23 Dekabr 2024

Bazar ertəsi, 03:00

BAKI QASTROLU BAŞA ÇATDI

Şuşa Dram Teatrı «Arşın mal alan»ı ermənilərin dağıtdığı Mədəniyyət Evinin yerində oynayacaq

Müəllif:

15.01.2021

Prezident İlham Əliyev erməni işğalından azad edilmiş Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Dövlət başçısı qədim şəhərin tarixi abidələrinin bərpası, Şuşadakı baş məscidin təmir olunması və ilkin görünüşünə qaytarılması barədə sərəncam imzalayıb. İ.Əliyevin sərəncamı ilə artıq bu il “Vaqif poeziya günləri” və “Xarı bülbül” festivalının keçirilməsi planlaşdırılır.

İstənilən şəhərin mənəvi-mədəni həyatında teatrın xüsusi bir yeri olub. Şuşada hələ 1938-ci ildə Dövlət Kolxoz və Sovxoz Teatrı fəaliyyətə başlayıb, onun tərkibində teatr və sirk truppaları olub.  

Əslində, Azərbaycan milli teatrının əsası 1873-cü ildə Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası ilə qoyulub.

Yaradıcılıq həyatı öz qaydalarını diqtə edib: o, yenilik və istisnalıq tələb edib. Belə ki, 1893-cü ildə «Otello» Şuşada ilk dəfə müəllim, jurnalist və dramaturq Haşim bəy Vəzirov tərəfindən tərcüməsində və quruluşunda səhnəyə qoyulub. 1917-ci ildə isə C.Məmmədquluzadənin "Ölülər" tragikomediyası ilk dəfə səhnəyə qoyuldu. Bu, Xurşidbanu Natəvanın qızı Xanbikənin evində yerləşən qız məktəbində baş verib.  

Öz əlyazmalarını yenidən yazmaq və Şuşada yaymaq üçün M.F.Axundovun özü də bu şəhərdə olub.  

Təəccüblü deyil ki, qısa müddətdə Şuşada teatr incəsənətinin bədii yetkinliyə çatıb. Artıq 1943-cü ildə teatr öz izləyicilərini Üzeyir Hacıbəyov adına Dövlət Musiqili Dram Teatrı kimi sevindirməyə davam edib.

Azərbaycan torpaqlarının işğalından sonra Şuşanın teatr incəsənətinin başına nə gəldi və kollektivin taleyi necə oldu? İşğaldan azad edildikdən sonra necə olacaq? Bu barədə Şuşa Musiqili Dram Teatrının rəhbərləri - Azərbaycanın əməkdar artistləri Yadigar MURADOV və Azad MƏMMƏDOV ilə söhbətləşdik.

- Ötən əsrin 40-cı illərində yaradılmış Üzeyir Hacıbəyov adına Şuşa Dövlət Musiqili Dram Teatrı niyə tezliklə bağlanıldı?

Y.M.: Üzeyir Hacıbəyov çox nüfuzlu bir insan idi. Onun sağlığında Şuşa teatrı toxunulmaz idi. Ölümündən bir il sonra - 1949-cu ildə – ermənilərə, bildiyiniz kimi, rəğbət bəsləyən sovet hakimiyyəti teatrı "maliyyə çatışmazlığı" bəhanəsi iləbağladı. Bu, böyük şübhələrə səbəb oldu, çünki elə həmin il Maksim Qorki adına Stepanakert Dövlət Dram Teatrı açılıb. Bir teatrın maddi çətinliklər üzündən bağlanması, digərinin isə paralel olaraq açılması necə mümkündür? Şübhəsiz, bu, onu göstərir ki, qonşularımızın və Qarabağ ermənilərinin fitnələri teatrımızdan da yan keçməyib. Erməni siyasəti hər zaman bizim mədəniyyətimizi və incəsənətimizi məhv etməyə yönəlib.

- Belə çıxır ki, 1990-cı ildə Şuşa Dövlət Dram Teatrı yaranana qədər şəhər teatr həyatından məhrum edilmişdi?

A.M.: Şuşa həmişə yaradıcılıq mərkəzi olub, orada çox sayda mədəni tədbirlər keçirilib: poeziya axşamları, Niyazinin simfonik orkestrlə çıxışları, Lətif Kərimovun özünün şəxsən gəldiyi xalça sərgisi təşkil edilib. Yəni əslən Şuşadan olan insanlar ora əliboş gəlmirdilər və hər biri bu yeri öz yaradıcılığı ilə zənginləşdirməyə çalışırdılar.

Teatr həyatı da həmişəki kimi davam edib. Şuşada Mədəni-Maarif Texnikumu olub, orada müəllim və tələbələrin "Həmyerlilər", "Arşın mal alan", "Özümüz bilərik ", "İkinci səs" tamaşalarını hazırlayıblar. İnanılmaz dərəcədə maraqlı olub. Mən özüm də aktyor kimi bu tamaşalarda oynamışam. 1987-ci ildə bu kollektiv xalq teatrı adlandırılmağa başladı. Artıq 1990-cı ildə Nazirlər Kabineti və Mədəniyyət Nazirliyinin qərarına əsasən Şuşa Dövlət Dram Teatrı yaradıldı. Bu, Şuşaya laqeyd olmayan bütün insanların əməyinin və sonsuz qayğısının bəhrəsi idi. Ancaq təəssüf ki, Niyazinin ölümü və sonrakı illər Dağlıq Qarabağ ətrafındakı hadisələr nəticəsində Şuşanın “rəngləri” solmağa başladı…

Biz teatrı üzdə saxlamağa çalışdıq, "Arşın mal alan"ı, Süleyman Ələsgərov və Şıxəli Qurbanovun "Özümüz bilərik" musiqili komediyasını və Eldar Baxışovun "Uzun Həsən" tarixi dramını məşq edirdik. Texniki cəhətdən Şuşa teatrının yerləşdiyi Mədəniyyət Evinin binasında işləmək bizim üçün çətin idi. Lazımi qurğular və işıq yox idi. Ancaq sevimli işdən danışırıqsa, qurğular nə olan şeydir?! Davam etməli idik.

Ancaq baş verən hadisələr nəticəsində teatr öz işini səhnədə göstərməyə imkan tapmadı. Erməni hərbi qüvvələri gündən günə hücumlarını artırdı, daşları güllələr, ağır toplar əvəz etdi. Yeni ölümlər, yeni itkilər oldu. Müharibə özünü hər yerdə göstərməyə başladı... 1992-ci ildə Şuşanın işğal edildiyi o dəhşətli zamanda teatrın işçiləri məzuniyyətdə idilər. Teatrın direktoru, Azərbaycanın əməkdar artisti Yadigar Muradov komandanı toplayaraq, Bakıya köç barədə elan etdi.

- Bakı sizi necə qarşıladı?

Y.M.: Biz ağrı və ümidsizlik içində bir yerdə olmağa və ayrılmamağa çalışırdıq. Mənim əl-qolum bağlanmışdı, düşünürdüm ki, artıq sevdiyim işi tərk etməyin vaxtı çatıb. Ancaq xoşbəxt bir təsadüf bizim gələcək taleyimizi həll etdi. Bir dəfə mərhum aktyor və rejissor, Gənc Tamaşaçılar Teatrında çalışan Həsən Əbluçla və o vaxt Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri işləyən Azad Şükürovla birlikdə Gənc Tamaşaçılar Teatrının qarşısındakı çayxanada oturmuşduq. Həsən Əbluç məndən kollektivin taleyi barədə soruşdu. Bəzi aktyorlar rayonlarda olsa da, əksəriyyəti Bakıda idi. "Yaxşı, nə gözləyirsən? Kollektivi topla, bir yer tap və məşqə davam edin”, - deyə Həsən bəy əminliklə dedi. Həqiqətən, təslim olmamaq üçün böyük çətinliklərdən keçdik. Üzeyir Hacıbəyovun ölümündən və teatrının bağlanmasından 41 il sonra Şuşa yenidən dövlət səviyyəsində teatrsız qalmışdı. Mən yenidən kollektivimizi Gənc Tamaşaçılar Teatrına topladım və məşqlərə başladıq. Artıq 1993-cü ildə səhnəyə ilk tamaşa ilə çıxdıq – bu, həm Şuşada dram teatrı açıldıqdan sonra, həm də Bakıya köçdükdən sonra ilk idi.

A.M.: Fevral ayı idi. O gün, təsəvvür edin, Bakıda güclü qar yağırdı. Hər şey mənim doğma Şuşamdakı havanı yada salırdı... Şuşa barədə düşünmək çox kədərli və ağrılı idi... Hava şəraitinə baxmayaraq, zal tamaşaçı ilə dolu idi. Səhnədə "Arşın mal alan" komediyası idi - Şuşada oynamaq qismət olmamışdı. Belcə, 2005-ci ilədək Gənc Tamaşaçılar Teatrında işlədik.

Teatrda həyat sürətlənirdi. O, doğma yurddan uzaqda olsa da, tamaşaçı qarşısında özünü təsdiqləməyi bacardı, dostlar tapdı və Şuşa teatr ənənəsini inkişaf etdirirdi. 2006-cı ildən sonra teatr keçmiş «Savalan» kinoteatrının binasında fəaliyyətini davam etdirib. 2013-cü ildə tamamilə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib, 2014-cü ildən 2018-ci ilə kimi teatr təmirə bağlanıb. 2018-ci ildə Şuşa Dövlət Musiqili Dram Teatrının binasının rəsmi açılışı olub. 2019-cu ilin mart ayında mövsümə "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası ilə açılıb.

- Teatrın burada, Bakıda hansı ənənələri yaranıb?

A.M.: Bu gün Şuşaya qayıdışımızın astanasındayıq. Doğma şəhərimizə əliboş qayıtmayacağıq. Qarabağdan özümüzlə gətirdiklərimizi Bakıda qoruduq və artırdıq. Burada çox şey öyrəndikdən sonra evə zəngin təcrübə ilə qayıdırıq.

Müxtəlif müsabiqələrdə və festivallarda iştirak etmişik: bu sıraya pantomim festivalı, «Monotamaşalar festivalı», eksperimental quruluşlar festivalı, 2 + 1 festivalı, birinci Şəki beynəlxalq festivalı daxildir. Bununla yanaşı, 2013-cü ildə Kazanda «Navruz» beynəlxalq müsabiqəsində çox uğurla çıxış etmişik.

Bizim təcrübəmiz Şuşada Azərbaycan mədəniyyətini dirçəldəcək, biz teatra ikinci nəfəs verəcəyik. Bir də, bu vaxta kimi bir teatr olaraq ayaqda qalmağımıza imkan yaradanlara təşəkkür edirik: Allah rəhmət eləsin - Gənc Tamaşaçılar Teatrının mərhum direktoru Kamal Əzizova, direktor müavini Nailə xanım Bünyatzadəyə, mərhum administrator Fizuli Məmmədova və bütün aktyorlara, texniki işçilərə, isti münasibətləri və hər şeydə kömək etmək istəyi ilə bizə inam və güc verən hər kəsə təşəkkür edirik. Özəlliklə, Həsən Əbluçun adını qeyd etmək istərdim. Məhz onun təşəbbüsü ilə dağılmadıq və varlığımızı davam etdirdik ki, Şuşaya qayıdanda formada qalaq. Onun düşüncələri və istəkləri gerçəkləşdi.

Yadımdadır, Şuşadan Bakıya yeni gəldiyimiz ilk iki ildə Bakıda qastrolda olduğumuzu yorulmadan təkrar edirdim. İndi isə sevinc və həyəcanla ürəkdən deyə bilərəm: “Əziz dostlar, qastrol bitdi! Özümüzə qayıdırıq. Şuşada mədəniyyətimizi dirçəldəcəyik, teatra ikinci nəfəs verəcəyik. Dostlar, indi sizi Şuşadakı tamaşalarımızda gözləyəcəyik. Əlbəttə, Bakıya da gələcəyik, amma qısamüddətli, gerçək qastrollar üçün” (gülümsəyir).

- Bu gün bütün Azərbaycan torpaqlarımızın qaytarılması münasibətilə sevinir. Qarabağlı olaraq bu xəbəri necə qarşıladınız?

Y.M.: Ümid bizi heç vaxt tərk etməmişdi. Və, nəhayət, o gün gəldi. Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan öz gücünü və birliyini nümayiş etdirdi, bütün nazirliklər, təşkilatlar, kollektivlər, bütün xalq vahid yumruq kimi toplandı. Mən ürəyimin səsini iki dəfə eşitdim. İlk dəfə işğal altında olan Qarabağa nümayəndə heyətinin təkibində getdiyim zaman olmuşdu. Təsəvvür edin, bir erməni sizi doğma torpaqlarınıza ekskursiyaya aparır və sizə "Artsax" ın yalançı hekayəsini danışır, uydurma "Stepanakert"i və "Şuşi"ni göstərir, onda nə hiss edərsiniz. Tarixdə belə adlar olmayıb! Düşünürdüm ki, ürəyim yerindən çıxacaq. İkinci dəfə ürəyim torpaqlarımız azad ediləndə döyündü. Xoşbəxtliyimi sizə sözlə təsvir edə bilmirəm.

A.M.: Heç bir söz ustadı bizim bu illər ərzində yaşadığımız ağrıları və indi hiss etdiyimiz xoşbəxtliyi ifadə edə bilməz. Bütün Azərbaycan bu qələbə üçün mübarizə apardı və haralı olmağımızdan asılı olmayaraq, bu, bizim birliyimizin qələbəsi idi! Bu çox gözəldir ki, bir zamanlar itkilərin və ədalətsizliyin ağrısını yaşamış bizlər Qələbənin və zəfərin dadını hiss etmək xoşbəxtliyini yaşadıq. Hər şeydən öncə, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi dövlətimizə, gecə-gündüz Qələbəmizi yaxınlaşdıran əsgərlərimizə minnətdarlığımı bildirirəm. Bu insanlar ölümlə üz-üzə gələrək, ölkəmizi bütöv etdilər. Qoy, şəhidlərimiz nur içində yatsınlar, yaralılarımız qısa müddətdə sağalsınlar və yaxınlarının yanına qayıtsınlar. Öz adımdan və teatrımızın bütün kollektivi adından bu cür oğulları böyüdən valideynlərin qarşısında, həmçinin ermənilərin törətdikləri terror aktları nəticəsində valideynlərini və yaxınlarını itirmiş uşaqların qarşısında baş əyirəm.

- Yadigar müəllim, oğlunuz da müharibəyə könüllü getdi və başqa əsgərlərlə birlikdə bugünkü qələbəyə görə ona da minnətdarıq...

- Çox sağ olun. Oğlum Üzeyir Muradzadə ixtisasca həkimdir. O, ABŞ-da Qrin kartla yaşayırdı. Ancaq hərbi hospitallardakı həkimlərə ehtiyacı nəzərə alaraq, hərbi əməliyyatlarda könüllü iştirak etmək üçün onlayn qeydiyyatdan keçdi və evə gəldi. Düzdür, orduya həkim kimi deyil, atıcı kimi qəbul edildi, amma qətiliklə buna peşman deyil. Təlim və məşqləri bitirdikdən sonra Vətən qarşısında borcunu yerinə yetirməyə getdi. Müharibə Qələbə ilə bitdi və oğlum tezliklə qayıdacaq!

- Şuşaya qayıdandan sonra, ilk növbədə, nə edəcəksiniz?

Y.M.: Evimdən 50-100 metr məsafədə Şuşanın qala divarları var. Bu daşları öpmək, ətrafa baxmaq, diz çökmək, Şuşa havasını “qucaqlamaq” və Üzeyir Hacıbəyovun “Sənsiz” romansını oxumaq istərdim. İnşallah, Şuşada bizim mədəniyyətin dirçələcəyi günləri də görəcəyik və verdiyimiz sözə əməl edəcəyik: Mədəniyyət Evinin (Şuşa teatrının binasının) əvvəl olduğu yerdə "Arşın mal alan"ı oynayacağıq.

A.M.: Bütün uşaqlığım və gəncliyim Şuşada keçib. Ancaq zaman keçir və istədiyini alır. Yaddaş illərdir tozlanır, rənglər və detallar yavaş-yavaş yoxa çıxır... Məni Şuşaya tez-tez dinlədiyim o illərin filmləri və musiqisi qaytarırdı. Şuşada tut ağacları olan geniş bir bağımız var idi. Bağda uzanıb həmişə musiqi dinləyərdim. Əvvəllər məni Şuşaya Azərbaycan simfoniyaları aparırdısa, indi qayıdıb orada qala bilərəm. Düzdür, bu yolu hansı hisslərlə aşa biləcəyimi təsəvvür edə bilmirəm (gülür).

Elçinin "Şuşaya duman gəlib" povestində xoşbəxt Şuşa axşamlarından – yay axşamlarından və qayğısızlıqdan bəhs olunur. Burada ümumittifaq sanatoriyasına keçmiş SSRİ-nin hər yerindən gələn qonaqlar toplaşırdılar. Öz parlaq çalarları və həyati yumşaqlığı seçilirdi. Baş rejissor Loğman Kərimovun rəhbərlik etdiyi Şuşa teatrı Elçinin povestinin süjetində və başlığında dəyişikliklər edib. O, "Şuşanın dağlarını duman bürüyüb" adlandırıldı, burada yaxınlaşan duman bu diyarda sülhü pozan düşmən qüvvəsini təcəssüm etdirir. “Ancaq yaxşıdır ki, hər şeyin sonu yaxşı bitir...” İndi bu tamaşaya yeni bir nəfəs və tamamilə yeni bir səhnə quruluşu veriləcək. Şuşa teatrı bu dəfə Elçinin ölməz povestini necə təsvir edəcək? Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Özü də, bundan sonra doğma Şuşada görmək qismət olacaq. Hamı dəvətlidir!



MƏSLƏHƏT GÖR:

278