Müəllif: Ağasəf AXUNDOV
Noyabrın 25-də Fransa Senatı tərəfindən qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasını tanıma zərurəti" adlı qətnamə beynəlxalq hüquqa zidd olan və siyasi cəhətdən qəbuledilməz tələbləri ilə Azərbaycan ictimaiyyətinin haqlı qəzəbinə səbəb olub və öncədən gözlənildiyi kimi, rəsmi Bakıda mənfi reaksiya doğurub. Milli Məclis buna cavab olaraq Azərbaycan hökumətinə tövsiyə edib ki, Fransa ilə siyasi və iqtisadi münasibətlərə yenidən baxsın və müvafiq qərarlar qəbul etsin. Əslində, ikitərəfli işgüzar əlaqələrin kəsilməsi məsələsi gündəmə gələ bilər. Özü də, mütəxəssislərin əksəriyyətinin fikrincə, mövcud ticarət və iqtisadi əlaqələr baxımından Fransa Azərbaycanla müqayisədə daha çox itki ilə üzləşə bilər.
Maraqlara zərbə
Maraqları erməni lobbisi ilə sıx bağlı olan Fransa senatorlarının və onların arxasında duran siyasət və biznes isteblişmentinin son qətnaməsinin absurdluğu barədə sonsuza qədər danışmaq olar. Separatçı bir qurumun tanınmasına dair siyasi təzyiqin absurdluğu, Fransa Senatının qətnaməsinin hər sətrində özünü göstərən hüquqi nihilizm o qədər aydındır ki, az-çox sağlam düşüncəli siyasətçilər beynəlxalq səviyyədə bu sənədi gələcək addımlar üçün bir tövsiyə olaraq qəbul etməkdən imtina edirlər. Bunun bariz sübutu, elə həmin Fransanın Xarici İşlər Nazirliyinin Fransa hökumətinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan mövqeyini bir daha təsdiqləyən reaksiyasıdır. Bu da aydındır ki, Rusiya, Böyük Britaniya, ABŞ və digər dünya güc mərkəzləri həqiqi siyasət prinsiplərinə sadiq qalaraq və xarici siyasət itkilərinin miqyasını qiymətləndirərək, bu cür populist addımlardan uzaq dururlar.
Fransa Senatının qərarı tövsiyə xarakterli olsa da, bu qətnamə arzuolunmaz presedentdir, çünki gələcəkdə bu, münaqişənin Moskva, Bakı və İrəvanın əldə etdiyi üçtərəfli atəşkəs razılaşması əsasında sülh yolu ilə həllinə mane olan mənfi proseslərə gətirə bilər.
Azərbaycanın bu məsələdə mövqeyi yetərincə aydındır: Dağlıq Qarabağın müstəqilliyinin rəsmi tanınması barədə qərar qəbul edən hər bir dövlətlə bütün siyasi və iqtisadi əlaqələrə son qoyulacaq. Uyğun olaraq, uğursuz qətnamənin tövsiyə xarakterli olmasına baxmayaraq, bu sənədin qəbulu Azərbaycan-Fransa münasibətləri, özəlliklə də onun iqtisadi komponentləri üçün nəticəsiz qalmayacaq. Fransa hökumətinin bundan sonrakı arzuolunmaz addımları halında, ikitərəfli işgüzar əməkdaşlığın tamamilə məhdudlaşdırılması istisna edilmir.
“Fransa Senatının 25 noyabrda qəbul etdiyi qərar Fransa ilə Cənubi Qafqazda əsas ticari-iqtisadi tərəfdaşı olan Azərbaycan arasında uzun illər ərzində siyasi, iqtisadi, ticarət və digər sahələrdə inkişaf etmiş əməkdaşlığa ciddi zərbə vurur. Bu qərar fransız işgüzar dairələrin Azərbaycandakı mənafelərinə xələl gətirir, onların gələcəyini sual altına qoyur”, - deyə maliyyə naziri Samir Şərifov Fransa senatorlarının düşünülməmiş addımını qiymətləndirib.
Milyonluq itkilər
Paris Bakıya qarşı belə düşünülməmiş və ədalətsiz siyasət yürütməyin əvəzində nə gözləyir və Azərbaycanla münasibətləri pisləşərsə, Fransa biznesi hansı itkilərlə üzləşə bilər?
Burada, ilk növbədə, qeyd etmək lazımdır ki, Azərbaycan-Fransa ticari-iqtisadi əlaqələrinin strukturu Parisin bu əlaqələrin genişləndirilməsinə və qorunub saxlanılmasına böyük marağını nəzərdə tutur. Bu, onunla bağlıdır ki, Azərbaycanda fransız biznesi böyük dərəcədə dövlət tərəfindən tənzimlənən enerji sektorunda iştirak edir, neft-qaz sektorunda, nəqliyyat, infrastruktur, su, ekologiya və digər sahələrdə podrat xidmətləri göstərir. Bu sahələr, bütünlükdə, müqayisəli götürəndə, sərbəst istehlak bazarı ilə bağlı deyil, müqavilələr və podrat sazişləri dövlətlərarası müqavilələr nəzərə alınmaqla, dövlət şirkətlərinin sifarişləri səviyyəsində həyata keçirilir. Yəni Parislə Bakı arasındakı münasibətlərin daha da pisləşməsi halında, fransız şirkətləri ilə podrat müqavilələrinin ləğvi, enerji və nəqliyyat layihələrindəki paylarının itirilməsi bütünlüklə gözləniləndir. İtkilərin miqyasını qiymətləndirmək üçün qeyd etmək lazımdır ki, 1995-ci ildən 2019-cu ilədək fransız şirkətləri Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə qoyublar, bunun 2 milyard dolları dövlət tərəfindən idarə olunan neft sektorunun payına düşüb, yalnız 194,1 milyon dolları qeyri-neft sektoruna yatırılıb ki, özəl şirkətlər əsasən bu sektorda fəaliyyət göstərir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, Azərbaycan fransız investisiyalarının həcminə və müqavilələrdə iştirak edən iri şirkətlərin sayına görə Cənubi Qafqaz regionunda liderdir. Söhbət, xüsusilə, SOCAR-la tərəfdaş kimi «Abşeron» qaz-kondensat yatağının işlənməsində 50% paya sahib fransız «Total»ının iştirak etdiyi iirmiqyaslı və kapital tələb edən layihələrdən gedir. Bundan əlavə «Total» şirkəti «Bakı-Tbilisi-Ceyhan» neft kəməri layihəsində 5% paya sahibdir.
Bununla yanaşı, fransız podratçı şirkətləri sənaye, nəqliyyat, tikinti, telekommunikasiya sahələrində fəal işləyir, neft emalı zavodlarının modernləşdirilməsi və yenidən qurulmasında, həmçinin bir sıra başqa kapital tutumlu layihələrdə iştirak edirlər. Belə ki, nəqliyyat sahəsində Azərbaycan Dəmir Yolları, «Bakmetropoliten» və digər dövlət strukturlarından «Alstom», «Iveco», «Systra» kimi şirkətlər çoxmilyonluq podratlar alıblar, dəmir yolu və metro üçün elektrovozlar, hərəkət heyətləri və digər avadanlıqlar göndərirlər.
Aviasiya və kosmik sənaye sahəsində Fransanın «Airbus» və «Thales» şirkətlərinin də yetərincə sifarişləri var, «Lactalis» və «Danone» kənd təsərrüfatında və qida sənayesində, «ACCOR» hotel biznesində, «Societe Generale» isə bankçılıqda fəaldır. Bütünlükdə, son illərdə Azərbaycanda fəaliyyət göstərən iri fransız şirkətlərinin əksəriyyəti dövlət büdcəsindən maliyyələşdirilən təxminən 35 layihənin podratçısı olub, onların ümumi dəyəri 6,2 milyard dollar təşkil edir.
Planlar da vardı
Bununla yanaşı, bu yaxınlarda Bakı və Paris sərmayə potensialının önəmli dərəcədə artması, fransız şirkətlərinin sənayedə, elmtutumlu istehsalda, kənd təsərrüfatı və turizm sahələrinə aid infrastruktur layihələrində yeni podratlara cəlb edilməsi imkanlarını nəzərdən keçiriblər. Ən azından, Fransa sahibkarlar təşkilatı (MEDEF) və Azərbaycan-Fransa Ticarət - Sənaye Palatası tərəfindən belə planlar hazırlanıb. Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi çağırışına cavab olaraq «MEDEF International» fransız şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda biznesi inkişaf etdirmək üçün fəaliyyətini önəmli dərəcədə artırıb.
Misallardan biri kimi, Şabran və Siyəzəndə su təmizləyici qurğuların tikintisi üzrə podrat müqaviləsini yerinə yetirən fransız tikinti şirkəti SADE-ni göstərmək olar (müqavilənin dəyəri 70 milyon dollardan çoxdur). 2018-ci ildə isə SADE «Ağıllı Şəhər» layihəsinin həyata keçirilməsində və meliorasiya layihələrində fəal iştirak edib. Son 10 ildə bu şirkət Azərbaycanda xeyli qazanc əldə edib, həmçinin bölgələrdə təmizləyici qurğuların və su anbarlarının tikintisi üçün su operatoru «Azərsu» ASC-nin yeni iri müqavilələrini əldə etməyi və Kənd Təsərrüfatı Nazirliyinin irriqasiya layihələrində iştirak etməyi planlaşdırıb. Ancaq bu gün Fransa Senatının çirkin siyasətləri fonunda, ölkələrimiz arasındakı münasibətlər pisləşərsə, SADE və bir çox başqa fransız podrat şirkətlərinin fəaliyyətinin necə olacağını proqnozlaşdırmaq çox çətindir.
Bizdən ötrü fərqi yoxdur
Sual oluna bilər: son onilliklər ərzində Fransa iqtisadiyyatına təxminən 2,1 milyard dollar sərmayə qoyan Azərbaycanın zərərləri nə ola bilər? Bir şey aydındır ki, hətta ən mənfi ssenaridə belə Azərbaycanın riskləri önəmli dərəcədə aşağıdır. Birincisi, Fransadakı Azərbaycan sərmayələrinin əsas payı fərdi mülklərin payına düşür - bunlar əsasən yaşayış və qismən də ticarət yönümlü daşınmaz əmlakdır (mağazalar, restoranlar və s.-dir). Azərbaycan korporativ sənaye sektorunun və özəlliklə də, dövlət şirkətlərinin kapitalı praktik olaraq Fransa bazarında təmsil olunmur. Həm də Azərbaycan podratçıları bu ölkədə heç bir layihədə iştirak etmirlər. Yəni hər hansı bir sanksiya və məhdudiyyət tətbiq edilərsə, itkilər minimal olacaq. Fransada əsasən Azərbaycanın ticarət biznesi fəaliyyət göstərir və ixracatın strukturuna baxsaq, Azərbaycanın aqrar məhsullarının və ya qeyri-neft səhəsinin ixracatının nisbətən az olduğu aydın olur. Əsas ixracat neft-kimya məhsullarının və xammalının payına düşür. Onların dünya bazarında satışı isə heç bir maneə ilə qarşılaşmır, gömrük və ya digər maneələrlə məhdudlaşmır, yəni. Asanlıqla digər ölkələrə yönləndirilə bilərlər.
Ancaq Fransa üçün 10 milyon əhalisi olan geniş Azərbaycan bazarının itkisi daha həssas problemdir. “Azərbaycan Fransanın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır: Fransanın bu bölgədəki ümumi ticarət dövriyyəsinin üçdə ikisi ölkəmizin payına düşür. Ermənistanla Gürcüstanın birlikdə Fransa ilə ticarətin ümumi həcmi Azərbaycanın bu ölkə ilə olan ümumi ticarət dövriyyəsindən iki dəfə azdır”, - deyə Vüsal Qasımlı bildirib.
İİTKM-in rəhbəri vurğulayıb ki, 2019-cu il üzrə məlumata görə, Azərbaycanın Fransadan idxalının 251 milyon dollar olduğu halda, Ermənistan cəmi 82,95 milyon dollar dəyərində - üç dəfədən də az fransız məhsulları alıb.
Qasımlının sözlərinə görə, erməni lobbisinin təsiri ilə qəbul edilmiş qərarı ilə Fransa senatı öz şirkətlərinin Azərbaycandakı mövqelərini zəiflədir. Bundan əlavə, həmin senatorlar hər il Azərbaycan bazarında milyardlarla dollarlıq tenderlərə qatılaraq 250-300 milyon dollarlıq məhsul satan fransız şirkətləri tərəfindən ödənilən vergilərdən maaş alır.
Bir sözlə, zərurət yaranarsa, Azərbaycan digər ölkələrdən mal və texnologiyalar alaraq, bu itkiləri asanlıqla örtə bilər. Bəs, Fransa Azərbaycanın iqtisadi layihələrinə Cənubi Qafqazdakı alternativ tapacaqmı?
MƏSLƏHƏT GÖR: