Müəllif: İlahə MƏMMƏDLİ
2020-ci ildə bütün dünyanı COVID-19 pandemiyasının "toru" bürüdü ki, bu da yalnız iqtisadi münasibətlər bölgüsünü dəyişdirməklə qalmadı, həm də sosial nəticələri azaltmaq üçün əlavə tədbirlər görməyi məcbur etdi.
Keçən il dünya üzrə koronavirusla mübarizəyə üçün göstərilən ümumi maliyyə dəstəyinin təxminən 14 trilyon dollar olduğu bildirilir. Bu, dövlət maliyyə vəsaitlərinin ümumi durumuna böyük təsir göstərib. Daha doğrusu, pandemiya ilə mübarizə "sayəsində" dövlət büdcələri kəsirinin dünya ÜDM-nə nisbəti 11,8% təşkil edib, inkişaf etməkdə olan ölkələrdə bu, 10,3%, neft istehsal edən ölkələrdə isə 10,6% olub. Azərbaycanda bu rəqəm cəmi 2,4%, yəni dünya üzrə orta göstəricidən 5 dəfə az olub. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Azərbaycanda 2020-ci ilin fiskal balansının inkişaf etməkdə olan və orta gəlirli ölkələr üzrə ən böyük yumşalması yaşanır. Üstəlik, hökumət bu trendi bu il də davam etdirir.
Qrup lideri
Pandemiya ətrafında vəziyyət hələ də qeyri-müəyyən olduğundan, dünyanın bir çox ölkəsində fəal peyvəndləşdirmə prosesinə baxmayaraq, mövcud iqtisadi böhran həddindən dərindir və qlobal iqtisadi artımın bərpası üçün dəstək tədbirləri hələ də aktualdır. Məsələn, Kanada qarşıdan gələn üç il ərzində 70-100 milyon dollar həcmində vergi-maliyyə stimulu təmin edəcək, Yunanıstan həmrəylik vergiləri və sosial təhlükəsizlik ödənişləri ilə iqtisadi artımı dəstəkləyəcək, Avstraliya isə müəssisələr və istehlakçılar üçün yeni texnologiyaların daha geniş tətbiqi üzrə lazımi infrastrukturun yaradılmasına yönəlmiş «CobMaker» planı hazırlayıb.
Qlobal meqatrendlərə uyğun olaraq, Azərbaycanda iqtisadi azalmanın qarşısını almağa və sosial təminat üzrə tədbirlərin görülməsinə yönəlmiş fiskal ekspansiya da davam edir. Bununla belə, qlobal trendlərdən fərqli olaraq, ölkəmizdə bu proses gəlirli biznes sahələrindən tutulan əlavə vergilərdən deyil, dövlətin maliyyə mənbələrindən asılıdır.
Ötən il maliyyə-büdcə yumşalması üzrə ən yüksək göstərici Azərbaycanda qeydə alınıb və ÜDM-in 20%-ni təşkil edib. Bu il biz yalnız Küveytdən geri qalırıq, lakin 2022-2025-ci illərdə biz yenidən inkişaf etməkdə olan ölkələr və orta gəlirli ölkələr arasında yenidən lider mövqeləri tutacağıq.
Əlbəttə ki, Azərbaycanın bu göstərici üzrə lider mövqeyinə çıxması ölkədə yaradılmış “fiskal mühit” sayəsində mümkün olub. İnkişaf etməkdə olan 40 ölkədən, eləcə də orta gəlir səviyyəli ölkələr arasında Azərbaycan dövlət büdcəsinin imkanlarından hamıdan çox istifadə edib.
2020-ci ildə neft qiymətlərinin görünməmiş dərəcədə aşağı olması və Azərbaycanda hasilatın azalması şəraitində quraqlıq və pandemiya ilə mübarizəyə, habelə Qarabağdakı müzəffər Vətən müharibəsinə çəkilən xərclər dövlətin maliyyə gücü ilə təmin edilib. BVF-nin fiskal hesabatı yalnız bu faktı təsdiqləyir. Faktiki olaraq, Azərbaycan iqtisadiyyatları dəfələrlə böyük ölkələr qrupuna daxil ölkələr (Çin, Hindistan, Braziliya) arasında liderliyə nail olub.
Müvəqqəti vergi rejimi
Koronavirus pandemiyasının iqtisadi subyektlərinin fəaliyyətinə təsirinin azaldılması məqsədləri ilə keçən il müvəqqəti vergi rejimi tətbiq olunub.
Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, 1 yanvar 2020-ci il tarixindən etibarən hotellər və digər turizm obyektləri, turoperatorlar və turizm agentlikləri, iaşə sektoru, ölkə daxilində avtomobillə sərnişindaşıma, o cümlədən taksi fəaliyyəti bir illiyinə bütünlüklə əmlak və torpaq vergilərindən azad edilib.
Həmçinin çatdırılma xidmətləri, sərgi və səhnə fəaliyyətinin təşkili sahəsi, kinoteatrlar, muzeylər, teatrlar və konsert salonları, idman-sağlamlıq obyektləri, təhsil kursları, məktəbdənkənar təhsil müəssisələri, psixologiya mərkəzləri də əmlak və torpaq vergilərindən azad edilib. Bu tədbirlər Nazirlər Kabineti tərəfindən tətbiq olunan karantin rejimi ilə bağlı fəaliyyəti qismən və ya tamamilə dayandırılmış digər sahələri də əhatə edib.
Bununla yanaşı, vergi rejimindən asılı olaraq, 2020-ci il yanvarın 1-dən bir il müddətinə yuxarıdakı sahələr üçün bir sıra əlavə güzəştlər tətbiq edilib. Mənfəət vergisi ödəyiciləri 75%, sadələşdirilmiş vergi ödəyiciləri isə 50% güzəşt əldə ediblər.
Koronavirusdan zərər görmüş sahələrə başqa yumşalmalar da yönəldilib. Daşınmaz əmlakın icarəsi üzrə ödəniş mənbəyindən tutulan verginin dərəcəsi 14%-dən 7%-ə endirilib.
Ödənilməmiş vergilərə görə tutulan faizlərin hesablanması, tikinti və ticarət sahələrində fərdi sahibkarlıqla məşğul olan şəxslərin icbari sosial sığortası üzrə yığımların dərəcəsi ilə bağlı güzəştlər də tətbiq olunub.
Güzəştlər uzadılır
Sahibkarların çoxunu bir sual maraqlandırır: 2020-ci ildə özəl biznes üçün tətbiq olunmuş vergi güzəştləri bu il də davam edəcəkmi? Elə keçən ayın sonlarında Azərbaycan Milli Məclisi Vergi Məcəlləsinə dəyişiklik layihəsini qəbul etdi.
Azərbaycanın Vergi Məcəlləsinə edilmiş ən müsbət və çoxdan gözlənilən yenilik, şübhəsiz ki, işğaldan azad edilmiş rayonlarda təsərrüfat fəaliyyətinin güzəştli vergiyə cəlb edilməsi ilə bağlı dəyişikliklər olub. Düşünmək olar ki, bu güzəştlər daha bir il müddətə qüvvədə olacaq və beləliklə, bu bölgə Azərbaycanda ticarət və yaşayış üçün ən əlverişli zonalardan birinə çevriləcək.
Kəlbəcərin qızıl ehtiyatlarından səmərəli istifadə üçün 1 yanvar 2021-ci il tarixdən 3 il müddətinə qızıl və gümüş zərgərlik məmulatlarının istehsalı və emalı üçün maşın, avadanlıq və cihazların idxalının ƏDV-dən azad edilməsinə dair qərar da bu silsilədəndir.
Dəyişikliklərə görə, həmçinin qızıl və gümüşün külçə, sikkə və qranula şəklində satışı da ƏDV-dən tamamilə azaddır. Azərbaycan hakimiyyəti həmçinin, ölkəyə platin, qızıl və işlənmiş, çeşidlənmiş, sortlaşdırılmış və çərçivəyə yerləşdirilmiş almaz idxalını da 2023-cü ilin sonuna qədər aksiz vergisindən azad edir.
Vergi Məcəlləsində başqa önəmli yenilik bəndləri əsasən "uzadılsın" dərkənarı altında keçir. Əlbəttə ki, bu, ilk növbədə, COVID-19 koronavirus pandemiyasına qarşı peyvəndlərin və onlar üçün şprislərin ölkəyə gətirilməsinin vergidən azad edilməsinə aiddir.
Həmçinin, karantinlə bağlı yaranmış böhran vəziyyəti üzündən 1 yanvar 2022-ci il tarixinədək Azərbaycana taxıl gətirilməsi və satışı, taxıl unu və çörək istehsalı və satışının ƏDV-dən azad olması davam etdirilir.
1 mart 2022-ci ilə qədər heyvandarlıqda və quşçuluqda yem kimi istifadə olunan kəpək istehsalının və satışının vergidən azad edilməsi uzadılıb.
Bununla yanaşı, bütün ərzaq və qeyri-ərzaq məhsullarının bütöv bir qrupu vergidən azad ediləcək. Beləliklə, hökumət onlar üzrə qiymət artımını cilovlamağa çalışır…
Ancaq bəzi mallar, belə görünür ki, əksinə, bahalaşacaq, çünki onların satışından tutulan vəsait artacaq. Siqaret çəkənlər üçün xüsusilə çətin olacaq. Belə ki, qəlyan tütünü və sənaye tütünü istisna olmaqla, hər növ siqaret tütünü aksizli mallar siyahısına daxil edilib. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bunlar üzrə aksiz dərəcəsi kiloqram üçün 30 manat, həmçinin yandırılaraq istehlak edilən tütün və tütün məmulatları üçün isə 1000 ədəd üçün 12,9 manat müəyyən edilib. Azərbaycanda istehsal olunan siqarilla və elektron siqaretlərin mayesinə görə də aksiz vergisi dərəcələrinin artırılması nəzərdə tutulur.
Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində icbari sosial sığorta üzrə yığım dərəcələrinə də əsasən aşağıya doğru yenidən baxılıb. Bunu çətin karantin və karantin sonrası dövrdə də biznesə dəstək tədbirləri sırasında da sadalamaq olar.
Sabit məcəllə
Göründüyü kimi, fiskal sektor ölkə daxilindəki iqtisadi vəziyyətə və xarici şoklara dərhal reaksiya göstərərək, "dinamik inkişaf edən" kimi nüfuzunu qorumağa davam edir. Bununla yanaşı, uçot sahəsi üzrə mütəxəssislər dəfələrlə narazılıq bildiriblər ki, dəyişikliklər ümumilikdə yaxşı olsa da, lakin bəzən onlarda baş itirmək mümkündür. Fakt budur ki, mövcud Vergi Məcəlləsi Azərbaycanda 1 yanvar 2001-ci ildən tətbiq olunur və hər il ona çox sayda düzəlişlər edilir. Beləliklə, çox sayda kənar tərəf mənbələri, sənədlər və s. ortaya çıxır ki, mühasiblər onları diqqətlə öyrənməyə məcburdurlar.
Bu baxımdan, Vergi Məcəlləsinin yeni versiyasının hazırlanmasının vaxtı çatıb. Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanovun sözlərinə görə, bu planlaşdırılır, lakin ortamüddətli perspektivdə o, sənədin “daha rəqabətədavamlı və başadüşülən” olacağını vəd edib. Bundan əlavə, bütünlükdə, vergi qanunvericiliyi beynəlxalq təcrübəyə və uçot siyasətinin təkmilləşdirilməsinə uyğun olaraq dəyişməyə davam edəcək. Ancaq gələcəkdə Azərbaycanın sərmayə cəlbediciliyini artırmaq üçün Vergi Məcəlləsinin sabitliyini artırmaq və beynəlxalq vergi münasibətlərinə inteqrasiyanı təmin etmək lazımdır.
Savadlı fiskal siyasəti ölkədəki iqtisadi münasibətlərin əsasını təşkil edir, kölgə iqtisadiyyatının inkişaf səviyyəsi və dərəcəsi də, biznesin fəaliyyətinin rahatlığı da və inflyasiya prosesləri də ondan asılıdır. Bu səbəbdən, vergi tutulmasındakı ən kiçik dəyişiklik də bəzən ayrıca götürülmüş bir sahədə vəziyyəti təsir edə bilər.
Azərbaycanda iqtisadi vəziyyət və vergi inzibatçılığı son illərdə müsbət mənada güclü dəyişikliklərə məruz qalıb, biznesin bir çox sahələrində mühasibat uçotunun "ağardılması" sayəsində vergi ödənişlərinin həcmi xeyli artıb. Savadlı vergi qanunvericiliyi məhz üzərində bu prosesin davam etdiriləcəyi bünövrədir.
MƏSLƏHƏT GÖR: