19 Dekabr 2024

Cümə axşamı, 09:49

ƏSAS MƏSƏLƏ

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapovun «Region plus»a eksklüziv müsahibəsi

Müəllif:

01.02.2021

 

Ölkələr arasında ticari və iqtisadi əlaqələrin inkişafında ticarət nümayəndəliklərinin rolu əvəzolunmazdır. Məhz onların öhdəlikləri sırasına ixracatçılara yeni bazarlara çıxmaqda kömək etmək, öz ölkələrinə sərmayə cəlb etmək və dövlətlər arasında uzunmüddətli iqtisadi tərəfdaşlıq münasibətlərini qurmaq daxildir.

Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi bu funksiyaların öhdəsindən yetərincə uğurla gəlib, qurum yalnız 2020-ci ildə ölkəmizdəki sahibkarların 500-dən çox sorğusu üzərində işləyib. Bununla yanaşı, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan MİRSAYAPOVun “Region plus”a verdiyi müsahibəsində bildirib ki, Azərbaycanda ixrac əqdlərinin həcmi, təxminən, 30 milyon dollar təşkil edib. Bu isə Rusiya Ticarət Nümayəndəliyinin və Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin bazasında yaradılmış Rusiya İxracına Dəstək Qrupunun gördüyü işin konkret nəticəsidir.

- Ölkələrimiz arasında qarşılıqlı ticarəti-iqtisadi münasibətləri göstəriciləri barədə nə deyə bilərsiniz? Rusiya Azərbaycanda hansı böyük investisiya layihələri həyata keçirib və ya keçirməkdə davam edir?

- Qarşılıqlı ticarət dövriyyəsinin dinamikası inkişaf üçün böyük potensiala malikdir. Bunun xeyli hissəsini hazırda qeyri-xammal, qeyri-enerji məhsullarıdır: hazır maşınqayırma məhsulları, metal prokatı, qida sənayesi, aqrar istehsal məhsullarıdır. Burada hər şey şaxələndirilib, çox sayda orta və kiçik şirkətlər fəaliyyət göstərir – sayları artıq bir neçə yüzə çatır. Hesab edirəm ki, ilin birinci yarısında 2019-cu ilin səviyyəsinə çata biləcəyik.

Azərbaycanda Rusiya kapitalının iştirakı ilə çox sayda şirkət fəaliyyət göstərir, onlarla şirkət yetərincə böyükdür və ölkə vətəndaşlarını yeni iş yerləri ilə təmin edir. LUKOIL, KDV qrupu, VTB Bank uzun müddətdir ki, Azərbaycanda fəal işləyir.

Azərbaycanda fəaliyyət göstərən Rusiya şirkətləri hərtərəfli dövlət dəstəyi alır, Azərbaycanın sənaye parkları layihəsinə qoşulurlar. Belə ki, bu il Pirallahı sənaye parkında «R-Pharm» zavodunun tikintisini başa çatdırmaq və Azərbaycan istehsalı olan dərman preparatlarının geniş miqyaslı istehsalına başlamaq planlaşdırılır. Texnologiya transferi sayəsində yeni müəssisə onkoloji, hematoloji, autoimmun və endokrin xəstəliklərin müalicəsi, İİV /QİÇS-in müalicəsi, müxtəlif növ virus hepatitlərin və digər xəstəliklərin müalicəsi üçün çağdaş yüksək effektiv dərman vasitələri istehsal edə biləcək. Zavodun layihə gücü ildə 250 milyon qutu olacaq.

Hacıqabul sənaye parkında «QAZ Qrupu»nu və «Azermaş» şirkəti tərəfindən ticari və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə birgə zavodu tikilib. Yaxın zamanlarda zavodda "Xazar-NEXT" yüngül ticari avtomobillərinin yığılmasına başlanacaq. Müəssisə ildə 1000-ə qədər avtomobil istehsal ediləcək.

Sənaye məhəlləsində istilik izolyasiya materialları istehsalı üzrə zavod inşa ediləcək. Bu həm də Azərbaycan üçün önəmli bir layihədir. «PENOPLEKS» şirkəti ilk başdan qonşu ölkələrə - Gürcüstan, İran və Rusiyanın cənub bölgələrinə hazır məhsul tədarük etməyi nəzərdə tutur.

Zabratda helikopterlərə texniki xidmət üçün «ASG Helicopter Services» adlı birgə servis mərkəzi tikilir və iki il ərzində tam gücü il işə salınacaq.

Hazırda kənd təsərrüfatı və yol tikinti texnikasının birgə istehsalı layihələri müzakirə olunur.

Rusiya şirkətləri Azərbaycanda uzunmüddətli əsasda işləməyə, yerli istehsal yaratmağa, iş yerləri açmağa və ölkə büdcəsinə vergi ödəməyə hazırdır.

- 2020-ci ildə Azərbaycan Ermənistanın işğal etdiyi Qarabağ ərazilərini geri aldı. Azərbaycan Prezidenti İlham Əliyev bütün dost ölkələri bu bölgənin infrastrukturunun və iqtisadiyyatının bərpasında kömək etməyə çağırdı. Rusiya iş adamları və dövlət qurumları buna necə reaksiya verdi? Rusiya tərəfi bu məsələdə maraqlıdırmı?

- Siz bilirsiniz ki, bölgədəki bütün iqtisadi və nəqliyyat kommunikasiyalarını açmaq üçün birgə layihələr hazırlamaq üzrə üçtərəfli İşçi Qrup yaradılıb. Bu, 11 yanvarda Moskvada aparılan danışıqların konkret nəticəsidir.

Ölkələrimizin prezidentlərinin bəyanatına görə, 1 mart tarixinə qədər İşçi Qrup konkret fəaliyyət planı hazırlamalı və təqdim etməlidir.

Rusiya biznesi, şübhəsiz ki, Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır. Rusiya Ticarət Nümayəndəliyi hər gün xidmətlərin göstərilməsi, mal və texnologiyaların təchizi üzrə təkliflər alır. Bunlar infrastrukturun inkişafı, sənaye və mülki inşaat, nəqliyyat dəhlizlərinin təşkilinə aiddir.

Birinci mərhələdə Qarabağ bölgəsində şirkətlərin fəaliyyəti üçün tam təhlükəsizliyin təmin edilməsi başlıca sayılır. İndi bu iş Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) gücləri tərəfindən azərbaycanlı həmkarları ilə birlikdə aparılır. İşin ikinci əsas məqamı nəqliyyat dəhlizlərinin açılmasıdır. O cümlədən, dəmir yollarında bu istiqamətdə artıq ətraflı işlər aparılır, "Azərbaycan Dəmir Yolları" QSC və "Rusiya Dəmir Yolları" ASC-dən olan həmkarlarımız daim əlaqə saxlayırlar.  

- Rusiya və Azərbaycan prezidentləri bölgədə yeni bir əməkdaşlıq formatı yaratmaq imkanından danışırlar. Yaxın gələcəkdə bu nə dərəcədə realdır?

- Bu, ciddi bir geosiyasi işdir və bölgədə bir sıra ölkələrin strategiyasının və planlarının sinxronlaşdırılmasını tələb edir. Rusiya və Azərbaycan çoxtərəfli formatda, məsələn, MDB formatında müsbət əməkdaşlıq təcrübəsinə malikdirlər.

Düşünürəm ki, müxtəlif layihələrdə müxtəlif sayda ölkələr iştirak edəcək. Əgər biz Şimal-Cənub layihəsindən danışırıqsa, deməli, bu, Azərbaycan, Rusiya, İran deməkdir, ancaq Şərqdən Qərbə gedən dəmir yollarından söhbət gedirsə, deməli, mövzu Azərbaycan, Türkiyə, Gürcüstandır.

Kəsişən marşrutlar nəzərə alınarsa, bütün maraqlı ölkələr üçün geniş perspektivlər açılır. Hər konkret layihə üçün ideal bir format seçiləcəyini düşünürəm.

- Rusiyanın Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri layihələrinin, xüsusən də “Şimal-Cənub” layihəsinin həyata keçirilməsindən gözləntiləri nədir?

- Rusiya şirkətlərinin Azərbaycan ərazisindəki logistika layihələrində iştirakı Rusiyanın Azərbaycana ixracatda lider mövqeyini gücləndirəcək, bölgə ölkələrinin bazarlarında iş üçün yeni imkanlar yaradacaq. Rusiya şirkətlərindən Azərbaycanın logistika layihələrində Rusiya Dəmir Yolları iştirak edir. Yük daşımaları, o cümlədən Azərbaycan ərazisindən üçüncü ölkələrə tranzit daşımalar da daxil olmaqla, Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının bayrağı altında birləşmiş nəqliyyat və logistika şirkətləri tərəfindən həyata keçirilir.

İstehsalçıların və ixracatçıların sərhədləri keçməsi nə qədər asan və sürətli olarsa, hamı üçün bir o qədər əlverişli olar.

2019-cu il Azərbaycandan keçən yük axınları ilə bağlı müsbət trend nümayiş etdirib. Bu sıraya həm «Şimal-Cənub», həm TRASEKA, həm TMTM (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu), həm də Bakı-Tbilisi-Qars layihələridir. Marşrutdan asılı olaraq yük dövriyyəsi 30-70% artıb. 2020-ci il üçün bu layihələr üzrə məlumat hələ alınmayıb.

Keçən ilin sonunda Türkiyədən gələn ilk qatar Çinə çatdı, daha sonra Çin dəmir yolları bildirib ki, Avropaya yük dolu ilk qatarı çatdırıblar. Bütün bunlar Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri sayəsində baş tutub. Əminəm ki, 2021-ci il bizə yeni müsbət nəticələr gətirməlidir.

Biz logistika da daxil olmaqla böyük dəyişikliklər dövründə yaşayırıq. Məhsul son istehlakçıya nə qədər tez çatarsa, bir o qədər keyfiyyətli, ucuz və yüksək rəqabətli olar. Bu nəqliyyat dəhlizlərini daha da inkişaf etdirə bilməməyimiz üçün ciddi bir maneə görmürəm.

- 2020 koronavirus epidemiyası ilə bağlı qlobal böhranla yadda qalacaq. Böhran bu il ölkələr arasındakı ticarət həcminə necə təsir edib?

- Əlbəttə, pandemiya iş adamlarının ölkələrimiz arasında qarşılıqlı ticarətin artırılması üzrə planlarına öz düzəlişlərini edib. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2020-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsində 11,6% azalma olub, bu, Azərbaycanla dünya ölkələri arasında ticarət həcminin 26,5% azalması fonunda baş verib. Rusiya ilə xarici ölkələr arasında ticarət dövriyyəsi isə 2020-ci ilin 11 ayında 16,3% azalıb.

Bu fonda biz hər gün İxracın və Sərmayələrin Təşviqi Fondun AZPROMO-dan, Rusiyadakı Azərbaycan Ticarət Nümayəndəliyindən, gömrük xidmətlərindən olan həmkarlarla, həmçinin konkret ixracatçılarla qarşılıqlı əlaqələr qururuq. Birlikdə səylərimizlə biz ticarət dövriyyəmizdə kəskin azalmaya imkan vermədik, ilin birinci yarısı ərzində ticarət dövriyyəsi həcminin ən azından 2019-cu il göstəriciləri səviyyəsində bərpa olunacağına ümid edirik.

- Bu yaxınlarda biz Azərbaycan tərəvəz və meyvələrinin Rusiyaya girişində növbəti qadağa ilə qarşılaşdıq. Bu böhrandan çıxmaq mümkün oldumu? Gələcəkdə bu cür vəziyyətlərin yaranmaması üçün hansı tədbirlər görülməlidir?

- Ərzaq təhlükəsizliyi məsələləri hər bir ölkə üçün vacibdir. Bu normaldır. Azərbaycanın səlahiyyətli qurumları da idxal olunan məhsullarda zərərvericilərin aşkar edildiyi halda, Rusiya da daxil olmaqla, başqa ökələrdən tədarükü məhdudlaşdırır.

Ölkələrimizin arasında dövriyyədə önəmli bir pay kənd təsərrüfatı və ərzaq məhsulları tutur ki,onların istehsalı, saxlaması və nəqli üzrə şərtlər çox vacibdir. Bu və ya başqa məhsulun idxalına qoyulan qadağa ilə bağlı mənfi məqamları daha da azaltmaq üçün qarşılıqlı münasibətləri gücləndirmək lazımdır. Ölkələrimizin səlahiyyətli qurumları (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və «Rosselxoznadzor») arasında birbaşa dialoq qurulub.

Yaxın gələcəkdə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nümayəndəsi - kənd təsərrüfatı attaşesinin Bakıda daimi əsaslarla işə başlayacağını gözləyirik. Onun burda olması qurumlararası əməkdaşlığı gücləndirməyə, məsələləri kritik hala gəlməzdən əvvəl vaxtında həll etməyə imkan verəcək.

Bu, ümumdünya təcrübəsidir, amma Rusiya üçün yenidir. İndi ölkəmiz Rusiya kənd təsərrüfatı məhsullarının prioritet idxalçıları siyahısında ilk 25 ölkəyə kənd təsərrüfatı attaşeləri göndərməyə hazırlaşır.

Həmçinin, yaxın vaxtlarda Rusiya gömrük nümayəndəsinin gəlişi də gözlənilir və uyğun anlaşma artıq imzalanıb. Azərbaycan Gömrük Komitəsinin də öz nümayəndəsini Rusiyaya göndərmək imkanı var.

Rusiyanın Bakıdakı diplomatik nümayəndəliyinə bu cür mütəxəssislərin gəlməsi bir çox məsələlərin operativ həll olunmasına imkan yaradacaq.

- Böyük bazarlara, o cümlədən Rusiya bazarına çıxmaq istəyən bir çox kiçik və orta Azərbaycan müəssisəsi var. Onlara nə məsləhət verərdiniz?

- Rusiyanın kiçik müəssisələrə ixracla bağlı dəstək təcrübəsini nəzərə alaraq deyə bilərəm ki, bu iş Azərbaycanda çox effektivdir. Bu sıraya daim qarşılıqlı əlaqədə olduğumuz AZPROMO, Kiçik və Orta Biznesə Dəstək Agentliyi və ümumilikdə ölkənin İqtisadiyyat Nazirliyi daxildir.

İxracat üçün, ilk növbədə, müəyyən bir bacarıq toplusuna ehtiyac var. Bu, daxili bazarda işləməklə müqayisədə daha mürəkkəb fəaliyyət növüdür. Mütləq ölkələrin gömrük, valyuta tənzimlənməsi və bir çox digər sahələrdə qanunvericiliyini bilmək vacibdir. Məsləhət dəstəyi üçün Azərbaycanda ixtisaslaşmış təşkilatlarla əlaqə saxlamağı məsləhət görərdim. Bu, ilk mərhələdə istehsalçı üçün çox vacibdir. Növbəti mərhələ bu və ya digər məhsul istehsalçılarının hüquqlarını kollektiv şəkildə müdafiə edəcək, bir-birlərinə kömək edəcək, təcrübə mübadiləsi edəcək hansısa bir assosiasiyada birləşməsi ola bilər. İxrac üçün birləşərək logistika, gömrük prosedurları və s. ilə bağlı məsələləri həll etmək daha asandır.

Digər tərəfdən, Azərbaycan bazarına girmək istəyən çox sayda Rusiya müəssisəsi var, çünki bu bazar ruslar üçün çox maraqlı və daha başa düşüləndir. Buradakı rəqabət, hətta rus şirkətlərinin özləri arasında da çox yüksəkdir. Həm də MDB, Avropa, Türkiyə şirkətləri var. Azərbaycanlı istehlakçı yetərincə diqqətlə seçir: qiymətinə, keyfiyyətinə, qablaşdırmasına görə və s. Ona görə də Azərbaycan bazarına dərhal daxil olmaq asan deyil.

- Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr regional səviyyədə də inkişaf edir, hər il bölgələrarası Rusiya-Azərbaycan forumları keçirilir. Bu əməkdaşlıq necə inkişaf edir, Rusiya bölgələri və Azərbaycan üçün hansı yararlar vəd edir?

- Ötən il bu istiqamətdə bir çox tədbirlər planlaşdırmışdıq. Pandemiya üzündən nümayəndə heyətlərinin üz-üzə mübadiləsi alınmadığından, hər şey onlayna keçirildi. Biz Rusiyanın bölgələri üçün çox sayda məsləhətləşmələr apardıq, onlayn biznes görüşləri apardıq. Əsas nəticə xarici ticarət müqavilələrinin bağlanması oldu.

Rusiya subyektləri iqtisadi potensial baxımından fərqlidirlər, lakin onların çoxu üçün Azərbaycan əsas tərəfdaşlardan biridir. Burada yalnız ticarət sektorunda deyil, həm də humanitar və təhsil sahələrində layihələr həyata keçirilir.

Bu yaxınlarda bizdə Primorsk diyarının şirkətləri ilə onlayn görüş keçirildi - onlar da Azərbaycanla işləmək istəyirlər. Ənənəvi olaraq Çin, Yaponiya, Koreya ilə işləyirlər. Ancaq indi MDB bazarı ilə maraqlanırlar və Azərbaycan bu baxımdan prioritetdir.

Rusiya-Azərbaycan əməkdaşlığında regionların rolu gələcəkdə də durmadan artacaq. Rusiyanın ixrac mərkəzi ilə yanaşının regionlarda da ixracı dəstəkləyən mərkəzlər mövcuddur və onlar da Azərbaycanla gələcək əməkdaşlıq üçün istiqamət götürüblər.

İndi yeni bir Rusiya-Azərbaycan forumunu gözləyirik, bu tədbir hər il ənənəvi olaraq keçirilir. Keçən il karantin məhdudiyyətləri üzündən baş tutmadı. Sonuncusu 2019-cu ilin noyabrında Moskvada keçirilib. «VDNX»də "Azərbaycan" pavilyonunun açılışı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirak etdiyi həmin günə təsadüf edib.

- Yaxın illərdə ticari-iqtisadi münasibətlər üçün nə kimi proqnozlar var?

- Əsas diqqət indi üçtərəfli işçi qrupunun işinə yönəlib. Rusiya və Azərbaycan prezidentləri Azərbaycanın bölgələrini ən qısa müddətdə bərpa edilməsi üçün planlaşdırılan layihələrin həyata keçirilməsinə böyük diqqət yetirirlər.

Yaxın zamanlarda Moskvada iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək. Komissiyanın həmsədrləri ölkələrimizin baş nazir müavinləri Şahin Mustafayev və Aleksey Overçukdur. Bu komissiya hər il geniş tərkibdə toplanır, sənaye, logistika, enerji, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə həyata keçirilmiş layihələrin nəticələrini yekunlaşdırır, həmçinin yeni layihələri müzakirə edir, gələcək üçün hədəfləri müəyyən edir. Təəssüf ki, 2020-ci ildəki məhdudiyyətlər üzündən bu görüş baş tuta bilmədi.

Azərbaycan qarşıdakı illərdə çox önəmli və iddialı layihələr gerçəkləşdirmək niyyətindədir, Rusiya şirkətləri, şübhəsiz ki, bu layihələrdə iştirak etməyə hazırdırlar. Rusiyanın Azərbaycandakı səfirliyi, Rusiya Ticarət Nümayəndəliyi, Rusiya İxrac Mərkəzinin nümayəndəliyi biznes çevrələrinə qarşılıqlı faydalı ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafında hərtərəfli kömək göstərməyə istiqamətlənib. Ölkələrimizin liderləri bizə birlikdə işləmək üçün örnək göstərirlər və biz də məmnunluqla onlardan nümunə götürürük.

 



MƏSLƏHƏT GÖR:

385