Müəllif: Namiq MAYILOV
Azərbaycan Ordusu Laçına daxil olub. Bu, Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladıqları üçtərəfli razılaşmaya əsasən, İrəvanın Bakıya dekabrın 1-dək təhvil verməli olduğu 3 rayonun sonuncusu idi. Bundan əvvəl Ermənistan silahlı qüvvələri Ağdam, ardından isə Kəlbəcəri tərk etmişdi.
Bu rayonlardan hər birinin azad edilməsi regionda tam sülhün bərqərar olunması baxımından son dərəcə vacib əhəmiyyət kəsb edirdi. Laçının işğalına son qoyulması ilə isə Bakı Ermənistanla dövlət sərhədini tam bərpa edib. İndi bu sərhədin yalnız 5 kilometri müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində qalır. Bu, Qarabağın erməni əhalisinin Ermənistana gedib-gələ bilməsi üçün dəhlizdir.
Azərbaycan dövlətinin qüdrəti, Azərbaycan əsgərinin mərdliyi və qəhrəmanlığı, illərdir aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan, nəhayət, ərazilərinin işğalı probleminə son qoyub. Əlbəttə, hər kəs istərdi ki, bu, dinc yolla baş versin. Lakin işğala son qoyulması istiqamətində, təxminən, 30 il aparılmış diplomatik, daha dəqiqi, beynəlxalq vasitəçilik səyləri nəticəsiz qalmışdı. Odur ki, artıq Bakının BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası, ərazilərinin işğaldan azad olunması üçün hərbi yola əl atmaqdan başqa yolu yox idi. Nəticədə, o, cəmi 44 gün ərzində Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa şəhərlərini, 4 qəsəbə və 300-dən çox kəndi işğaldan azad edib. Ermənistanın kapitulyasiyaya imza ataraq, Ağdam, Kəlbəcər və Laçını döyüşsüz boşaltmağa razılıq verməsinin səbəbi də məhz bu 44 gündə qazanılmış zəfər idi. Üstəlik, Ermənistan öz ərazisindən Naxçıvan Muxtar Respublikasına yol açılmasına da razılaşmalı olub.
«Biz müharibə zamanı, təqribən, 5 min, 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən, bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı», - deyə Azərbaycan Prezidenti İlham Əliyev xalqa Laçın rayonunun azad olunması münasibətilə etdiyi müraciətdə bildirib.
Obrazlı desək, Laçın Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı məşhur «Qarabağ Azərbaycandır və nida» şüarının sonuna qoyulmuş nida işarəsi oldu.
«Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra, demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdi», - deyə İlham Əliyev Kəlbəcərin işğaldan azad olunduğu gün bildirmişdi.
Bu gün bütün dünya Azərbaycanın Ermənistanın işğalı altında olmuş ərazilərində beynəlxalq konvensiyaların pozulması faktlarına şahidlik edir. Həmin ərazilərdə çəkilmiş foto və videokadrlarda işğalçıların «yandırılmış torpaqlar» taktikasından istifadə etdiyi aydın şəkildə görünür. Bu isə 1977-ci il Cenevrə Konvensiyasının 1 saylı protokolunun 54-cü maddəsilə qadağandır. Əgər Ağdam, Füzuli, Zəngilan, Qubadlı hələ Birinci Qarabağ müharibəsi zamanı xarabalığa çevrilmişdisə, ermənilərin işğal nəticəsində qanunsuz olaraq məskunlaşdıqları Şuşa, Kəlbəcər və Laçın Azərbaycana qaytarılma ərəfəsində məhv edilib. Bu rayonlarda, sözün əsl mənasında, vandalizm aktları həyata keçirilib: meşələr yandırılıb, adibələr dağıdılıb, artefaktlar talan olunub, infrastruktur partladılıb, evlərə od vurulub, ev heyvanları məhv edilib.
Kimdir günahkar?
Bütün bunların fonunda erməni tərəfi utanmadan özünü zərərçəkmiş tərəf kimi qələbə verir. Üstəlik, onların bu addımı nəinki xarici KİV, hətta bəzi dövlətlər tərəfindən də məmnuniyyətlə dəstəklənir. Ayrı-ayrı dövlət rəhbərləri və siyasətçilərinin Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki xristian abidələrinin gələcəyilə bağlı nümayiş etdirdikləri narahatlıq, şəfqət də insanı heyrətləndirir. Bu işdə Fransa xüsusi fəallıq göstərir. Ölkə senatı artıq hökuməti Qarabağdakı erməni separatçılarının müstəqilliyini tanımağa çağıran qətnamə belə, qəbul edib. Bundan başqa, jurnalımız çapa hazırlanan vaxt məlum oldu ki, Fransa parlamentinin dekabrın 3-də «Avropa və Yaxın Şərqdə erməni xalqının və xristian cəmiyyətinin müdafiəsi haqqında» qətnamə layihəsini müzakirəyə çıxaracaq.
Maraqlıdır ki, belə qətnamələrə səs verən senatorların bəziləri xəritədə Qarabağı göstərmək iqtidarında belə, deyil. Lakin Fransanın yarım milyonluq erməni diasporunu razı salmaq lazımdır. Belə insanlar bir şeyi düşünmür və ya düşünmək istəmir: əgər azərbaycanlılar belə abidələrə təhlükədirlərsə, Azərbaycan ərazilərində xristianlığa aid abidələr bu günümüzə necə gəlib çatıb?! Azərbaycan öz tarixi və mədəni irsi olan alban məbədlərinə niyə ziyan vurmalıdır?!
«Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var», - deyə İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, elə 44 günlük müharibənin gedişində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində Qafqaz Albaniyasına məxsus udin kilsəsinin təmirdən sonra açılışı olub: «Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə, heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq. Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır. Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın».
Azərbaycanın ölkə ərazisində yeni pravoslav kilsələri tikdiyi, köhnələrini təmir etdirdiyi, Bakıda erməni kilsəsini qoruyub saxladığı, üstəlik, Romada katakombaların təmirinə vəsait xərclədiyi bir vaxtda dünya nəinki Ermənistanın məscidləri təhqir etməsini, hətta onların Azərbaycanın işğal altındakı ərazilərində pravoslav müqəddəslərinə qarşı törətdiyi vandalizmi də görmür.
Bütün bunlarla yanaşı, Azərbaycanı ittiham edənlər, çətin ki, İrəvanın dünyanın hansısa nöqtəsində hansısa müqəddəs məkanı bərpa etdiyinə dair bircə dənə fakt göstərə bilərmi? Lap elə xristian müqəddəsləri olsun. Əvəzində erməni ruhaniliyi Gürcüstan ərazisindəki 400-dən artıq kilsəyə iddiasını gizlətmir.
Azərbaycan isə İrəvan qalasını yer üzündən silmiş Ermənistandan fərqli olaraq, öz keçmişindən qorxmur. Ermənilər İrəvan qalasını niyə məhv edib? Çünki onun memarlığı, oradakı məscidin günbəz və minarələri müasir Ermənistan paytaxtının keçmişdə müsəlman azərbaycanlılara məxsus olduğunu aydın şəkildə ortaya qoyurdu.
Ermənistan uçurumun astanasında
Bütün bunlarla yanaşı, erməni dövləti bu gün yer üzündən silinmək olmasa da, tamamilə bərbad duruma düşməyin astanasındadır. Müharibə İrəvana elə ciddi hərbi-siyasi və sosial-iqtisadi zərbə vurub ki, onun özünə gəlməsi üçün illər və milyardlarla xarici yardım lazım gələcək. Bəzi hesablamalara görə, müharibə zamanı Ermənistanın yalnız məhv edilmiş hərbi texnikasının dəyəri 3 milyard dolları aşır. Üstəlik, onun xarici dövlət borcu 8 milyard dollar, valyuta ehtiyatları isə 1 milyard dollardan bir qədər artıqdır (bu vəsait də ola bilsin, pandemiya və müharibə şəraitində xərclənib).
Ermənistan prezidenti Armen Sarqsyan Rusiyanın erməni icmasının nümayəndələrilə görüşündə ölkəsinin «yalnız savaşı uduzmadığını» etiraf edib. O, hesab edir ki, İrəvan demoqrafik və informasiya müharibəsində də məğlub olub. «Bu gün Ermənistanda birləşmək əvəzinə bir-birimizin üzərinə gedirik», - deyə o, bildirib. Prezident hökuməti istefaya da çağırıb.
Müharibədə məğlubiyyət və dərinləşən böhran Ermənistan vətəndaşları ilə Qarabağ erməniləri arasında onsuz da mövcud olan antaqonizmi də dərinləşdirib. Ermənistan Ombudsmanı Arman Tatoyan bildirib ki, sosial şəbəkələrdə Qarabağ ermənilərinin təhqir olunması yolverilməzdir. O, hesab edir ki, bəzi hallarda belə bəyanatlar daxili parçalanma, hətta düşmənçiliyin yaradılmasına yönəlir.
Ermənistan paytaxtında keçirilən mitinqlərdən birində İrəvan və Qarabağ erməniləri arasında mübahisə də yaşanıb. «Qarabağlılar burada kef edir. Bizim övladlarımız cəbhədə döyüşməməli idi. Onların rus əsgərlərinə necə tort apardıqlarını görmüsünüz?» - deyə erməni əsgərlərin valideynləri bildiriblər.
Artıq Qarabağın erməni əhalinin yaşadığı rayonlarında qalan erməni əsgərlərin valideynləri Paşinyandan onların vətənə qaytarılacaqları konkret tarixin açıqlanmasını tələb edirlər. Onlar hökuməti, əks təqdirdə, radikal addımlar atacaqları ilə hədələyirlər.
«Şirak Sentr» ictimai təşkilatının prezidenti Vaan Tumasyan hesab edir ki, operativ və köklü siyasi addımlar atılmazsa, Ermənistan dağılacaq. «Ölkənin regionları və şəhərləri ciddi sosial nəticələrə yol açacaq ağır böhran içərisindədir. Bu, bataqlıq kimidir. Hazırda qışdır. Yoxsulluğun dərinləşməsilə cəmiyyət demoralizə olacaq, bu isə ciddi fəsadlara yol açacaq, oğurluq belə, kütləviləşəcək», - deyə panorama.am saytının məlumatına görə, Tumasyan qeyd edib.
Ermənistanın sabiq kənd təsərrüfatı naziri Artur Xaçatryan isə Qarabağın itirilməsilə ölkədə ciddi ərzaq probleminin yaranacağını düşünür. «İlk təhlükə mümkün taxıl çatışmazlığıdır. Ermənistanda ildə, təxminən, 200 min ton taxıl istehsal olunurdu. Bunun 150 min tonu Ermənistanın müharibə nəticəsində itirdiyi torpaqlarda becərilirdi. Yəni biz illik taxıl istehsalımızın 75%-ni itirdik. Ölkə ildə, təxminən, 250 min ton taxıl idxal edir. İndi bu kəsri xaricdən buğda almaqla qapatmalı olacağıq. Nəzərə alsaq ki, dollar davamlı olaraq bahalanır, demək, ölkədə çörək problemi yaranacaq. Çörəyin qiymətilə bağlı problem qaçılmazdır», - deyə o, qeyd edib.
Maraqlıdır ki, erməni tərəfinin üzləşdikləri itkilərlə bağlı açıqladığı rəqəmlər Azərbaycan tərəfinin hesablamalarını belə, üstələyir. «Mənə verilən məlumata görə, Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını bizim torpaqlarımızdan götürürdü», - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində bütün regional enerji və nəqliyyat layihələrindən kənarda qaldığını da xatırladıb. «Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq!», - deyə İ.Əliyev qeyd edib.
Yeri gəlmişkən, Ermənistanın yeni iqtisadiyyat naziri Vaan Kerobyan artıq uzaq perspektivdə Türkiyə limanlarından, hətta mümkün olarsa, Azərbaycan bazarlarından istifadə edə biləcəklərinə eyham vurub. Amma nə qədər ki, bu mümkün olmayacaq, Paşinyan və komandası erməni xalqını yalan vədlərlə «doydurmaq» məcburiyyətindədir. Bu isə ölkəni vətəndaş müharibəsinə daha da yaxınlaşdırır.
Azərbaycan artıq Vətən müharibəsini geridə qoyub. Prezident İlham Əliyevin də dediyi kimi, indi yeni era başlayır. «Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaq», - deyə xalqa rayonların işğaldan azad olunması ilə bağlı silsilə müraciətlərini yekunlaşdıran İlham Əliyev bildirib.
MƏSLƏHƏT GÖR: