25 Noyabr 2024

Bazar ertəsi, 09:14

ERMƏNİ TERRORU GÜNDƏMDƏDİR?

Ötən əsrin 70-80-ci illərində terror dalğasının təkrarlanma riski nə qədər böyükdür?

Müəllif:

01.01.2021

Ermənistan özünü tapmağa çalışır. İrəvanın bugünkü vəziyyətini, yəqin ki, məhz bu cür ifadə etmək olar. Ölkədə daxili siyasi ehtiraslar pik nöqtəyə çatmaqdadır. Müharibədə dünyasını dəyişmiş şəxslərin xatirəsinə keçirilən matəm mərasimi qalmaqalla bitib – baş nazir Nikol Paşinyanın «Yerablur» panteonunda peyda olması biabırçılıqla nəticələnib. Onun ermənilərin Sünik adlandırdığı Zəngəzura səfərisə yaddaşlara daha ciddi qalmaqalla yazılıb: keşiş hökumət başçısının əlini sıxmaqdan imtina edib. Gorusda isə yerli sakinlərlə polis arasında qarşıdurma baş verib…

Bütün bunlar ortaya bir çox sual çıxarıb. Nikol Paşinyan vəzifəsini qoruyub saxlaya biləcəkmi, müxalifətin «vahid namizəd»i Vazgen Manukyan baş nazir olacaqmı, Artur Vanetsyan təşəbbüsü ondan alacaqmı, Ermənistanda Robert Koçaryan və ya Serj Sarqsyan kimi «sabiqlər»in revanşı mümkündürmü?

Qalmaqallı səhnələr, yumruq davasınadək gedib çıxan qarşıdurmalar və küçə siyasətinin digər «rəmzləri» çox vaxt əsas məsələləri kölgədə qoyur. Ermənistanda da ən azı hələlik «sülh partiyası» görünmür. Qisas çağırışları hər yanı bürüyüb, qonşu dövlətlərlə normal, sivil münasibətlərə çağıran isə yoxdur. Erməni ictimaiyyətindəki tarixi inciklik, uduzulmuş müharibənin yaratdığı kədər, qisas həvəsi və sairdən ibarət «kokteyl» sanki dejavüdür: ermənilərin tarixində bu, ilk dəfə yaşanmır.

 

Tarix təkrarlanır. Coğrafiya da

Dəfələrlə qeyd etdiymiz kimi, siyasətdə paralellərin aparılması risklidir. Lakin hazırkı vəziyyətdə, təxminən, 1 əsr əvvəl baş vermiş hadisələr istər-istəməz, yada düşür. O zaman Şərqi Anadolunun 6 vilayətinin «erməniləşdirilməsi» hesabına «Qərbi Ermənistan»ın yaradılması ilə bağlı ümidlər puç olmuşdu. Həmin illərdə erməni dairələri Antanta siyasətçilərinin eyhamlarından həzz alır, britaniyalıların, fransızların, xüsusən də rusların Osmanlı İmperiyası ilə tərəddüd etmədən savaşa girəcəyinə, Türkiyə torpaqlarını imperiyadan qopararaq Ermənistana hədiyyə edəcəklərinə inanırdılar. Lakin məlum olduğu kimi, həmin proseslər Türkiyənin qələbəsi, Sovet Rusiyası ilə Türkiyə Cümhuriyyəti arasında əvvəlcə Aleksandropol, sonra Qars, sonda isə Moskva müqaviləsinin imzalanması ilə başa çatmışdı.

Bu gün isə bir çox ekspertlər, erməni liderlər, xüsusilə ekspert cəmiyyəti və «boşboğaz təbəqə» sanki dünya ictimaiyyətinin rəyini eşitmək, qəbul etmək istəmirdi. Rəy isə ondan ibarət idi ki, ilkin olaraq heç olmasa keçmiş DQMV ətrafındakı rayonlar boşaldılmalıdır, Qarabağda ikinci erməni dövlətinin yaradılması isə mümkün deyil. İllər ərzində hər kəs deyirdi ki, müzakirə mövzusu yalnız muxtariyyət ola bilər. Lakin indi keçmiş DQMV ətrafındakı rayonlar azad olunub və bununla da, status məsələsi, ümumiyyətlə, gündəmdən çıxıb. Nəticədə, müharibədə məğlubiyyətə uğramış Ermənistan əməlli-başlı incik düşüb: dünya ictimaiyyəti bizimlə bu cür davranılmasına niyə imkan verdi? Niyə bizi müdafiə etmədilər? Bütün bunlar necə yaşana bilərdi?

Erməni siyasəti və diplomatiyasının veteranı Jirayr Libaridyan BBC-yə İkinci Qarabağ müharibəsinin nəticələri haqda danışarkən bildirib ki, «hər şeydən əvvəl, erməni siyasi sinfinin mentaliteti dəyişməyib. Bizim siyasi düşüncəmizin əsas problemi məhz budur və bu problem ən azı 200 ildir davam edir. Yəni bu, yenilik deyil. Biz bunu xoşlayırıq – xülyalarla yaşamağı, düşünməyə ki, ideal və ədalətli çıxış yolunu tapmaq mümkündür».

Əslində, o, daşnak liderlərindən olan Ovanes Kaşazuninin məşhur fikrini təkrarlayıb: «Biz öz hədəflərimizi özgələrinin pətəyinə yerləşdirmişik. Reallıq hissini itirmişik, gücü arzulara vermişik».

Bir məqam olmasaydı, bütün bu tarixi ekskurslara diqqət ayırmaya da bilərdik. Erməni liderlər 20-ci illərdə Şərqi Anadolunun əldən çıxdığını anlayan zaman üstünlüyü terrora verməyə başlamışdılar. O zaman Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin keçmiş üzvlərinə və «gənc türklərə» qarşı silsilə terror hücumları həyata keçirilmişdi. Amma ermənilər bu yolla da dünya diplomatiyasına təsir edə bilməmişdilər.

Bəs, bu gün həmin hadisələrin təkrarlanma riski nə qədər yüksəkdir?

 

Terrorçular heç də yox olmayıblar

Əlbəttə ki, 20-ci illərin siyasi qətllər dalğasını keçmişdə qalmış hal adlandırmaq, paralel aparmaqdan çəkinmək də olar. Bəs, 70-80-ci illərin erməni terroru dalğası necə olsun? Xatırladaq ki, həmin illərdə ən təhlükəsi və nüfuzlusu ASALA (Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu) olan erməni qruplaşmaları xüsusilə Türkiyənin diplomatik və kommersiya nümayəndəliklərinə qarşı çoxsaylı terror hücumları təşkil etmişdilər. Bu terror aktları 40-dan artıq Türkiyə diplomatının həyatına son qoymuşdu. Həmin terror dalğasının son hücumu 1989-cu ildə həyata keçirilmişdi ki, bu da o qədər də uzaq keçmiş deyil. Onu da qeyd etmək lazımdır ki, Ermənistanda ASALA terrorçuları milli qəhrəman hesab olunur. Onların adları küçələrə, meydanlara, hərbi liseylərə verilir, bu şəxslər təntənəli şəkildə «Yerablur» panteonunda dəfn olunur.

Ən təhlükəlisi və acınacaqlısı odur ki, Ermənistanda terroru o zaman da tam normal mübarizə üsulu sayıblar, bu gün də belə sayırlar. 2020-ci ilin iyul hadisələrini xatırlayaq.

 

İyul dərsləri

2020-ci ilin yayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində silahlı təxribata əl atmışdı. Söhbət strateji ixrac boru xətlərinin «bir addımlığından» gedirdi. Bu gün Ermənistanın ikinci prezidenti Robert Koçaryan da etiraf edir ki, həmin vaxt təxribata məhz erməni tərəfi əl atmışdı və hədəfdə məhz boru xətləri idi. Nəzərə alsaq ki, Ermənistan Azərbaycanı ixrac magistrallarının hədəf alına biləcəyilə bağlı dəfələrlə hədələmişdi, Koçaryanın dedikləri heç bir şübhə doğurmur. Bununla yanaşı, İrəvanda əmin idilər ki, Azərbaycanın ilk cavab zərbəsindən dərhal sonra KTMT onların köməyinə gələcək. Amma reallıqda vəziyyət fərqli oldu və bu, ermənilərdə dərin məyusluq yaratdı.

Birincisi, Ermənistan sərhədi 1 metr belə, keçə bilmədi, ikincisi KTMT heç də ermənilərin köməyinə yetişməyə çalışmadı. Üçüncüsü, beşincisi, onuncusu da var… Nəticə: Ermənistan bir anda xaricdə «informasiya fəallığı» ilə bağlı monopoliyanı itirdiyini, üstünlüyün Azərbaycan diasporunun əlinə keçdiyinin fərqinə vardı. Gördü ki, qarşı tərəf mitinqlərdən tutmuş, sosial şəbəkələrin yerli sektorunda postların paylaşılmasınadək bütün sahələrdə üstünlüyü ələ alıb. Azərbaycanın diplomatik missiyalarının fəaliyyəti də öz yerində – yerli KİV-də məqalələrin dərci, mətbuat konfranslarının təşkili, müsahibələr və s. Diplomatlar bu proses çərçivəsində ortaya Ermənistanı kifayət qədər narahat edən faktlar qoyurdular: hərbi əməliyyatlar Qarabağdan kilometrlərlə uzaqda, ixrac boru xətlərinin yaxınlığında gedir…

Bəs, cavab?.. Ermənistanın bütün bunlara… Azərbaycanın diplomatik missiyalarına, nümayiş keçirən azərbaycanlılara hücumlarla cavab verib. Onlardan yalnız ən məşhurlarını xatırlayaq. İyulun 21-də Azərbaycanın Vaşinqtondakı səfirliyinin qapısına anti-Azərbaycan məzmunlu baner asılmış, sonradan sosial şəbəkələrin erməni sektorunda onun yayılmasına başlanılmışdı. Los-Ancelesdə radikal erməni elementləri Azərbaycanın Baş konsulluğu qarşısında dinc aksiya keçirən azərbaycanlılara hücum etmiş, nəticədə, 1 qadın da daxil olmaqda, 7 nəfər yaralanmışdı. Biz hələ sosial şəbəkələrdə azərbaycanlılara ünvanlanmış saysız-hesabsız hədələrdən, azərbaycanlıların şəxsi məlumatlarının «satılması»na çağırışlardan danışmırıq.

Daha bir ciddi insident vahid Avropanın paytaxtı Brüsseldə baş vermişdi. Orada erməni millətçiləri Azərbaycan səfirliyini daş-qalaq etmişdilər. Bu yerdə bir məqama xüsusi diqqət çəkmək lazımdır: həmin aksiyanın əksər iştirakçısı, daha doğrusu, təşkilatçılarla əlbir olan şəxslər üzərində ASALA-nın rəmzləri olan maykalar geymişdilər. Ermənistanın sabiq müdafiə naziri David Tonoyan isə Azərbaycana qarşı «hücum qrupları»ndan istifadə ediləcəyini açıq şəkildə dilə gətirir, bu qrupların «düşmənin arxa cəbhəsində xaos yaratmalı olduğunu» deyirdi. Bu ilin avqustunda artıq Azərbaycanda erməni diversantlar da ələ keçmişdi…

Bütün sadalananlar göstərir ki, Ermənistan növbəti dəfə «xarici» terrora da əl ata bilər.



MƏSLƏHƏT GÖR:

271