25 Noyabr 2024

Bazar ertəsi, 06:53

BÖHRANDAN İSTİLƏŞMƏYƏ

Körfəz ölkələri Qətəri “boğa” bilmədilər və barışığa gedirlər

Müəllif:

15.01.2021

Qətər ətrafında diplomatik böhran düz 3 il 7 ay davam etdi. 2017-ci il iyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynin Qətərə qarşı elan etdiyi embarqo və təcrid 2021-ci il yanvarın 5-də Körfəz Əməkdaşlıq Təşkilatının toplantısında imzalanan bəyannamə ilə rəsmən başa çatdı.

Barışıq bəyannaməsini imzalayan ölkələr Qətərə tətbiq olunan iqtisadi embarqonu ləğv edəcək, ticarət əlaqələrini bərpa edəcək, sərhədləri, hava məkanlarını açacaqlar. Lakin diplomatik əlaqələrin tam şəkildə bərpası zaman alacaq. BƏƏ xarici əlaqələr naziri Ənvər Qaraqaş deyib ki, körfəzdəki Türkiyə hərbi qüvvələrinin varlığı (Qətərdə Türkiyə hərbi bazası yerləşir – K.R.) və digər siyasi məsələlərin həlli zaman tələb edir.

 

Şərtli təcrid

Hər şey qəfil oldu. 2017-ci il iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn birgə bəyanat yayaraq Qətəri Yaxın Şərqdə terrorizmi dəstəkləməkdə və digər qanunsuz fəaliyyətlərdə ittiham edərək bu ölkəyə qarşı embarqo tətbiq etdiklərini, eyni zamanda hava məkanı və sərhədləri, limanları Qətər nəqliyyat vasitələri üçün bağladıqlarını bəyan etdilər.

Sonrakı günlərdə isə 4 ölkə Qətərə qarşı konkret tələblər irəli sürdülər. Qətərə qarşı 13 maddəlik tələblər sonradan bilindiyinə görə mayın 21-də Səudiyyə Ərəbistanının paytaxtında keçirilən beynəlxalq təhlükəsizlik sammitində ABŞ prezidenti ilə razılaşdırılıbmış.

Qətərə qarşı 13 maddəlik tələb isə bir çox sahələri əhatə edirdi:

İranla diplomatik əlaqələrin səviyyəsinin endirilməsi və Qətərdəki İran diplomatik təmsilçiliklərinin bağlanması, İran İnqilab Keşikçilərinin Qətərdəki üzvləri ölkədən çıxarılması. Həmçinin Qətərlə İran arasında kəşfiyyat və hərbi əməkdaşlıq dayandırılmalıdır. İranla ticarət isə Körfəz Əməkdaşlıq Təşkilatının təhlükəsizliyini riskə atmayacaq şəkildə və ABŞ embarqolarına uyğun formada davam edə bilər.

Həmin vaxt inşaatı davam edən Türkiyənin Qətərdəki hərbi bazasının bağlanması, Qətər və Türkiyə arasında hərbi əməkdaşlığın dayandırılması.

Qətər radikal islamçı təşkilatlar, xüsusən də Müsəlman Qardaşlar (İxvan), İŞİD, əl-Qaidə, Fəth əş-Şam (həmin dövrdə Suriyada fəaliyyət göstərən əl-Qaidə filialı ən-Nusraya bağlı təşkilat – K.R.) və Livan Hizbullahı ilə əlaqələr dayandırılmalı, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misirin terror təşkilatı elan etdiyi qruplaşmalar Qətər tərəfindən rəsmən terror təşkilatı kimi tanınmalıdır.

Embarqo tətbiq edən 4 ölkənin terrorçu kimi tanıdığı təşkilatlara, şəxslərə maddi yardımı dayandırmalıdır.

Həmçinin Qətər embarqo tətbiq edən 4 ölkədən qaçan və axtarışda olan şəxsləri həmin ölkələrə təhvil verməlidir. Həmçinin onların əmlakına həbs qoyulmalı, barələrindəki məlumatlar tələb edən ölkəyə verilməlidir.

“Əl-Cəzirə” və ona bağlı bütün media qurumları bağlanmalıdır.

Qətər müstəqil ölkələrin daxili işlərinə qarışmağı dayandırmalı, embarqo tətbiq edən 4 ölkədən qaçan şəxslərə vətəndaşlıq verməməlidir.

Həmçinin son illərdə Qətərin həyata keçirdiyi siyasət nəticəsində qeydə alınan maddi zərər və insan itkisi üçün təzminat Qətər tərəfindən ödənilməlidir.

Qətərin hərbi, siyasi, sosial və iqtisadi siyasəti digər körfəz və ərəb ölkələri ilə uyğunlaşdırılmalıdır. İqtisadi sahədə qərarlar 2014-cü ildə Qətərdə imzalanmış müqaviləyə istinad etməlidir.

Qətər hakimiyyətinin 4 ölkənin siyasi müxalifəti ilə əlaqələri dayandırılmalı, bu şəxs və qruplarla əlaqə yaradan şəxslərlə bağlı məlumatlar və edilən maddi yardımlarla bağlı detallar adıçəkilən ölkələrə təqdim olunmalıdır.

Qətərin birbaşa və dolayı yollarla maliyyələşdirdiyi “Arabi-21”, “Rassd”, “Əl-Arabi əl-Cədid”, “Məkamilən” və “Middle East Eye” kimi bütün media qurumları bağlanmalıdır.

Aydın məsələdir ki, Qətər bu şərtlərlə razılaşmayacaqdı və razılaşmadı. Lakin o da bəlli idi ki, 4 ərəb ölkəsinin Qətərə qarşı embarqosuna xeyir-duanı ABŞ-ın yeni (o zaman) prezidenti Donald Tramp verib. Çünki o zamana qədər və elə ondan sonra da Qətər və ona embarqo tətbiq edən 4 dövlət ABŞ-ın regiondakı ən yaxın müttəfiqlərindən olub. Belə olan təqdirdə, ABŞ nədən öz müttəfiqləri arasında belə bir qarşıdurmaya razılıq verdi?

Bu suala cavab verməmişdən əvvəl Qətərə qarşı irəli sürülən şərtlərə və ittihamlara diqqət yetirmək lazımdır. Məlumdur ki, Qətər ərazisinə görə kiçik bir yarımada olsa da, Yaxın Şərq və ümumilikdə müsəlman aləmində ciddi təsir gücü və əlaqələrə malik bir dövlətdir. Zəngin neft və qaz ehtiyatları səbəbindən quru ilə yalnız Səudiyyə Ərəbistanı ilə sərhədləri olan, yerli ərzaq istehsalı, demək olar ki, olmayan Qətər fantastik sərvətə malikdir. Məhz bu sərvət sayəsində Qətər müsəlman Şərqində əsas informasiya şəbəkəsini qura bilib və mühüm siyasi-diplomatik oyunçuya çevrilib. Son illərə qədər regionda əksər gizli siyasi danışıqlar, çevrilişlər, siyasi proseslər və sair Qətər paytaxtında müzakirə olunurdu. Təbii ki, bu neytrallığı və diplomatik mərkəzi rolunu qorumaq üçün Qətər Əfqanıstan Talibanı, İran, Əl-Qaidə və digər qalmaqallı təşkilat və dövlətlərlə əlaqələrə malik olmalı idi.

Ancaq aydın məsələdir ki, bir yerdən sonra bu əlaqələr digər müttəfiqlər üçün dözülməz olur. Məsələn, Qətərin Misirdə inqilab sonrası hakimiyyətə gələn və 2013-cü ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılan “Müsəlman Qardaşlar” təşkilatı ilə yaxın əlaqələri Misirin hazırkı hakimiyyəti və eləcə də “ixvan” təhlükəsini üzərində hiss edən regionun digər monarxiyaları üçün dözülməz idi. Yaxud da Yaxın Şərqdə ərəb rejimləri ilə “qanlı-bıçaq” olan İran və Hizbullahla Qətərin əməkdaşlığı. Və ya Liviyada Tripolidə yerləşən “ixvan”a yaxın Milli Saziş Hökumətini dəstəkləməsi əks cəbhədəki hökuməti dəstəkləyən körfəzin digər hakimiyyətləri üçün dözülməz idi.

Yeri gəlmişkən, Qətərə qarşı “bardağı daşıran son damla” da məhz bu əlaqələri oldu. Daha dəqiqi, 2017-ci il embarqosunun əsas səbəblərindən biri məhz Dohanın gizli əlaqələri oldu. Ərəb mediasının yazdığına görə İraqda ova gedən (ərəb şeyx ailələri kütləvi ov mərasimlərini sevir – K.R.) Qətər hakim ailəsinin üzvləri naməlum şəxslər tərəfindən qaçırılır. Uzun axtarışlar fayda vermir və İran məsələyə qarışdıqdan sonra qaçırılan şahzadələrin yeri məlum olunur. Ancaq şahzadələrin azad edilməsi üçün Qətər dövləti həm vasitəsçi İrana, həm də qaçıran tərəfin tələbini yerinə yetirmək üçün Suriyadakı cihadçı qruplara böyük məbləğdə vəsait ödəməli olur. Bu uzun və gərgin proses həm regionda, həm də okeanın o tayında narazılıqla qarşılanır. Baxmayaraq ki, Qətərin həmin vaxt başqa alternativi olmayıb. Bəzi iddialara görə, körfəz ölkələrinin Qətərə qarşı terror qruplarına vəsait ödəmə ittihamı da bu hadisə ilə əlaqədar olub. Amma təbii ki, tələblərdə qeyd olunan bütün maddələr ayrılıqda embarqo ölkələri üçün əhəmiyyət kəsb edib.

Qətərə qarşı ittihamlardan biri də Türkiyə ilə əməkdaşlıq və öz ərazisində Türkiyəyə hərbi baza verməsi idi. Bu məsələdə ən çox narahat olanlar isə Qərtərin qonşusu və Türkiyə ilə münasibətləri ildən ilə soyuyan BƏƏ və Misir hakimiyyəti idi.

Məhz bu qərardan dərhal sonra Qətərdə Türkiyə hərbi bazalarının qurulması sürətləndi və tezliklə adada Türkiyə ordusunun hərbi bazası açıldı. Maraqlıdır ki, region ərəb ölkələrinin Qətərə qarşı embarqoları zamanı ada ölkəsinə ərzaq və digər yardımları ilk olaraq Türkiyə və İran etdi. İran hava məkanını Qətər üçün açdı. Yeri gəlmişkən, hazırkı Qətər əmirinin nənəsinin iranlı olduğu və Tehranla Doha əlaqələrində bu qohumluğun da müəyyən rol oynadığı bildirilir.

 

Vaşinqtonun reaksiyası

Yuxarıda da qeyd etdiyimiz kimi, körfəz ölkələri Vaşinqtondan razılıq olmadan Qətərə qarşı bu qədər sərt sanksiyalar tətbiq edə bilməzdi. Qətər isə həm də Vaşinqtonun ən yaxın region müttəfiqlərindən biridir. ABŞ-ın regiondakı ən böyük hərbi hava bazası “Əl-Udeyd” Qətərdə yerləşir. 13 min hərbçinin xidmət etdiyi bu bazada taktiki B-52 bombardmançıları da yerləşdirilib.

Medianın iddiasına görə Qətərə qarşı ərəb dövlətlərinin embarqo qərarı mayın 21-də ər-Riyadda keçirilən təhlükəsizlik sammitində razılaşdırılıb. Görünür, prezident Tramp Qətərin İranla əməkdaşlıqla bağlı sübutlar və Səudiyyə Ərəbistanı ilə 110 milyard dollar dəyərində silah anlaşması qarşısında güzəştə gedib.

Ancaq o da məlumdur ki, embarqo qərarından dərhal sonra Qətər əmirinin atası, 2013-cü ilə qədər taxtda olan Hamad bin Xəlifə əs-Sani Vaşinqtona gedərək oradakı “köhnə dostları” olan demokratlarla bir neçə həftə görüş və danışıqlar apardı. Nəticədə, Qətər Vaşinqtonla 12 milyard dollar dəyərində qırıcı satın alınması müqaviləsi imzaladı və Vaşinqton administrasiyası isə tərəfsiz olmağa başladı. Bu səbəbdən də, Qətər Türkiyə ordusunu da cəlb etdikdən sonra körfəzdən gözlənilən hər cür təhlükəyə qarşı davam gətirə bildi.

Trampın Qətərə qarşı embarqo qərarına ilkin olaraq dəstək verməsində əs-Sani ailəsinin ABŞ-da demokratlarla yaxınlığı amili də rol oynayıb. Yeri gəlmişkən, yanvarın 5-də Qətərlə Səudiyyə Ərəbistanı və digər embarqo dövlətləri (bu prosesin aparıcı qüvvəsi Krallıq idi - K.R.) arasında barışığın əldə olunmasında məhz ABŞ-da yeni prezidentin seçilməsinin ciddi rolu oldu. İndi Yaxın Şərqdə bir çox dövlətlər xarici siyasətini Ağ Evin yeni sahibi Cozef Baydenin gəlişinə uyğunlaşdırır.

Təbii ki, Bayden dönəmində Qətərin mövqeləri daha da güclənəcək. Bunu digər körfəz ölklələri də bilir. Qətərlə tez-tələsik barışığın əldə olunmasında bu amilin də ciddi rolu olması şübhəsizdir. Maraqlıdır ki, Qətərlə Səudiyyə arasında barışığın əsas təşkilatçılarından biri də Donald Trampın kürəkəni, İsrail və ərəb dövlətləri arasında barışın əsas aktyoru Cared Kuşner olub. Kuşner cidd-cəhdlə ərəb hökumətlərini İsraillə barışığa cəlb edirdi.

 

Güzəştsiz razılaşma

Belə anlaşılır ki, yanvarın 5-də əldə olunan barışıqda Qətər heç bri güzəştə getməyib . Çünki “Financial Times” qəzetinə müsahibəsində Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əs-Sani deyib ki, Doha yalnız embarqo tətbiq edən dövlətlərə qarşı beynəlxalq məhkəmələrdəki iddiasını geri götürüb. Həmçinin ölkə xaricində antiterror əməliyyatlarında körfəz dövlətləri ilə əməkdaşlıq etməyə razılaşıb. Amma yeni müqavilə İran və Türkiyə ilə Qətər arasında əlaqələrə təsir etməyəcək.

Qətərin embarqo ölkələrinə qarşı daha bir “güzəşti” isə sahib olduğu və beynəlxalq media qurumları vasitəsilə Səudiyyə kral ailəsinə qarşı tənqidləri dayandırması olub. Məlum olduğu kimi, Qətərin ABŞ-da ciddi media qurumlarına təsir imkanları var və Doha bu imkanlardan, xüsusən də Camal Qaşıqçı məsələsində Səudiyyə Ərəbistanı hakimiyyətinə qarşı amansız şəkildə istifadə etdi.

Yeri gəlmişkən, yanvarın əvvəlində Səudiyyə Ərəbistanına səfər edən Qətər əmiri Təmim bin Hamad əs-Sani hava limanında son 3 ildə ən çox Qətərin tənqidinə tuş gələn və münasibətlərin pisləşməsində əsas səbəbkar olan krallığın vəliəhd-şahzadəsi Məhəmməd bin Salman tərəfindən mehribanlıqla qarşılanıb, iki lider pandemiyaya baxmayaraq, maskalı şəkildə qucaqlaşıb. Bu həm də barışığın süni olmadığını göstərməyə xidmət edib. Amma əldə olunan razılaşma da göstərir ki, faktiki olaraq tələblərin heç biri reallaşmayıb. Yəni bu sadəcə olaraq güzəştdir, məsələnin tamamən həlli isə hələ uzun zaman ala bilər. Çünki bilindiyi kimi, hazırda Liviyada, eləcə də Yəməndə faktiki olaraq Qətər və digər dövlətlər əks cəbhələrdə yer alır.

Qətərlə körfəz ölkələri arasında barışığın Türkiyəyə təsirinə gəlincə, barışıq tam olmadığı üçün indi bu barədə qəti nəsə demək çətindir. Lakin aydın məsələdir ki, indiki mərhələdə Qətər qonşularına barışsa belə etibar etmir və Türkiyə kimi müttəfiqə ehtiyacı var. İkinci tərəfdən, Türkiyənin özünün də BƏƏ ilə olmasa da, Səudiyyə Ərəbistanı və Misirlə münasibətləri yumşaltması zərurəti var. Misirlə həm Liviya, həm də Aralıq dənizinin şərq hissəsi ilə bağlı ciddi gərginlik yaşayan Türkiyənin Qahirə ilə barışması lazımdır.

Səudiyyə Ərəbistanı isə hələ də İƏT və regional məsələlərdə ciddi oyunçu olaraq Türkiyə üçün lazımdır. Buna görə də Ankara Bayden dövründə krallıqla münasibətlərin yumşalmasına isti baxır və Ankara indi Qətər Səudiyyə barışığından məmnundur.



MƏSLƏHƏT GÖR:

252