Müəllif: İlqar VƏLİZADƏ
2020-ci ilin sonuna yaxın region KİV-də Türkiyə-İsrail münasibətlərinin tezliklə qaydaya düşə biləcəyinə dair çoxsaylı xəbər başlıqları görünməyə başlamışdı. Əlbəttə ki, bu məqalələr faktlardan çox təxminlərə əsaslanırdı. Amma istənilən halda, tərəflərin mövqelərini yaxınlaşdırmaq istəyi göstərir ki, onlar razılığa gəlməyə çox yaxındırlar. Bəzi ekspertlər isə əmindirlər ki, bu prosesdə Bakının da rolu var.
Yeni regional reallıq yaxınlaşmanın şərti kimi
Qarabağda bu yaxınlarda bitmiş və Bakının İrəvan üzərində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdiyi 44 günlük müharibə zamanı Türkiyə ilə İsrail Azərbaycana son dərəcə qiymətli siyasi dəstək nümayiş etdiriblər. Məsələnin həssas və çətin cəhəti onda idi ki, o vaxtadək İsraillə Türkiyə arasında siyasi dialoq praktik olaraq, dayandırılmışdı. O, ayrı-ayrı istiqamətlər üzrə daha çox epizodik xarakter daşıyırdı və inersiya ilə davam edirdi.
Məlum olduğu kimi, İsrail Hərbi Dəniz Qüvvələrinin 31 may 2010-cu ildə Türkiyəyə məxsus, Qəzza zolağının blokadasını yarmağa cəhd edən «Mavi Mərmərə» gəmisini saxlamasından sonra iki dövlət arasında ziddiyyətlər açıq müstəviyə keçmişdi. Bir neçə il sonra tərəflər qarşılıqlı olaraq səfirlərini geri çağırmış, hər iki dövlət üçün strateji əhəmiyyət daşıyan istiqamətlər üzrə əlaqələri minimuma endirmişdilər. Lakin Türkiyə-İsrail münasibətlərinin kəskin şəkildə pisləşməsinə baxmayaraq, ümumilikdə bir sıra məsələlərdə tərəflərin maraqları hələ də üst-üstə düşürdü. Məsələn, söhbət iqtisadi-ticari xarakterli əlaqələrin inkişafından, regionda və ondan kənarda bir sıra tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsindən və s. gedir.
Türkiyə və İsrailin xarici siyasi prioritetləri arasında Bakı ilə xüsusi münasibətlərin davam etdiriməsi də yer alır. Onların hər biri hərbi-texniki əməkdaşlıq sahəsində Azərbaycanla tərəfdaş dövlətdir. Bu amil özünü Azərbaycan Ordusunun ən müasir silahlarla təchizatında da göstərir. Məhz bu məsələ regionda onların mövqelərini yaxınlaşdırıb, maraqların daha da üst-üstə düşməsinə yol açıb.
Faktiki olaraq, Türkiyə ilə İsrail arasında dialoq platformasının formalaşmasına birbaşa olmasa da, dolayı yolla Azərbaycan da töhfə verib. İsrailin bəzi analitik dairələri yəhudi dövlətinin Ankara ilə Bakı vasitəsilə əlaqə qurduğunu belə, istisna etmir.
İsrail mediası Azərbaycanın vasitəçiliyi haqda
Bununla yanaşı, bəzi mənbələrin fikrincə, Türkiyə ilə İsrail, daha doğrusu, onların təmsilçiləri arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar artıq gedirmiş. Məsələn, nüfuzlu, region üzrə ixtisaslaşmış «Al-Monitor» analitik internet nəşri yazırdı ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İsrail rəsmilərilə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar aparıb. Bu məlumat bir anda bütün KİV-ə yayılmışdı.
Bu ingilisdilli nəşrin hesabatında bildirilir ki, danışıqlarda münasibətlərin qarşılıqlı olaraq səfirlərin göndərilməsinədək inkişafı müzakirə edilib. Xatırladaq ki, hər iki tərəf öz səfirini 2018-ci ilin mayında geri çağırıb. Buna Türkiyənin İsrailin Qəzzaya hücumuna və Vaşinqtonun səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinə reaksiyası səbəb olmuşdu. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İordan çayının qərb sahilini işğal etmək planını pisləmiş, planın reallaşmasına imkan verməyəcəklərini bəyan etmişdi, bununla da, münasibətlər daha da gərginləşmişdi.
Hesabat müəlliflərisə iddia edirlər ki, ikitərəfli münasibətlərin bu səhifəsinin çevrilməsi imkanları var. Onların fikrincə, artıq bunun üçün xüsusi imkan da yaranıb. Necə deyərlər, şər şərdə bir xeyir tapmaq olar.
2020-ci ilin oktyabrında Türkiyənin qərbində yerləşən İzmir əyalətində zəlzələ baş vermişdi. 6,7 bal gücündə yeraltı təkan Yunanıstanla Türkiyə arasında, Egey dənizi hövzəsində qeydə alınmışdı. Zəlzələ həm Yunanıstanın Samos adasındakı Neon-Karlovasi, həm də Türkiyənin İzmir şəhərində dağıntılara səbəb olmuşdu. İzmirdə insan tələfatı da qeydə alınmışdı.
O zaman faciəyə ilk reaksiya vermiş ölkələrdən biri İsrail olub. Ölkənin müdafiə naziri Beni Qrans İsrail Ordusunun Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara təcili yardım göstərilməsi üçün hazırlıq vəziyyətinə gətirildiyini bildirmişdi. Bu bəyanatla praktik olaraq eyni vaxtda İsrailə məxsus «Boinq-747» təyyarəsi göyərtəsində humanitar yardımla Ankara aeroportuna enmişdi. O, Türkiyəyə 7 səyyar yaşayış vahidi, həmçinin isti geyim, adyal və döşəklər gətirmişdi. Məlumata görə, yük Türkiyə hökumətinin sorğusu əsasında israilin Müdafiə Nazirliyi tərəfindən göndərilmişdi.
Türkiyə yardımı minnətdarlıqla qəbul etmiş, lazım gələcəyi təqdirdə istənilən an eyni qarşılığı verməyə hazır olduğunu bildirmişdi. Bu, şübhəsiz ki, danışıqlar üçün əlverişli fon yaratmış amillərdəndir – demək, tərəflər arasında dialoqun qurulması üçün yaxşı perspektivlər yaranıb.
Türkiyə-İsrail maraqları: siyasət və iqtisadiyyat
Əlbəttə ki, iki ölkənin siyasi rəhbərliyi arasında ziddiyyətlər qalmaqdadır. Ankara əvvəlkitək, Qəzza sektoruna nəzarət edən HƏMAS-la dialoqu davam etdirir, Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan boyun qaçırır, İordan çayının qərb sahilinin ihlaqını pisləyir. Lakin digər tərəfdən, o, həm də İsraillə dialoqun faydalı olduğunu etiraf edir.
İki ölkə arasında dialoqla bağlı xəbərə münasibət bildirən Türkiyə prezidenti R.T.Ərdoğan deyib ki, ölkəsi İsraillə kəşfiyyat xidmətləri səviyyəsində əlaqəni heç zaman kəsməyib. O, bu əlaqələrin indi də davam etdiyini söyləyib. Bununla yanaşı, Ərdoğan «İsrail rəhbərliyilə bəzi problemlərinin olduğunu» da bildirib. Prezident etiraf edib ki, Ankara İsraillə münasibətləri yaxşılaşdırmaq istəyir, lakin onun Fələstinlə bağlı mövqeyini qəbul edə bilmir.
Ziddiyyətlər öz yerində, qarşılıqlı əməkdaşlığa maraq son onillikdə nəinki azalmayıb, əksinə, keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qəribə də olsa, iki ölkə arasında münasibətlərin sərinləşdiyi 2010-cu ildən bu yana iqtisadi-ticari əlaqələrdə davamlı olaraq yeni rekordlar qeydə alınır. Ötən 10 ildə Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsinin həcmi, təxminən, 4 dəfə artıb. 2018-ci ildə ikitərəfli ticarətin həcmi 6,2 milyard dollara çatıb. Doğrudur, 2019-cu ildə o, 5,5 milyard dollaradək azalıb, lakin Türkiyə İsrailin ticarət tərəfdaşlarının siyahısında 6-cı sırada qalmaqdadır.
Hələ 2019-cu ilin avqustunda İsrailin xarici işlər naziri İsrael Kats bildirmişdi ki, iki ölkə arasında aşkar ədavət hökm sürsə də, «ticarət artmaqdadır». Türk malları ilə yüklənmiş bərələr Hayfaya gedir, daha sonra Türkiyənin dolu yük maşınları İordaniyaya, oradan Fars körfəzi ölkələrinə üz tutur. Suriyada vətəndaş müharibəsinin başlamasından sonra Türkiyə mallarının Fars körfəzinin ərəb ölkələrinə nəqlində əsas marşrut məhz budur.
Ekspertlər hesab edir ki, İsraildə və Türkiyədə şirkətlər bir-birini yaxşı tamamlayır və bu, qarşılıqlı ticarətdə böyük potensial deməkdir. Hazırkı mərhələdə bu, İsrailin ümumi ticarətinin 2-3%-ni təşkil edir. Halbuki real potensialın 10-15% olduğu bildirilir. Söhbət, həqiqətən də, real potensialdan gedir. Bu iki ölkə qonşudur, onların mallarının qiyməti optimaldır, logistika isə yüksək keyfiyyətli məhsulların sürətli tədarükünə imkan verir.
Görünən odur ki, Türkiyədən İsrailə ixracın həcminə pandemiya da təsir göstərməyib. 2020-ci ilin ilk 9 ayında ixrac 3,2 milyard dollar olub. Bu, praktik olaraq ötən ilin analoji dövründəkilə eynidir. Türkiyədən İsrailə ərzaq məhsulları və içki ixracatçılarına gəlincə, onların satışı da getdikcə artır.
Qələbə və Türkiyə-İsrail barışığı
Azərbaycan, Ermənistan və Rusiya arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyannamə də Türkiyə-İsrail yaxınlaşmasına dolayı yolla da olsa, təsir göstərə bilər. Məsələ ondadır ki, razılaşma Rusiya, Türkiyə və Yaxın Şərq ölkələrini birləşdirən vacib magistral yolların bərpasını da nəzərdə tutur. Bütün bu yollar Azərbaycan ərazisindən keçir. Mehri dəhlizi vasitəsilə bərpası planlaşdırılan dəmir yolu Rusiyadan Türkiyəyə və oradan Yaxın Şərqə uzanan ən qısa yoldur. Bu marşrutdan istər region ölkələri, istərsə də İsrail də daxil olmaqla, digərləri istifadə edə bilər. Hər halda, son dövrlərdə yəhudi dövləti yalnız Türkiyə ilə deyil, Rusiya və Azərbaycanla da ticarəti genişləndirib.
İsrail KİV-i yazır ki, Türkiyə ilə Rusiyanın barışmasında ciddi rol oynayıb və onun bu təcrübəsi Türkiyə-İsrail barışığında da öz sözünü deyə bilər. Üstəlik, Bakının tərəflərin hər ikisilə sıx, qarşılıqlı inama əsaslanan münasibəti var. Elə həmin İsrail mediası Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov ilə Qabi Aşkenazi arasında baş tutmuş telefon danışığını şərh edərkən bildirir ki, azərbaycanlı nazir söhbət zamanı Bakının iki müttəfiqi arasında münasibətlərin normallaşmasında maraqlı olduğunu söyləyib. Amma rəsmi şəxslərdən heç kim bu telefon danışığına münasibət bildirməyib.
Bir versiyaya görə isə İsraillə Türkiyə arasında əlaqələrin fəallaşmasında məqsəd münasibətlərin ABŞ-da Co Bayden administrasiyasının iş başına keçməsinədək normallaşdırılmasıdır. Ağ Ev ABŞ-ın iki güclü regional müttəfiqi arasında möhkəm əlaqələri yalnız alqışlaya bilər. Bu, onu regionda məhz bu amilə əsaslanaraq yeni təşəbbüslər göstərməyə, fəallaşmağa sövq edəcək.
Türkiyənin həll etmək arzusunda olduğu daha bir məsələ qaz problemidir. İsrail regional enerji layihələrində Yunanıstan və Kiprlə sıx əlaqələrə malikdir. Ankaranın isə bu məsələlərdə öz maraqları var. Doğrudur, İsrail Türkiyəni sakitləşdirmək üçün çətin ki, artıq əldə edilmiş razılaşmalardan çıxsın. O, güman ki, öz qazının Avropa bazarlarına çıxarılmasında paralel olaraq Türkiyə marşrutundan da istifadə edə bilər. Bu halda isə İsrail mütləq Cənub Qaz Dəhlizi infrastrukturundan istifadə etməlidir. Bu layihədə də məlum olduğu kimi, Azərbaycanın mövqeyi çox güclüdür.
MƏSLƏHƏT GÖR: