirilmiş sənəd kimi təqdim edəcək erməni lobbiçiləri də tapılacaq», - deyə Şevçenko qeyd edib.
Fransaya gəlincə, o, aşkar qərəzli, ermənipərəst mövqedən çıxış edir. Bu isə obyektiv vasitəçi mövqeyinə tam ziddir. «Azadlıq» radiosu bildirir ki, Fransa vasitəçi olsa da, Moskvanın hərəkətlərilə prosesdən kənarda qalıb. «Makron münaqişə tərəflərindən heç birini dəstəkləməməyə çalışsa da, Fransadakı yarım milyonluq erməni diasporu ilə hesablaşmalı olacaq», - deyə radio bildirir.
Göründüyü kimi, vasitəçilərdən ən azı birinin obyektivliyi, tərəfsizliyi böyük şübhə altındadır. Odur ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının bərpası iflasa məhkumdur.
Üstəlik, artıq Azərbaycan özü beynəlxalq hüququn münaqişə ilə bağlı tələblərini həyata keçirib. O, işğal olunmuş ərazilərdə infrastrukturun bərpasına belə, başlayıb. Nəticədə bu ərazilərin etnik təmizləməyə məruz qalmış əhalisi tezliklə öz ev-eşiyinə qayıda biləcək. Artıq gələn ilin avqustunda Şuşada beynəlxalq kulinariya festivalının keçirilməsi qərarı da bundan xəbər verir.
Beləliklə, Azərbaycanın ərazilərini işğaldan azad etmək uğrunda apardığı müharibədə qazandığı qələbə şübhəsiz ki, regionda yeni geosiyasi reallıqlar yaradır. Bu tarixi hadisələr, əlbəttə ki, regional təhlükəsizliyin güclənməsinə öz töhfəsini verəcək, yalnız Azərbaycanın deyil, qonşu dövlətlərin də gələcək inkişafına yeni zəmin yaradacaq. Ermənistan isə öz gələcəyini hələ işğalçı müharibəyə başlayan zaman uduzmuşdu.
MƏSLƏHƏT GÖR: