Müəllif: Natiq NAZİMOĞLU
Yeni ildə beynəlxalq arenada baş vermiş əlamətdar hadisələrdən biri Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatının möhkəmlənməsidir. Üç ölkənin XİN başçısı tərəfindən İslamabadda imzalanmış bəyannamədə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Bu, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji müttəfiqlik münasibətlərinin inkişafı baxımından yeni mərhələdir.
Zəfər impulsu
Bu formatda ilk görüş hələ 2017-ci ildə Bakıda keçirilmişdi. Lakin Azərbaycanın işğalçı Ermənistan ordusu üzərində sarsıdıcı Qələbəsilə bitmiş 44 günlük müharibə Azərbaycan-Türkiyə-Pakistan «üçlüyü»nün tam təsdiqinə sanki bir təkan olub. Azərbaycan xalqı üçün həyati əhəmiyyət daşıyan həmin günlərdə məhz Türkiyə ilə Pakistan özünü Azərbaycanın ən yaxın dostu, müttəfiqi kimi göstəriblər. Onlar müharibənin gedişində Bakıya ciddi siyasi və mənəvi dəstək veriblər.
Beləliklə, yanvarın 13-də Pakistan paytaxtı İslamabadda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri – Ceyhun Bayramov, Mövlud Çavuşoğlu və Şah Mahmud Kureşi arasında görüş keçirilib. Görüşün yekununda qəbul olunmuş bəyannamədə hər üç tərəfin dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinin toxunulmazlığı prinsiplərinə birmənalı sadiqliyi qeyd olunub. Bu mənada, Ankara ilə İslamabadın Bakının işğaldan azad olunmuş ərazilərinin bərpası işi də daxil olmaqla, Azərbaycan hökuməti və xalqı ilə həmrəyliyi xüsusi vurğulanıb.
Üçtərəfli formatda əməkdaşlığın qurulması və inkişafına məhz Azərbaycanın Türkiyə və Pakistanla dost münasibətləri yol açıb. Azərbaycan dövlət müstəqilliyini bərpa edər-etməz, Türkiyə ilə Pakistan ona suverenliyini gücləndirməsi üçün ciddi dəstək olub. Üstəlik, onlar ortaya Dağlıq Qarabağ münaqişəsilə bağlı da ədalətli və konkret mövqe də qoyublar. Ankara ilə İslamabad Azərbaycanın ərazi bütövlüyünə davamlı dəstək verməklə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etiraz olaraq, onunla hər hansı münasibət qurmaqdan da imtina ediblər.
Bu gün Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığında təhlükəsizlik sahəsinin bu qədər vacib yer tutması təəccüblü deyil. Bu amil Bakının Vətən müharibəsindəki Qələbəsindən sonra üçtərəfli müttəfiqliyin möhkəmlənməsində də özüünü parlaq şəkildə göstərir.
İslamabad görüşünün nəticələri bir çox ekspertin üçtərəfli hərbi alyansın yaradılması perspektivi haqda da danışmaq üçün əsas verib. Çünki Pakistan paytaxtında tərəflər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsini, üç dövlətin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsini nəzərdə tutan bir sıra razılaşmalar imzalanıb. Maraqlıdır ki, hələ XİN başçılarının görüşündən əvvəl Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Mücahid Ənvər Xan Türkiyə və Azərbaycana səfər etmiş, səfər zamanı hərbi və hərbi-texniki əməkdaşlığın əhatəsinin genişləndirilməsilə bağlı konkret hədəflər müəyyənləşdirilmişdi.
Lakin üçtərəfli strateji müttəfiqlik kontekstində xüsusi diqqət çəkən daha bir vacib məqam var. Söhbət «islamafobiya, beynəlxalq və regional arenada müsəlmanlara qarşı ayrı-seçkilik və onların təqibilə mübarizədə birgə səylər» haqda razılaşmadan gedir. İslamabad Bəyannaməsində bunlar da öz əksini tapıb. Burada söhbət heç də yalnız Azərbaycanın təcavüzkar Ermənistanla haqlı davasında dəstəklənməsindən getmir. Məsələn, uzun illərdir hərbi münaqişənin bitmək bilmədiyi Əfqanıstanla həmsərhəd olan Pakistan tez-tez müxtəlif terror qruplarının hücumlarına məruz qalır. Bundan başqa, o, artıq onilliklərdir ki, Cammu və Kəşmir məsələlərinə görə Hindistanla münaqişə vəziyyətindədir.
Türkiyə üçün isə nə Kipr problemi, nə də Şərqi Aralıq dənizində bitmək bilməyən gərginlik aktuallığını itirib. Odur ki, Bakı, Ankara və İslamabad üçün qarşılıqlı dəstəyin zəruri olduğu arena kifayət qədər genişdir. Qarşılıqlı maraqlara əsaslanan strateji əməkdaşlığın möhkəmləndirilməsi tendensiyası məhz buradan irəli gəlir. Yəni söhbət əslində, milli maraqların hər üç ölkə üçün təhdid və risklərə birgə sinə gərilməsilə qorunmasından gedir.
Amma ən önəmlisi odur ki, Azərbaycan, Türkiyə və Pakistanın hərbi sahə də daxil olmaqla üçtərəfli əməkdaşlıq formatını inkişaf etdirməsi hər hansı «dördüncü» dövlətə qarşı yönəlməyib. Qarabağ məsələsindəki həmrəylik buna çox gözəl nümunədir. Üç dövlətin bu müharibə zamanı nümayiş etdirdiyi həmrəylik göstərib ki, onlar bu zaman beynəlxalq hüquqa, dövlətlərin və xalqların sülh şəraitində yaşaması prinsipinə də birmənalı şəkildə əməl edirlər. Bu üçtərəfli format həm də regional sülh və çiçəklənməyə nail olunmasına yönəlib. Azərbaycan, Türkiyə və Pakistanın dəstəklədikləri iqtisadi və nəqliyyat-kommunikasiya layihələri də bunu sübut edir.
«Ümumi çiçəklənmə» naminə
Üçtərəfli formatın əsas əməkdaşlıq istiqamətlərindən biri iqtisadi sahə olacaq. Cənubi Qafqazda regional əməkdaşlıq üçün geniş platformanın yaradılmasına, 44 günlük müharibənin, Ermənistanla Azərbaycan arasında savaşın başa çatması ilə bölgədə nəqliyyat-kommunikasiya dəhlizlərinin açılması perspektivinə xüsusi önəm verilir.
Beləliklə, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi Bakı, Ankara və İslamabad arasında iqtisadi sahədə əməkdaşlıq perspektivləri baxımından da dönüş anıdır. Rəsmi Bakının bəyan etdiyi kimi, Qarabağda aparılacaq miqyaslı bərpa işlərinə yalnız dost ölkələrin şirkətləri dəvət olunacaq. Məhz bu səbəbdən Azərbaycanın XİN başçısı Ceyhun Bayramov İslamabadda Türkiyə və Pakistan şirkətlərini erməni işğalından azad olunmuş ərazilərin bərpası prosesində fəal iştiraka çağırıb.
Üçtərəfli iqtisadi əməkdaşlıq çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan arasında ticarət və investisiya əlaqələrinin güclənməsi üçün böyük imkanların açılacağı, nəqliyyat, turizm, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın genişlənəcəyi gözlənilir. Azərbaycanla Türkiyə arasında iqtisadi inteqrasiya səviyyəsinin kifayət qədər yüksək olduğu çoxdan bəllidirsə, Bakı-İslamabad əməkdaşlığı yaxın perspektivdə intensiv xarakter almalıdır. Söhbət məsələn, kiçik və orta biznes arasında əməkdaşlığın inkişafından, toxuculuq, əczaçılıq və enerji sahələrinə investisiyaların cəlbindən gedir.
Ən vacib məqam isə əlbəttə ki, bu əməkdaşlıq formatının ümumavrasiya inteqrasiya prosesində önəmli rol oynayacağı ilə bağlıdır. O, iqtisadi və nəqliyyat sahələrində qitələri bir-birinə bağlayacaq, Şərqlə Qərb arasında kommunikasiya dəhlizlərinin açılmasına imkan verəcək. Odur ki, Azərbaycan-Türkiyə-Pakistan formatı istər iqtisadi, istərsə də Avrasiyanın kəsişməsində sülh və təhlükəsizliyin təmini baxımından cəlbedicidir. Bu mənada, İslamabad Bəyannaməsində yer almış bir fikir xüsusi diqqətə layiqdir: üç ölkə öz regionlarında sülh, təhlükəsizlik və inkişafa yönəlmiş səylərə böyük önəm verir, həmçinin bu idealların daha geniş regionda ümumi çiçəklənmə və təhlükəsizliyə töhfə verməsinə çalışır.
Bu «üçlük» çərçivəsində Cənubi Qafqazın regionu olan Azərbaycanın üzərinə xüsusi missiya düşür. Bu, həm də Qərblə Şərqin, Şimalla Cənubun kəsişməsində yerləşən regionun strateji əhəmiyyətilə bağlıdır. Azərbaycan yaxın müttəfiqlərilə əməkdaşlığı genişləndirməklə, öz müdafiə potensialını da artırır, ən cəlbedici, nüfuzlu inteqrasiya mərkəzi, Avropa ilə Asiya arasında nadir körpü rolunu daha da möhkəmləndirir.
MƏSLƏHƏT GÖR: