Müəllif: Nadir XOSROVOĞLU
Son illər Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil edən Ağdamın “Qarabağ” klubu ardıcıl yeddinci dəfə iştirak etdiyi avrokubokların qrup mərhələsində çıxışını başa vurdu. Təəssüf ki, Qurban Qurbanovun komandası Avropa Liqasındakı mübarizəni major notda bitirə bilmədi.
“Covid”in izi
2020-ci il dünyada hər bir insanın həyatına təsir etdi. Koronavirus pandemiyası bütün sahələrə - o cümlədən futbola da təsirsiz ötüşmədi. Son illərin dəyişilməz çempionu “Qarabağ” indiyə qədər altı dəfə Avropa Liqası, bir dəfə Çempionlar Liqasında qrup mərhələsində iştirak edib. Hər dəfə son oyuna qədər mübarizə aparan Ağdam təmsilçisinin cari mövsüm özünə bənzəməməsi sirr deyil. Qrupdakı beş oyunda 1 xal toplayan, son matçda iştirakdan imtina edən “Qarabağ”ın zəif çıxışının səbəblərini araşdırmağa çalışaq.
İlk növbədə, Azərbaycan futbolunda martdan etibarən yaranan fasilədən danışmalıyıq. Xatırladaq ki, pandemiyaya görə martdan etibarən çempionatda fasilə yarandı, sonra isə mövsümə vaxtından əvvəl yekun vuruldu. Futbolçular təxminən, beş ay futbolsuz qaldı. Yalnız iyunda Qəbələdə bir həftəlik təlim-məşq toplanışına icazə verildi. Oyun praktikasından əziyyət çəkən futbolçuların formasını itirməsi həm klublara, həm yığmaya təsir etdi.
Legioner problemi və karantin
CODİV-19-a görə dünya transfer bazarında yaranan durğunluq onsuz da yaxşı günlərini yaşamayan Azərbaycan futbolundan da yan keçmədi. Milli çempionatda cəmi 8 klub yarışdığından Azərbaycan birinciliyi əcnəbi futbolçular üçün maraqlı turnir hesab edilmir. Səbəb sadədir: oyunların sayı azdır, xarici menecerlər Azərbaycan futbol bazarıyla maraqlanmır – deməli, ölkəmizə gələn legioner daha güclü çempionatlara transfer oluna bilmir. Bu amil “Qarabağ”ın transfer siyasətini iflic etdi. Pandemiyaya görə hava limanlarının bağlanması səviyyəli legionerlərin xarici ölkəyə getmək planlarının üstündən xətt çəkdi. Beynəlxalq hava məkanı bağlı olduğundan futbolçular az məvacibə doğma şəhərdə - ailəsinin yanından qalmağa üstünlük verdi. Bu mənada cari mövsüm “Qarabağ” lazım olan mövqelərə səviyyəli futbolçu transfer etmədi və bunun acı nəticəsini avrokuboklarda hiss etdi.
Daha bir səbəb koronavirus pandemiyasına görə Azərbaycanda karantin qaydalarının, sonra isə komendant saatının tətbiqiylə bağlıdır. 2020-ci ilin payızında ölkə ərazisində beynəlxalq yarış keçirmək mümkün deyildi. Bu səbəbdən, Ağdamın “Qarabağ” klubu Avropa Liqasındakı ev oyunlarını Bakıda deyil, neytral meydanda – qardaş Türkiyədə keçirməli oldu.
Üstəlik, pandemiyaya görə UEFA oyunları ardıcıl olaraq keçirməyə məcbur edildi. Təsəvvür edin: “Qarabağ” futbolçuları ardıcıl üç həftə mütəmadi olaraq matçları keçirmək üçün səfərə çıxmalı oldu. Daha iki həftə isə milli komandanın oyunlarına görə təyyarəylə Avropanın başqa şəhərlərinə səfər edildi. Daim səfərə çıxmaqla (30 gün ərzində 21 gün- 6 səfər) rejimin pozulması, üstəlik, gərginlik oyuna təsir etməyə bilməz.
Adətən, Tofiq Bəhramov adına Respublika stadionunda doğma azarkeşləri qarşısına çıxan “Qarabağ” 12-ci oyunçunun köməyilə rəqibləri çətin vəziyyətə salır və onlardan xallar alırdı. Bu dəfə qardaş Türkiyədə öz evimizdə olduğu kimi qəbul edilsək belə oyunların boş tribunalar önündə keçirilməsi motivasiyaya təsir etdi.
Oyunçu çatışmazlığı
Futbolçu azlığı Avropa Liqasındakı son həftədə daha qabarıq şəkildə özünü büruzə verdi. Azərbaycan millsinin oyunlarından sonra COVİD-19 “Qarabağ”ın heyətində kütləvi yoluxmaya səbəb oldu. Əvvəlcə baş məşqçi Qurban Qurbanov, tərcüməçi Elvar Quliyev, sonra isə futbolçular Musa Qurbanlı, Rahil Məmmədov, Maksim Medvedev, Qara Qarayev, Şahruddin Məhəmmədəliyev, Kevin Medina, Xayme Romero, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Əmrəli, Abbas Hüseynovun testləri də pozitiv çıxdı. Bir neçə futbolçunun isə zədədən sonra bərpaya ehtiyacı yarandı. Buna görə də UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) “Vilyarreal”la oyunda iştirak edə bilməyəcəyi məlum oldu. Belə şəraitdə oyun keçirməyi mümkün olmayan “Qarabağ” İspaniyaya səfər etməkdən imtina etdi və vəziyyətin ciddi olmasıyla bağlı UEFA-ya məktub göndərdi.
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniya “Vilyarreal”ı ilə görüşməli olan Azərbaycan çempionu “Qarabağ”ı səfər matçına getmədiyi üçün texniki məğlubiyyət gözləyir. Bu oyun qrupdakı vəziyyəti dəyişməyəcəyindən UEFA-nın texniki məğlubiyyətlə bağlı qərar qəbul edəcəyi güman edilir.
Qeyd edək ki, bu Azərbaycan klublarının iştirakı ilə keçirilən avrokubok matçlarındakı 3-cü texniki nəticə olacaq. UEFA koronavirus pandemiyasına görə oyuna yollanmayacaq Ağdam təmsilçisinə 0:3 hesablı məğlubiyyət versə, ölkə çempionu meydana çıxmadan uduzan ilk komandamız kimi tarixə düşəcək. Çünki əvvəlki iki texniki nəticə oyunun hesabının ləğvindən sonra reallaşıb. 2004/05 mövsümündə “Xəzər Universiteti” (indiki “Keşlə”) Avstriyada “Kazino”ya 0:4 hesabı ilə uduzub. Lakin meydan sahiblərinin heyətində adı iştirak ərizəsində olmayan futbolçu meydana girib. Bu üzdən İntertoto kubokunun görüşündə bakılılara texniki qələbə verilib – +:- (3:0). Əgər ilk texniki nəticə xeyrimizə olubsa, 2010/11 mövsümündə bunun üzüntüsü yaşanıb. “Bakı” Avropa Liqasının “Buduçnost”la görüşündə cəzalı Joel Epalın xidmətindən yararlanıb. 2:0 hesablı qələbəsi ləğv edilən paytaxt təmsilçisi “Monteneqro” klubu ilə görüşdə texniki məğlubiyyətlə barışıb – -:+ (0:3).
Sadalanan problemlərə rəğmən “Qarabağ”ın oyunu barədə də danışmalıyıq. Pandemiyaya görə avrokubokların seçmə mərhələləri bir oyundan ibarət oldu. Artıq ilk mərhələdə komandada oyunçu azlığı hiss olundu. Bununla belə, “Qarabağ” transfer işlərində vaxtında lazımi addımları atmaqda çətinlik çəkdi. Digər tərəfdən heyətdə daim zədəlilərin olması komandanın avrokuboklarda normal oyun sərgiləməsinə imkan vermədi.
Səkkiz klublu ölkə çempionatında rəqabətin olmaması “Qarabağ”a daha bir problem yaratdı. Azərbaycandakı futbol klublarından ən azı iki dəfə güclü olan “Qarabağ” ilboyu zəif rəqiblərlə mübarizədə geriləmədən yayına bilmədi. Daxili çempionatda “Keşlə”, “Səbail” kimi klublarla yarışan Ağdam təmsilçisi payızda “Vilyarreal” (İspaniya), “Makkabi”nin (Təl Əviv, İsrail) qarşısına çıxdı. Müsbət məqam isə ondan ibarətdir ki, Qurban Qurbanovun komandası ardıcıl 7-ci dəfə qrup mərhələsinə vəsiqə qazanmaqla ölkə adına böyük uğur qazandı. Beynəlxalq arenada “Qarabağ” Ağdamı təmsil etməklə Azərbaycan həqiqətlərinin fəal təbliğatçısı rolunu oynadı.
Bəs, sonra?
Ağdam klubunun yeni mövsümdə heyətdə islahatlar aparması çox önəmlidir. Əks halda “Qarabağ” xeyli çətinləşən avrokuboklarda qrup mərhələsindən kənarda qalmaq təhlükəsiylə üzləşəcək.
“Qarabağ”ın avrokubokdakı uğurlu olmayan çıxışını müzəffər ordumuz Qarabağ torpaqlarında şanlı qələbə qazanmaqla unutdurdu. 27 illik fasilədən sonra “Qarabağ”ın doğma Ağdam şəhəri Azərbaycana qaytarıldı. Tarix yazan “Qarabağ” 27 ildən sonra dağıdılmış İmarət stadionuna qovuşdu. Ümid edirik ki, “Qarabağ” yeni qələbələri Ağdamdakı stadionunda qazanacaq.
MƏSLƏHƏT GÖR: