23 Noyabr 2024

Şənbə, 09:12

YENİDƏN YÜKLƏNMƏ VƏ BƏRPA

Böhranlı 2020-ci ildən sonra Azərbaycan iqtisadiyyatı üçün proqnozlar yetərincə ümidvericidir

Müəllif:

15.01.2021

“Bu, çətin il oldu” - 2020-ci ilin yekunlarından danışan, demək olar ki, bütün iqtisadçılar təhlillərinə belə başlayırlar. Mübahisə etməyə dəyməz - dünya iqtisadiyyatı on illərdir ki, belə böhran və durğunluq görməyib. Bu vəziyyət Azərbaycandan da yan keçmədi: uzun sürən evə qapanmalarla yanaşı, ölkə keçən il Ermənistanla 44 günlük müharibə yaşadı və bu müddət ərzində düşmən həm də biznes subyektlərinə böyük ziyan vurdu.

Ancaq proqnozlardan görünür ki, "qaranlıq gecə"dən sonra, müdriklərin dediyi kimi, "parlaq bir səhər" gəlməlidir və iqtisadi tənəzzül, demək olar ki, 2 faizlik artımla əvəzlənməlidir.

 

2020-ci ilin çətinlikləri  

Əslində, 2020-ci il Azərbaycan iqtisadiyyatı üçün heç də pis başlamamışdı - yüksək artım templəri (3%-dən çox), qeyri-neft sektorunu gücləndirmək üçün yeni proqramlar və layihələr, neft qiymətlərinin sabitləşəcəyinə böyük ümidlər vardı...

Lakin artıq mart ayında ölkədə ilk karantin elan edilmişdi, daha sonra isə ardı gəldi... Müəssisələrin və pərakəndə satış obyektlərinin əksəriyyəti tam və ya qismən onlayn iş rejiminə keçdi. Tələbin azalması üzündən neftin qiyməti, təbii ki, gözləniləndən də aşağı düşdü, büdcəyə dəyişiklik etmək və neftin qiymətini ilkin versiyada olduğu kimi 55 dollar/barel deyil, 35 dollar/bareldən nəzərə almaq lazım gəldi. Nəticədə, ümumi daxili məhsulun (ÜDM) 4.9%-inə qədər artan büdcə kəsirinin qarşılanması üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi 12.2 milyard manata çatdırıldı ki, bu da bir neçə məsələni həll etdi: makroiqtisadi, maliyyə və valyuta sabitliyi təmin edildi.

Oktyabr ayında Qarabağda döyüş əməliyyatları başladı, Ermənistan Gəncəni və cəbhə boyu rayonları bombaladı, sahibkarlıq obyektlərinə ciddi ziyan dəydi, zərərin miqdarı milyonlarla manat qiymətləndirilir.

İqtisadi azalma qaçılmaz oldu və ilin sonuna qədər 4%-i keçdi, hökumətin yay proqnozunda isə bu, 5% təxmin edilmişdi.

Ancaq bütövlükdə belə çətin bir ildə də Azərbaycan hakimiyyəti makroiqtisadi sabitliyi təmin etməyi bacarıb. Prezident İlham Əliyevin ötən ilin yekunlarına həsr olunmuş iclasda qeyd etdiyi kimi, respublika başqa ölkələrlə müqayisədə bu vəziyyətdən ən az itkilərlə çıxıb. Bu, daha çox qeyri-neft sənayesindəki 11% artım sayəsində mümkün olub.  

“Neftin hasilatı bizdə azalır. Eyni zamanda OPEK+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız, bəlkə də, daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir”, - deyə dövlət başçısı vurğulayıb.

Həm də kənd təsərrüfatı da azalmadan qoruna bilib - obyektiv çətinliklərə baxmayaraq, 2% artım təmin edib.

İnd isə ən önəmli amil barədə. ARDNF-dəki bütün gərginliyə və gəlirlərdəki azalmaya baxmayaraq, ötən il qurumun gəlirləri nəinki azalmayıb, əksinə hətta 0,5% artıb. Üstəlik, Azərbaycan Mərkəzi Bankının ehtiyatları 1,8% artıb, yəni ümumilikdə ölkənin valyuta ehtiyatları qorunub saxlanılıb, hətta bir qədər də artırılıb. Dövlətin koronavirusla mübarizəyə məcburi xərcləri, sahibkarlara dəstəyinə, hərbi əməliyyatların aparılmasına və s.-ə xərclərinin milyardlarla manat qiymətləndirilməsi nəzərə alınarsa, bu, gerçəkdən böyük uğurdur.

 

2021-ci ilin nikbinliyi

Düzdür, 2020-ci il bir daha əmin etdi ki, plan və proqnozlar açıqlamaq ümidsiz işdir, ancaq bu olmadan iqtisadiyyatda irəliləmək mümkün deyil.

Aydındır ki, 2021-ci il ümidlərin ilidir. Bu gün dünyanın artıq əvvəlki kimi olmayacağı ilə bağlı çox nəzəriyyələr və fərziyyələr dolaşsa da, optimistlər pandemiyanın tezliklə sona çatacağına və artıq bu ildən dünya iqtisadiyyatının dirçəlişinin başlanacağına inanmağa davam edirlər. Bəli, geri qayıdış yolu uzun ola bilər, amma bu gün əsas məsələ onu başlamaqdır.

Bu il üçün dərc olunmuş makroiqtisadi proqnozlara və dövlət büdcəsi parametrlərinə görə, Azərbaycan optimist ölkələr sırasındadır. Burada böyük rol işğal olunmuş ərazilərin azad edilməsi uğrunda ədalətli müharibədəki qələbədən sonra həm hökumətdə, həm də cəmiyyətdə yaranmış müsbət əhvala məxsusdur.  

“2021-ci il üçün makroiqtisadi göstəricilərimiz planlaşdırılarkən məhz işğaldan azad olunmuş ərazilərdə geniş bərpa-quruculuq işləri qeyri-neft sektorumuzda və ümumiyyətlə, iqtisadiyyatımızda fəal artım drayverlərinin biri rolunu oynayır”, - deyə iqtisadiyyat naziri Mikayıl Cabbarov ötən ilin nəticələrinə həsr olunmuş iclasda bildirib.  

O izah edib ki, məhz bu səbəbdən ölkə hökumətinin 2021-ci il üzrə Azərbaycan iqtisadiyyatı üçün (oktyabr ayında verilmiş) proqnozları Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozları ilə müqayisədə daha nikbindir: “Demək olar ki, biz artım tempini iki dəfə daha yüksək proqnozlaşdırırıq. Əgər onlar artım tempini 1,7-2 faiz arasında proqnozlaşdırırlarsa, qəbul olunmuş parametrlərə əsasən biz iqtisadi artım tempini 3,4 faiz planlaşdırırıq."

Bu faktdır ki, Qarabağın bərpası üçün nəzərdə tutulan sərmayələrdən və xərclərdən ölkə iqtisadiyyatı yararlanacaq, bunu beynəlxalq maliyyə qurumları da etiraf edir. Dünya Bankının yanvar ayında açıqlanmış "Dünya iqtisadiyyatının perspektivləri" hesabatında qeyd olunur ki, məhz bu və paralel olaraq neft qiymətlərinin sabitləşməsi 2021-ci ildə Azərbaycanda iqtisadi fəallığın genişlənməsinə kömək edəcək. DB-nin qiymətləndirməsinə görə isə, 2021-ci ildə Azərbaycanda ÜDM artımı 1,9% olacaqsa, 2022-ci ildə bu, 4,5%-ə qədər artacaq.

Başqa bir önəmli makroiqtisadi göstəriciyə - inflyasiyaya gəlincə, Azərbaycan Mərkəzi Bankının 2021-ci il üçün pul siyasəti onu 4 ± 2% dəhlizində saxlamağa yönəlib, halbuki keçən il 3%-i keçməyib. Maraqlıdır ki, beynəlxalq maliyyə institutları bu parametrlə bağlı daha nikbin davranırlar. BVF analitiklərinin fikrincə, bu il ölkəmizdə istehlak qiymətləri indeksindəki artım keçən ilin göstəricisinə yaxın olmalıdır.

 

Gələcək üçün planlar

Bununla belə, bu il üçün də dövlət büdcəsi kəsirlə proqnozlaşdırılıb - kəsir ÜDM-in 4,1%-ni təşkil edəcək. Bununla yanaşı, gəlirlər (5,4%) və xərclər (3,8%) də artacaq, xərclərin məbləğinin 28,5 milyard manat səviyyəsində olacağı gözlənilir. Ənənəvi olaraq, xərclərin əsas hissəsinin (demək olar ki, 40%-nin) sosial hədəflərə yönəldilməsi planlaşdırılır.

Əlbəttə ki, gəlirlərin təmin edilməsində yenə də neft sektoru üstünlük təşkil edəcək, lakin 2020-ci illə müqayisədə qeyri-neft sektorundan büdcə gəlirləri proqnozu 15% artıq olmalıdır.

Yeri gəlmişkən, 2021-ci il dövlət büdcəsinin gəlirləri neftin qiyməti 40 dollar/barel götürülməklə hesablanıb, halbuki keçən ilin dövlət büdcəsinin son variantında və bu ilin ilkin layihəsində bu rəqəm bir barel üçün 35 dollar olaraq götürülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, 2021-ci ildə dünya bazarlarında neftin bir barelinin qiymətinin 50 dollardan aşağı olacağı ehtimalı azdır.  

“Əlbəttə, proqnoz vermək çətindir, amma nəzərə alsaq ki, pandemiya, bu il sona çatacaq, - artıq bir çox ölkələrdə peyvəndləmə işləri də gedir, - və beləliklə, iqtisadi fəallıq artacaq, gediş-gəliş artacaq, hava nəqliyyatı və digər sahələr açılacaq, yanacağa daha da böyük tələbat olacaq. Yəni, kifayət qədər böyük ehtimal var ki, neftin qiyməti hər halda 50 dollardan aşağı olmayacaq”, - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın 2021-ci il dövlət büdcəsinin gəlirləri bir barel üçün 40 dollara bərabər neft qiyməti əsasında hesablanıb və neftin indiki qiymətləri müəyyən profisit yaratmağa imkan verəcək. O təklif edib ki, bu, ya Dövlət Neft Fondundan dövlət büdcəsinə (2021-ci il üçün 12,2 milyard manat nəzərdə tutulmuş) transfertlərin azaldılmasında, ya da Qarabağın bərpası layihələrində istifadə edilsin.

Hökumətin bu il iqtisadiyyat üçün daha bir maraqlı gözləntisi beş böyük dövlət şirkətindən - SOCAR, «Azərbaycan Dəmir Yolları» QSC , «Azərişıq» ASC, Xəzər Dəniz Gəmiçiliyi Şirkəti (ASCO) və «Azerenerji» ASC-dən dövlət büdcəsinə dividend ödənilməsi olacaq. Bu dividendlərin ümumi məbləği 46 milyon manat təşkil edəcək.

Hesablama Palatasının məlumatına görə, ümumilikdə Azərbaycan hökuməti 2021-ci ildə dövlət şirkətlərindən və dövlət banklarından dövlət büdcəsinə 168,05 milyon manat məbləğində dividend almağa ümid edir ki, bu da 2020-ci ildəki proqnozdan 60,4 dəfə çoxdur. Özü də, 2021-ci ildə dövlət büdcəsinə daxil olacaq bu gəlirlərin əsas hissəsi (120 milyon manatı) ölkənin ən böyük bankı Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən təmin ediləcək.

M.Cabbarovun sözlərinə görə, bu gəlirlər dövlət büdcəsinin gəlir mənbələrini genişləndirməklə yanaşı, ölkədə şaxələndirilməyə, yeni sərmayə və biznes mühitinin formalaşmasına yönəlmiş iqtisadi modelin gerçəkləşdirilməsinə kömək edəcək. "Bununla bağlı, yeni nəsil islahatlarının həyata keçirilməsi, həmçinin hazırda iqtisadi mühitdə və idarəetmədə müşahidə olunan problemlərin həllinin sürətləndirilməsi məsələləri aktuallaşdırılır", - deyə iqtisadiyyat naziri vurğulayıb.

Bununla belə, 2021-ci ilin proqnozları nə qədər nikbin görünsə də, yenə də xarici risk amillərini gözardı etmək olmaz - pandemiya davam edir və karantin tədbirlərinin konkret olaraq daha neçə həftə və ay iqtisadi proseslərə mane olacağı məlum deyil. Qonşu ölkələrin, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin iqtisadiyyatları necə inkişaf edəcək, valyutaları hansı təzyiqlərə məruz qalacaq və bunların hesabına ölkəmizin iqtisadiyyatı hansı təsirlərə məruz qalacaq - hökumət bütün bu məqamları həll etməli olacaq. Özü də, bununla yanaşı xarici borclara xidmət üzrə öhdəlikləri yerinə yetirməyə, yerli istehsalçıları subsidiyalaşdırmağa, biznesi dəstəkləməyə davam etməlidir.  

Hökumətin bu formatda öhdəlikləri sırasına ənənəvi olaraq kiçik və orta sahibkarlığın rolunun gücləndirilməsi ilə yanaşı, diqqəti rəqəmsal və innovativ iqtisadiyyatın formalaşdırılmasına yönəltməsi daxil olacaq işdir. Son məqsəd, təbii ki, iqtisadiyyatın özünə yetərliliyinin və ixrac potensialının artmasıdır.

Hökumət ümid edir ki, proqnozları reallaşdırmaq mümkün olacaq və 2021-ci ildə yeni "sürprizlər" olmayacaq. Bizə isə bu ümidlərə qoşulub müsbətə köklənmək qalır.


MƏSLƏHƏT GÖR:

245