25 Noyabr 2024

Bazar ertəsi, 08:28

SANKSİYALAR ƏNGƏL DEYİL

Bayden vəzifəsinin icrasına başlamamış, Ərdoğan yeni reallıqlara uyğunlaşmağa çalışır

Müəllif:

01.01.2021

2020-ci ilin iki hadisəsi müşahidəçiləri proqnozlar üzərində baş sındırmağa vadar edib. Bu, Cozef Baydenin ABŞ prezidenti seçilməsi və Türkiyənin regional rolunun artmasıdır. İndi əksər müşahidəçilər Ağ Evin yeni administrasiyasının Türkiyəyə münasibətdə necə davranacağına dair proqnozlar verir. Vəziyyəti daha da qarışıq hala gətirən amil Donald Trampın vəzifədən getməsinə az qalmış, Konqresin təzyiqilə Türkiyəyə sanksiyalar tətbiq etməsidir. Onlar Türkiyənin Rusiyadan (ZRP) S-400 zenit-raket kompleksləri alması ilə əlaqədar, «Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət haqqında» qanuna əsasən tətbiq edilib. Ümumiyyətlə, bu proses 2017-ci ildən davam edir – Vaşinqton Ankaranı Rusiyadan raket kompleksləri almaq fikrindən daşındırmağa, əvəzində ABŞ-dan «Patriot» raket kompleksləri almağa razı salmağa çalışırdı. Amma Türkiyə sonda seçimi yenə də Moskvanın xeyrinə edib.

 

«Kursun korreksiyası» əməliyyatı

Məhdudiyyətlər Türkiyənin Müdafiə Sənayesi İdarəsinə, onun rəhbəri İsmayıl Dəmirə və daha 3 Türkiyə vətəndaşına tətbiq edilib. ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper bildirib ki, sanksiyaların tətbiqi Türkiyənin «kursu korreksiya etməsi» üçün lazım idi. Bununla yanaşı, Kuper cəza tədbirlərinin Türkiyə Silahlı Qüvvələrinə qarşı olmadığını deyib, ölkəsinin onunla «həm ikitərəfli münasibətləri», həm də «NATO çərçivəsində» əlaqələri qoruyub saxladığını söyləyib.

Təbii ki, son deyilənlər Türkiyə rəhbərliyinin «ürəyinə su səpməyib». Prezident Rəcəb Tayyib Ərdoğan sanksiyaları ölkəsinin suverenliyinə hücum kimi qiymətləndirib, xarici işlər naziri Mövlud Çavuşoğlu isə Ankaranın müdafiə sənayesinin daha müstəqil olmasına hesablanmış addımları davam etdirəcəyini söyləyib. Onun sözlərinə görə, Türkiyə S-400 məsələsində geri addım atmayacaq.

Sanksiyalarla üzləşmiş İsmayıl Dəmir də deyib ki, sanksiyaların tətbiqindən sonra Ankara «müdafiə sənayesini gücləndirmək üçün daha ciddi addımlar atacaq». Türkiyənin müdafiə naziri Hulusi Akar isə sanksiyaların NATO çərçivəsində birgə fəaliyyətə mənfi təsir göstərəcəyini, Ankaranın Vaşinqtondan qərara yenidən baxmasını gözlədiyini bildirib.

Bu, Türkiyə üçün, həqiqətən, həssas sahədir. Bu sahədə onun Qərbdən ciddi asılılığı var, çünki ehtiyat hissələri məhz oradan gəlir. Üstəlik, ABŞ-ın bu mövqeyini Kanada və Almaniya da dəstəkləyir.

Maraqlıdır ki, Ankaraya sanksiyaları Ərdoğanla münasibətləri kifayət qədər yaxşı olan Tramp tətbiq edib. Ola bilsin ki, o, bu addımı Ağ Evə rəhbərliyə başlayacaq Baydenin işini çətinləşdirmək üçün atıb. Amma Ankara üçün bunun elə də fərqi yoxdur. İstənilən halda, Amerikanın müxtəlif siyasi düşərgəsindən olan siyasətçilər Türkiyənin «kursunu korreksiya etməli olduğunu» düşünür. Bu parametrlərisə Baydenin komandası müəyyənləşdirəcək. Bu parametrlərin nədən ibarət olacağını təxmin etmək üçün yeni administrasiyanın qarşısına hansı geosiyasi hədəfləri qoyduğunu bilmək lazımdır. Artıq KİV-də yer alan fikirlərdən və müxtəlif bəyanatlardan görünən odur ki, söhbət ümumilikdə ABŞ-ın əsas müttəfiqlərilə münasibətləri bərpa etməsindən gedəcək. Bununla yanaşı, Vaşinqtonun əsas hədəflərindən biri beynəlxalq təşkilatlara üzvlüyün və orada liderliyin bərpası olacaq. Bayden bildirib ki, prezidentliyinin ilk ilindəcə «demokratiya uğrunda sammit» təşkil etməyi düşünür. Bununla, o, ABŞ üçün demokratik müttəfiq və tərəfdaşlarının xüsusi əhəmiyyət daşıdığını göstərməyə çalışır.

 

NATO-nun «nümunəvi» sanksiyaları

ABŞ-Türkiyə münasibətlərində müttəfiqlikdən söz düşən zaman, şübhəsiz ki, ilk olaraq NATO ağla gəlir. Şimali Atlantika Alyansı Türkiyənin Rusiya ilə əməkdaşlığından, həqiqətən, narazıdır. Məsələn, ABŞ-ın alyansdakı səfiri Key Beyli Hatçison bildirib ki, «NATO-nun mərkəzində Rusiya istehsalı olan Hava Hücumundan Müdafiə sisteminin peyda olması heç bir çərçivəyə sığmır». NATO ölkələrinin XİN başçılarının bu yaxınlarda keçirilmiş sammitində isə Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Ankaradan «nəhayət, müttəfiq kimi davranmağa başlamasını» tələb edib.

Nəhayət, oğul Corc Buş və Barak Obamanın dövründə Amerikanın müdafiə naziri olmuş Robert Geytsin «The New York Times» nəşrinə açıqlaması kifayət qədər maraqlıdır. O, bildirib ki, Türkiyənin Rusiyadan Vaşinqtonun davamlı xəbərdarlıqlarına rəğmən, S-400 zenit-raket kompleksləri almasının cavabı verilməlidir və Ankaraya tətbiq edilmiş sanksiyalar bu istiqamətdə yaxşı başlanğıcdır. Bununla, kifayətlənməyən Geyts onu da deyib ki, Ankara Liviya, Şərqi Aralıq dənizi və Suriyadakı əməllərinə görə də məsuliyyətə cəlb olunmalıdır. «Ankaranın bu regionlarla bağlı qərarları NATO üzvü olan digər dövlətlərin maraqlarına ziddir və bölgədə sülhə nail olunması işini çətinləşdirir. NATO ölkəsinin digər üzvlərin maraqlarına zidd əməllərinə etinasız yanaşılmamalıdır. NATO Nizamnaməsində alyans üzvünün qurumdan kənarlaşdırılması ilə bağlı maddə yoxdur. Lakin kreativ diplomatiya istisna deyil – üzvlüyün dondurulması və ya digər cəza addımları atıla bilər», - deyə sabiq müdafiə naziri qeyd edib.

Bu, həqiqətən də, son dərəcə sərt bəyanatdır. NATO-dakı sistem və ideoloji problemlərə, həmçinin ümumilikdə kollektiv Qərbin yaşadığı böhrana varmadan, demək olar ki, Türkiyəni Şimali Atlantika tərəfdaşlığında problemlər gözləyir. Digər müttəfiqlərə «blokun birliyini pozmağın» yolverilməz olduğunu göstərmək üçün Ankaraya qarşı «nümunəvi» cəza tədbirlərinin görülməsi mümkündür.

 

Yaxın Şərqdə hərarət artır

Təcrübəli siyasətçi olan Ərdoğan, əlbəttə ki, bu təhlükənin fərqindədir. Baydenin ABŞ-da keçirilmiş prezident seçkisində qələbə qazandığı məlum olar-olmaz, Türkiyənin regional rəqibləri İsrail və Səudiyyə Ərəbistanı ilə bağlı barışığa hesablanmış siqnallar verməsi də bunun göstəricisidir. Bəziləri hesab edir ki, Ankara, bununla, Bayden administrasiyası ilə dialoq üçün təməl yaradır. «Al-Monitor» portalı Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanın israilli məmurlarla gizli danışıqlar apardığına dair xəbər yayıb. Türkiyə prezidentinin xarici məsələlər üzrə məsləhətçisi Məsut Kasin isə İsraillə Türkiyə arasında diplomatik münasibətlərin martadək bərpa edilə biləcəyini söyləyib. O, etiraf edib ki, buna məhz Baydenin ABŞ prezidenti seçilməsi şərait yaradır. Çünki «ABŞ-ın yeni prezidentinin yeni perspektivləri var və nəticədə, çox şey dəyişəcək».

Səudiyyə Ərəbistanına gəlincə, İslam Əməkdaşlıq Təşkilatının keçirildiyi Nigerdə Mövlud Çavuşoğlu səudiyyəli həmkarı Feysəl bin Fərhan ilə görüşüb. «Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında güclü tərəfdaşlıq yalnız bizim ölkələrimizə deyil, bütünlükdə regiona sərf edir», - deyə türkiyəli nazir özünün «Twitter» səhifəsində yazıb. Maraqlıdır ki, bu, Ər-Riyadın ABŞ və İsraillə münasibətlərini yumşaltmaq cəhdlərilə paralel baş verir. Məsələn, bir çox məbuat orqanı yazır ki, son zamanlar səudiyyəlilər Amerikada lobbiçilik fəaliyyətini əhəmiyyətli dərəcədə intensivləşdirib.

Bütün bunların fonunda İran amili maraqlı görünür. İsrailin son dövrlərdə BƏƏ və Bəhreynlə münasibətləri qaydaya salması İsrail üçün bölgədə əsas düşmənin kim olduğunu bir daha ortaya qoyur. Odur ki, son zamanlar Türkiyənin İranla münasibətlərində əməlli-başlı gərginliyin yaranması təəccüblü deyil. Hərçənd, Ankara tərəfindən bu, daha çox, məsafə saxlamaq cəhdinə oxşayır – Türkiyədə Baydenin Tehranla bağlı yanaşmasını anlamaq istəyirlər.

 

Rusiya və Çin izi

Amma Baydenin prezidentliyi dövründə Türkiyə-ABŞ münasibətlərinə təsir göstərəcək əsas amil, əlbəttə ki, Rusiyadır. Bu gün Ankara Moskva ilə bir çox önəmli qaynar nöqtədə əməkdaşlıq edir – Suriya, Liviya, Cənubi Qafqaz… Kremlin strategiyası isə təbii ki, Türkiyəni NATO və ümumilikdə Qərbdən tam qoparmağa hesablanıb.

Amerikanın Türkiyəyə sanksiya tətbiq etməsinin ardından Rusiya prezidenti Vladimir Putin keçirdiyi miqyaslı mətbuat konfransında Ankara-Moskva münasibətlərindən də danışıb. O, tərəflər arasında ciddi fikir ayrılıqlarının olduğunu desə də, Ərdoğanın ünvanına təriflər yağdırıb. Putin Türkiyə prezidentini «sözünü tutan», «quyruq bulamayan» şəxs kimi xarakterizə edib. V.Putin onu da deyib ki, Ərdoğanın milli maraqların qorunmasındakı qətiyyəti onun hərəkətlərini «proqnozlaşdırmağa imkan verən elementdir».

Bu fikirləri, şübhəsiz ki, Ankaraya ünvanlanmış vacib mesaj saymaq olar. Üstəlik, bundan əvvəl ABŞ-ın Türkiyəyə sanksiya tətbiqini Rusiyanın xarici işlər naziri Sergey Lavrov da pisləmişdi. Nazir bildirmişdi ki, bu, «beynəlxalq hüquqa arroqantnoqo münasibətin daha bir nümunəsidir».

Rusiya ilə Türkiyəni nələrin yaxınlaşdırdığı, hansı məsələlərdə isə onların rəqib olduqları haqda uzun-uzadı danışmaq olar. İki ölkəni birləşdirən əsas məqam isə ondan ibarətdir ki, Ərdoğanla Putin daha çox məsələləri «burada və indi» prinsipilə həll etməyə üstünlük verirlər. Onlar hər konkret məsələdə vəziyyətə görə hərəkət etməyi lazım bilirlər. Rusiya ilə Türkiyə arasında hər hansı ittifaq yoxdur və onları hər bir işdə yalnız vəziyyətdən əldə edəcəkləri fayda birləşdirir. Bayden komandası ilə ziddiyyət təşkil edəcək amil də məhz budur. Vəziyyətin proqnozlaşdırılmasına bu amil öz təsirini göstərəcək. Odur ki, Vaşinqtonun bundan qıcıqlanması, hətta sərt addımlar atması anlaşılan olacaq.

Amerika-Türkiyə münasibətlərinə təsir göstərə biləcək daha bir amil Çindir. Doğrudur, Rusiya amililə müqayisədə bu, o qədər də nəzərə çarpmır. Amma bu, Çin amilinin əhəmyyətini azaltmır (bəlkə də artırır). Məlumdur ki, Pekin Türkiyə iqtisadiyyatına böyük həvəslə milyardlar yatırır, həmçinin Ankaraya kreditlər ayırır. Ölkələr Yeni İpək yolu layihəsi çərçivəsində fəal əməkdaşlıq edir, logistik və infrastruktur layihələri reallaşdırır. Söhbət istər Rusiya, istərsə də ABŞ üçün rəqib sayılan layihələrdən gedir. Daha bir vacib məqam Çinin ABŞ tərəfindən davamlı sıxışdırılan «Huawei» və «ZTE» texnologiya şirkətlərinin Türkiyə bazarında getdikcə daha geniş yer almasıdır. Üstəlik, müdafiə sahəsində sanksiyalarla üzləşən Türkiyə bu sektorda üzünü daha çox Çinə tərəf çevirə bilər.

Beləliklə, Baydenin Ağ Evə rəhbərliyə başlamasından sonra Türkiyə-Amerika münasibətlərinin necə inkişaf edəcəyini söyləmək çətindir. Çünki bu, bir çox geosiyasi amildən asılı olacaq. ABŞ ilə Türkiyə arasında bəzi məsələlərlə bağlı uzun müddətdir ağır dialoqun davam etdiyini də nəzərə almaq lazımdır. Məsələn, Ankaranın 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham etdiyi Fətullah Gülənin ekstradisiyası ilə bağlı müzakirələr kifayət qədər çətin gedir və nəticə vermir. Vaşinqtonun Suriyanın şimalında kürdlərə məxsus Milli Özünümüdafiə Dəstəsinə (YPG) dəstəyi də bu qəbildən olan məsələdir. Yuxarıda sadalanan bu və ya digər amillərin bu məsələlərə də təsir etməsi mümkündür.

Düşünmək olar ki, istər Avropa İttifaqı, istərsə də ABŞ üçün strateji əhəmiyyətli mövqeyə malik Ankaranın Vaşinqtonla bağlı taktikası bu və ya digər situasiyaya uyğun manevrlərə əl atmaqdan ibarət olacaq. Bu zaman Türkiyə region dövlətləri arasında, həmçinin bölgə dövlətlərilə ABŞ arasındakı ziddiyyətlərdən faydalanmağa çalışacaq. İstənilən halda, Ankara hansısa birliklərə, hətta NATO kimi nüfuzlu alyansa görə öz maraqlarından imtina etməyi düşünmür. Moskva ilə S-400 alveri də bunun bariz göstəricisidir. Odur ki, Ərdoğan həm Qərb, həm Rusiya, həm İran, həm İsrail, həm də Çinlə bu və ya digər formada əməkdaşlığa can atacaq. Mövcud beynəlxalq vəziyyəti nəzərə alsaq, ən ağıllı taktika elə budur. ABŞ da fövqəldövlət statusuna və Bayden administrasiyasının iddialarına baxmayaraq, bu vəziyyətlə barışmalı olacaq.



MƏSLƏHƏT GÖR:

229