19 Dekabr 2024

Cümə axşamı, 10:30

QARABAĞIN İNTİBAHI

Elçin ƏLİYEV: «İşğaldan azad edilmiş ərazilərdəki itkilərin tam bərpası üçün onilliklər lazım gələcək»

Müəllif:

01.01.2021

Dağıdılmışı yenidən tikməyin bərpa etməkdən daha asan olduğunu deyirlər. Bəlkə də, bu, belədir. Lakin bu prinsip heç də həmişə dəyəri tarixi, estetik və ictimai önəm daşıyan mədəniyyət abidələri üçün tətbiq olunmur. Belə halda "yenidən tikmək" yetərli olmur. 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş Azərbaycan torpaqları azad edildikdən sonra, biz itirilmiş mədəni irsi bərpa etmək üçün uzun illər gərgin işləməli olacağıq. Tanınmış memar, sənətşünaslıq doktoru, professor Elçin ƏLİYEV belə möhtəşəm bir missiyaya başlayarkən bizim hansı prinsipləri rəhbər tutmalı olduğumuz barədə «R+»a danışıb.

- Hazırda əvvəllər işğal altında olmuş Azərbaycan ərazilərində itkilərin təhlili və hesablanması aparılır. 30 illik işğalla bağlı mədəniyyət və memarlıq itkiləri barədə tam bir xülasəni nə vaxt görə bilərik?

- Təəssüf ki, alimlər, fotoqraflar və mütəxəssislər hələ orada işləyə bilmirlər. Ona görə də, mədəniyyət və memarlıq məsələləri ilə bağlı tam bir xülasə barədə danışmaq hələ tezdir. Qarabağın bugünkü vəziyyəti barədə məlumat və fotoqrafiya materiallarını zərrə - zərrə toplamalı oluruq. İrsimizin məhv edilməsi ilə bağlı şok faktların peşəkar foto çəkilişi bizim üçün çox yararlı olardı. Axı, indi ən önəmli məsələ şəhərlərimizi, kəndlərimizi azad etdiyimiz zaman vəziyyətini, mədəniyyət və memarlıq abidələrimizə dəyən ziyanın miqyasını təcili sənədləşdirməkdir. Foto-jurnalistlər baş verənləri dərhal sənədləşdirmək üçün əsgərlərin yanında olmalı idilər. Yalnız faktların qeyd olunması və ən müfəssəl qiymətləndirmədən sonra dəymiş böyük zərərin hesablanması və təzminat üçün dünya məhkəmələrinə müraciət edilə bilər. İtirilənlərin bərpası üçün isə on illər lazımdır.

- 30 il əvvəl işğal olunmuş ərazilərdə yerləşən mədəniyyət, memarlıq abidələri, dini ziyarətgahlar, obyektlər dövlət reyestrinə daxil edilmişdirmi? Bu siyahı harada yerləşir? Bu abidələrin təsnifatı necədir? Mümkünsə bir neçə misal çəkin.

- Ümumiyyətlə, işğaldan azad olurnmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə ölkəmizin ən azı 2500 tarix və mədəniyyət abidəsi yerləşir ki, bunların da 700-dən çoxu memarlıq abidəsidir. 2001-ci ildə təsdiqlənmiş Rəsmi "Mühafizə olunan tarix və mədəniyyət abidələrinin siyahısı"ndan alınan məlumata görə, bu ərazidə 7 dünya əhəmiyyətli və 119 dövlət əhəmiyyətli memarlıq abidəsi var.

Əlbəttə, bu qəbuledilməz dərəcədə kiçik rəqəmdir - 2500 abidədən yalnız 100-dən bir az çoxu dünya və dövlət əhəmiyyətli sayılıb. Bu, ovaxtkı sovet hakimiyyətinin məqsədli siyasətinin nəticəsidir - milli respublikalardakı abidələrin önəmini kiçiltmək istəyiblər. Təəssüf ki, 2001-ci ildə məmurlarımız lazımi analiz aparmadan bu siyahını təsdiqləyiblər. Mənim Azərbaycan ərazisində çox səyahət etmişəm. Bu səfərlər zamanı aidiyyatı qurumlarının heç bilmədikləri onlarla misilsiz abidə aşkar etmişik. Bu abidələr heç bir siyahıya daxil edilməyib, onların mövcud olduqlarını sadəcə bilmirlər, buna görə də Qarabağda nadir memarlıq tikililərinin daha çox olmasına təəccüblənmərəm.

- Sizcə şəhərlərdə və kəndlərdə dağıdılmış obyektlər necə bərpa olunacaq – əvvəlki halına gətiriləcək, yoxsa modernləşdirilmiş formada gerçəkləşdiriləcək?

- Məsələ bundadır ki, müharibə nəticəsində dağılmış kənd və şəhərlərin bərpasına vahid yanaşma mövcud deyil. Dağılma dərəcəsini, bərpa işlərinin miqyasını, müharibədən sonrakı tikinti üsullarını və küçələrin yenidən planlaşdırılmasını nəzərə almaq lazımdır. Bakının tarixi mərkəzinin yenidən qurulması ilə bağlı dissertasiyam üzərində işləyərkən Moskva Memarlıq İnstitutunun professoru Yuri Vladimiroviç Ranninski ilə söhbət etmişdim, o, dörd istiqamət ayırmışdı.  

Birinci istiqamət, tikililərin planlaşdırma sisteminin, binaların həcm-məkan quruluşunun, bədii –təsviri xüsusiyyətlərinin müfəssəl şəkildə bərpası ilə maksimum dəqiq yenidən qurulmasıdır.  

İkinci istiqamət, ən azından qalıqları qorunmuş binaların yalnız formasının ən müfəssəl şəkildə bərpasıdır, amma dağılmış binaların yerində yox olmuş binaların memarlıq formalarını bərpa etməyə cəhd edilmədən, ölçülərini və konturlarını təkrarlamaqla tikilməsidir. Bu variant Almaniyanın Köln şəhərində binaların bərpası üçün lazımi sənədlərin olmaması üzündən istifadə edilib.  

Bəzən bu üsulu fasadların çağdaş yozumu ilə birləşdirirlər ki, bu, üstünlük təşkil edir – amma bu, artıq üçüncü istiqamətdir və rus memarlarının təcrübəsi burada yaxşı örnəkdir. Ən sonda dördüncü istiqamət gəlir ki, bu, xarabalıqlardan təmizlənmiş ərazilərdə yeni binaların yaradılması nəzərdə tutur, öncə mövcud olmuş plan və mülk sərhədləri nəzərə alınmır - Almaniyanın Drezden şəhərində müəyyən mərhələdə belə davranıblar.

Bizim necə davranacağımız hələ müəyyən edilməyib. Mənim fikrimcə, tarixi binaları çağdaş texnologiyalardan istifadə edərək, mütləq müasir ehtiyaclara uyğunlaşdırmaqla bərpa etmək variantı seçilməlidir.

- Bu yaxınlarda televiziyada gedən bir süjetdə memar Elbəy Qasımzadə azad edilmiş Azərbaycan şəhərləri üçün memarlıq layihələri müsabiqəsindən danışıb. Müsahibə zamanı layihələrin fraqmentləri göstərilib – bina təsvirlərinin demək olar ki, hamısı müasir konstruksiyalardan – şüşə və betondan ibarət idi. Siz necə düşünürsünüz, bu üslub əvvəllər azmərtəbəli şərq üslubunda tikilmiş kiçik şəhərlərə uyğun gəlirmi? Aydındır ki, ilkin görünüşün tam şəkildə yenidən qurulmasına ehtiyac yoxdur, lakin sizin fikrinizcə, məsələn, Ağdam və ya Cəbrayıl üçün hansı “dizayn” məqbuldur?

- Əlbəttə ki, bu, bizim şəhər və kəndlərimizin memarlıq görünüşü üçün yanlış yanaşmadır. Mən də, bir dəfə, xeyli insanın xoşuna gələn bir layihə gördüm, Şuşada çağdaş göydələnlər tikmək təklif olundu - hündürmərtəbəli şüşə binaların fonunda Yuxarı Gövhər ağa məscidi. Əlbəttə, bu fikirlə qətiyyən razı deyiləm! Qarabağın işğaldan azad edilmiş şəhər və kəndlərində məhz bu bölgəyə xas olan və tarixən formalaşmış tikili tipləri bərpa olunmalı, şəhərlərin tarixi mühiti yenidən yaradılmalıdır. Fikrimcə, təkcə ayrı-ayrı memarlıq abidələrinin və ya binaların deyil, həm də azad edilmiş kəndlərin küçələrinin, tikililərinin və ümumiyyətlə mühitin bərpasına nail olmaq, mərtəbə sayının, alışılmış siluetlərin təkrarlanmasına, qədim küçələrin və məhəllələrin planlaşdırılmasının qorunub saxlanmasına nail olmaq gərəkdir, hətta gözəl olsa da çağdaş şüşə memarlığından uzaq durmaq lazımdır.

- Çağdaş memarlıqdan danışarkən kiçik əyalət şəhərlərini "bəzəyən" tipik sovet binalarını da xatırlatmaq yerinə düşərdi. Azad olunan Şuşanın görüntülərinə baxanda darıxdırıcı təsir bağışlayan beton beşmərtəbəli binalar diqqət çəkir. Onların yerinə yeni yaşayış binaları tikmək nəzərdə tutulur, yoxsa çirkin olsa da, bütün binalar hələ hansısa bir müddət xidmət edə bilər?

- Əlbəttə, əyalət şəhərləri bu cür tikililərlə unikal özəlliklərindən məhrum olublar, tipikləşiblər və bir-birinə oxşar hala gəliblər. İndi tarix bizə bənzərsiz bir şans verib – şəhərlərin ilkin tarixi görünüşünü qaytarmaq, onları sakinləri üçün daha geniş, daha gözəl və daha rahat etmək imkanı. Buna görə düşünürəm ki, yrımxaraba tipik sovet mənzillərinin qalıqları sökülməli, daha “insani” yeni çağdaş memarlıq nümunələri ilə əvəz edilməlidir. Dağılmamış binaları isə müvəqqəti olaraq bərpa etməli və yaşayış üçün uyğun hala gətirmək lazımdır - gələcəkdə tam sökülənə qədər.

- Qarabağın dağıdılmış şəhərlərinin tikintisi və bərpası üzrə vahid bir konsepsiya varmı? Məsələn, azad olunan ərazilərdə sənaye obyektləri tikmək planlaşdırılırmı?

- Tam məlumatım yoxdur, amma düşünürəm ki, müvafiq qurumlarımız işğal altındakı şəhərlərin bərpası üzrə baş planları çoxdan hazırlayıblar – axı, biz onların işğaldan qurtarılmasının baş verəcəyinə bir saniyə də olsun şübhə etmirdik. Buna görə də əminəm ki, belə bir konsepsiya var. Bundan əlavə, ölkəmizdə gözəl ideyalar təklif edə bilən yüzlərlə istedadlı memarın çalışdığı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu fəaliyyət göstərir. Əlbəttə ki, onların ictimai müzakirələrində iştirak etmək istərdim.

Sənaye obyektlərinə gəlincə, məsələn, Azərbaycanın qədim və zəngin tarixə malik şəhərlərindən biri olan Ağdamdan danışacağam. Bu şəhər ölkənin elmi və iqtisadi həyatında mühüm rol oynayıb. Tariximizin şahidi olan memarlıq abidələri, məsələn, orta əsrlərə aid möhtəşəm abidə olan Qutlu Musa məqbərəsi, Xanoğlu məqbərəsi, 18-ci əsrə aid gözəl məscidi, Qarabağ xanı Pənahəli və ailəsinin Ağdamdakı sarayı, Şahbulaq qalası ilə yanaşı, şəhərdə dəzgahqayırma zavodu, aerokosmik və kommunikasiya cihazları istehsal edən zavod işləyib, təsəvvür edirsinizmi? Həm də traktor və avtomobil təmiri zavodu, konserv zavodu, tikinti materialları, kənd təsərrüfatı mexanizmləri və elektrik avadanlıqları zavodları, ət fabriki var idi - əlbəttə ki, bütün bu müəssisələrin bərpa olunmasına ehtiyac var!

- Daha öncə dərc olunmuş müsahibələrinizdə demişsiniz ki, bəzi mədəniyyət abidələrinin əvvəlki görkəmlərinə qayıtması lazımdır, bəziləri isə bərpa etmək, təmir etmək yox, yenidən qurmaq daha yaxşıdır. Bu fərqli yanaşmanın səbəbi nədir?

- Düşünürəm ki, çətin qərarlar qəbul edərək, hər bir konkret hala fərdi yanaşmaq lazımdır. Mən artıq nümunə olaraq Şuşadakı Saatlı məscidini göstərmişəm, rəngli bişmiş kərpicdən tikilmiş əsas binası ilə minarəsi tamamilə sökülüb. Binanı olduğu kimi bərpa etmək, XVIII əsrə aid texnologiyalardan istifadə edərək, tikmək mümkündürmü? İnanmıram. Yaxud sovet modernizminə aid memarlıq abidəsi - 1976-cı ildə memar Cəfər Qiyasinin layihəsi ilə tikilmiş məşhur Şuşa mineral sular qalereyası? Bu bina öz dövrü üçün yeni olan tikinti texnologiyası ilə maraqlı idi – tikintisində ətrafdakı mənzərə ilə ziddiyyət təşkil edən betondan, şüşədən istifadə edilmişdi. Qalereyanı bərpa etməməyin daha doğru olduğunu düşünürəm.

Ümumiyyətlə, mənə elə gəlir ki, bu kimi təzadlı məsələlər Qarabağın dirçəlişinə cavabdeh qurumun rəhbərliyi yanında məşvərət orqanının tərkibində mütəxəssislərlə birgə müzakirə olunmalıdır. Belə hallarda məhv edilmiş memarlıq abidələrinin identikliyini obyektin özünün önəminə əsaslanaraq bərpa etmək lazımdır. Buna görə də "Saatlı" məscidi köhnə binanın memarlıq görüntüsü qorunaraq, üzü mexaniki surətdə köçürülmədən, çağdaş interpretasiyada tikilə bilər.

- İtirilmiş, oğurlanmış, qaçırılmış nadir əsərlərin, ölkədən çıxarılmış və Azərbaycandan kənarda satıla bilən muzey eksponatlarının qaytarılması mexanizmi varmı?

- İşğalçılar tərəfindən torpaqlarımızda törədilmiş bütün bu hərəkətlər 1954-cü il mayın 14-də Haaqada UNESCO-nun təşəbbüsü ilə qəbul edilmiş "Silahlı münaqişə hallarında mədəniyyət abidələrinin qorunması haqqında" Konvensiyanı kobud şəkildə pozur. Ermənistan bu konvensiya üzrə öhdəliklər götürüb, həmin öhdəliklərə görə, işğal edilmiş ərazilərdə təcavüzkar tərəfindən mədəni sərvətlərin, arxeoloji qazıntı nümunələrinin ticarəti, onların bu ərazidən çıxarılması, tarixi və ya elmi dəlillərin xüsusiyyətlərinin dəyişdirməsi və ya məhv etməsi qadağan edilir. Buna görə də, işğaldan əvvəl Qarabağ ərazisində mövcud olmuş memarlıq abidələrimiz, muzeylərimiz və onların eksponatları, nadir əsərlərimiz haqqında məlumat böyük əhəmiyyət kəsb edir. Ancaq bununla bağlı, mənə elə gəlir ki, problemlərimiz var. Ölkənin Mədəniyyət Nazirliyinin əvvəlki rəhbərliyi bir neçə dəfə mənə müraciət edərək, məsələn, Şamaxı bölgəsindəki memarlıq abidələri və fotoşəkillərinin siyahısını verməyimi istəmişdilər – hiss edirəm ki, xüsusi bir arxivimiz və ya məlumatımız yoxdur. Görəsən, nazirlik muzeylərdən düşmənin pəncəsi altında qalmış itkin eksponatların dəqiq siyahılarını yaradıbmı? Yaratmayıbsa, həmin işçiləri cinayətkar səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Buna görə də bizi bu sahədə hansı çətinliklərin gözlədiyini təsəvvür edirəm.  

- Sizcə, ərazilərin minalardan təmizlənməsi istisna olmaqla, Azərbaycanın dağıdılmış şəhərlərinin bərpası nə qədər vaxt aparacaq? Bu, nə qədər pul tələb edə bilər?

- Ən əsası tələsməməkdir. Bu günə otuz ildir ki gəlirik, bu səbəbdən, ərazilərin bərpası ilə bağlı işlərin tələsik şəkildə keyfiyyətsiz və təcrübəsiz görülməsini

istəməzdik. Mənə elə gəlir ki, bu, on illərin məsələsidir. Düzü, keyfiyyətinə düzgün nəzarət etməyin asan olmayacağı genişmiqyaslı işlərin başlanmasını səbirsizliklə gözləyirəm. Bu səbəbdən, Qarabağın qarşıda duran bərpası bizim cəmiyyətin vətəndaş yetkinliyi üçün bir lakmus kağızıdır. Minlərlə Azərbaycan əsgərinin və dinc vətəndaşların qanına bulaşmış doğma torpaqları dirçəltməyi nəzərdə tutan bu müqəddəs əməldə hay-küydən uzaq durmaq lazımdır.



MƏSLƏHƏT GÖR:

403