Müəllif: Nigar ƏLİYEVA
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bizim birliyimiz sözdə deyil. Bunu torpaqlarımızın bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsi zamanı əməldə göstərdik. Bu gün biz bu gözəl ölkəmizə görə, övladlarımızın sabahkı dinc gələcəyi uğrunda həlak olanları hörmətlə anırıq və onları həmişə xatırlayacağıq. Bu gün həm də, demək olar ki, düşmənin durmadan bombaladığı Azərbaycan şəhərlərinin dinc sakinlərinin inanılmaz mətinliyi ilə qürur duyuruq. Halbuki bu şəhərlər cəbhə xəttindən kənarda yerləşirdi. Bu gün biz arxa cəbhədə çalışan, əsgərlər üçün humanitar yardım toplayan və torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hansısa köməyi göstərmək üçün çox işlər görən, ordu ilə vəhdət nümayiş etdirən hər kəslə fəxr edirik.
Bu gün biz o azərbaycanlılarla - Qarabağ münaqişəsi ilə bağlı gerçəkləri dünyaya çatdıran, sağlamlıqları bahasına olsa da Azərbaycanın azadlıq müharibəsinə dəstək aksiyalarında iştirak edən soydaşlarımızla fəxr edirik. Biz unutmuruq ki, siyasətçilərin, diplomatların işi, idmançıların uğurları ilə yanaşı, ziyalı təbəqənin nümayəndələrinin də üzərinə böyük məsuliyyət düşür. Heç bir mübaliğə olmadan, dünyanı sarsıtmış o 44 gündə düşmənlə mübarizə aparmaq üçün hərbi qüvvələrin səfərbərliyi ilə yanaşı, milliyyətindən asılı olmayaraq, uzun illərdir Azərbaycan mədəniyyətini, onun zəngin irsini təbliğ edənlər, özlərini Azərbaycan xalqının təmsilçisi hesab edənlər də səfərbər olmuşdular...
Azərbaycanın belə təmsilçilərindən biri də bizim ifaçılıq və pedaqoji məktəbimizin qüruru Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının və Akdeniz Universitetinin nəzdində yerləşən Antalya Dövlət Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yuri Sergeyeviç SAYUTKİNdir.
- Qarabağda hərbi əməliyyatların bitməsindən, Azərbaycan ordusunun Ermənistan ordusu üzərində Qələbə çaldığı gündən xeyli vaxt keçib. Həmin 44 gün ərzində insanlar hərbi və diplomatik cəbhələrdən xoş xəbərlər sorağında birləşmişdilər. Bu günləri siz necə yaşadınız, Vətəndən kənarda olaraq, hansı hissləri keçirdiniz?
- Düşünürəm ki, coğrafi yerimiz bu məsələdəki hisslərimizə təsir etmir. Azərbaycanda və ya xaricdə olmağımızdan asılı olmayaraq, istənilən bir soydaşımızla eyni hisslər yaşadıq: baş verənlərlə bağlı çox narahat olduq, ölkəmizin dəhşətli təxribat atəşinə məruz qalmış dinc şəhərlərinin sakinlərinin faciəli ölümünü, ordumuzun gənc əsgərlərinin həlak olmasını hiddətlə qınadıq. Bunu bir oğul atası kimi başa düşürəm və şəhidlərin valideynlərinin, eləcə də Gəncə və digər Azərbaycan şəhərlərinin bombalanması nəticəsində ölən uşaqların valideynlərinin üzüntüsünü bölüşürəm. Həmin 44 gün ərzində Vətəndən gələn xəbərləri televiziyada və internetdə izləyirdim və bu gün də izləyirəm. Həm də şəksiz ki, ordumuzun qələbəsi, bu uzun 30 ildə hamımızın gözlədiyi ədalətin bərpası ilə bağlı yaşadığım qürur hissini bütünlüklə çatdıra bilmirəm. Axı, bizim nəsil doğma torpaqlarımızın bu dəhşətli işğalının başlanğıcının və uzun sürən bu münaqişənin bütün dövrünün şahididir.
- Qarabağa həsr olunmuş özünəməxsus bir fləşmobda iştirak etdiniz. Bu tədbir haqqında məlumat verə bilərsinizmi?
- Necə oldusa, dostlarım bir tədbir planı hazırladılar ki, bəzi Azərbaycan vətəndaşları - müxtəlif millətlərin və dinlərin nümayəndələri ermənilərin və onlara bənzər digərlərinin müxtəlif KİV-lərdə bizim ölkədə xristianların "zülmə" məruz qalması barədə haqsız bəyanatları barədə fikirlərini bildirsinlər. Bu fikirlərdən mozaika qaydasında bir video yığıldı və sonra «YouTube»da yayımlandı. Beləliklə, tədbirə mən də qatıldım. Düzü, mən öz nəşrlərimin baxış sayını heç vaxt izləmirəm, istər elmi məqalə, istər mətbuatda məlumat, hətta istərsə də konsertlərim olsun. Belə hallarda məni həmişə konsertlərimin birbaşa izləyicilərinin, məqaləni oxuyanların və video yazıları izləyənlərin özlərinin fikirləri maraqlandırır. Ancaq mən reaksiya verənlərin sayına heyran qaldım! Onların şərhlərinə cavab verdim və anladım ki, bu fləşmob çox böyük bir auditoriyanı həyəcanlandırıb. Rəylər çox fərqli idi. Həmvətənlərimin isti dəstəyindən tutmuş qarşıdakı düşərgədən gələn lənətlərə, təhdidə və təhqirlərə qədər. Ancaq mən çalışıram ki, "kütü aldatmaq" üsulundan istifadə etməyim və aqressiv insanlarla mübahisəyə girməyim. Məqsədim yalnız gerçəkliyi olduğu kimi ictimaiyyətə çatdırmaq idi. Bu, ölkəmi onun üçün belə çətin bir məqamda dəstəkləmək istəyimin yalnız kiçik bir hissəsidir.
- Musiqi incəsənətinin nümayəndələri ilə söhbət edərkən Azərbaycanın musiqi və poeziya incəsənətinin beşiyi olan Şuşanı yada salmadan olmur. Şuşanın azad olması xəbərini necə qarşıladınız?
- Şuşa hər bir Azərbaycan vətəndaşı üçün önəmli və əvəzsizdir. Ancaq belə görünür ki, əgər bu vətəndaş incəsənətlə bağlıdırsa, onda bu dəyər min dəfə artır. Şuşanın azad edilməsi xəbərini aldığım günün axşamını xatırlayıram. Dostum, məşhur pianoçu, gözəl pedaqoq Rauf Qasımov mənə zəng etdi. Uzun söhbət elədik və birdən mənə dedi: “Yura, inanmırdım ki, bu günü görəcəm! Şuşa bizimdir! Hələ də inana bilmirəm!" Gerçəkdən, biz Azərbaycan vətəndaşları, hamımız Şuşanın son dərəcə mürəkkəb coğrafi mövqeyindən, demək olar ki, hərbi əlçatmazlığından yaxşı xəbərdarıq. Özü də ki, Şuşanın azad edilməsi faktı Azərbaycan ordusunun şücaətini, əsgər və zabitlərinin vətənpərvərliyini və fədakarlığını göstərir, onların böyük peşəkarlığından, cəsarətindən və qəhrəmanlığından bəhs edir. Mən həqiqətən xoşbəxtəm. Çünki Azərbaycan incəsənət ruhu hopmuş bir şəhəri azad etdi. Orada musiqi yenidən səslənəcək və yüksək incəsənət öz ölkəsinə qayıdacaq.
- Türkiyənin sadə vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərində apardığı hərbi əməliyyatları necə qarşıladılar? Bizim yadımızda Türkiyə şəhərlərindəki dəstək aksiyaları, küçə yürüşləri qalıb.
- Bir dəfə Rusiya verilişlərinin birində bir versiya eşitdim ki, Türkiyənin Azərbaycana dəstəyi sadəcə siyasi gedişdir. Mən jurnalistin savadsızlığına heyrətləndim, hətta buraya gəlib hər şeyi öz gözləri ilə görmək belə istəmədən danışır. Türkiyə şəhərlərinin bütün önəmli nöqtələrini Azərbaycan bayraqları bəzəyir, o, bir çox hündürmərtəbəli binaların üstündə, evlərin və kommunikasiyaların neonla işıqlandırılmasında əks olunur. Ancaq əsas amil insanlardır. Baş verənləri necə ürəkdən yaşadıqlarını görürəm. Qələbə münasibətilə üzlərində əsl sevinc ifadəsi vardı. Özü də, bu insanlar cəmiyyətin tamamilə fərqli təbəqələrindəndirlər. İstər satıcı, istər avtomobil təmirçisi, istər həkim, istərsə də universitet professoru olsun. Onların hamısının bu mövzuda düşüncə və duyğuları tamamilə birdir. Onların çoxu mütəmadi olaraq hərbi vəziyyəti məndən soruşurdular. Hər dəfə də böyük və gerçək maraqla dinləyirdilər.
- Döyüş əməliyyatları zamanı Azərbaycan vətəndaşlarının, hətta vətəndən uzaqda yaşayanların da qələbəmizə vahid inam ətrafında necə birləşdiyini gördük. Bir çoxları petisiyalar hazırlayıb, beynəlxalq təşkilatlara müraciətlər etdilər, anti-Azərbaycan təbliğatına qarşı mübarizə apardılar, gerçəklərin dəqiq səsləndirildiyi videolar çəkdilər. Siz necə düşünürsünüz, torpaqlarımızda baş verən gerçək hadisələr barədə dünya ictimaiyyətini məlumatlandırmağa davam etməliyikmi? Bu prosesdə ziyalıların rolu necə olmalıdır?
- Gəncəyə edilən xain raket hücumları ilə televiziya ekranlarından axın-axın yağan dezinformasiya seli arasında heç bir kiçik fərq belə görmürəm. Tammiqyaslı bir informasiya müharibəsi gedir. Düşmən heç bir şeydən çəkinmir. Düşmən çox şeyə qadirdir - öz xalqının gələcəyini, uşaqlarının və qocalarının rifahını girov götürməkdən belə çəkinmir. Ailə münasibətləri də daxil - hər şeydən istifadə etməyə hazırdır. Rusiyada görkəmli incəsənət xadimlərinin bütöv bir nəslinin düşüncələrinə necə təsir etmək olar? Onların UNESCO-ya xristian məbədləri ilə bağlı müraciətlərdən danışıram. "Abidələrin qorunmaması"ndan hansı söhbət gedə bilər? Mən Azərbaycandakı bütün həyatım boyu bir dənə də olsun məbədin dağıdılmasını görməmişəm. Hamı bilir ki, qriqorian kilsəsi Bakının tam mərkəzində olduğu kimi durur. Eyni zamanda azad edilmiş Ağdamdan mərkəzi məscidin görüntüləri yayımlanıb. 30 ildir düşmən tapdağında qaldıqdan sonra nə qədər dəhşətli bir vəziyyətə gətirilib! Digər azad edilmiş ərazilərdə mal-qara saxlanan, divarlarına "Qarik" yazılmış, təhqir edilmiş məscidləri də gördük.
Bəs, pravoslav kilsələrinin qriqorian kilsələrinə çevrilməsi necə olsun? Həm də bütün bunlar işğal zamanı baş verib. Xaricdəki dostlarımın çoxunun bu müsahibəni oxumasını istərdim. Ömrümün 48 ili boyunca belə bir münkirlik görməmişəm. İnsanların inancının, Tanrı məbədinin təhqir edilməsi onlara sui-qəsddən heç də az dəhşətli deyil. Çünki bu mənəvi qətldir!
Bu mövzuda dəqiq və adekvat cavab yazan müəllimim, professor Fərhad Bədəlbəyli tamamilə haqlıdır. Rusiya jurnalistlərinə Azərbaycana qarşı qərəzli olmaları barədə inanılmaz dərəcədə kəskin, lakin düzgün açıqlamalar verən professor Fərəc Qarayev də tamamilə haqlıdır. Məşhur yazıçı Çingiz Abdullayevin də mümkün hər cür tok-şoularda adekvat cavablarını dinləmək çox xoşdur.
Bunu bir çox mənlə yaşıd dostlarım da çoxsaylı sosial şəbəkələrdə, öz məqalələrində və dərclərində edirlər. Savadlı və geopolitika sahəsində yetişmiş insanlardır. Ziyalıların bu məsələdəki rolu, informasiya cəbhəsindəki mübarizəsi budur! Çoxları Rusiyanın federal kanallarında düşmənlərin üstünlük təşkil etməsi ilə bağlı narahatlıqlarını dilə gətirir, amma əminəm ki, rusiyalı tamaşaçı televiziyalarındakı eyni simaların çoxundan bezib. Düşünən izləyici "Svoya pravda" (Öz həqiqətim) proqramının başladığı sözlərə şübhə ilə yanaşır: "Roman Babayan həmişə həqiqəti tapacaq". Mən anlayıram, o, bunu həmkar-soydaşlarının tam dəstəyi ilə edir, amma həqiqət axtarışının bu cür iftiraların köməyi ilə baş verdiyinə əmin deyiləm.
Bəli, informasiya müharibəsi davam edir və uzun müddət davam edəcək. Ancaq mən ona böyük istəklə qoşulmağım üçün xoşbəxtəm.
Açıq şəkildə, elə burada bəyan etmək istəyirəm ki, bütün istiqamətlərdə dövlətimizin düzgünlüyünü səriştəli, dəqiq və sərt şəkildə sübut edən həmvətənlərimizin böyük ordusuna qoşuluram. Tarixi, geosiyasi, mədəni və mənəvi baxımdan Azərbaycan bu çətin faktiki müharibəni udub. Öz oğullarının həyatının böyük qiyməti bahasına udub. Ancaq birmənalı olaraq bütün dünyaya ölkəmizin haqlı olduğunu sübut edəcəyik. Və görkəmli rus politoloqu Maksim Şevçenko Azərbaycanı “bütün Cənubi Qafqazda şəksiz lider” adlandırarkən son dərəcədə haqlıdır. Ölkəmizlə haqlı olaraq qürur duymaq həmişə sevindiricidir, mən bunu yalnız qələbə günlərində deyil, həm də uzun illərin dözülməz məğlubiyyət dövründə də hiss etmişəm. Bu müsahibəni ecazkar bir mahnı sözləri ilə bitirmək istəyirəm: “Azərbaycan, səndən sevimli yer yoxdur. Qarşında baş əyirəm. Sən bütün zirvələrə layiqsən!"
MƏSLƏHƏT GÖR: