23 Noyabr 2024

Şənbə, 07:00

BİR NÖMRƏLİ MƏSƏLƏ

İşğaldan azad edilmiş torpaqların potensialının mənimsənilməsi 2021-ci ildə Azərbaycan iqtisadiyyatının hərəkətvericisi olacaq

Müəllif:

15.01.2021

Qarabağ bölgəsinin 30 illik erməni işğalından azad edilməsinə nail olan Azərbaycanın tarixi qələbəsi qarşıdakı on illər ərzində ölkənin sosial-iqtisadi inkişafında həlledici amillərdən biri olacaq. Bu çağırış hökumətin 2020-ci ilin yekunları ilə bağlı videoformatda keçirilmiş müşavirəsində ana xətt olub. İclasın gedişində Prezident İlham Əliyev 2021-ci il üçün öhdəlikləri açıqlayıb. İlk növbədə, Qarabağın tezliklə dirçəlişi məqsədi ilə azad edilmiş ərazilərdə infrastrukturun, ən vacib kommunal xidmətlərin və digər obyektlərin bərpası üçün mərhələli planlar elan edildi.

 

İşlərə start verildi

Azərbaycan ordusunun parlaq qələbəsindən və Azərbaycanın dövlət sərhədlərini dünya birliyi tərəfindən tanınan tarixi hüdudlara qaytarmış sülh sazişinin bağlanmasından iki aydan bir qədər artıq vaxt keçib. Bu nisbətən qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, yol tikintisi, elektrik enerjisi infrastrukturunun çəkilməsi, mobil rabitə sistemlərinin quraşdırılması üzrə genişmiqyaslı işlərə başlanılıb, həmçinin başqa istiqamətlərdə layihələndirmə işləri gerçəkləşdirilir.

"İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası dövlət başçısının tapşırığına uyğun olaraq hazırlanıb. Onun hazırlanması və müzakirəsi prosesində İqtisadi Şurada bütün rəylər nəzərə alınıb və aidiyyəti üzrə təqdim edilib", - deyə iqtisadiyyat naziri Mikayıl Cabbarov hökumətin bu yaxınlarda keçirilmiş iclasında bildirib.

Nazirin sözlərinə görə, Qarabağ bölgəsinin bərpası və inkişafı üzrə kompleks yanaşmanı təmin etmək üçün konsepsiya ilə nəzərdə tutulmuş tədbirlərin dörd mərhələdə həyata keçirilməsi planlaşdırılır.

"İlkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir",- deyə nazir bildirib.

Şübhəsiz ki, dövlətin infrastrukturun bərpa edilməsi və bu bölgəni inkişaf etdirilməsi üzrə səyləri, eləcə də burada mövcud olan iqtisadi potensial və təbii ehtiyatlar qeyri-neft sektoruna yerli və xarici sərmayələrin cəlb edilməsi üzrə əsas bazaya çevriləcək.

Qarabağın dirçəlişi konsepsiyasının əsasında iqtisadi rayonlaşdırma prinsipi dayanır ki, bu, hər bir rayonda mövcud olan mineral ehtiyatlara, torpaqların və təbii landşaftın özəlliklərinə və iqtisadiyyatın oturuşmuş ənənəvi sahələrinə əsaslanr. Önəmli məqam kimi rayonların hər birindəki nəqliyyat qovşaqları, yəni onların bərpa edilən nəqliyyat dəhlizlərinə, tikilməkdə olan avtomobil yollarına və dəmir yollara, hava limanlarına və s. yaxınlığı müəyyən edilib. Bu amil həm də rayonların hər birinin gələcək profilinə və iqtisadiyyatının ixtisaslaşmasına yetərincə təsir göstərəcək.

 

Dirçəliş Fondu

Konsepsiya sərmayə layihələri ilə yanaşı, infrastruktur layihələrinin həyata keçirilməsində də dövlət-özəl tərəfdaşlıq mexanizmlərindən geniş istifadəni nəzərdə tutur. Belə ki, yol nəqliyyat və bələdiyyə infrastrukturunun bərpası, ənənəvi və alternativ enerji istehsalı, irriqasiya və meliorasiya sistemləri və s. üzrə dövlətlə birlikdə həyata keçirilən layihələrə özəl, o cümlədən beynəlxalq kapitalın fəal cəlb ediləcəyi gözlənilir. Belə bir sxem dövlət vəsaitlərinə qənaət etməklə yanaşı, layihələr üzrə daha səmərəli idarəetməni təmin etməyə və investisiya xərclərini azaltmağa imkan yaradacaq.

İşğaldan azad edilmiş ərazilərdə özəl sərmayəçilərin fəallığını stimullaşdırmaq üçün xüsusi güzəştli iqtisadi rejimin tətbiqi planlaşdırılır. O cümlədən, Azərbaycanda texnoparkların və sənaye məhəllələrinin yaradılması üzrə qazanılmış zəngin təcrübə burada istifadə edilə bilər. Sərmayəçilərin cəlb edilməsi üçün rezidentlərə istehsal məqsədləri üçün satın alınan texnoloji avadanlıqların idxalı ilə bağlı geniş vergi imtiyazları təqdim edilir, gömrük rüsumları və ƏDV sıfırlanır, güzəştli kreditlər verilir, kommunal ödənişlər, binaların icarəsi və s. üzrə güzəhtlər edilir. Qarabağ bölgəsinin inkişafına sərmayə yatırmaq istəyən investorları bu cür və bəlkə də daha geniş güzəştlər gözləyir. Özəl və beynəlxalq donorlardan (BMQ), kommersiya banklarından və sərmayəçilərdən, o cümlədən Azərbaycanın diaspor qurumlarından və s.-dən də vəsait cəlbi planlaşdırılıb.

Bu vəsaitlərin cəlb edilməsinin və istifadəsinin üzərində nəzarətin optimallaşdırılması, sərmayəçilərlə işin koordinasiya edilməsi və onların işğaldan azad edilmiş rayonlarda tikinti və bərpa işlərində iştirakı üçün Prezident İlham Əliyev 4 yanvar 2021-ci il tarixdə "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxsinin yaradılması haqqında fərman imzalayıb və onun Müşahidə Şurasını təsdiq edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyevanın sözlərinə görə, fondun məqsədi fiziki və hüquqi şəxslərdən ianələr, beynəlxalq qrantlar cəlb etmək, “diaspor-sərmayələr” modelindən yararlanma, ən əsası, bu prosesin mərkəzləşdirilmiş və şəffaf idarə olunmasını təmin etməkdir. Fonda maliyyələşdirmə mənbələrindən biri yaxın gələcəkdə dövlət zəmanəti ilə buraxılacaq olan Qarabağ istiqrazları ola bilər.

Fonda yetərincə vəsaitin toplanması müəyyən vaxt aparacaq və birinci mərhələdə Qarabağın Dirçəliş Konsepsiyasının təşəbbüslərinin çoxunun maliyyələşdirilməsi bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş 2,2 milyard manat hesabına təmin ediləcək.

 

Əsas – yollardır

2021-ci il üçün nəzərdə tutulan işlərin çərçivəsində əsas diqqət təhlükəsizlik məsələlərinə, infrastruktur tikintisinə, habelə kənd təsərrüfatı potensialının mənimsənilməsinə başlanılmasına yönəldiləcək. Təhlükəsizlik məsələlərinə toxunan Prezident İlham Əliyev bildirib ki, ilkin vacib məsələ azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. Bu iş son dərəcə qısa müddətdə aparılmalı, minalanmış sahələrin miqyası (xüsusilə Ağdam və Füzuli rayonlarında) və minalanmış ərazilərin xəritələrinin olmaması nəzərə alınarsa, istehkamçıların sayı və onların texniki təchizatı artırılmalıdır.

Ərazilərin minalardan təmizlənməsi prosesi bu gün magistral yolların tikintisi, elektrik verilmə xətlərinin çəkilməsi və prioritet infrastruktur obyektlərinin tikintisi üzrə genişmiqyaslı işlərin aparıldığı ərazilərdə daha fəal gedir. Qarabağ bölgəsində bu cür tikinti sahələri gündən günə çoxalır.

Ən fəal tikinti işləri Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa avtomobil yolunun çəkilməsində görülür. Bundan əlavə, Horadizdən Zəngilana, oradan Qubadlıya, daha sonra Laçın rayonuna yol layihələndirilir. İlham Əliyevin bildirdiyi kimi, Toğanalıdan Kəlbəcərə yol tikintisi layihəsinin icrasına da başlanıb. “Digər vacib layihəyə də artıq start verilib. Bu, Toğanalı - Kəlbəcər yoludur, bu da çox çətin relyefdən keçən bir yoldur. Bəzi yerlərdə yüksəklik 3500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətindir. Ona görə tunellərin tikintisi nəzərdə tutulur, müvafiq göstərişlər verilib və bu layihə də indi icra edilir. Eyni zamanda, göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir. Onu da əlavə etməliyəm ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq”, - deyə dövlət vurğulayıb.

Azad edilmiş ərazilərdə mərhələli şəkildə dəmir yolu layihələri həyata keçiriləcək: Yevlax-Ağdam dəmir yolu xəttinin çəkilməsi və daha sonra onun Xankəndiyə qədər çatdırılması üçün hazırlıq işləri aparılır,yaxın planlara Horadiz-Füzuli xəttinin, yaxın perspektivdə Füzuli-Şuşa hissəsinin tikintisi daxildir. Eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu xətti yenidən tikiləcək ki, bu da Ermənistan ərazisindən keçən dəhlizin açılmasından sonra Naxçıvan Muxtar Respublikasındakı dəmir yolu ilə birləşəcək.

Qarabağ bölgəsinin nəqliyyat infrastrukturunun ən vacib komponenti Füzuli rayonunda beynəlxalq hava limanının tikintisi olacaq, burada tikinti işlərinə bu ilin birinci yarısında başlanacaq. Daha bir hava limanının tikilməsi Laçın və ya Kəlbəcər rayonlarında planlaşdırılır. Lakin sadalanan rayonlar dağlıq ərazi olduğundan, burada hava limanının tikintisi üçün uyğun nisbətən düz bir ərazi tapmaq lazımdır, bunun üçün müvafiq tədqiqatlar aparılır.

“Bu, həm Qarabağ bölgəsinin inkişafı üçün lazımdır, çünki bütün növ təyyarələr enə biləcək - həm Füzulidə, həm Kəlbəcər-Laçın zonasında. Eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər. Aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmalar aparılmalıdır. Beynəlxalq aeroport beynəlxalq uçuşlar təşkil etməlidir. İlk növbədə, bizim aviaşirkətimiz “AzAL” bu məsələ ilə bağlı ciddi işləsin ki, aeroport açılandan sonra dərhal bizim qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatı təmin edilsin”, - deyə dövlət başçısı bildirib.

 

Doğma ocağın istisi və işığı

Bölgənin elektrik enerjisi infrastrukturunu bərpa etmək üçün bu il də böyük səylər göstəriləcək. Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, "Azərişıq" ASC Füzuli rayonu, Cəbrayıl şəhəri və Hadrut qəsəbəsindəki enerji obyektlərinin bərpasına başlayıb, həmçinin Cəbrayıl rayonunun sərhəd zastavaları elektrik enerjisi ilə təmin edilib. Keçən ilin sonundan başlayaraq Şuşada 75 kilometrlik iki dövrəli 110 kilovoltluq elektrik ötürmə xəttinin çəkilməsi davam edir və 110/35/10 kilovoltluq yarımstansiyanın tikintisinə də başlanılıb.

"Növbəti mərhələdə isə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə yaradılacaq", - deyə energetika naziri bildirib.

Yaxın perspektivdə İranla birlikdə «Xudafərin» və «Qız qalası» hidroqovşaqlarında elektrik stansiyalarının tikintisi planlaşdırılır, həmçinin Kəlbəcər və Laçın rayonlarında çaylarda derivasiya su elektrik stansiyalarının yaradılması məsələsi də gündəmdədir. Gələcəkdə Qarabağda 200 MVt gücündə bir günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur.

Azad edilmiş ərazilərin qazla təchizi məsələsi də diqqətdən kənarda qalmayıb. P. Şahbazovun sözlərinə görə, SOCAR-ın hazırladığı proqrama əsasən, uzunluğu 416 km olan qaz kəmərinin çəkilməsi planlaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə təsərrüfat təşəbbüslərin inkişafına gəldikdə isə, mütəxəssislərin fikrincə, məqbul kapital qoyuluşları ilə nisbətən ən qısa zamanda ən böyük gəliri aqrar layihələr təmin edə bilər.

“İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı işlərə artıq başlanılıb. Nazirlik “Azərkosmos” ASC ilə birlikdə azad olunmuş ərazilərdə mövcud əkin torpaqlarının xəritələrini hazırlayır. Hazırda həmin torpaqlarda əkinlərin aparılması, o cümlədən çoxillik bitkilərə aqrotexniki qulluq tədbirlərinin göstərilməsi məqsədilə ilkin işlərə başlanılıb”, - deyə bu yaxınlardakı hökumət iclasında iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycanda 1 milyon hektardan çox ərazidə taxıl səpini aparılıb, azad olunmuş ərazilər hesabına sonrakı illərdə əkin balansının 10% artırılması planlaşdırılır. Xüsusilə, Ağdam rayonunun təmizlənmiş ərazilərində 700 hektardan çox ərazidə taxıl səpini aparılıb və bu proses davam edir.

Bərəkətli əkin sahələri, suyun bolluğu, dağ otlaqları və əlverişli iqlim şəraiti, nəticədə, Qarabağ bölgəsini ölkənin əsas ərzaq bazasına çevirəcək.



MƏSLƏHƏT GÖR:

246