Müəllif: Samir VƏLİYEV
Azərbaycanın Ermənistanın işğalı altındakı ərazilərini azad etməsilə – Qələbə ilə bitmiş 44 günlük müharibə bir çox problemi aşkara çıxarıb. Bu, yalnız regional deyil, həm də beynəlxalq siyasətə aiddir. Məsələn, bəzi Qərb dövlətlərinin Azərbaycana, həmçinin Türkiyəyə münasibətdə ikili standartlar təcrübəsindən əl çəkmədiyi bir daha tam çılpaqlığı ilə ortaya çıxıb. Ermənistan məğlub olar-olmaz, Fransa, Belçika, Hollandiya və Lüksemburq parlamentləri regiondakı geosiyasi maraqlarından çıxış edərək, anti-Azərbaycan qətnamələri qəbul edib.
Qərəzli qətnamələr
Hər şey ötən il noyabrın 25-də Fransa Senatının «Dağlıq Qarabağın tanınması» tələbilə qətnamə qəbul etməsilə başlayıb. Dekabrın 3-də Fransa parlamenti də müvafiq qətnamə layihəsini səs çoxluğu ilə təsdiqləyib. Qeyd edək ki, sənədi səsverməyə hakim «Respublikaçılar» partiyasının fraksiyası çıxarmışdı.
Qəribə yekdilliklə dekabrın 9-da Hollandiya parlamenti də Dağlıq Qarabağ münaqişəsinin təcili və yekun nizamlanması ilə bağlı qətnamə qəbul edib. Sənəddə bildirilir ki, bu, «əhalinin (Dağlıq Qarabağ – red.) dayanıqlı təhlükəsizliyinin təmini və daimi müdafiə və təhlükəsizliyi təmin edəcək statusun (tanınmamış respublikaya – red.) qazandırılması üçün» vacib imiş.
Heç 10 gün də keçmədən – dekabrın 18-də Belçika parlamentinin Nümayəndələr palatası da «Azərbaycanın kassetli döyüş sursatları və fosforlu bombalardan istifadə etməklə, məqsədli şəkildə dinc sakinlərə hücum etməsini» pisləyən qətnamə qəbul edib. Sənədin preambulasında «Artsaxın erməni xalqının öz müqəddəratını təyin etmək hüququ»ndan da danışılır, bildirilir ki, «Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində üzərinə götürdüyü əsas beynəlxalq prinsiplərdən olan güc tətbiq etməmək prinsipini kobud şəkildə pozub».
Nəhayət, dekabrın 24-də Böyük Lüksemburq Hersoqluğunun Deputatlar palatası ölkə rəhbərliyini «Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinə aparacaq siyasi proses təşəbbüsü ilə çıxış etməyə» çağırıb. Qətnamədə «sənədləşdirilmiş» hərbi cinayətlər, o cümlədən kassetli bombalardan istifadə, mülki infrastruktura hücum halları ilə bağlı müstəqil araşdırmalara başlanılması», «erməni monastırları, kilsə və abidələrinin müdafiəsinə zəmanət» tələb olunur.
Maraqlıdır ki, bu 4 ölkənin hər biri Avropa İttifaqının üzvüdür. Üstəlik, onlar birliyin istinad etdiyi əsas prinsiplərin əsas müdafiəçilərindəndir. Lakin 4 ölkənin parlamentində qəbul edilmiş qətnamələr həmin prinsiplərlə tam ziddiyyət təşkil edir. Bu isə Fransa və Benilüks dövlətlərinin deputatlarının biliyini, yaxud ən azı elementar siyasi savadını şübhə altına qoyur. 4 parlamentin bu işi sanki razılaşdırılmış şəkildə sinxron görməsi də qəribədir. Sanki bu 4 pərdəli bu pyesin bir ssenarist və rejissoru var.
Əksər müşahidəçilər əmindirlər ki, sözügedən qətnamələr daha çox Azərbaycana deyil, Türkiyəyə qarşı yönəlib. Çünki o, Bakıya qeyd-şərtsiz siyasi dəstək verib və Azərbaycan Ordusunun qələbəsindən sonra Cənubi Qafqazda nüfuzunu ciddi şəkildə artırıb. İstənilən halda, fakt ortadadır. Deputatlar səs verib, parlamentlər qətnamələri qəbul edib. Və?
Fransa, Belçika, Niderland və Lüksemburq parlamentləri: burada qanuna yer yoxdur?
Hər 4 dövlətin icraedici strukturları bu cəfəng qərarların qəbulundan dərhal sonra utanc içərisində onların heç bir praktik əhəmiyyətinin olmadığını, qətnamələrin bu dövlətlərin xarici siyasətinə heç bir təsir göstərməyəcəyini bəyan etməli olublar. Onda sual yaranır: bu mənasız qərarların qəbulu nəyə lazım idi? Və ən əsası, Paris, Brüssel, Amsterdam və Lüksemburqda Ermənistana simpatiyasını gizlətməyən siyasi elitalarına öz deputatlarının absurd qərarlarını praktikada reallaşdırmağa nə mane olur?
Nə qədər bayağı səslənsə də, mane olan qanun, konkret desək, bu dövlətlərin hər birinin Aİ çərçivəsində götürdükləri öhdəliklərdir. Məsələn, Aİ üçün əsas baza sənədlərindən biri qurumun Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiyasıdır. Bu strategiyanın «Avropa təhlükəsizlik sistemi» bölməsində açıq şəkildə bildirilir ki, «dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və mübahisələrin dinc yolla həlli Avropanın təhlükəsizlik sisteminin əsasını təşkil edir. Bu prinsiplər istər Aİ üzvü olan, istərsə də olmayan bütün dövlətlər üçün eynidir». Belə bir vəziyyətdə parlamentlərin qəbul etdikləri qətnamələrdə Dağlıq Qarabağa müstəqillik verilməsilə bağlı tələblərin yer alması necə qiymətləndirilməlidir? Bu, yalnız separatçı qurumun tanınması çağırışı yox, həm də Azərbaycanın dövlət sərhədlərinin dəyişdirilməsi, ölkənin ərazi bütövlüyünün təftişinə çağırışdır. Aİ-nin sözügedən strategiyasında mübahisələrin dinc yolla həllinə dair yer almış prinsipi məhz Ermənistan pozub. Məhz Ermənistan 25 ildən artıq idi ki, Azərbaycan ərazilərini işğal altında saxlayırdı. Amma bu illər ərzində bu ölkələrdən heç birinin parlamenti başqasına məxsus torpaqları azad etməsi üçün Yerevana müraciət etməyib.
Halbuki, ikitərəfli münasibətlərdə də bütün Avropa dövlətləri Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb və tanıyır, Dağlıq Qarabağı hər zaman Azərbaycan Respublikasının ayrılmaz hissəsi sayıb. Hətta Fransa prezidenti Emmanuel Makron erməni diasporunun nümayəndələrilə görüşündə Azərbaycanın bütün əraziləri üzərindəki suverenliyini etiraf etməyə məcbur olmuşdu. O, demişdi ki, «beynəlxalq hüquqa görə Dağlıq Qarabağ və ona bitişik 7 rayon BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınır»».
Fransa və «xalqların öz müqəddəratını təyinetmə hüququ»
Ümumiyyətlə, Fransa Avropa İttifaqında «xalqların öz müqəddəratını təyinetmə hüququ» haqda danışa biləcək ən son dövlətdir. Bu fikri əsaslandırmaq üçün dəlillərin sayı-hesabı yoxdur.
Məsələ ondadır ki, Fransanın siyasi sistemi bütün formalaşma tarixində regional və etnik fərqliliyin aradan qaldırılması üçün əlindən gələni edib. Məqsəd potensial separatçılıq təhlükəsinin yox edilməsi olub. Parisin 1992-ci il noyabrın 5-də qəbul olunmuş regional dillər və ya azlıqların dilləri haqqında Avropa xartiyasını hələ də ratifikasiya etməməsi də təsadüf deyil. Bu xartiya Avropa Şurasının üzərinə milli azlıqların, həmçinin onların istifadə etdikləri ənənəvi dillərin qorunması öhdəliyini qoyur. Bundan başqa, Fransa milli azlıqların hüquqlarının müdafiəsilə bağlı daha bir vacib sənədə məhəl qoymur. Söhbət 3 il sonra – 1995-ci ildə qəbul olunmuş sənəddən, Milli azlıqların müdfiəsi haqqında Çərçivə Konvensiyasından gedir. O, iştirakçılardan nəinki milli azlıqlara aid istənilən insanın etnik, mədəni, dil və dini xüsusiyyətlərinə hörmət olunmasını tələb edir, həm də bu xüsusiyyətlərin ifadəsi, qorunması və inkişafı üçün lazımi şəraitin yaradılmalı olduğunu bildirir.
Lakin ənənəvi olaraq bütün vətəndaşlarını fransız sayan Fransa hökumətində hesab edirlər ki, konvensiyanın bu tələbləri onların ölkəsinə şamil oluna bilməz. Çünki Fransanın milli və ya millətçilik ideyasının əsasını vahid fransız xalqı prinsipi təşkil edir və bu prinsip ölkənin praktik olaraq, bütün siyasi qüvvələri tərəfindən dəstəklənir.
Fransada hüquqi normalar vətəndaşların etnik mənsubiyyətinə görə ayrılmasını nəzərdə tutmur. Dil bütövlüyü isə Konstitusiyada Respublikanın bölünməzliyinin, fransız xalqının birliyinin prinsipi kimi əks olunub. Ölkə Konstitusiyasının 2-ci maddəsinə görə, fransız dili ölkədə yeganə rəsmi dildir. Fransanın siyasi lüğətində «milli azlıq», hətta «milliyyət» anlayışlarına bu üzdən rast gəlinmir. Fransızların lüğətində «nationalité» birmənalı olaraq «vətəndaşlıq» anlamı verir, «national, nationale» sifətlərisə dövlətə məxsusluq mənasındadır. Respublikanın «nation»dan – yəni milli və dövlət suverenliyinin məxsus olduğu xalqdan qaynaqlandığını nəzərə alsaq (bu müddəa Fransa Konstitusiyasının 3-cü maddəsində əksini tapıb), bu konsepsiyada nə korsikalılara, nə elzalılara, nə də digər etnik qruplara yer var. Fransa Respublikasının bütün vətəndaşları etnik mənsubiyyətindən asılı olmayaraq, rəsmən fransız adlanır. Ölkədəki müxtəlif etnik qruplarla bağlı rəsmi statistikada heç bir məlumatın olmaması buradan qaynaqlanır. Halbuki qeyri-rəsmi hesablamalara görə, Fransa əhalisinin 10%-dən çoxunu etnik azlıqlar təşkil edir.
Şübhəsiz ki, belə bir şəraitdə Fransa siyasi elitasının yuxarıda qeyd olunan xartiyalara münasibətinin müzakirəsi hər zaman sərt siyasi diskussiyalara səbəb olub. Məsələn, 1992-ci ildə L.Jospen hökuməti ölkənin regional dillər və ya azlıqların dilləri haqqında Avropa xartiyasına qoşulmasına qərar versə də, Konstitusiya Şurası orada Konstitusiyaya zidd məqamların olduğu haqda hökm çıxarmışdı. Paris həmin xartiyanı bu günədək məhz bu səbəblə ratifikasiya etmir. 2011-2015-ci illərdə ölkədə məsələnin təkrar müzakirəsi cəhdləri də olub. Lakin onlar da heç bir nəticə verməyib. 2015-ci ildə Fransa Dövlət Şurası tərəfindən dərc olunmuş məsləhətçi qərarda xartiyanın ratifikasiyasına dair qanun layihəsi birdəfəlik rədd edilib.
Milli azlıqların yaşadığı qonşu regionlarda muxtariyyət prosesləri gedən zaman Fransada milli azlıqların sərbəstlik, xüsusilə müstəqilliklə bağlı istənilən tələbi hər zaman kökündən kəsilib. Məsələn, 2013-cü ildə «Bretanlar» jurnalının fevral sayı satışdan tam yığışdırılmışdı. Səbəb orada Bretan regionu sakinlərinin Fransadan müstəqillik istəməsilə bağlı sorğunun nəticələrinin dərci idi. Bu, heç də təəccüblü deyil. Çünki Fransada dövlətin bölünməzliyinin əleyhinə istənilən çıxışa görə, Cinayət Məcəlləsilə məsuliyyət nəzərdə tutulur. Dövlət ölkəni «vahid və bölünməz» elan edib. Balqa sözlə, Fransada istənilən formada muxtariyyət, federalizm rədd olunur.
Amma bu qədər sərt siyasət əksinə, separatçılıq meyillərini daha da artırır, milli azlıqlar arasında radikallığı artırır.
Fransa və Benilüks hələ bütün Avropa demək deyil
İstənilən halda, yaşananlar ortadadır. Azərbaycanda Fransa və Benilüks dövlətlərinin nüfuzunu minimuma endirmiş qətnamələr eyni zamanda, onların Cənubi Qafqaz regionundakı siyasi mövqelərini də zəiflədib. Azərbaycan Prezidenti İlham Əliyev 18 noyabr 2020-ci ildə Niderlandın Bakıya yeni təyin olunmuş səfiri Paulina Eyzemanın etimadnaməsini qəbul edərkən deyib: «Əfsuslar olsun, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha da balanslaşdırılmış yanaşma ilə çıxış etdi. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı, əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək». Bu, tam şəkildə Niderlandın qonşularına da aiddir.
Xoşbəxtlikdən, Avropa İttifaqında başqa qüvvələr də var və həmin ölkələrin parlamentariləri fərqli mövqedədirlər. Bunu italiyalı parlamentarilərin Azərbaycana ötən ilin dekabrında etdikləri səfər də təsdiqləyib. Bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin vəziyyətilə, ermənilərin işğal illərində bu rayonlara vurduqları ziyanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından da önəmli səfər idi. O zaman qonaqlar Ağdam və Gəncəyə də səfərlər edib, gördüklərinə obyektiv qiymət veriblər.
İtaliya Azərbaycanı dəstəkləyən dövlətlərdəndir. Bunu Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpasına başladığı bir vaxtda edilmiş nümunəvi səfər də təsdiqləyir. Ümumiyyətlə, İtaliya Avropada Azərbaycanın ən vacib siyasi, iqtisadi-ticari tərəfdaşlarındandır. Bundan başqa, o, Aİ-də Bakının əsas tərəfdaşıdır. Tikintisi ötən il başa çatdırılmış Cənub Qaz Dəhlizinin yekun nöqtəsi məhz İtaliyadır.
İtaliya, şübhəsiz ki, bu vəziyyətdən uduşla çıxır. İndi o, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində reallaşdırılacaq layihələrdə də iştirak edə biləcək. Azərbaycan Prezidenti İlham Əliyev italyan şirkətlərindən belə təkliflərin gəldiyini bir neçə dəfə açıqlayıb. Anti-Azərbaycan mövqeyi tutmuş tərəflər isə Bakı ilə tərəfdaşlıqdan, çətin ki, yararlana bilsinlər.
İtaliyalı parlamentarilərin mövqeyi göstərir ki, Avropada vəziyyəti obyektiv qiymətləndirən, onu geniş beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışan qüvvələr də var. Regionda sülh və sabitliyin möhkəmlənməsinə, dünyanın istənilən nöqtəsində bənzər hadisələrin təkrarlamasının qarşısının alınmasına isə məhz erməni işğalına obyektiv siyasi-hüquqi qiymət verməklə nail olmaq mümkündür.
MƏSLƏHƏT GÖR: