Müəllif: Cahangir HÜSEYNOV
«Cənab prezident, biz buna səs verməmişik». Fransanın elm və mədəniyyət xadimlərinin Emmanuel Makrona ünvanladıqları açıq məktub bu cümlə ilə başlayır. Onlar 2017-ci ildə Makrona səs verdikləri üçün təəssüf hissi keçirdiklərini bildirirlər.
Məktub müəllifləri əmindirlər ki, onların etiraz etdikləri qanunun maddələrindən biri Fransa hökumətinin Lüksemburqdakı Avropa Məhkəməsinin müqəssirlər kürsüsündə oturmasına yol aça bilər.
Makron yolu
2017-ci ildə hakimiyyətə ölkənin siyasi landşaftını dəyişmək vədilə gəlmiş Makron bildirirdi ki, o, «nə sağçıdır, nə solçu». Bu gənc və iddialı siyasətçi siyasi Olimpdə eyni simaları görməkdən bezmiş fransalı seçicilərin dəstəyini bu cür qazanmışdı. Nəticədə, xalq nəinki Makronu prezident seçmiş, həm də onun yeni yaratdığı «İrəli, Respublika!» (LREM) partiyasının parlamentin aşağı palatasında çoxluğa yiyələnməsinə imkan yaratmışdı.
Lakin daxili siyasətdə Makronun işləri elə ilk günlərdən yaxşı getmirdi. Nəticədə, o, qısa müddətdən sonra iqtisadi islahatlardan narazı kütlənin dəstəyini sürətlə itirməyə başlamışdı.
Sonradan «Sarı jiletlilər» hərəkatının etirazları, koronavirusun yaratdığı böhran Makronun populyarlığını daha sürətlə itirməsinə səbəb olub. Bütün bunlar, əlbəttə ki, bu il keçirilmiş bələdiyyə seçkisinin nəticəsinə təsir göstərməyə bilməzdi. Belə də oldu. Yerli siyasətdə dərin köklərə malik olmayan yeni siyasi təşkilat – LREM ölkənin, demək olar ki, bütün nəhəng şəhərlərində sarsıdıcı məğlubiyyətlə üzləşdi, bununla da, zəifləmiş hakim partiyada mərkəzdənqaçma prosesləri sürətləndi. Bunun ardınca o, parlamentdə də xeyli zəiflədi. Bu ilin mayında LREM-i təmsil edən daha 7 deputatın (2 ildə 26 deputat) franksiyanı tərk etməsilə, partiya qanunverici orqanda mütləq çoxluğu itirdi. Sentyabrda həyata keçirilmiş qismən rotasiyadan sonra isə Makronun partiyası Senatda da zəifləyib.
2022-ci ildə Fransada prezident seçkisi keçirilməlidir. Görünür, Makronun daxili təhlükəsizliklə bağlı islahatlarda israr etməsi məhz bundan qaynaqlanır. Amma prezidentin bu istəyi də əhalidə ciddi narahatlıq yaradıb.
Fransada 2015-ci il noyabrın 13-də törədilmiş silsilə terror aktlarından sonra dini ekstremizmlə mübarizənin vacibliyi haqda daha ciddi danışılmağa başlayıb. Xatırladaq ki, məsuliyyəti «İslam Dövləti» qruplaşmasının öz üzərinə götürdüyü həmin terror hücumları nəticəsində 130 nəfər həlak olmuş, 350-dən artıq insan yaralanmışdı. Bu, Fransa tarixində ən miqyaslı terror hücumu idi.
O vaxtdan Fransada təhlükəsizlik məsələsi əhali üçün ən vacib mövzulardan birinə çevrilib. Oktyabrda, tarix müəllimi Samuel Patinin qətlindən 1 həftə sonra keçirilmiş sorğu göstərmişdi ki, ölkə əhalisinin 87%-i «dünyəvi dünyagörüşü»nün təhlükədə olduğunu düşünür.
Qlobal təhlükəsizlik
Nobyarın 20-də LREM-in hələ də çoxluqda olduğu Milli Məclisdə mərkəzçi «Demokratik hərəkat»ın dəstəyi sayəsində «Qlobal təhlükəsizlik haqqında» qanun layihəsi qəbul edilib. Adından göründüyü kimi, bu qanun Fransa ictimaiyyətinin «qlobal» təhlükəsizliyinin təmininə yönəlməlidir. Lakin sənəd istər Fransada (mədəniyyət və elm xadimlərinin məktubu), istərsə də ölkədən kənarda son dərəcə kəskin reaksiyaya səbəb olub. Məsələn, BMT-nin insan haqları üzrə ekspertləri hesab edirlər ki, qanun «beynəlxalq insan haqları normalarına cavab vermədiyindən, ona yenidən baxılmalıdır». Elə o vaxtdan Fransada kütləvi etiraz aksiyaları başlayıb. Maraqlıdır ki, belə aksiyaların əksəriyyətində elə yeni qanuna görə də təhlükəsizliyi təmin etməli olan polislərlə nümayişçilər arasında ciddi toqquşmalar baş verir.
Bəs, qanunda bu qədər etirazlara səbəb olacaq nə var? Söhbət nədən gedir ki, artıq Fransada siyasi böhrandan belə, danışmağa başlayıblar?
Sənədin müəlliflərindən biri, xüsusi təyinatlı polisin (RAID) keçmiş rəisi Jan-Mişel Foverq bu qanunu təqib, hədə-qorxu və zorakılıq riski ilə üzləşən hüquq mühafizə orqanlarının əməkdaşlarının müdafiə olunmasının vacibliyi ilə izah edir. Bu qanun, onun fikrincə, həm də güc strukturlarına işini daha müasir və effektli qurmaca imkan verəcək.
Ən ciddi mübahisəyə qanunun 24-cü maddəsi səbəb olub. Bu maddəyə əsasən, polis və jandarmın foto və ya videogörüntüsünün yayılması onun «fiziki və psixoloji toxunulmazlığına xələl gətirərsə», görüntünü yaymış şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər.
Sonradan qanun layhəsinə dəyişiklik edilib: polisin foto və ya videogörüntüyə alınmasında məqsəd ona zərər vurmaq deyilsə, buna görə məsuliyyət nəzərdə tutulmur. Amma burada da foto və ya videoçəkiliş aparan şəxsin niyyətini… polis müəyyənləşdirəcək.
Xatırladaq ki, bənzər qanun layihəsi hələ bu ilin yazında parlamentdə müzakirəyə çıxarılmış, lakin rədd olunmuşdu. Bu dəfə isə sənədi daxili işlər naziri Jerald Darmanin də dəstəkləyib. «Söz vermişəm ki, bundan sonra polis və jandarmın şəkillərinin sosial şəbəkələrdə yayılmasına imkan verilməyəcək. Bu vədimə əməl edəcəyəm», - deyə o, bildirib. Bununla da, nazir faktiki olaraq, geniş xalq kütləsinin etirazına əhəmiyyət vermədiyini göstərib.
Amma yeni qanunun təhlükə altına qoyduğu yalnız məlumat yaymaq azadlığı deyil. O, polisin piyada və digər müşahidə kameralarından, üstəlik dronlardan «ictimai asayişin qorunması və qayda-qanunu pozmuş şəxsin axtarışı» məqsədilə istifadə etməsi imkanlarını artırır. Bununla yanaşı, sənəd milli polis və jandarmeriya əməkdaşlarına vəzifə səlahiyyətlərini icra etmədikləri zaman belə, silah gəzdirməyə icazə verir.
Ümumilikdə qanun layihəsi bələdiyyə polisi və özəl mühafizə strukturlarının səlahiyyətlərini həddindən artıq genişləndirdiyi, özəl həyatın toxunulmazlığına, söz və toplaşma azadlığı təhdid yaratdığı üçün tənqid olunur. İnsan haqları üzrə Milli Komissiya hesab edir ki, bu qanun «əhaliyə nəzarət orqanları üçün bütün məhdudiyyətləri aradan qaldırır» və hakimiyyətin siyasətində repressiv tendensiyaların artmasına yol açır.
Bütün bunlardan sonra hökumət «müstəqil komissiya» yaratmağa məcbur olub. O, informasiya azadlığı və insan haqları ilə hüquq-mühafizə orqanları əməkdaşlarının müdafiəsinin təmini arasında ortaq məxrəc tapmalıdır. Deyilənə görə, hökumət qanun layihəsinin bu qədər müzakirələrə səbəb olmuş 24-cü maddəsini ümumiyyətlə ləğv də edə bilər. Amma məsələ ondadır ki, orada əks olunan məqamlar digər qanun layihəsində də yer alır. Söhbət parlamentə yanvarda təqdim edilməli olan «Respublikaçılıq prinsiplərinin gücləndirilməsi haqqında» qanun layihəsindən gedir. Bu sənədin 25-ci maddəsi dövlət qulluqçularına «şəxsi, ailə və ya peşəkar həyata aid informasiyaların istənilən yolla yayılması» ilə təhlükə yaradan şəxslərin cinayət məsuliyyətinə cəlbini nəzərdə tutur. Buraya dövlət qulluqçusu olan jandarm və polis də daxildir.
Əslində, qeyri-müəyyən formul özbaşınalığa da yol açır. Onun «Qlobal təhlükəsizlik haqqında» qanun layihəsində yer alan maddədən nə ilə fərqləndiyi aydın deyil. Ədliyyə naziri Erik Dyupon-Morettinin də dediyi kimi, «cinayət hüququnda insanların düşüncəsinə görə məsuliyyətə cəlb olunması» nəzərdə tutulmur.
Respublikaçılıq prinsipləri
İlin əvvəlində Fransanın bütün departamentlərində (ərazi-inzibati vahidi) «islamçılıq və cəmiyyətin zəiflədilməsilə mübarizə» strukturları yaradılıb. Makron bildirir ki, bu struktur radikal islamçı hərəkatların təşkil etmək istədiyi tədbirlərə qadağa qoymaq, siyasi islamın təbliğilə məşğul olan assosiasiyaların fəaliyyətinə imkan verməmək səlahiyyətlərinə malikdir.
Fransanın daxili işlər naziri Jerald Darmanen isə dekabrın əvvəlində verdiyi açıqlamasında bildirib ki, ölkənin hüquq mühafizə orqanları «dini separatizm»lə mübarizə məqsədilə «miqyaslı və indiyədək görünməmiş» kampaniyaya başlayacaq. Onun sözlərinə görə, Fransa ərazisində fəaliyyət göstərən və «separatçılıqda şübhəli bilinən» 76 məsciddə (Fransada onların ümumi sayı 2600-dür) yoxlamalar aparılacaq.
Emmanuel Makron «islamçı separatizm» anlayışını ictimaiyyətə təqdim olunan yeni «Respublikaçılıq prinsiplərinin gücləndirilməsi haqqında» qanuna da saldırıb. Sənəd şəriət qanunlarının Fransanın dünyəvi respublikaçılıq dəyərlərindən üstün tutulması ilə mübarizəyə hesablanıb.
Ölkə başçısı bildirib ki, dünyəviliklə bağlı 1905-ci ildə qəbul olunmuş qanun insanların öz istəklərinə uyğun din seçməsinə imkan verir. Lakin məktəblərdə və ya dövlət xidmətində dinin zahiri görünüşdə əks olunmasına imkan verilməməlidir. Bundan başqa, Makron hesab edir ki, «Fransada islam xarici təsirlərdən xilas olunmalıdır».
Qanun layihəsinin əsas müddəaları arasında dünyəviliyin qorunması, ictimai xidmət zamanı neytrallığın qorunması, ictimai təşkilatlara nəzarətin gücləndirilməsi, xarici dildə tədrisə nəzarət kimi məqamlar əksini tapıb. Bununla yanaşı, dövlət məktəblərində ərəb, türk və digər dillərin tədrisinin genişləndirilməsi də nəzərdə tutulur. Qanun layihəsi dini fəaliyyətin maliyyələşdirilməsində şəffaflığın təmin olunmasını, imamların ölkə daxilində hazırlanmasının təşkilini və onların xarici ölkələrə «ezamiyyəti» təcrübəsindən tədricən imtinanı, akademik islamşünaslığın inkişafını və s. zəruri edir. Bundan başqa, layihədə 3 yaşından etibarən bütün uşaqların məktəbə məcburi qaydada getməsi nəzərdə tutulur: evdə təhsil yalnız tibbi göstəricilər əsasında mümkün olacaq. Müəllim Samuel Patinin qətlindən sonra qanun layihəsinə internetdə nifrətin qızışdırılmasına görə cəza maddəsi də əlavə edilib.
Bundan sonra Fransada dövlət tərəfindən maliyyələşdirilməyən özəl məktəblərə nəzarətin gücləndiriləcəyi də gözləniləndir. Söhbət dövlət büdcəsindən heç bir yardım almayan, əvəzində dövlətə məxsus məktəb proqramına əməl etməyə bilən təhsil ocaqlarından gedir.
Fransanın İslam Şurasına (CFCM) «dünyəvi dəyərlər xartiyası»nı imzalaması və bundan sonra din xadimlərinin sertifikatlaşdırılması ilə məşğul olacaq «İmamlar Şurası»nın yaradılması təklif edilib. Lakin bu tədbirlərin effektiv olub-olmayacağı böyük sual altındadır. Çünki CFCM Fransa dindarları arasında o qədər də dəstəyə malik deyil.
Hər şey dəyişir
Fransa prezidentinin «islam separatizmi»nə hücumu və təhlükəsizliyin qayğısına qalması nə sağçılara, nə də solçulara inandırıcı gəlir. Bəziləri onun lazımi qədər qətiyyətli olmamasından narazılıq edir, digərlərisə sağçılığa doğru meyillənməsindən.
Hər halda, Emmanuel Makron prezident seçkisinədək elektoratın inamını qaytarmaq üçün hələ çox addımlar atacaq. Lakin nəzərə alsaq ki, o, ictimaiyyətin təzyiqi qarşısında qərarlarını dəyişməyə hazırdır, demək, bu iki qanun layhəsinə də hələ çox düzəlişlər olunacaq.
Fransada siyasi landşaft durmadan dəyişir. Elə özünün vəd etdiyi kimi…
MƏSLƏHƏT GÖR: