Müəllif: Nadir SƏNANOĞLU
2021-ci il güləşçilər üçün Fransada təşkil olunan beynəlxalq turnirlə başlayıb. Henri Deqlanın xatirəsinə həsr olunan Qran Pridə pəhləvanlarımız ümumilikdə 13 medal əldə edib.
Sərbəst güləşçilərin müsbət nəticələri
Yarış sərbəst güləşçilərin mübarizəsiylə start götürüb. Güləşçilərimiz Nitsa şəhərindəki Qran Pridə 5 medal qazanıb. Sərbəst güləşçilərin layiq görüldüyü medallardan 2-si gümüş, 3-ü bürünc əyarlı olub.
57 kq çəki dərəcəsindəki pəhləvanlarımızdan - Georgi Edişeraşvili və Mahir Əmiraslanov ümidləri doğrultmayıb. Mübarizəyə 1/4 finaldan qoşulan İslam Bazarqanov Rumıniya güləşçisini ilk hissədə üstələyərək yarımfinala vəsiqə qazanıb. Amerikalı güləşçi ilə gərgin keçən mübarizədə də o, güclü tərəf olaraq finala adlayıb. Bazarqanov finalda amerikalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
65 kq çəkidə Turan Bayramov ilk görüşdə yerli idmançıya heç bir şans tanımayıb. 1/4 finalda Moldova güləşçisi ilə gərgin mübarizə şəraitində keçən qarşılaşmada sonuncu xal prinsipinə əsasən azərbaycanlı gənc pəhləvan adını yarımfinala yazdırıb. Finalın bir addımlığında amerikalı dünya ikincisinə uduzan Bayramov fransalı güləşçiyə növbəti dəfə qalib gələrək turniri 3-cü pillədə başa vurub.
74 kq-da Hacımurad Hacıyev ilk mərhələdə isveçrəli rəqibi üzərində inamlı qələbə qazanıb. Digər təmsilçimiz Hacımurad Ömərov isə debütdə israilli həmkarıyla bacarmayıb. Coşqun Əzimov 1/8 finalda İsveçrə güləşçisinə vaxtından əvvəl qalib gəlib. Hacıyev Moldova güləşçisini çox qısa vaxtda xalçadan məyus yola salaraq yarımfinala yüksəlib. Əzimov isə Moldovanın digər təmsilçisini "tuşe" ilə sıradan çıxarıb. Lakin azərbaycanlı hər iki güləşçi yarımfinaldakı rəqiblərinə uduzub. Hacıyev daha sonra almaniyalı güləşçini çətinlik çəkmədən məğlub edərək bürünc medala sahib olubsa, Əzimov israilli idmançıya da yenilərək 5-ci yerlə kifayətlənib.
86 kq-da Abubakr Abakarov debütdə Rusiya idmançısına yenilib. Təsəlliverici görüşdə polşalı rəqibini çətinliklə üstələyən Abakarov bürünc medal uğrunda mübarizədə İsveçrə təmsilçisi üzərində də qələbə qazanıb.
92 kq-da iştirakçı sayı az olduğu üçün dairəvi sistemdən istifadə olunub. Osman Nurməhəmmədov ilk görüşdə gürcüstanlı rəqibinə tam üstünlüklə qalib gəlib. İkinci görüşdə isə o, Almaniya idmançısını vaxtından əvvəl məğlub edib. Daha sonra polşalı güləşçi ilə bacarmayan Nurməhəmmədov bunun əvəzini İsveçrə təmsilçisindən çıxıb. Yekunda qazandığı 3 qələbə ona gümüş medal bəxş edib.
97 kq-da mübarizə qrup sistemi ilə baş tutub. Şərif Şərifov ilk görüşdə Gürcüstan idmançısına uduzub. Ancaq daha sonra o, rumıniyalı güləşçiyə çətinlik çəkmədən qalib gəlib. Təəssüf ki, olimpiya, dünya və Avropa çempionu olan Şərifov zədə üzündən mübarizəni davam etdirə bilməyib.
Sərbəst güləşçilərin yeni baş məşqçi Namiq Abdullayevin rəhbərliyi altında ilk yarışını müsbət qiymətləndirmək olar. Hazırda milli nəsildəyişmə prosesi ərəfəsindədir. Tokio Olimpiadasından sonra yığmada əksər çəkilərdə yeni adların olacağı gözlənilir.
Yunan Roma güləşçilərinin daha uğurlu çıxışı
Nitsada yunan-Roma güləşçilərimiz daha uğurlu çıxış edib. 60 kq-da A qrupunda yer alan Murad Məmmədov ilk görüşdə ispaniyalı idmançını elə ilk hissədə tam üstünlüklə məyus edib. Portuqaliyalı rəqibini də cəmi 2 dəqiqəyə üstələyən Məmmədov qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. B qrupundakı təmsilçimiz Murad Bazarov isə debütdə İspaniyanın bayrağı altında çıxış edən erməni güləşçiyə gücünü göstərib. Növbəti görüşdə türkiyəli güləşçiyə məğlub olaraq qrup ikincisi kimi yarımfinala adlayıb. Finalın bir addımlığında yığma üzvləri üz-üzə gəlib və Məmmədov sevinən tərəf olub. Bazarov ispan güləşçini devirərək bürünc medala sahib olubsa, türk həmkarına uduzan Məmmədov gümüş medalla kifayətlənib.
Mübarizəyə 1/4 finaldan qoşulan Namaz Rüstəmov yerli güləşçiyə minimal fərqlə uduzub. 67 kq-dakı digər təmsilçimiz İslambek Dadov Fransanı təmsil edən türk güləşçini vaxtından əvvəl məğlub edərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında Fransa güləşçisinə minimal fərqlə uduzub. Rüstəmov ilk təsəlliverici görüşdə Avstriya təmsilçisini xalçaya çıxmağa peşman edib.
Növbəti qarşılaşmada isə ispan həmkarına heç bir şans tanımayıb. Bürünc medal uğrunda qarşılaşan milli üzvlərinin duelindən isə Dadov qalib ayrılıb.
Sənan Süleymanov ilk mərhələdə gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Fransanı təmsil edən erməni güləşçiyə də gücünü göstərən pəhləvanımız yarımfinala yüksəlib. Türkiyə güləşçisiylə görüşdə xalların keyfiyyətinə görə qarşı tərəf qalib elan olunub. Sənan gürcü rəqibinə növbəti dəfə qalib gələrək bürünc medalla təsəlli tapıb.
Rafiq Hüseynov qrupdakı ilk qarşılaşmasında avstriyalı güləşçini çətinlik çəkmədən məğlub edib. Türkiyəli pəhləvandan da güclü olan təcrübəli idmançımız B qrupunun qalibi kimi yarımfinala vəsiqə qazanıb. Türkiyənin daha bir təmsilçisini sıradan çıxaran 2 qat Avropa çempionumuz adını finala yazdırıb. Son qarşılaşmada Türkiyənin daha bir nümayəndəsi ilə qarşılaşan Rafiq sonuncu xal prinsipinə əsasən gümüş medalçı olub.
İslam Abbasov ilk görüşdə gürcü həmkarına qalib gəlib. Hollandiya güləşçisi də həmyerlimizin qarşısında duruş gətirə bilməyib. Yarımfinalda ABŞ güləşçisini məyus edən Abbasov finala yüksəlib. Türkiyə güləşçisiylə baş tutan son qarşılaşmadan da üzüağ çıxan İslam fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Murad Lokyayev A qrupunda keçirdiyi ilk görüşdə Fransa idmançısına vaxtından əvvəl qalib gəlib. Lokyayev Polşa güləşçisinə də eyni aqibəti yaşadıb. Avstriya idmançısının da öhdəsindən gələn Murad yarımfinala qrup lideri kimi yüksəlib. Yığma üzvü Avstriya güləşçisini də məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə gürcü rəqibiylə bacarmayan millimizin üzvü gümüş medalı boynundan asıb.
Sabah Şəriəti ilk görüşdə çilili güləşçiyə məğlub olub. Rio Olimpiadasının bürünc medalçısı gürcü rəqibini minimal fərqlə üstələyərək gümüş medala sahib çıxıb.
Ümumilikdə yarışda iştirak edən 9 yunan-Roma güləşçimizdən 8-i fəxri kürsüyə qalxıb. Millimiz Qran Pridə 1 qızıl, 4 gümüş və 3 bürünc medal əldə edib. Komandamız bu nəticəylə 160 xalla ikinci yeri tutub.
Fransadakı turniri güləşçilərimizin aktivinə yazmaq olar. Liderlərin zədəli olmasına baxmayaraq pəhləvanlarımız Nitsada 13 medal qazanmaqla yaxşı nəticə qazanıb. Bununla belə, 13 medalın əldə olunması yığmadakı problemləri unutdurmamalıdır. Pandemiyaya görə əksər ölkələrin Fransaya gəlməməsi, bəzi titullu güləşçilərin turnirdə iştirak etmədiyi qeyd olunmalıdır.
MƏSLƏHƏT GÖR: