Müəllif: Nigar ƏLİYEVA
Koronavirus pandemiyası və karantinlə bağlı yaranmış durum üzündən uşaq və yeniyetmə rəqs qrupları da çətin vəziyyətə düşüb. Əlbəttə, müəllimlər və uşaqlar bu vəziyyətdə "üzdə qalmağa" çalışdılar - videorabitədən istifadə edirdilər və evdə məşğul olurdular, amma... Rəqqaslara məkan lazımdır, istənilən bir hərəkət nəzarət altında olmalı və ansamblla birgə, sadəcə, ahəngdar hərəkət etməlidir. Peşəkar rəqslə məşğul olan bir insan idmançı kimi yaxşı fiziki formada olmalıdır, çünki bədən onun alətidır. Müxtəlif səviyyəli müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın vizit kartı olan tanınmış uşaq rəqs qruplarımız işlərin öhdəsindən necə gəlir?! Həmsöhbətlərimiz rəhbərlər və müəllimlərdir – təcrid şəraitində yaradıcılıqdan danışdılar və cari il üçün planlarını bölüşdülər.
«Asiman» ansamblı
1996-cı ilin martında yaradılıb. Bu il 25 yaşı tamam olur. Kollektivin ilk konserti yaradıldıqdan bir il sonra baş tutub və ilk qastrolu 1998-ci ildə Xarkovda (Ukraynada) baş tutub. "Asiman"ın bir neçə yaş qrupundan ibarət kollektivi yaxşı günlərdə, demək olar ki, 120 nəfərdən ibarət olub. Böyük yaşlı qrupun artıq peşəkar olan artistləri öz yolların hələ məktəbəqədər yaşda ikən "Asiman"da başlayıblar.
Öz yaradıcılıq fəaliyyəti dövründə "Asiman" Heydər Əliyev Sarayının səhnəsində 20 solo konsert keçirib. Kollektivin ehtiyatında ən azı 15 müxtəlif quruluşlu rəqs var – çağdaş xoreoqrafiya, dünya xalqlarının rəqsləri, Qafqaz və əlbəttə ki, Azərbaycan rəqsləri, bununla belə, repertuar hər il yenilənir. Ansamblın yaradıcıları Vahid SƏLİMOV – direktor və oğlanlar üçün müəllimdir, həmçinin Rasita ƏLİYEVA - bədii rəhbər və qızlar üçün müəllimdir.
Bildirmək gərəkdir ki, ansambl, demək olar ki, bütün dünyanı gəzib. 1998-ci ildən bəri beynəlxalq müsabiqə və festivallarda iştirak edən kollektiv dəfələrlə mükafat qazandı. Səfərlərin geniş coğrafiyasına Türkiyə şəhərlərinə turne, Bolqarıstanda «Qara dəniz» festivalının Qran Prisi, Yunanıstanda birinci yer, İspaniyada ikinci yer, İtaliyada festivalın diplomu, Avstriya, Misir, Rusiya və Ukraynada çıxışlar daxildir. 2016-cı ildən bəri kollektiv Azərbayan Rəqs Assosiasiyasının keçirdiyi respublika müsabiqələrində iştirak edir və onların hər birində Qran Pri qazanır. Həmçinin ansambl paytaxtın əsas səhnəsində Yeni il və Novruz bayramına həsr olunmuş tamaşaların daimi iştirakçısıdır.
- Rasita xanım, “Asiman” ansamblının məşq prosesini nə vaxt dayandırmağa məcbur oldunuz?
- Məşğələlər 2020-ci il mart ayının əvvəlində orta məktəblər bağlandıqdan sonra dayandı.
- Karantin üzündən hansı plan və layihələriniz dayandı?
- 2020-ci ilin ikinci yarısı üçün bizim böyük planlarımız var idi: biz ansamblın rəhbərləri olmaqla yanaşı, həm də «KhazarFolk» beynəlxalq festival-müsabiqəsinin təşkilatçılarıyıq. 2019-cu ildə birinci festival baş tutmuşdu və Heydər Əliyev Sarayının səhnəsində çox yüksək səviyyədə keçirilmişdi. İştirakçılar Rusiya, Gürcüstan, Latviya, Bolqarıstan və başqa ölkələrdən gəlmişdilər. Müsabiqənin münsiflər heyətinin üzvləri dünyanın müxtəlif ölkələrinin nüfuzlu və hörmətli nümayəndələri idilər. Festivalın Qran Pri mükafatı "Asiman" ansamblının böyüklər qrupuna Üzeyir Hacıbəyovun musiqisi altında "Azərbaycan suitası" rəqsinə verildi. 2020-ci ilin iyun ayında bu festivalın daha geniş miqyaslı keçirilməsi düşünülürdü, daha çox komanda və qonaq iştirak edəcəyini bəyan etmişdi. Mart ayında ənənəvi olaraq Novruz bayramını qeyd etməyə hazırlaşdıq və aprel ayında kollektiv Antalyada (Türkiyə) beynəlxalq "23 Nisan" festivalında iştirak etmək üçün toplanmışdı. Ancaq yenə də ən böyük zərbə bizim «KhazarFolk» festivalımızın pozulması oldu – ona 500-dən çox insan gəlməli idi. Bunlar Başqırdıstandan dörd kollektiv, Baltikyanı ölkələrdən, Rusiyadan, Bolqarıstandan gələn ansambllar olmalı idi. Bizim uşaqlarımız kollektivdə baş verənlərlə yaşamağa, yarışlarda iştirak etməyə, səhnədə çıxış etməyə alışmışdılar. Birdən birə hər şey bitdi!
Məşq prosesinin dayandırılması, çıxışların ləğvi - bütün bunlar uşaqlarda stress yaratdı. Əlbəttə ki, biz distansion məşğul olmağa çalışırdıq ki, aritstlərimiz formadan düşməsin. Ancaq məktəblərdə onlayn dərslər çox vaxt uşaqların vaxtilə üst-üstə düşmür, fərqli dərs cədvəlləri sistemli dərslərin aradan qalxmasına gətirdi. Çox sayda uşağın sadəcə kompüteri, interneti və lazımi şəraiti olmadığından evdə distansion məşğul olmağa imkanı yox idi.
- Başqa rəqs qrupları karantini necə keçirirdilər, məlumatınız varmı?
- Bizim hamımızda oxşar vəziyyətdir. Başqa kollektivlərin uşaqları və müəllimləri də tam olaraq eyni psixoloji stresi də yaşadı: sadəcə, bu qeyri-müəyyənlik, virusun özü barədə məlumatlar, sevdiyin işlə məğul ola bilməmək, səhərlər sevdiyiniz işə gedə bilməmək. yeni bir rəqsə köklənə bilməmək qorxu doğurur. Bizim kimi bir çox qrup da aprel ayında Türkiyədə beynəlxalq festivala hazırlaşırdı, bizim «KhazarFolk»da iştirak etməyi planlaşdırdılar və onların planları da pozuldu. Bəli, yəqin ki, kollektivlərin karantin dövründə qarşılaşdığı maddi problemləri də yada salmaq lazımdır.
- Açıq havada məşq etməyi necə, yoxlamısınızmı?
- Çalışdıq - parklarda, açıq meydançalarda sınadıq. Ancaq bu dərslərə, sözün əsl mənasında, gəlməyə cürət edən az sayda uşaq qatıldı. Bir çox valideynlər başqa uşaqlarla görüşməmələri üçün virusa görə övladlarını buraxmağa qorxurdular. Beləcə, bir neçə ay məşq etdik, sonra hava pisləşəndən sonra dərsləri dayandırmaq məcburiyyətində qaldıq. Biz səbirsizliklə idman salonlarının açılmasını gözləyirik ki, uşaqlarımızın alışılmış həyat tərzi qayıtsın.
- Məşğələlərdəki bu qədər uzun fasilə gənc artistlər üçün necə nəticələnə bilər?
- Mən bu barədə birmənalı hökm verə bilmərəm, problemin bir çox amilləri var, amma bir şeyi dəqiq bilirəm: itkiləri bərpa etmək çox çətindir. Bu, kollektivin hər bir artistinin fərdiliyindən asılıdır: bəziləri üçün 3-4 ay gərgin zəhmət yetərlidir, bəziləri üçün yarım il lazımdır, çünki bizim proqramımız çox mürəkkəbdir. Məsələn, ansamblın orta yaş qrupu üçün quruluşlar daha mürəkkəbdir ki, bunun üçün klassik məşq, yaxşı fiziki forma gərəkdir. Bu, bəziləri üçün yeri dolmayan bir itki olaraq qala bilər. Əgər fiziki amil bir kənara qoyulsa belə, buna əlavə psixoloji amil də var. Uşaqların çoxu sadəcə tənbəlləşib, həvəsləri sönüb və karantindən əvvəl məşğul olduqları artıq onları maraqlanlırmır. Bəlkə də, bu müddət ərzində başqa bir şeylə maraqlanıblar. Konsertlər, müsabiqələr, məşqlər uşaqları əlverişli bir gərginlikdə saxlayırdı, onlar yaşantıları, duyğuları ilə alışırdılar, boş vaxtları az olurdu. Birdən birə hər şey bitdi. Buna görə rəqslə, gimnastika ilə və digər idman növləri ilə məşğul olan uşaqların otuz faizi studiyalarına və ya seksiyalarına qayıtmırsa, mən buna təəccüblənmərəm. Ancaq nikbin olmaq istəyirəm, inanıram ki, biz kollektivimizi yenidən bir araya yığa biləcəyik, köhnə kompozisiyalarımızı xatırlayacağıq, yeni rəqslər qoya bilərik.
- Kollektivin bu il üçün nə kimi planları var?
- Bu il bizim ansamblımızın 25 yaşı tamam olur, bununla bağlı möhtəşəm planlarımız var idi. Hətta indinin özündə də ümid edirik ki, yaz aylarında zallar açılacaq və üç aydan sonra əvvəlki formamızı bərpa edə biləcəyik, bizim rəqs quruluşlarını bərpa edəcəyik. Bizim böyük yaradıcılıq düşüncələrimiz var, amma bütün bunlar məşğələ üçün fürsət olmamasına görə dirənib. Biz tez-tez başqa ölkələrdən olan həmkarlarımızla danışırıq, onlarda da vəziyyət oxşardır, hardasa daha yaxşı, hardasa daha pisdir, amma onların hamısı yubileyimiz, «KhazarFolk 2021» festivalı üçün Bakıya gəlməyi arzu edir. Yalnız planlarımızı gerçəkləşdirə biləcəyimizə inanmaq qalır. Ən yaxşısına ümid edəcəyik!
«Zirvə» ansamblı
Azərbaycan Təhsil Nazirliyi yanında 5 saylı Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinə bağlıdır. Kollektivin müəllimləri: Azərbaycanın xalq artisti Cəmilə Bayramova, Natəvan Musayeva və Natella Həsənova. Natella xanım HƏSƏNOVAnın dediyinə görə, ansambl 2005-ci ildə qurulub.
- "Zirvə" ansamblının karantindən əvvəlki həyatı necə idi və qapanma dövründə necə məşq etdiniz?
- Bildiyiniz kimi, kollektivimizin yaşı çoxdur, bu müddət ərzində uşaqlarımız çox çıxış ediblər, həm respublikada, həm də xaricdə müxtəlif müsabiqələrə qatılıblar: Gürcüstanda, Türkiyədə, Rusiyada və başqa ölkələrdə çıxış ediblər. Ansambl həmişə priz yerləri qazanıb. Məşğələlər mart ayının əvvəlində dayandı, baxmayaraq ki, mərkəzimizin əsaslı təmirdən sonra açılışın fəal hazırlaşırdıq. Kollektiv Təhsil Nazirliyinə məxsus olduğundan, qurumun müəyyən bir sərəncamına qədər uşaqlarla açıq havada işləmək bizə qəti qadağan edildi. Hətta ötən ilin sentyabrından məktəblər işə başlamasına baxmayaraq, uşaq yaradıcılıq mərkəzləri bağlanmışdı və pandemiya ilə bağlı vəziyyətin necə inkişaf edəcəyini gözləyirdilər. Daha sonra ərazilərimizin işğaldan azad edilməsi üçün müharibə başladı, bu səbəbdən hər hansı bir məşğələdən, işğaldan söhbət gedə bilməzdi. Daha sonra pandemiya sürət almağa başladı, buna görə dərslər heç cür başlaya bilmədi.
- İmtina etməli olduğunuz planlardan danışın.
- Plan çox idi. Aprel ayında biz Antalyadakı beynəlxalq "23 Nisan" festivalına getməliydik. Məsələ burasındadır ki, fasilə ilə bağlı yuxarı sinif şagirdlərindən ibarət böyük qrupumuz, yəqin ki, ansambla qayıtmayacaq. Bu da başa düşüləndir, məktəbi bitirəcəklər və universitetlərə gedəcəklər. Ancaq ümid edirik ki, orta qrup heyətinin ən azı 90%-i ansamblda məşqlərə davam edəcək. Yeni qəbul bütün yaş qruplarında həyata keçiriləcək.
Karantin mənəvi və psixoloji baxımdan uşaqlara, xüsusilə yaradıcı şəxslərə çox güclü təsir edir. Çəkiləri artır, formalarını itirirlər, bu, kədərlidir.Bu, rəqqaslar üçün inanılmaz dərəcədə çətin olsa da, onlayn işləməyə davam etdik: məkan, hərəkət sərbəstliyi üçün şərait lazımdır, bəzi uşaqlarda isə məşğələ üçün şərait yoxdur. Buna görə alışılmış formaya qayıtmaq çətin olacaq. Bununla belə, uşaqlar davam etmək üçün kollektivə qayıtmağı səbirsizliklə gözləyirlər. Düzdür, keçən il bir neçə onlayn tədbirdə iştirak etdik və fəxri yerlər tutduq. Təmsilçimiz Mədinə Səmədova "Üç Alov" beynəlxalq festivalında 250 iştirakçı arasında 3-cü yeri tutdu, böyüklər yaşlı qrupun üzvü Səma Hüseynzadə isə "Rəqs" nominasiyasında respublika onlayn müsabiqəsində birinci oldu.
"Alov" ansamblı
Qara Qarayev adına İncəsənət Məktəbinin müəllimi Emil PƏNAHOV bildirib ki, təhsil ocağında yaradılan "Alov" ansamblı 8 yaşındadır. Komanda dərhal müsabiqələrdə, festivallarda və dövlət tədbirlərində iştirak etməyə başlayıb. Uşaqlar dəfələrlə Azərbaycanda və xaricdə Qafqaz Kubokunun müxtəlif nominasiyalarında çempionları və mükafatçıları olublar.
Kollektivin tarixində MDB ölkələrinə və uzaq xaricə çox sayda qastrol, səyahət olub. Ancaq mart ayında Novruz bayramı ilə bağlı tədbirləri, məşğələlər ləğv edilməli oldu və bundan uşaqları üçün öz hesablarına paltar tikən valideynlər zərər çəkdi. E.Pənahovun sözlərinə görə, onlar yenidən yaratmaq lazım gələcək. Fiziki forma baxımından hər şey o qədər də pis deyil. Kollektiv imkan daxilində formanı qoruyur, açıq havada məşğul olmasa da, videorabitə ilə məşq edir. Yeri gəlmişkən, «Alov» kollektivinin üzvləri onlayn müsabiqələrdə iştirak ediblər.
Məsələn, Moskvada "Sağ ol deyək -2020" beynəlxalq gənclik yaradıcılıq festival-müsabiqəsində Amal Əhmədulin solo rəqsi ilə birinci yer tutub. Bundan əlavə, İsrailin «Holy Land» festivalında Amal Əhmədulin və Eliana Pənahova "Xalq rəqsinin stilizasiyası" nominasiyasında müsabiqənin ən yaxşı dueti kimi tanınıblar. Müharibə zamanı kollektiv Azərbaycanın parlaq qələbəsinə həsr olunmuş kiçik videoçarxlarda çəkiliblər, bundan başqa, kiçik yaradıcılıq layihələrində rəqqas kimi iştirak ediblər. Eliana Pənahovanın sözlərinə görə, üzücü olan yeganə şey pandemiya ilə bağlı vahimədir, çünki valideynlər kütləvi məşqlərdən qorxurlar. Uşaqlar isə darıxır və məşğələlərin bərpasını səbirsizliklə gözləyirlər.
MƏSLƏHƏT GÖR: