Müəllif: Xəzər AXUNDOV
Planetin bir çox bölgəsini əhatə edən qlobal səhralaşma prosesləri, getdikcə tez-tez baş verən quraqlıqlar və suvarma üçün su çatışmazlığı Azərbaycan üçün də çox aktualdır. Bu mənfi proseslər son illərdə nəzərəçarpacaq dərəcədə güclənib və 2020-ci ilin yaz-yay aylarında Kür - Araz hövzəsinin suyun səviyyəsinin düşməsi bir sıra rayonlarda suvarma və su təchizatı problemlərinə səbəb olub.
Lakin Azərbaycanın ərazi bütövlüyünü bərpa edən İkinci Qarabağ müharibəsindəki böyük qələbəsi strateji və ekoloji baxımdan önəmli su anbarlarını ölkənin su balansına qaytarıb və bu problemi qısa müddətdə həll etməyə imkan yaranıb.
Təhlükəli dinamika
Azərbaycan ərazisinin xeyli hissəsi riskli əkinçilik zonasında yerləşir. Son onilliklərdə Böyük Qafqaz dağlarında yağıntı səviyyəsinin azalması, dağətəyi ərazilərdə çayların və bulaqların quruması, quraqlıq və Kür - Araz hövzəsində suyun azalması üzündən aran bölgələrində suvarma suyunun çatışmazlığı, şoranlaşma və torpaqların eroziyası – bu, yerli fermerlərin hər il üzləşdiyi problemlərin heç də tam siyahısı deyil.
Azərbaycan alimlərinin fikrincə, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən suvarma üçün yararlı su çatışmazlığı uzun illərdir ki, Naxçıvan Muxtar Respublikasında, Siyəzən, Xızı, Qobustan və Hacıqabul rayonlarında yaşanır. Abşeron, Ağstafa, Beyləqan, Cəlilabad, Füzuli və Biləsuvar rayonlarının dörddə üçü quraqlıqdan zərər çəkir. Bu rayonlardakı torpaqların önəmli bir bir hissəsi otlaq kimi istifadəyə yararsızdır. Bütünlükdə, su qıtlığının bu və ya digər dərəcədə yaratdığı eroziya prosesləri ölkənin torpaq fondunun 41,8% -nə toxunur.
Ölkənin kənd təsərrüfatı sektoru üçün quraqlıqla bağlı potensial təhlükələr barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatlarında dəfələrlə bəhs edilib. 10 il qabaq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) mütəxəssisləri Azərbaycanda səhralaşmanın təsirləri ilə bağlı müfəssəl araşdırmalar təqdim ediblər. OECD-nin hazırladığı sənədə görə, ölkədə çağdaş irriqasiya-meliorasiya sistemi yaradılmazsa, 2030-cu ilədək Azərbaycanın kənd təsərrüfatına dəyəcək uzunmüddətli zərər 36,3 milyard dolları keçəcək.Bunun səbəbi isə, ilk növbədə, yeraltı suların səviyyəsinin azalması ilə bağlı torpağın nəmliyinin azalmasıdır.
Su resurslarının azalması ilə bağlı Baş nazirin müavini Şahin Mustafayevin bu ilin yayında istinad etdiyi dinamika olduqca təsir edicidir: iyul ayında əsas su anbarlarında su ehtiyatları 11,1 milyard kubmetrə düşüb, halbuki, bu yaxınlara kimi - 2016-cı ilin uyğun dövründə həmin göstərici 16, 5 milyard kubmetr olub.
Bir sözlə, son iyirmi ildə həyata keçirilən irriqasiya və su təchizatı layihələrinə baxmayaraq, Azərbaycanda şirin su çatışmazlığı problemi həddindən aktualdır. Söhbət, xüsusilə, ölkənin şimal-şərq hissəsində Samur-Abşeron kanalının, Taxtakörpü su anbarının və bununla əlaqəli suvarma kanallarının tikintisindən, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsindən, Ceyranbatan su anbarının təmizləyici qurğularının modernləşdirilməsindən, Şəmkirçay su anbarının tikintisindən gedir. Bütün bunlar Bakıda və bir çox regional şəhərlərdə, yaşayış məntəqələrində səmərəli su təchizatı sisteminin formalaşmasına kömək edib. Amma...
Bərpa başladı
Kənd təsərrüfatı üçün suvarma suyu çatışmazlığı probleminin həlli üçün əlavə mənbələrin cəlb edilməsi tələb olunur. Ekspertlərin çoxunun fikrincə, su ilə zəngin Qarabağ bölgəsinin mənimsənilməsi bu məsələnin ideal həlli ola bilər. Kiçik Qafqazın dağ silsilələri ilə əhatə olunan bu bölgədə su mənbələri çoxdur: qarlı qış və bol yağışlar çayları və yeraltı qaynaqları tükənməz su ilə təmin edir. Çayların axını baxımından işğaldan azad edilən zona inamla Böyük Qafqazdan sonra ikinci yeri tutur. Bəzi hesablamalara görə, Kiçik Qafqaz çaylarının və su anbarlarının hövzəsi bütün ölkənin su potensialının ən azı üçdə birini təşkil edir.
“Bizim 10-dan çox böyük və kiçik çayımızın mənbəyi işğaldan azad edilmiş torpaqlardadır. Onların arasında 4 çayı xüsusilə qeyd etmək istərdim. Çünki bu çayların uzunluğu 100 kilometrdən çoxdur. Tərtərçay 200 kilometr, Bazarçay 180 kilometrə yaxın, Xaçınçay 120 kilometrə yaxın – bu 3 çay Kəlbəcər rayonunda yerləşir. Həkəri çayı da böyük çaylarımızdan biridir, uzunluğu 100 kilometrdən çoxdur. Bunun çox böyük əhəmiyyəti var. Çünki Azərbaycan ərazisindən keçən bizim əsas çayların mənbələri başqa ölkələrdə yerləşir - Kür çayı, Araz çayı, Samur çayı. Bizim bu 3 əsas çayımızın mənbələri başqa ölkələrdə yerləşir”, - deyə bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, bu gün işğaldan azad edilmiş torpaqların bərpası və reinteqrasiyası aparıldıqca, onların su ehtiyatlarının, əlbəttə ki, ekoloji balansın təmin edilməsində, kənd təsərrüfatının inkişafında böyük önəmi olacaq. Prezidentin qeyd etdiyi kimi, artıq müvafiq tapşırıqlar verilib və Qarabağ bölgəsinin su potensialından istifadə etmək üçün su anbarlarının, hidroqovşaqların və suvarma kanallarının tikilməsi nəzərdə tutulur.
O cümlədən, Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndinin işğaldan azad edilməsindən sonra keçən nisbətən qısa bir müddət ərzində eyniadlı su anbarından Azərbaycanın Tərtər, Goranboy və Yevlax rayonlarına su verilməsi təmin edilib. Suqovuşan su anbarının ümumi həcmi 5,9 milyon kubmetr səviyyəsində qiymətləndirilir. Bu ərazilərə suyun özbaşına axması sadalanan üç rayonda mövcud olan subartezian quyularının istifadəsinə tələbi azaltmağa və elektrik enerjisinə qənaət etməyə yardımçı olur.
“30 illik ekoloji terror Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad edilməsi ilə sona çatdı. Hazırda Tərtər çayı bol su ilə axır. Ermənistan daim bu çayda axının qarşısını alırdı. Artıq çay vasitəsilə Tərtər, Goranboy və Yevlax bölgələri su ilə təmin ediləcəkdir”, - deyə dövlət başçısının köməkçisi Hikmət Hacıyev «Twitter» səhifəsində bildirib.
Bu çərçivədə, zəhmətləri ilə 12 noyabradək Daşaltı kəndinə içməli suyun verilməsini təmin etmiş «Azərsu» ASC mütəxəssislərinin operativ işlərini də qeyd etmək məqsədəuyğundur, çətin relyefi olan ərazidə su təchizatı sisteminin zədələnmiş hissələrinin təmiri sayəsində Şuşanın su ilə təchizatı 25 noyabr tarixinə qədər bərpa edilib.
Əlavə imkanlar
Ancaq irriqasiya potensialı baxımından sərhəd Araz çayı üzərində yerləşən Xudafərin və Qız qalası hidroqovşaqlarının istismarı daha önəmli hesab olunur. Bu bəndin hündürlüyünün 64 m və uzunluğu 400 m olan iki hidro qovşağın
həcmi 1,6 milyard kubmetrdən çox olan su anbarı Azərbaycanın Mingəçevir və Şəmkirçay su anbarlarından sonra üçüncü ən böyük su tutarına çevriləcək. Cəbrayıl və Zəngilan rayonlarının ərazisində yerləşən yeni su anbarı ölkənin cənub-qərbində mövcud 252 min hektar əkin sahəsinin suvarılmasını yaxşılaşdıracaq, əlavə olaraq 8 min hektar yeni əkin sahələrini suvarmağa imkan verəcək.
Azad edilmiş ərazilərin yenidən inteqrasiyası ilə Qarabağ bölgəsindəki digər iri sututarlarının ehtiyatlarının mənimsənilmsi üzrə həll yolları tapılacaq. Söhbət 1976-cı ildə Ağdərə rayonu (indiki Tərtər) ərazisində ümummilli liderin təşəbbüsü ilə tikilən Sərsəng su anbarından gedir. Tərtərçay çayından qidalanan su anbarının ümumi tutumu 560 milyon kubmetrdir və 125 m-ə bərabər bənd hündürlüyü ilə o, ölkənin ən yüksək su anbarlarından biri hesab olunur. Bu su anbarının ehtiyatlarından istifadə altı rayonda (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında) ümumi sahəsi 100 min hektara qədər olan əkin sahələrini suvarma suyu ilə təmin edəcək.
Diqqətəlayiqdir ki, azad edilmiş ərazilərdə iri su anbarları ilə yanaşı, ümumi tutumu 80 milyon kubmetr olan kiçik su anbarları da var və onların istismarı əlavə 15 min hektar ərazinin suvarılmasına imkan verəcək. Təkcə Kəlbəcər rayonunun ərazisində yeddi göl var.
Azad edilən bölgədə 11 yeraltı mənbə var ki, onların gündə 2 milyon kubmetr həcmində içməli su təmin edə biləcəyi güman edilir.
Dönüşün mübarək!
Mövcud su potensialının daha dəqiq qiymətləndirilməsi yalnız “Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” mütəxəssisləri tərəfindən aparılan genişmiqyaslı tədqiqatlardan sonra mümkün olacaq. Məsələ bundadır ki, işğal illərində su ehtiyatlarının vəhşicəsinə istismarı, su anbarlarının, hidroelektrik qurğularının, suvarma kanallarının və digər su infrastrukturu obyektlərinin əsaslı təmir olunmaması nəticəsində onların bir çoxu istifadəyə yararsız hala gəlib və ya ehtiyatları tükənib.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin sözlərinə görə, erməni işğalından azad edilmiş ərazilərdə suvarma sistemlərinin bərpası üçün genişmiqyaslı işlər görülməlidir. Su obyektlərinin texniki vəziyyətinin qiymətləndirilməsi, onların xidmətinin və istismarının təmin edilməsi üçün uyğun komissiya yaradılıb. Qarşıda elə də sadə olmayan işlər dayanıb, nəzərə almaq lazımdır ki, bu gün azad edilmiş bölgədə keçmişdə 9 su anbarı, 7 sututar, 6426 km-lik suvarma şəbəkəsi, 2 hidroqovşaq, 330 km kollektor və drenaj şəbəkəsi, 803 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu olub. Öz vaxtında bütün bu su infrastrukturu 125,8 min hektar ərazinin suvarılmasını təmin edib.
Ə.Əhmədzadənin vurğuladığı kimi, azad edilmiş ərazilərdə su təsərrüfatı və meliorasiya obyektlərinin sayı dəqiqləşdirildikdən sonra istismara yararlı qurğular müəyyənləşdiriləcək. Bu obyektlərin işə salınması ilə suvarma problemi olan ərazilərə kəsilmədən suvarma suyu verilməsi təmin ediləcək, bununla da, kənd təsərrüfatı sektorunda yüksək məhsuldarlıq təmin olunacaq və ekoloji balans bərpa ediləcək.
MƏSLƏHƏT GÖR: