25 Noyabr 2024

Bazar ertəsi, 08:23

NJDE «ALLAH»A NECƏ ÇEVRİLDİ?

Erməni neobütpərəstliyi və nasizmin ilahiləşdirilməsi haqqında

Müəllif:

15.02.2021

İrəvan Dövlət Universitetinin Etnoqrafiya kafedrasının dosenti, tarix elmləri namizədi Yuliya Antonyanın nəşr etdirdiyi materiallar əsasında

 

Ermənistanın müasir ictimai-siyasi həyatı ən müxtəlif siyasi və dini nəzəriyyələrdən ibarət konqlomeratdır. Onun eyni vaxtda həm fərqli, həm də ümumi cəhəti millətçiliyin ən müxtəlif çalar və xüsusiyyətlərindən ibarətdir. Bir çox təhlilçi bu fenomeni ictimaiyyətdə erməni qriqoryan kilsəsinin klerikal ideologiyasının hökmran olması ilə əsaslandırır. Məhz bu kilsə yüz illiklər boyu Osmanlı və Rusiya imperiyalarında yaşayan ermənilərə milli dövləti əvəz edib. Lakin SSRİ-nin dağılmasından sonra yeni dini məzhəblərin və müvafiq qrupların peyda olması (bu halda söhbət erməni neobütpərəstliyindən gedir) nəinki vəziyyəti müsbətə doğru dəyişməyib, onu daha da ağırlaşdırıb. Erməni xalqının milli şüurunda ənənəvi milli-dini münfəridlik, müstəsnalıqla yanaşı, aqressiv nasizm ideyası da əmələ gəlib. Söhbət Qaregin Njdenin «tsexakron» təlimilə bağlı ideyadan gedir.

İrqçi «tsexakron» təliminin dini səviyyəsinə qaldırılmış, onun yaradıcısı Qaregin Njdeyə sitayişə əsaslanan erməni neobütpərəstliyi bu ölkənin akademik dairələri tərəfindən sistemli və dərin araşdırma mövzusuna çevrilməyə bilməzdi. Bu mövzuda araşdırmaların pioneri İrəvan Dövlət Universitetinin Etnoqrafiya kafedrasının dosenti, tarix elmləri namizədi Yuliya Antonyandır. O, məhz bu araşdırmaları sayəsində Avropada məşhurluq qazanıb. Antonyanın elmi məqalələri son 30 ildə postsovet Ermənistanında nasizmin necə ilahiləşdirildiyilə bağlı kifayət qədər aydın mənzərə yaradır.

 

Xalq dini və ya erməni neobütpərəstliyi

Y.Antonyan 2010-cu ildə dərc olunmuş «Dinin dirçəlişi: Ermənistanda neobütpərəstlik» sərlövhəli məqaləsində (məqalə müəllifin bu mövzuda ilk məqaləsi idi) yazır: «Qarabağ hərəkatının başlaması, müharibə və Ermənistanın dövlətçilik qazanması apostol ermənilərin (yəni Erməni apostol kilsəsi tərəfdarlarının) kütləvi şəkildə «kilsələşməsi» ilə müşayiət olunub. Bununla onlar öz milli-dini eyniliyini təsdiqləyiblər. Bütpərəstlik hərəkatının başlaması da həmin vaxta təsadüf edir. Yeni postsovet reallıqlarının yaratdığı məyusluq, 1990-cı illərdə, Qarabağ müharibəsi dövründə müstəqil Ermənistanın üzləşdiyi sosial-iqtisadi kollaps, blokada, həmçinin kütləvi yoxsullaşma Qərbin protestant kilsələrinin və dini təşkilatlarının həddindən artıq sürətlə yayılmasına səbəb olub. Çünki onlar sosial gərginliyin azalacağını, bu dünyanın iztirabından ruhi azadlıq tapılacağını, dünyanın sonu gələn zaman (Ermənistandakı real vəziyyət çoxlarına bunu xatırladırdı) xilas vəd edirdilər. Erməni neobütpərəstliyini özündə bu motivlər var eynilik və yenilənmiş mənəviyyat axtarışı, həmçinin xilas və yenidən doğulmaq (esxotoloji yox, real) arzusu. Söhbət fərdi yox, milli səviyyədən gedir. Bu mənada, onda digər dinlərlə rəqabət apara bilməsi üçün bütün cəhətlər var».

Erməni neobütpərəstliyinin yaranma tarixi kimi, 1991-ci il göstərilir və o, Slak Kakosyanın adı ilə bağlıdır. Y.Antonyan yazır ki, «Slak, bir vaxtlar isə Edik Kakosyan 1970-ci illərin erməni dissidendləri nəslinə aid idi. 1979-cu ildə millətçi ideyaları təbliğ etdiyi üçün ABŞ-a sürgün olunmuşdu (amma sovet vətəndaşlığından məhrum edilməmişdi). Görünür, onun XX əsrin ilk yarısında erməni tarixində, o cümlədən «Tsexakron» hərəkatının banisi və ideoloqu kimi dərin iz qoymuş Qaregin Njdenin ideyaları və davamçıları ilə tanışlığı orada olub. Bu ideologiya indi də erməni millətçiliyinin əsas hərəkətverici qüvvələrindəndir. «Tsexakron» «xalq» dini» kimi tərcümə olunur – xalqı pərəstiş obyekti sayan din…».

1990-cı illərin əvvəllərində Ermənistana qayıdan Slak Kakosyan həmfikirlərini ətrafına toplayıb (əksəriyyəti qohumlar və dostlar olmaqla), neobütpərəstlik icması yaradıb və onu dini cərəyan kimi qeydiyyatdan keçirib. 1990-cı illərin ortalarında o, televiziyada populyarlıq qazanıb: mütəmadi olaraq müxtəlif verilişlərə dəvət olunub, banisi olduğu təlimlə bağlı müsahibələr verməyə başlayıb. Artıq bayram tədbirlərinə çoxsaylı jurnalistlər də qatılırdı (bu, xüsusilə martın 22-də qeyd olunan Vaaqnın dünyaya gəldiyi gün və ya Yeni ilə aiddir). Bu maraq bu gün də davam edir. Qeyd etmək lazımdır ki, Ermənistana 2018-ci ilin mayınadək rəhbərlik etmiş Respublika Partiyasını neobütpərəstliyin tərəfdarlarından olan Aşot Navasardyan yaradıb, partiyanın üzvləri arasında isə kifayət qədər neobütpərəstçi, yaxud onlara rəğbət bəsləyən insanlar var. Onlardan biri də mərhum baş nazir Andranik Markaryan idi. Markaryan baş nazir olduğu dövrdə onlara maliyyə yardımı da daxil olmaqla, dövlət dəstəyi göstərilirdi. Məsələn, neobütpərəstçilərin «Uxtaqirx» («And kitabı») kitabının çapını o maliyyələşdirmişdi. Kitabın müəllifi isə həmin Kakosyandır.

 

Njde «Allah»a necə çevrildi?

Y.Antonyan Qaregin Njdenin və onun «tsexakron» nəzəriyyəsinin ilahiləşdirilməsinə ayrıca məqalə həsr edib. O, «Qəhrəmanın dönüşü: «qədim» dinin yeni kultları» adlanır. Məqalə 2014-cü ildə K.Minin adına Nijeqorod Dövlət Pedaqoji Universitetinin elmi almanaxında dərc edilib (bu, onun daha əvvəl – 2007-ci ildə İrəvanda erməni dilində nəşr etdirdiyi «Qəhrəman Allaha necə çevrilir: Qaregin Njde və erməni neobütpərəstliyi» məqaləsinin yenidən işlənmiş versiyası idi).

Neobütpərəstlərə yaxın dairələr tərəfindən buraxılan millətçi qəzetlərin birində epiqraf kimi «Njde belə deyirdi» ifadəsindən istifadə olunmuşdu. Bu, heç də yalnız müəllifin biliyini nümayiş etdirən metafora deyil. Bu, Qaregin Njdenin ilahi mahiyyətinə birbaşa işarədir. Bunu bilavasitə «And kitabı»nda da görə bilərik. Kitabın 5-ci fəsli «Böyüklük kitabı» adlanır və faktiki olaraq, Njdenin həyatından bəhs edir, onu ilahiləşdirir. Bu fəsildə sinonim kimi «njdeləşmə» neologizmindən də istifadə olunur. Söhbət ümumilikdə Qaregin Njdenin tərcümeyi-halının əsas hissələrindən getsə də, bu, mifik interpretasiya ilə təqdim olunur…

«Uxtaqirx»ə görə, tarix kosmik zamandan başqa bir şey deyil. O, dörd dövrdən ibarətdir: kosmik yaz, yay, payız və qış. Kosmik yaz çox önəmli (neo)bütpərəst səcdəgahın – Vaaqnın doğulduğu vaxtdır. Onun ardınca kosmik yay və payız gəlir və bundan sonra dünyaya Vişap (Əjdaha) yiyələnir və kosmik qış başlayır. Yeni kosmik yazın astanasında isə Allah-insan peyda olur. O, Vaaqnın yenidən doğulduğunu xəbər verməlidir. Onun adı Qaregindir. Bu isə yenə də «Uxtaqirx»ə görə, «Yazın müjdəçisi» deməkdir. «Qareginə inan və Vaaqnı gözlə» - «And kitabı»nın əsas şüarı budur. Bu fikir kitabın məzmununda «qırmızı xətt»lə keçir: «Kim Qareginə inanırsa, xilas olur. İnanmayanlar və gözləməyənlər taqətdən düşəcək və tufandan sağ çıxa bilməyəcək». Bu fikirlərə səthi nəzər salmaqla belə, onun İsa Peyğəmbərin zühurunun analoqu olduğunu görmək mümkündür – ona və Atası olan Tanrıya inananlar xilas olacaq, inanmayanlar öləcək…

Qəhrəmanın mifik «tərcümeyi-hal»ı müəyyən məntiqə əsaslanmalıdır. Onun həyatının hər mərhələsi, hər transformasiyası bir sıra tipik əlamətlərə malik olmalıdır. Çünki qəhrəmanı məhz bu Qəhrəman edir. Bu modelə əsasən, onun uşaqlığı təcrid vəziyyətdə keçməli (heyvan sürüsü içərisində, yerin altında, hücrədə və s.), o, tanınmamalıdır. Qeyri-adi bacarıqlarını ilk dəfə orada nümayiş etdirməli, Allahla ümumi nələrəsə malik olmalıdır.

Qaregin uşaqlıqda təhsil və tərbiyə alması üçün monastıra göndərilir. Lakin xristian monastırının soyuqluğuna dözə bilməyərək oradan qaçır, günəşli dağlara, dərələrə üz tutur. Günlərin birində yorğun Qaregini yuxu tutur və yuxuda o, mərhum babasını görür. Baba ona əcdadları, xalqlar və Allahlar haqda bütün həqiqətləri danışır. Bundan sonra isə baba «njdeləşməyi» əmr edir.

Partiya təxəllüsü olan «Njde» «qərib» anlamındadır. «Njdeləşmə»nin Qareginin vətənini tərk etdiyi, illərini səyyah kimi keçirdiyi, günlərin birində səmadan onu evə, «kökünə, qanına» qaytarmasını istədiyi ilk mərhələsi buna tam uyğundur. Səmadan gələn səs deyir ki, o, «Vaaqnın yolunu işıqlaşdırır». «Və Qaregin Njde qaranlıq səmada Vaaqnın nurunu görür və onun ardınca gedir. Bu nur onu ölkəsi Ararata aparıb çıxarır. Njde Gərnidəki məbədə yollanır, orada Vaaqnı görür, bundan sonra isə onu «Vaaqnogörmüş» adlandırmağa başlayırlar»… Bundan sonra Vaaqn Qaregin Njdeyə ideyalar ötürür və bu, onun «tsexakron» təliminin və ideologiyasının əsasına çevrilir. Vaaqnın xeyir-duasını almış Njde Ölümlə mübarizəyə başlayır.

Sonradan ermənilər Njdedən üz döndərir (bu, Njdenin «düşmənlər» siyahısında olduğu sovet dönəminə işarədir). Bu, müharibəyə səbəb olur (eyham İkinci Dünya müharibəsinədir). Həlledici məqamda Vaaqn Njdedən özünü «xalqın kökü» uğrunda qurban verməsini tələb edir. Bununla da Njde ruslara təslim olur. Onu Moskvaya aparırlar və qollarında zəncirlə moskvalıların qarşısına çıxarırlar. «Xilaskar» müqəddəs şəhidə çevrilir və bu da yenə mifə tam uyğundur. İndi o, başqa dünyaya köçməlidir. Njde Araratdan uzaqda, rus həbsxanasında ölür. Ölümündən əvvəl isə Njdenin gözünə ilahə-ana Anahit görünür və bildirir ki, o, «xalqının günahlarını yumalıdır».

Göründüyü kimi, müasir erməni neobütpərəstliyində Njde ən yüksək səviyyədə ilahiləşdirilir. Onu İsa Peyğəmbərin analoqu sayırlar. O, xristian və müsəlman dini ənənələrinə alnernativ kimi təqdim olunur. Yəni o, Allah deyil, amma etno-dini eposun mənbəyi və obyektidir. Bu isə Njdeyə davranış qayda və normalarını, hətta dünya görüşünü formalaşdırmaq haqqı və imkanı verir.

Y.Antonyan yazır ki, Njde erməni neobütpərəstliyində heç də yalnız neomifik mətn və şifahi əfsanələr səviyyəsində kult deyil: «Onun ətrafında onun xatirə yerləri ilə bağlı da miflər qurulub. Bu, məsələn, onun ayin şəklində dəfn olunduğu yerlərdir. Onun bir hissəsi Vayots-Dzor vilayətindəki Spitakavor monastırında, bir hissəsi Sünik vilayətinin Qapan şəhərində (hazırda orada Njdenin şərəfinə memorial qurulub), bir hissəsi Xustup dağında, onun zirvəsinə gedən yolun ortalarında dəfn edilib. 2008-ci ildən hər yay, təxminən iyulun ortaları, avqustun əvvəllərində neobütpərəstlər Xustup dağına ziyarətə yollanırlar. Ziyarətdə yalnız kişilər iştirak edir (yolun çətin olması üzündən, həmçinin məsələnin ayin tərəfi nəzərə alındığından)… Bu ziyarət yalnız Njdenin məzarını ziyarət etməkdən yox, həm də Xustup dağının zirvəsinə qalxmaq (3206 m), orada gecələmək və səhəri orada açmaqdan ibarətdir. Hər kəs ümid edir ki, onlar da Njde kimi dağda Vaaqnı görə biləcəklər. Ayin iki dəfə həyata keçirilir – yolun yarısında (Njdenin ikinci məzarının qranit daşının yanında) və zirvədə (oraya hər kəs gedib çıxa bilmir).

Beləliklə, nəticə: müasir erməni neobütpərəstliyi erməni millətçiliyinin, daha dəqiq desək, onun ultraradikal formasının – Qaregin Njdenin nasist «tsexakron» nəzəriyyəsinin ideoloji törəməsidir. O, dini ayin obyekti, onun təlimi isə yeni dini kultun əsası olub. Bunun sayəsində Njde (özü yox, onun son dərəcə mifik, real məqamlardan «təmizlənmiş» tərcümeyi-halından süni yaradılmış obrazı) yalnız siyasi yox, sosial-məişət mədəniyyətinin kanonik elementinə çevrilib və erməni allahı Vaaqnla eyni pillədə dayanıb. Ermənistanda 2018-ci ilin mayında baş vermiş hakimiyyət dəyişikliyindən sonra onun denasifikasiyası üçün şərait bu səbəbdən yaranmayıb: Njde obrazı erməni milli mifologemasının, erməni milli eynilyinin ayrılmaz hissəsinə çevrilib. Odur ki, ona istənilən formada əl uzadılması birmənalı qarşılanmayacaq. Sosial-siyasi burulğan içərisində olan müasir Ermənistanda bu, hakimiyyət və elita üçün son dərəcə gözlənilməz, təxminedilməz nəticələr verə bilər.



MƏSLƏHƏT GÖR:

337