Müəllif: Nadir SƏNANOĞLU
2020 nəinki Azərbaycan, bütün dünya üçün təlatümlü bir il oldu. Bəşəriyyətin bəlasına çevrilən koronavirus pandemiyası planetin hər yerində həyatı iflic etdi. O cümlədən idman aləminə də böyük zərər vurdu. Müxtəlif növlər üzrə bir çox daxili və beynəlxalq yarışlar, Tokio Olimpiadası, futbol üzrə Avropa çempionatı kimi nəhəng turnirlər pandemiyaya görə təxirə salındı, ləğv olundu.
Nəticələrə nəzər salaq
Gənclər və İdman Nazirliyinin 2020-ci il üçün təsdiq etdiyi tədbirlər planına əsasən il ərzində ölkədə fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 64 respublika yarışı təşkil edilib, 12 beynəlxalq turnir keçirilib, 68 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub. Ümumilikdə, idmançılarımız tərəfindən 60 qızıl, 46 gümüş və 86 bürünc olmaqla ümumi 192 medal qazanılıb. Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün indiyədək 17 nəfər idmançımız 13 lisenziya (atletika-2, atıcılıq-1, üzgüçülük-1, güləş-2, velosiped-1, bədii gimnastika-2, idman gimnastikası-2, taekvondo-1, boks-1) əldə edib. Bundan başqa, Tokio Paralimpiya oyunlarına da 9 lisenziya qazanılıb.
2020-ci ildə koronavirus pandemiyası futbol üzrə əksər yarışların təxirə salınmasıyla nəticələndi. Yalnız bəzi ölkələrdə bir neçə aylıq fasilədən sonra futbol üzrə milli çempionatlar, həmçinin Çempionlar Liqası və Avroliqada oyunlar keçirildi. Böyük həvəslə gözlədiyimiz AVRO-2020-nin növbəti ilə ertələndi, daha sonra Formula-1 üzrə ənənəvi Azərbaycan Qran-Prisi ləğv edildi. Bakıda keçirilməli olan kişi və qadın idman gimnastikası üzrə Avropa Çempionatları Türkiyədə təşkil edildi.
Milli futbolun özəllikləri
2002-ci ildən bəri ilk dəfə Azərbaycanın milli futbol çempionatı yarımçıq saxlanıldı və martın 14-də olan nəticələrə görə premyer liqanın lideri olan "Qarabağ" çempion elan olundu. Təəssüf ki, "Qarabağ"ın avrokubok mübarizəsi əvvəlki illərlə müqayisədə uğursuz alındı. Ardıcıl yeddinci dəfə qrup mərhələsində oynayan Ağdam klubu cəmi 1 xal qazanmaqla qruplarda ən zəif nəticəsini məhz bu il göstərdi. Əlbəttə, uğursuzluqda bir sıra səbəblərlə yanaşı, komandanın UEFA-nın qərarıyla ev oyunlarını İstanbulda keçirməsi də rol oynadı. Sadəcə, həmin günlərdə - sentyabr-noyabr aylarında bütün Azərbaycan Vətən müharibəsi ilə nəfəs aldığından, cəbhədən gələn ardıcıl qələbə xəbərlərinin sevinci ilə yaşadığından azarkeşlər üçün də təbii olaraq "Qarabağ"ın Avroliqadakı oyunları, ümumiyyətlə, futbol arxa plana keçmişdi.
"Qarabağ"la yanaşı, yığma komandamız da ölkədəki hərbi vəziyyətə görə UEFA-nın qərarıyla Millətlər Liqasındakı rəqibləri Kipr və Monteneqronu neytral meydanda qəbul etdi. Kipr yığmasını Albaniyada, Monteneqronu Xorvatiyada. UEFA-nın 26 ildən sonra Azərbaycan millisinə qarşı ikinci dəfə bu cür qərar çıxarması da 2020-ci ilin özəlliklərindən oldu.
2020-ci ildə millimizdə sayca 5-ci əcnəbi baş məşqçi - italyan Canni de Byazi fəaliyyətə başladı. Komanda zəiflərin oynadığı C liqasında belə adəti üzrə uğursuz nəticələrini təkrarladı.
Futzalda "Araz" klubunun uğursuzluğu şok effekti verdi. Hər il daha yüksək mərhələdə gördüyümüz "Araz" Çempionlar Liqasının elə ilkin məırhələsndə Yunanıstanın o qədər də güclü sayılmayan AEK komandasına uduzaraq mübarizəni dayandırdı.
Parlaq qələbələr və məğlubiyyət acıları
Digər idman növlərinə gəldikdə, cüdoçu Orxan Səfərovun Praqada qazandığı Avropa çempionluğu idmanımız adına ilin ən parlaq qələbələrindən oldu. Həmin yarışda İrina Kindzerska yalnız finalda uduzaraq qitə ikincisi oldu. Rüstəm Orucov, Məmmədəli Mehdiyev və Zelim Kotsoyev isə bürünc medala sahib çıxdı.
Güləşçilərin Romadakı Avropa çempionatı pandemiyanın hələ geniş yayılmadığı fevralda keçirildi. Yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə Avropa Çempionatında 6 medal qazandı. Çempionluq yolunda 2 erməni pəhləvanına qalib gələn Sənan Süleymanov və karyerasında ikinci dəfə Avropa çempionluğunun sevincini yaşayan Rafiq Hüseynov qitənin ən güclü pəhləvanı adını qazandı. Eldəniz Əzizli, Murad Bazarov, Ülvi Qənizadə və İslam Abbasov isə qitə üçüncüsü oldu. Qadınların yarışında Elis Manolova gümüş, Tatyana Omelçenka bürünc mükafata layiq görüldü. Sərbəst güləşdə isə Ağahüseyn Mustafayev yalnız finalda uduzaraq ikinci yeri tutdu. Daha 4 pəhləvanımız bürünc qazandı.
Şahmat üzrə Dünya Kubokunun qalibi Teymur Rəcəbov koronavirusa görə İddiaçılar Turnirində iştirak etmədi. Beynəlxalq Şahmat Federasiyası onu fransalı Maksim Vaşye Laqravla əvəzlədi. Bütün yarışlar dayandırıldığı zaman FİDE İddiaçılar Turnirinə start versə də, onu sona çatdıra bilmədi. Pandemiyaya görə dünya ölkələri hava limanlarını bağlamağa başladı və nəticədə, mötəbər yarış yarımçıq dayandırıldı. Bundan sonra Azərbaycan idman ictimaiyyəti Teymur Rəcəbovun turnirə qaytarılmasını tələb etdi. FİDE hazırda bu məsələylə bağlı müzakirələri davam etdirir.
İlin sonunda Serbiyada keçirilən fərdi Dünya Kubokunda isə çempionumuz olmadı. İslambek Dadov və Əhmədnəbi Qvarzatilov gümüş, Hacı Əliyev, Eldəniz Əzizli, Beka Kandelaki və Elis Manolova bürünc medal əldə etdi.
Boksda Tayfur Əliyev martda Londonda keçirilən lisenziya turnirində Tokio Olimpiadasına vəsiqə qazandı. Komanda yarışlarında ən böyük uğur gimnastikamızın adına yazıldı. Bədii gimnastika üzrə yığmamızın Avropa Çempionatında 1 gümüş və 2 bürünc medal qazanması ilin uğurlu idman hadisələrindən oldu.
Tanınmış boks mütəxəssisi, milli komandamızın sabiq baş məşqçisi Məmməd Eyvazovun, veteran futbolçu Elbrus Abbasov və Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidovun vəfat etməsi Azərbaycan idmanı üçün itki oldu.
478 müzəffər əsgər
Koronavirus pandemiyasına baxmayaraq Azərbaycan idman ictimaiyyəti ilin əsas hadisəsi Vətən müharibəsindən kənarda qalmadı. İlin ən mühüm hadisəsi olan Vətən müharibəsində 478 idmançımız döyüşdü. Onlardan 51-i qazi, 55-i şəhid oldu. Böyük əksəriyyəti qəhərəmanlıqlarına görə müxtəlif medallarla təltif olundu. Pandemiya idman ili kimi 2020-ci illə bağlı ümidləri doğrultmasa da, torpaqlarımızın işğaldan azad olunması bütün bunları unutdurdu.
MƏSLƏHƏT GÖR: