25 Noyabr 2024

Bazar ertəsi, 06:24

İRANIN NÜVƏ ARZUSU

Tehranın nüvə siyasətinin bilinən və bilinməyən üzü

Müəllif:

15.01.2021

Yeni ilin ilk həftəsində İran İslam Respublikası uranın 20 faiz həcmində zənginləşdirməyə başladığını elan edib. Bu barədə hökumət sözçüsü Əli Rabii açıqlama verib. Proses Fordo nüvə mərkəzində başladılıb.

Əslində İran uranı zənginləşdirmə faizini 20-yə yüksəldəcəyini hələ 2019-cu ildə elan etmişdi. 2018-ci ildə ABŞ prezidenti Donald Tramp İranla “altılıq” (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında imzalanmış nüvə sazişindən çıxaraq Tehrana qarşı sanksiyaları bərpa etməsinə cavab olaraq İslam Respublikası 2019-cu ildə nüvə sazişindəki öhdəliklərə əməl etməyəcəyini elan etdi. Həmin ilin noyabrında isə rəsmi Tehran Natanz nüvə tədqiqatları mərkəzində sentrifuqaların sayını ikiqat artırdığını açıqladı.

 

Gözlənilən “gözlənilməz” qərar  

Lakin həmin vaxt İran nüvə sazişindən mərhələli şəkildə imtina etməyə başlayıb. İlkin olaraq zənginləşdirilmiş uranın və ağır suyun miqdarı kəskin şəkildə artırılıb. Növbəti mərhələdə isə Tehran uranın zənginləşdirilməsini 2015-ci il müqaviləsində icazə verilən 3,67%-dən 4,5 faizə yüksəltdiyini bəyan edib. Növbəti mərhələdə isə Fordo nüvə tədqiqatları mərkəzində uranın zənginləşdirilməsi üzrə sentrifuqalardan istifadəyə başlanılıb. Halbuki razılaşmaya əsasən, o, yalnız tədqiqat mərkəzi kimi fəaliyyət göstərməli idi.

Maraqlıdır ki, İran 2020-ci ilin yanvarında uranın zənginləşdirilməsi üçün nəzərdə tutulmuş sentrifuqaların sayına heç bir məhdudiyyət tətbiq etməyəcəyini açıqlayıb. Və digər tərəfdən uranın zənginləşdirilməsi faizini 20-yə yüksəldəcəyini bəyan etsə də, ötən müddətdə bu addımı atmayıb. Natanzdakı qurğusunda yeni IR-1 sentrifuqalarını işə salmayıb və ən əsası MAQATE-yə geniş təftiş imkanları verən Əlavə Protokoldan imtina etməyib.

Ancaq rəsmi Tehran məhz Trampın postu təhvil verməyə hazırlaşdığı, Ağ Evə İranla əməkdaşlıqda maraqlı olan Cozef Baydenin gəldiyi ərəfədə belə bir addım atıb. İran dövlət televiziyasının yaydığı xəbərə görə bu barədə təlimatı prezident Həsən Ruhani verib. Belə görünür ki, Tehran Bayden dövrü üçün yeni, əslində isə köhnə formatda başlamağa hazırlaşır.

Məsələ ondadır ki, Tehran 11 il əvvəl – 2010-cu ildə uranın zənginləşdirilmə faizini 3,5-dən 20-yə qaldıracağını elan edib. Həmin vaxt İslam Respublikası bunu tibbi araşdırmalar üçün etdiyini, təxminən, 200 xəstəxana üçün nəzərdə tutulan radioizotoplar üçün Tehrandakı araşdırma reaktoruna yüzdə 20 faiz zənginləşdirilmiş uranı satın almaq istədiyini MAQATE-yə bildirmişdi.

İranın uranı 20 faiz zənginləşdirməsi dünyada kəskin reaksiya doğurub, İsrail İranın nüvə obyektlərinə hava zərbəsi endirəcəyini elan edib. Bunun ardınca isə İranın Buşehr və Natanz nüvə stansiyalarında kompüter cihazlarına naməlum virus hücumu baş verib. Daha sonra məlum olub ki, bu, ABŞ və İsraildə hazırlandığı ehtimal olunan “Stuxnet” kompüter virusudur. Virus hücumu nəticəsində İranın nüvə proqramına ciddi zərbə vurulub, uranın zənginləşdirilməsini həyata keçirən sentrifuqaların fəaliyyəti dayanıb, nəticədə, İranın nüvə proqramı bir neçə il geriyə düşüb. Dünyada ilk kibersilah olan “Stuxnet” Buşehr Atom Elektrik Stansiyasındakı rus mütəxəssislərin kompüterindən, təxminən, 30 min kompüterə sızaraq, bu stansiyanı bir neçə il iflic edib.

2013-cü ildə prezident seçilən “islahat” qanadına mənsub Həsən Ruhani ABŞ-la nüvə danışıqlarını başladıb. Prezident Həsən Ruhani məhz seçicilərə Qərblə nüvə razılaşması imzalayacağı və nəticədə, İrana qarşı iqtisadi sanksiyaların ləğvinə nail olacağı vədi ilə xitab edib. 2015-ci ildə İran və “altılıq” ölkələri arasında əldə olunan nüvə razılaşması İranın beynəlxalq müşahidələr altında yalnız 3,67 faiz həcmində (yalnzı dinc məqsədlər üçün yarayan ölçü – K.R.) uran zənginləşdirmək və əlavə miqdar zənginləşdirilmiş uran və ağır suyu təhvil verməsi, bunun qarşılığında ABŞ və BMT sanksiyalarının ləğvi nəzərdə tutulurdu. Lakin 2017-ci ildə prezident səlahiyyətlərinin icrasına başlayan Donald Tramp nüvə razılaşmasından və öhdəliklərdən çıxaraq İrana qarşı yeni sanksiyalar tətbiq etdi. Tramp bu qərarını özündən əvvəlki hökumətin (Barak Obama administrasiyası – K.R.) nüvə sazişində İrana güzəştlər etdiyi və hazırkı müqavilənin İranın nüvə fəaliyyətini dayandırmaması ilə əsaslandırıb. O, İrana yeni müqavilə və ballistik raket istehsalını dayandıran, Tehranın Yaxın Şərqdəki fəaliyyətlərini məhdudlaşdıran saziş üzərindən danışıqlar təklif edib. Tehran isə imtina edərək nüvə razılaşmasındakı öhdəliklərdən mərhələli şəkildə çıxacağını elan edib.

Lakin indi, məhz Trampın rəqibi, onun bir çox siyasi qərarlarını, o cümlədən İranal bağlı siyasətini dəyişəcəyini söz verən Cozef Baydenin səlahiyyətlərinin icrasına başlamasına həftələr qalmış İranın bu addımı maraq doğurur.

Belə görünür ki, Tehran Baydenlə yeni danışıqlar prosesinə 20 faizlik zənginləşdirilmiş uranla başlamaq istəyir. Əlbəttə, hər kəsə aydındır ki, Bayden Amerikası İranla danışıqlara yeni formatda başlayacaq və yeni tələblər irəli sürüləcək. Xüsusən də nəzərə almaq lazımdır ki, “Sepah” generalı Qasim Süleymaninin öldürülməsindən sonra Tehran-Vaşinqton münasibətləri daha da pisləşib. ABŞ isə indi yalnız Tehranın nüvə fəaliyyətini deyil, eyni zamanda daha təhlükəli olan ballistik raket istehsalı və Yaxın Şərqdə silahlı qruplara dəstəyini dayandırmasını istəyəcək. Tehran isə masaya “əliboş” oturmaq istəmir. O da aydındır ki, rəsmi Tehran indiki şərtlərdə nə ballistik raket proqramından, nə də Yaxın Şərqdəki fəaliyyətlərindən geri çəkilmək fikrində deyil. Üstəlik, indi ona lazımdır ki, Qərbə nüvə sahəsində daha çox şeyə nail ola bildiyini və istəyərsə ola biləcəyini göstərsin.

Çünki İranın Yaxın Şərqdəki əsas düşməni İsrail artıq bəyan edib ki, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Yeri gəlmişkən, dekabr ayında Fars və Oman körfəzlərinə ABŞ hərbi gəmilərinin göndərilməsi İrana zərbələr endiriləcəyi ilə bağlı iddialara səbəb olsa da, riskli səviyyədə qarşıdurma baş vermədi.

 

İranın səbrinin arxasındakı səbəb

Tehran isə Süleymaninin qisası ilə bağlı açıqlamalara rəğmən riskli addımlara getmədi. Ümumiyyətlə, ötən ilin əvvəlində Q.Süleymani sui-qəsdindən sonra İraqda ABŞ hərbi bazalarının vurulması istisna olmaqla Tehran Vaşinqtonla qarşıdurmaya və hərbi toqquşmaya səbəb olacaq riskli addımlardan çəkinib. Belə görünür ki, İran hakimiyyəti Donald Trampın İrana zərbələrlə bağlı planlarına səbəb verməmək üçün səbirli davranmalı olub. Xüsusən də 3 noyabrdan sonra Donald Trampın postunu tərk edəcəyinin dəqiqləşməsi Tehranın daha səbirli olması üçün ciddi əsas verdi. Baxmayaraq ki, noyabrın 27-də İranın nüvə və ballistik raket proqramının əsas simalarından biri olan nüvə fiziki Möhsün Fəxrizadə Tehran ətrafında nümayişkaranə şəkildə qətlə yetirildi. Lakin Tehran yenə də səbir göstərməklə, Tramp sonrası dövrə hazırlaşdı. İndi isə Tehran Vaşinqtonla yaxın aylarda nüvə bazarlığı masasına əyləşəcək.

İrann nüvə silahı əldə etməsi üçün uranı 90 faiz zənginləşdirməsi lazımdır. Bu səbəbdən də, neytral mütəxəssislər İranın nüvə proqramının hazırkı səviyyəsinin təhlükəli olmadığını qeyd edir. Baxmayaraq ki, bəzi mənbələr 20 faiz zənginləşdirilmiş uranın da hansısa silah və texnikada istifadə olunduğunu qeyd edir. Üstəlik, amerikalı rəsmilər İranın gizli nüvə fəaliyyəti ola biləcəyini və Tehranın yer altında gizli fəaliyyət göstərən nüvə mərkəzlərinin olduğunu düşünür. Tehranın belə bir imkanları varmı?

 

İranın nüvə mərkəzləri

İranın rəsmi təsdiq olunmuş 8 nüvə stansiyası və tədqiqatlar mərkəzi var. Natanz İranın ən böyük nüvə stansiyasıdır. İnşaatı 2000-ci ildə başlanan Natanzda ilk sentrifuqalar 2002-ci ildə bağlanıb. 2003-cü ildə bu stansiyanın fəaliyyəti 2 illik dayandırılıb. 2010-cu ildə isə Natanzda zənginləşdirilmiş uranın həcmi 20 faizə çatdırılıb.

Bundan başqa İranın əsas nüvə mərkəzləri Ərak (Xondab) Ağır Su Reaktoru, Fordo və Buşehr Nüvə Stansiyasıdır.

Ölkənin cənubunda Buşehr şəhəri yaxınlığında yerləşən eyni adlı Stansiya İranda İslam inqilabından əvvəl 1976-cı ildə Almaniya tərəfindən inşa olunmağa başlayıb. Bu prosesə 1974-cü ildə yaradılmış İran Atom Enerjisi Təşkilatı rəhbərlik edib. Ancaq Buşehr Stansiyası İranda baş verən İslam inqilabı səbəbilə dayanıb. Həmin vaxt stansiyanın 70 faiz işi görülmüş olub. İnqilabdan sonra almanlar stansiyanın inşasını davam etdirməyə razılaşsalar da, bu dəfə İraq ordusunun Buşehri vurması nəticəsində stansiyanın inşaatı dayanıb. Bundan sonra 1995-ci ildə İran Rusiya ilə Buşehr nüvə stansiyasının inşası ilə bağlı müqavilə imzalayır. Ancaq 2000-ci ildə ABŞ-ın sanksiyaları səbəbindən ruslar inşaatı dayandırır və Buşehr yalnız 2013-cü ildə İrana təhvil verilir.

1000 meqavat istehsal gücü olan Buşehr stansiyası ilkin mərhələdə 60 meqavat elektrik enerjisi istehsal edib. 2012-ci ildə 940 meqavat elektrik istehsal edən Buşehr AES 2015-ci ildə illik 3 min meqavat elektrik enerjisi istehsal edib.

Ərak Ağır Su Reaktorunun inşası 1980-ci illərdən planlaşdırılsa da, mərkəz 2006-cı ildən fəaliyyət göstərib, lakin inşa prosesi davam edir. İR-40 adı verilən reaktor iki hissədən ibarətdir. Bunlar ağır su istehsalı mərkəzi və ağır su reaktorudur. Bu mərkəz tam gücü ilə işlədiyi zaman illik 9-10 kiloqram platinium istehsal gücündə olacaq.

Ərak nüvə stansiyası ən qalmaqallı AES hesab olunur. Bu da mərkəzin nüvə silahı istehsalı məqsədi ilə istifadə olunması riski ilə bağlıdır. İran hökuməti Ərak AES-in dinc məqsədlər üçün kənd təsərrüfatı, tibb və sənayedə istifadə olunan izotop istehsalı üçün inşa edildiyini bildirir. Ancaq Qərb ekspertləri 40 meqavat gücü olan Ərak AES-in bu istehsal üçün həddən artıq böyük olduğunu deyir. Üstəlik, bu həcmdə izotopların yüngül su ilə də əldə olunmasının mümkün olduğu iddia olunur.

Məsələ ondadır ki, nüvə silahı istehsalında əsasən zənginləşdirilmiş uran və ya platiniumdan istifadə olunur. Bunun üçünsə geniş yayılmış forma təbii uranın ardıcıl olaraq sentrifuqadan keçirməklə lazımsız izotoplardan təmizlənib nüvə silahının özəyini təşkil edən və uranın 90 faiz zənginləşdirilməsi nəticəsində əldə olunan Uran-235 maddəsini almaq lazımdır. Bu isə həddən artıq uzun və bahalı bir işdir.

Bu səbəbdən də, Şimali Koreya, Hindistan və İsrail kimi ölkələr daha sadə və asan vasitədən istifadə etməklə nüvə silahı əldə edib. Bunun üçün təbii uran maddəsi ağır su reaktorunda yanacaq kimi istifadə olunmaqla platinium əldə olunur. Bu zaman uranın zənginləşdirilməsi prosesinə ehtiyac qalmır və ən əsası MAQATE bu prosesə nəzarət edə bilmir.

Bu səbəbdən də, indi bir çox əcnəbi ekspert Ərak AES-in silah əldə olunması üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq edir.

İranın uzun müddət gizli saxladığı daha bri nüvə stansiyası Fordo Nüvə Tədqiqatları Mərkəzidir. Bu mərkəz beynəlxalq müfəttişlərin üzünə yalnız 2009-cu ildə açılıb. Qum şəhəri yaxınlığında yerləşən bu mərkəz həm də hərbi təyinatlı obyekt hesab olunur. İlk dəfə İranda uran məhz burada 20 faiz həcmində zənginləşdirilib.

Natanz Nüvə Stansiyası İsfahan şəhəri yaxınlığında yerləşir. Bu mərkəzin inşası 2000-ci ildə başlanıb. 2002-ci ildə ilk sentrifuqaları işə salınan Natanz Stansiyası bir il sonra fəaliyyətini dayandırsa da, sonradan fəaliyyətini bərpa edib. 2010-cu ildə açıqlanan məlumatlarda Natanzda 20 faiz zənginləşdirilmə həyata keçirilirdi.

Tehran və Kərəc şəhərlərində fəaliyyət göstərən nüvə araşdırmaları mərkəzləri isə elmi tədqiqat məqsədlidir. Tehran Universiteti Nüvə Araşdırma Mərkəzi 1956-cı ildə yaradılıb və mərkəzdə 5 meqavat gücü olan stansiya fəaliyyət göstərir.

Kərəc şəhərində isə Kərəc Nüvə Tibb və Kənd Təsərrüfatı Araşdırmaları Mərkəzi fəaliyyət göstərir.

Yeri gəlmişkən, İran ərazisində uran istehsal olunur. İranın əsas uran mədəni Yəzd ostanında 350 metr dərinlikdə yerləşir. Buradan çıxarılan uran maddəsi Yəzddə Ardakan qəsəbəsində yerləşən mərkəzə aparılır, burada ilkin saflaşdırmadan sonra İsfahan Nüvə Mərkəzinə aparılır və burada uranium hexaflorid (UF6) qazına çevrilməklə istehsala hazır vəziyyətə gətirilir.

Rəsmi Tehran isə uran zənginləşdirmə proqramının dinc məqsədli olduğunu, nüvə silahı kimi kütləvi qırğın silahlarının İslam dini ilə haram olduğunu və belə bir silah istehsalı məqsədinin olmadığını bəyan edir. Bu mənada, əslində, bu gün İranla Qərb arasında əsas problemin qarşılıqlı etimad və etibar olduğu məlum olur. Bu isə o deməkdir ki, qarşıdakı illərdə İran və Qərb arasında uzun və yorucu nüvə müzakirələri davam edəcək.



MƏSLƏHƏT GÖR:

233