25 Noyabr 2024

Bazar ertəsi, 06:47

50 MİLYONUN BİR TALEYİ

2020-ci il yaddaşlarda dünya azərbaycanlılarının görünməmiş həmrəyliyilə qalacaqdı

Müəllif:

01.01.2021

Hər il dekabrın 31-də qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın əsas dövlət bayramlarından biridir. O, Azərbaycan xalqının birliyinin, yaşayış yerindən asılı olmayaraq, həmvətənlərimizin bir-birinə sıx bağlı olduğunun rəmzidir. 2020-ci ildə bu günün qeyd olunması xüsusi önəm, xüsusi əhəmiyyət daşıyır. Çünki bu il bayram, ilk növbədə, Azərbaycan xalqının görünməmiş birliyi, həmrəyliyi sayəsində əldə olunmuş Böyük Qələbənin fonunda keçəcək.

 

Liderin misli görünməmiş rolu

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin tarixi maraqlıdır. Sovet erasının sonlarında Azərbaycan xalq hərəkatı, ilk növbədə, ölkənin ərazi bütövlüyünün müdafiəsi uğrunda görünməmiş miqyas almışdı. Sonradan milli azadlığın əldə edilməsi də onun hədəfinə çevrildi.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası dərin rəmzi əhəmiyyətə malik hadisə ilə qoyulub. 1989-cu ilin sonunda Azərbaycan xalqında artıq mərkəzin onu erməni təcavüzündən qorunmaq iqtidarında olmadığına əminlik yaranmışdı. Xalq praktik olaraq total xarakter almış ədalətsizliklə qarşı-qarşıya idi. Belə bir şəraitdə bir həqiqət tam çılpaqlığı ilə ortaya çıxmışdı. Bu, doğma Qarabağın müdafiəsi və milli müstəqilliyin elan edilməsi üçün bütün azərbaycanlıların bir yumruq kimi birləşməsi zərurəti idi. Və 1989-cu ilin son günü – 1990-cı ilə keçən gecə Naxçıvan Muxtariyyətində yaşayan minlərlə azərbaycanlı Cənubi Azərbaycandakı qardaşları ilə qucaqlaşmaq üçün Araz çayından İrana keçmişdilər. Bu, kortəbii, lakin çox anlamlı qardaşlaşma, həmrəylik aksiyası idi. O, Azərbaycanı Şimala və Cənuba bölmüş “Gülüstan” və “Türkmənçay” müqavilələrinin yaratdığı və təxminən, 170 il davam etmiş amansız ayrılıqdan sonra baş verirdi.

Amma taleyin qismətindən, Azərbaycanın şimal və cənub hissələri arasında – Sovet İttifaqı-İran sərhədində dirəklərin dağıdılması ilə bir vaxtda daha bir heç də az əhəmiyyət kəsb etməyən hadisə baş verirdi. 1989-cu il dekabrın 31-də İstanbulda tarixdə ilk dəfə Azərbaycanlıların Ümumdünya Konqresi keçirilirdi. Müasir dövrdə azərbaycanlıların ümummilli birliyinə nail olunması hədəfi elə həmin forumda müəyyənləşdirilib. Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi məhz bu iki əlamətdar hadisəyə istinad edərək, 1991-ci il dekabrın 16-da, yəni Azərbaycan Respublikasının müstəqilliyini elan etməsindən 2 ay sonra 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bununla da, azərbaycanlıların milli birlik ideyası ilk dəfə siyasi-hüquqi müstəvidə əksini tapıb və tezliklə ümumdövlət səviyyəsində təsdiqlənib.

Bu ideyanın böyüklüyü və aktuallığı birmənalı olaraq təsdiqini tapıb. Yeni ilə 1 gün qalmış qeyd olunan bu bayram, həqiqətən, hər bir azərbaycanlı üçün dəyərli günə çevrilib. Bu isə heç də təsadüfi deyil. Məsələ ondadır ki, Heydər Əliyevin səyləri nəticəsində dövlətçilik səviyyəsinə qaldırılmış azərbaycançılıq ideyası üçün əsas maneə məhz birlik və həmrəylik idi. Məhz Heydər Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycan özünü mükəmməl, müstəqil və güclü dövlət kimi təsdiqləyib və buna məhz xalqın iradəsi və birliyi sayəsində nail olunub.

Yalnız Azərbaycanın dövlət başçısı kimi deyil, həm də ümummilli lider qismində çıxış edən Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyi ideyasını milli-mənəvi dəyərlər, Vətənə sevgi və sədaqət prinsipləri əsasında möhkəmləndirə bilib.  Bununla yanaşı, azərbaycançılıq ideyası yalnız Azərbaycan ictimaiyyəti və dövləti üçün dayaq nöqtəsi olmayıb. O, bütün dünya azərbaycanlılarının, o cümlədən xarici ölkələrdəki həmvətənlərimizin yeni yaratmaqda olduqları diaspor təşkilatlarının şüuruna yeriyib. Odur ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tamamilə haqlı olaraq, dünyada yaşayan 50 milyon azərbaycanlının bayramı hesab etmək mümkündür.

Amma birliyə, həmrəyliyə gedən yol, əlbəttə ki, ciddi çətinliklərdən, maneələrdən də keçib. Bu mənada, Heydər Əliyevin 1998-ci ildə Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri qarşısındakı çıxışını yada salmaq olar. O zaman dünyaya səpələnmiş azərbaycanlıların birliyinə ehtiyacın olduğunu deyən ümummilli lider həmvətənlərimizin Azərbaycan dövləti ətrafında birləşməsilə bağlı problemlərdən şikayətlənmişdi. Məhz bu problemin həll olunması məqsədilə 2001-ci il noyabrın 9-10-da yenə də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdi. Bu, azərbaycanlıların öz milli dövlətləri – Azərbaycan Respublikası ətrafında birləşməsinə aparan yolda önəmli addım idi.

 

«Dünya azərbaycanlılarının prezidenti»

Bu gün əminliklə demək olar ki, ötən illər ərzində dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş cidd-cəhdlər hədəfi xeyli yaxınlaşdırıb. Heydər Əliyevin varisi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünü əbəs yerə «dünya azərbaycanlılarının prezidenti» elan etməmişdi. Ötən illər ərzində azərbaycanlıların həmrəyliyi nəinki dövlət siyasətinin prioritet istiqamətlərindən birinə, həm də bütün xalqın həyat tərzinə çevrilib. Bu, yalnız tarixi vətənində yaşayan azərbaycanlılara yox, həm də dünyanın ən müxtəlif regionlarına, 70-dən artıq ölkəsinə səpələnmiş həmvətənlərimizə aiddir. Azərbayanın dövlət müstəqilliyini bərpa etməsindən keçən, təxminən, 30 ildə, demək olar ki, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə azərbaycanlı icması formalaşıb. Üstəlik, onların fəaliyyətində nəinki etnik azərbaycanlılar, həm də Azərbaycanda doğulub böyümüş digər millətin nümayəndələri də fəal rol oynayır. Misal kimi, Azərbaycanda doğulmuş, yaşamış, lakin sonradan İsrailə köçmüş yəhudiləri göstərmək olar.

Uğurlu diaspor quruculuğu, şübhəsiz ki, beynəlxalq arenada Azərbaycan Respublikasının mövqeyinin əhəmiyyətli şəkildə möhkəmlənməsinə də öz təsirini göstərib.

Azərbaycan ərazilərinin erməni işğalı altında olduğu şəraitdə diaspor fəaliyyətinin əsas hədəfi, əlbəttə ki, Qarabağ münaqişəsilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması idi. Belə bir vəziyyətdə Azərbaycana qarşı təcavüzə beynəlxalq dəstəyin təmin olunmasına yönəlmiş yalan erməni təbliğatını ifşa etmək üçün ciddi işlər görülməli idi. Dünya azərbaycanlılarının bu istiqamətdə səfərbər olaraq xalqımız və dövlətimiz adına haqqın dünyaya çatdırılması işində zəfər qazandığı il isə 2020-ci il olub. Bu il dünya ictimaiyyətinə dünya azərbaycanlılarının birliyinin necə sarsılmaz olduğu tam şəkildə göstərilib. Düşmən üzərində qan bahasına qazanılmış Qələbəyə yol açan əsas amillərdən biri də məhz bu olub.

 

Birlik Qələbə amili kimi

Azərbaycanlıların həmrəyliyinin nə qədər ciddi güc olduğu Ermənistanla Azərbaycan arasında iyulda gedən döyüşlər zamanı ortaya çıxıb. Həmin günlərdə cəbhədəki döyüşlərlə yanaşı, Azərbaycan diasporu da əsl müharibə aparırdı. Vətəndən kənarda, xüsusilə Rusiya, ABŞ və Avropa ölkələrində yaşayan həmvətənlərimiz dünya erməniliyinin vəhşiliyilə üz-üzə qalmışdı. Məlum olduğu kimi, uzun illər xüsusilə Qərb ölkələrində erməni diasporu azərbaycanlılarla müqayisədə daha təkmil, daha nüfuzlu hesab olunub. Lakin bu dəfə o, qəflətən dünyanın ən müxtəlif ölkələrində yaşayan, lakin tarixi Vətənin maraqlarını qorumaq əzmində olan azərbaycanlıların imkanlarını səfərbər etmək bacarığı qarşısında aciz qalıb. Azərbaycanın dağ yəhudiləri icmasından olan Qod Nisanov başda olmaqla, azərbaycanlı iş adamlarının Ermənistandan gətirilən kənd təsərrüfatı məhsullarının Moskva bazarlarına buraxılmasına əngəl yaratmaları indiyədək görünməmiş hadisə idi.

Elə həmin iyul günlərində, təcavüzkar Ermənistanın Azərbaycanla sərhəddə növbəti hərbi təxribata əl atdığı vaxt xalqımız torpaqlarının işğalı ilə heç zaman barışmayacağını və artıq səbrinin tükəndiyini də ortaya qoyub. Həmin günlərdə azərbaycanlıların sarsılmaz vətənpərvər ruhunu, Azərbaycan Respublikasının ərazi bütövlüyünü istənilən yolla, nəyin bahasına olursa olsun bərpa etməyə, Vətənin müstəqilliyini və təhlükəsizliyini qorumağa hazır olduğunu bütün dünya gördü.

Xalqın Qələbəyə bu cür, presedenti olmayan köklənməsinin kulminasiyası isə əlbəttə ki, 44 günlük Vətən müharibəsi olub – həmin günlərdə bütün azərbaycanlılar eyni, həmrəy mövqedən çıxış edib. Azərbaycanın düşmənə endirdiyi «dəmir yumruq» xalqımızın gücünü yalnız erməni işğalçılarına deyil, onların xarici himayədarlarına da göstərib. Qələbədə əsas amil də məhz bu olub. Həmin günlərdə Azərbaycanın bütün millətlərdən və etnik qruplardan olan vətəndaşları Qələbə, demək həm də ölkənin dinc gələcəyi, çiçəklənməsi, inkişafı naminə birləşmişdi. Ölkənin bütün dini konfessiyalarının nümayəndələrisə Allaha birlikdə dua edir, Azərbaycan torpaqlarında ədalətin zəfər çalmasını, şanlı ordumuzun işğalçı üzərində qələbə qazanmasını diləyirdilər.

Bütün azərbaycanlılar üçün müqəddəs olan Qələbənin tezliklə əldə edilməsi üçün diasporumuz da səfərbər olmuşdu. Azərbaycanın haqq işinə Türkiyə, Rusiya, Ukrayna, İsrail, Almaniya, ABŞ, Kanada və Avropa ölkələrində dəstək aksiyaları keçirilirdi. Dünyanın hər yanında yaşayan azərbaycanlılar, Azərbaycanın taleyinə biganə olmayanlar, onun dostları ayaqda idi. KİV və sosial şəbəkələr isə təbliğat savaşı meydanına çevrilmişdi. İnformasiya cəbhəsinin döyüşçüləri – azərbaycanlı vətənpərvərlər yaşadıqları ölkədən, milliyyətindən və dinindən asılı olmayaraq, yorulmadan savaşırdılar.

İndi doğma Qarabağı azad etmiş, Vətən müharibəsindən qələbə qazanmış Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Postmüharibə dövrü Vətənimizin qarşısında yeni hərtərəfli iknişaf hədəfləri və vəzifələri qoyacaq. Yeni böyük qələbələrin qazanılması da dünya azərbaycanlılarının birlik və həmrəyliyindən asılı olacaq.



MƏSLƏHƏT GÖR:

315