Müəllif: Xəzər AXUNDOV
Azərbaycanda infrastrukturun bərpasına və işğaldan azad edilmiş Qarabağ bölgəsinin iqtisadiyyatının dirçəldilməsi strategiyasının işlənməsinə yönəlmiş genişmiqyaslı işlərə başlanılıb. Hökumət ilkin önəmli təşəbbüslərin gerçəkləşdirilməsi üçün milyardlarla dollarlıq vəsait cəlb etməlidir, uyğun xərc maddələri artıq 2021-ci il dövlət büdcəsi layihəsinə salınıb. Bununla yanaşı, bir sıra dövlətlərlə, beynəlxalq qurumlarla, özəl şirkətlərlə sərmayə cəlbi və azad edilmiş torpaqların dirçəldilməsi layihələrində podratçı qismində iştirakla bağlı danışıqlar aparılır.
Dövlət büdcəsində nəzərdə tutulub
“Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edərkən bildirib.
Əslində, bu sitat Qarabağın dirçəlişi və bərpası konsepsiyasının əsası, özəyidir. Azərbaycan bir daha elan etdi ki, bu, təəssüf ki, bəzən xarici KİV-lərin təqdim etməyə çalışdığı kimi bunun üçün "resurs məsələsi" və ya iqtisadi qazanc məsələsi deyil. Əksinə, bölgəyə həyat nəfəsi vermək, əhali üçün layiqli yaşayış və iş şəraiti yaratmaq üçün lazım olan vəsaiti biz məmnuniyyətlə xərcləyəcəyik.
İqtisadiyyat naziri Mikayıl Cabbarov 2021-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib rb, azad edilmiş torpaqlara qayıdışı təmin etmək üçün böyük bir konsepsiya üzərində iş gedir və bu sənəd artıq İqtisadi Sabitlik Şurasının iclasında müzakirə edilib. Ərazilərin bərpası, eyni zamanda bölgədə yeni nəqliyyat qovşaqlarının açılması Azərbaycan iqtisadiyyatının inkişafına, sərmayə cəlbinə, yenilənmiş iş mühitinin yaradılmasına mühüm töhfə verəcək və bunun nəticəsi kimi gəlirlərin artmasına kömək edəcək. Nazirin sözlərinə görə, bu ilin dövlət büdcəsində azad edilmiş ərazilərin bərpası üçün 2,2 milyard manat (təqribən, 1,3 milyard dollar) ayrılması nəzərdə tutulub, eyni zamanda dövlət azad edilmiş ərazilərdə işgüzar layihələrin inkişafı üçün xarici və özəl sərmayələrin cəlb edilməsini planlaşdırır.
Gələn il üçün dövlət büdcəsinin xərc hissəsinin əsas özəlliklərindən biri də azad edilmiş ərazilərin infrastrukturunun yenidən qurulması, həmçinin bu torpaqlara qayıdacaq vətəndaşlar üçün yaşayış və iş şəraitinin təşkili üçün xeyli vəsait ayrılması ilə bağlıdır.
“İşğaldan azad edilmiş torpaqlarda bərpa işləri dövlətin qarşısında duran ən önəmli məsələdir. Buna görə 2021-ci ilin dövlət büdcəsində bu sahəyə xüsusi diqqət yetirilir", - deyə Maliyyə naziri Samir Şərifov parlament komitəsinin iclasında vurğulayıb. O cümlədən, Maliyyə Nazirliyinin məlumatına görə, büdcə vəsaitlərinin ilk öncə yol, elektrik enerjisi, mənzil-kommunal infrastrukturlarının bərpasına, təhsil obyektlərinin yaradılmasına, səhiyyə işlərinə, habelə mədəniyyət-tarix abidələrinin bərpasına yönəldilməsi planlaşdırılır.
Proses başlayıb
Əslində, Qarabağ bölgəsində bəzi infrastruktur layihələrinin gerçəkləşdirilməsinə artıq noyabr ayında başlanılıb və bu, cari ilin büdcə rezervləri, dövlət qurumlarının öz vəsaitləri və maddi resursları hesabına maliyyələşdirilib. Söhbət həm mövcud yolların yenidən qurulmasından, həm də yenilərinin tikilməsindən gedir. Artıq bir aydan çoxdur ki, 101,5 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi üzərində işlər gedir, Tərtər rayonunda Suqovuşan qəsəbəsinə 21 kilometrlik yeni yolun tikintisinin birinci mərhələsi başa çatmaq üzrədir, orada artıq asfalt örtüyünün çəkilməsi başlayıb. Bununla eyni zamanda yolun Suqovuşan-Talış kəndlərini birləşdirən 7,5 km-lik hissəsinin tikintisi aparılır, daha sonra bu, Qaşaltı sanatoriyasına kimi uzanacaq (bütünlükdə 30 km olacaq).
Buna paralel olaraq, "Azərenerji" və "Azərişıq"ın mütəxəssisləri azad edilmiş ərazilərin elektrik enerjisi infrastrukturunu bərpa edirlər, bu çərçivədə Cəbrayıl şəhərinin və Hadrut qəsəbəsinin dövlət əhəmiyyətli obyektləri artıq elektrik enerjisi ilə təmin olunublar. Çətin dağlıq relyefə, qarlı qışa və minalanmış sahələrin olmasına baxmayaraq analoji işlər artıq Şuşada da aparılır. Şükürbəyli yarımstansiyasından Qarabağ bölgəsinin bu əsas şəhəri istiqamətində 110 kV-lik xətt çəkilir və artıq 12 km-dən çox elektrik verilmə xətti (EVX) çəkilib. Eyni zamanda Şuşada 110/35/10 kV-luq bir yarımstansiyanın tikintisinə başlanılıb – artıq burada təməlin qoyulması ilə bağlı torpaq işləri başa çatdırılıb və güc avadanlığı artıq gətirilib.
Sadalanan layihələr - 2021-ci ildə və sonrakı illərdə azad edilmiş ərazilərdə gerçəkləşdiriləcək bu geniş miqyaslı işlərin yalnız kiçik bir hissəsidir.
Artıq qeyd olunduğu kimi, bu işlər uyğun qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış «İşğaldan azad edilmiş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası» çərçivəsində həyata keçiriləcək. Nazir M.Cabbarovun sözlərinə görə, konsepsiya layihəsinə uyğun olaraq gələcək sosial-iqtisadi planlaşdırmanın əsas istiqamətləri sırasına şəhərsalma və ərazilərin bərpası ilə bağlı məsələlər daxildir: “Bunun üçün artıq dövlət başçısının müvafiq sərəncamları çərçivəsində zəruri hüquqi, iqtisadi və maliyyə çərçivələri, güzəştlər və təşviqlər sistemi, həmçinin bir sıra təxirəsalınmaz layihələr həyata keçirilir ”.
Artım üçün hərəkətverici
Bir sıra ekspertlərin fikrincə, azad edilmiş ərazilərdə baza infrastrukturunun yenidən qurulması, sosial və kommunal obyektlərin tikintisi 5-10 il çəkə bilər və bu, 10 milyard dollardan çox tuta bilər. Mənzil tikintisi üçün lazım olacaq vəsaitlər, kiçik və orta sahibkarlığa yatırımlar nəzərə alınmaqla, bu məbləğ dəfələrlə arta bilər.
"İşğaldan azad edilmiş ərazilərdə investisiya proqramlarının gerçəkləşdirilməsi gələn il işgüzar fəaliyyətə təkan verəcək və ölkənin iqtisadi potensialını daha da artıracaq", - deyə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov düşünür.
Tamamilə aydındır ki, dünyada müşahidə olunan böhran prosesləri, enerji daşıyıcılarına tələbatın hələ də aşağı olması və karantin tədbirlərinin səbəb olduğu çoxsaylı məhdudiyyətlər şəraitində Qarabağ bölgəsində genişmiqyaslı tikinti və bərpa işlərinin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində bir növ artım üçün hərəkətverici olacaq. Tikinti şirkətləri, tikinti materialları, enerji və qaz avadanlığı istehsalçıları, yük avtomobil nəqliyyatı və s. milyonlarla dollarlıq müqavilələrə ümid edə bilərlər.
Bununla yanaşı, aydındır ki, dövlət büdcəsi bölgəni canlandırmaq üçün planlaşdırılan bütün irimiqyaslı layihələrin yeganə maliyyə mənbəyi olaraq qala bilməz.
Uyğun olaraq, yeni sosial-iqtisadi konsepsiyanın əsas məqamları sırasına dövlət-özəl tərəfdaşlıq prinsiplərinin fəal tətbiqi və gələcək infrastruktur və biznes layihələrinə özəl sərmayəçilərin geniş cəlb edilməsi daxildir.
“O cümlədən, strategiyası çərçivəsində Qarabağ bölgəsinin müharibədən sonrakı dirçəlişinə yerli və xarici özəl sərmayə, kreditlər, qrantlar, texniki yardım cəlb ediləcək, vençur kapitalı tətbiq ediləcək və s.” - deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Mərkəzin direktorunun sözlərinə görə, İsrailin nümunəsinə əsaslanaraq, Azərbaycanda da diaspor sərmayələşdirmə modelindən geniş istifadə etmək və xaricdəki soydaşlarımızdan kapital cəlb etmək mümkündür. Əlbəttə ki, bu məqsədlər üçün idarəetmə, izləmə və qiymətləndirmə mexanizmi yaratmaq, həmçinin regional layihələrin maliyyələşdirilməsi üçün şəffaf və hesabatlı bir mexanizm işə salmaq, özəl sərmayəçilərin güzəştli kreditlərə çıxışına imkan yaratmaq, maliyyə, kommunal və digər güzəştlər təmin etmək lazımdır.
Dəstəkləməyə hazırdırlar
Qarabağ bölgəsində gözlənilən dəyişikliklərin miqyası və sərmayə tutarlılığı nəzərə alınaraq, xarici sərmayələrin cəlb edilməsi və beynəlxalq maliyyə qurumlarının (BMQ) vəsaitlərinin istifadəsi ilkin dərəcəli məsələyə çevrilir. İnvestisiya layihələrində iştirak etməyə və infrastrukturun bərpasına hazır olduqlarını Türkiyə, İtaliya, Çin, İran, ABŞ və bir sıra digər ölkələrdən olan iş adamları bildirirlər. İki Türkiyə şirkəti artıq Şuşa istiqamətində magistral yolun tikintisi üzrə podratçıdır. Ümumiyyətlə, Türkiyə biznesi Qarabağ bölgəsində tikintinin, aqrar sektorun və turizmin inkişafında fəal iştirak etməyə hazırdır. İtalyan iş çevrələrinin də bu işlərdə geniş miqyaslı iştirakı gözlənilir – bu sıraya enerji infrastrukturunun bərpası, şəhərsalma, ərazilərin minalardan təmizlənməsi, tarixi abidələrin bərpası, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq daxildir.
Yeri gəlmişkən, İtaliya müharibədən dərhal sonra nümayəndə heyəti Azərbaycana gəlmiş ilk Avropa Birliyinin ölkəsi oldu. 2020-ci il dekabrın 18-də İtaliya və Azərbaycan Qarabağın enerji infrastrukturunun yaradılmasında əməkdaşlıq üzrə müqavilə bağlayıblar, 5 milyon avroluq bir müqaviləyə əsasən, İtaliyanın «Ansaldo Energia» şirkəti Azərbaycanın Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında tikiləcək dörd ədəd 110 kV-lıq yarımstansiya üçün avadanlıq təmin edəcək.
“İnfrastruktur layihələri üzrə proseslər artıq başlanıb. Artıq yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır”, - deyə Prezident İlham Əliyev MDB dövlət başçılarının videokonfrans formatında keçirilən sammitində bildirib.
Burada qeyd etmək yerinə düşər ki, bir sıra postsovet ölkələri sərmayə qoymağa və podrat işlərində iştirak etməyə həqiqi maraq göstərirlər: bu cür təkliflər Ukrayna, Qırğızıstan və Rusiya nümayəndələri ilə dövlət səviyyəsində müzakirə edilib.
Qonşu İran şirkətləri də Qarabağ bölgəsindəki iqtisadi layihələrə geniş maraq göstərirlər. Söhbət tikinti materialları təchizatı və tikinti podratlarından, yol çəkilişindən və azad edilmiş ərazilərdə infrastrukturun bərpasından gedir. Bu yaxınlarda İran prezidenti Həsən Ruhani bildirib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi İranda iqtisadi fəaliyyətə müsbət təsir göstərəcək. Başqa məsələlərlə birgə Xudafərin hidro qovşağının və iki su elektrik stansiyanın tikintisi ilə bağlı müqavilələri, habelə Naxçıvan Muxtar Respublikasından dəmir yolu xəttinin Təbriz-Xavəran dəmir yolu ilə birləşdirilməsi perspektivləri nəzərə alınmaqla nəqliyyat sektorundakı yeni imkanlardan bəhs edilib.
Ölkəmizin ənənəvi tərəfdaşları - bir sıra beynəlxalq maliyyə qurumları və başqa beynəlxalq təşkilatlar da Qarabağın canlanmasında Azərbaycanın donor və tərəfdaşı kimi çıxış etməyə hazırdırlar. Belə danışıqlar İslam Əməkdaşlıq Təşkilatı və onun ixtisaslaşmış qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə də aparılır. OPEK-ə üzv ölkələr də rəsmi səviyyədə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması işində Azərbaycana dəstək verməyə hazır olduqlarını bildiriblər. Yəqin ki, yaxın gələcəkdə müvafiq təkliflər Asiya İnkişaf Bankının və Dünya Bankının idarə heyətinə təqdim ediləcək.
Bu kontekstdə ölkənin borc yükünün həddindən çox artmasından qorxmağa dəyərmi? “Bu gün Azərbaycanın xarici borc cəlb etmək üçün geniş imkanları var. Xarici borcun Azərbaycan ÜDM-inə nisbəti, təxminən, 17%-dir və bu göstəriciyə görə ölkəmiz xarici borc həcminin ən aşağı olduğu on ölkə sırasındadır”, - deyə iqtisadçı ekspert Eldəniz Əmirov vurğulayır.
Bundan başqa, təsirli bir maliyyə yastığının - Mərkəzi Bankın və Dövlət Neft Fondunun ehtiyatlarının olması xarici borclanma ilə əlaqəli risklərin önəmli olmadığını iddia etməyə əsas verir. Nəhayət, bir sıra mütəxəssislərin fikrincə, Qarabağ bölgəsində xeyli miqdarda mineral və digər təbii sərvətlərin olması, habelə əkinçilik və rekreasiya imkanları nisbətən qısa müddətdə gəlirli istehsalın yaradılmasına imkan verəcək, məhv edilmiş infrastrukturun bərpası xərclərini inamla qarşılayacaq.
MƏSLƏHƏT GÖR: